Qarabağın dirçəldilməsi naminə “Qarabağ gecəsi” keçirildi Featured

 

Azərbaycan Dövlət Akademik Filarmoniyası bazar günü qonaqlı-qaralı idi, burada “Qarabağ gecəsi” adlı xeyriyyə mərasimi təşkil edilmişdi. “Ədəbiyyat və incəsət” portalı xəbər verir ki, mərasim Qarabağ Dirçəliş Fondunun və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə, Azərbaycan Televiziyasının təşkilati dəstəyi ilə baş tutmuşdu.

 

Özündə xeyriyyə konsertini və rəsmi ziyafəti ehtuva edən mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, mədəniyyət naziri Anar Kərimov və digər hökumət rəsmiləri iştirak edirdilər.

Əvvəlcə ölkəmizin azadlığı uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Silahlı Qüvvələr Gününə təsadüf edən tədbirdə iştirak edən qazilər, müharibə iştirakçıları öz təbrik paylarını aldılar. 

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə orduya göstərilən diqqətdən danışdı. Bildirdi ki, Ordumuz 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərərək düşmən işğalında olan ərazilərimizi azad etdi. Hazırda əsas amalımız Qarabağda quruculuq işlərinə birlikdə dəstək olmaqdır.

Daha sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qeyd etdi ki, bu tədbirdən əldə olunan gəlir Qarabağımızın yenidən dirçəlməsinə sərf ediləcək. 

Çıxışçı məlumat verdi ki, yaxın zamanda Ağdamın məşhur memarlıq abidəsi sayılan İmarət kompleksinin bərpa edilməsinə başlanılacaq. 

Tədbir konsert proqramı ilə davam etdi. Bədii rəhbəri və dirijoru Xalq artisti Fəxrəddin Kərimov olan Qara Qarayev adına Kamera orkestrinin, xalq artisti Fərhad Bədəlbəylinin, Əməkdar artistlər Aygün Zeynalovanın, Arzu Əliyevanın, Ceyla Seyidovanın, gənc muğam ifaçılarının  möhtəşəm çıxışları tamaşaçıların sürəkli alqışlarına səbəb oldu. 

Konsertdən sonra açıq səma altındakı ziyafət zamanı mərasimin baş sponsoru “Avrora” şirkətinin, eləcə də digər sponsor şirkətlərin nümayəndələri Təşəkkür Serifikatına layiq görüldülər. 

Mərasim zamanı əməkdaşımız xeyriyyə tədbirinə qatılmış bəzi tanınmışlarla söhbət edərək onların fikirlərini aldı. Azərbaycan Mediasiya Şurasi İdarə Heyətinin sədri Nadir Adilov, “Ekvita” şirkətinin icracı direktoru İlqar Mehti, yazıçı, əməkdar jurnalist Varis fikir bildirərək Qarabağın dirçəldilməsi yönündə həyata keçirilən bu sayaq tədbirləri alqışladılar, ümidvar olduqlarını bildirdilər ki, yaxın müddətdə bu sayaq tədbirlər artıq Qarabağın özündə keçiriləcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.