Günel Məssalı qızı Quliyeva 14 noyabr 1992-ci ildə İmişli rayonunun Gövhərli kəndində anadan olub. 2011-2015-ci illərdə Bakı Qızlar Universitetinin Filologiya fakültəsində Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə təhsil alıb. Hal-hazırda İmişli rayon Namiq Abışov adına Qaralar kənd tam orta məktəbində ixtisası üzrə Azərbaycan dilini və ədəbiyyatı tədris edir. Müəllimlik fəaliyyəti ilə yanaşı poeziya vurğunudur. Şeir yazmağı da sevir, ara-sıra şeirlərini sosial şəbəkədə Səssiz Fırtına təxəllüsü ilə dərc etdirir.
Əlbəttə, yazdığı həvəskar şeirlərdir, burda qüsur axtarmaq yersizdir, ürəyinin səsini telefonun not dəftərinə köçürür. Arzusu bu şeirlərinin böyük auditoriyalara çatdırılmasıdır.
“Ədəbiyyat və incəsənət” portalı sizə “Həvəskarların şeirləri” rubrikasında Günel xanımın şeirlərini təqdim edir.
XATİRƏ
Yağmurun altında körpə qızcığaz,
Damladan balaca ovcuna alır.
Hər ovuc açışı, tutduğu damla,
Üzündə xoşbəxt bir cizgi yaradır.
Ayağın yağmurun altda isladır,
O yana, bu yana qaçır, oynayır.
Yağışdan yaranan gölməçələrdə,
Atılıb-düşərək telin oxşayır.
Yumulu gözlərin tutur göylərdə,
Buluddan, səmadan bir ilham alır.
Şən səsin ucaldır yağmur altında,
Zümzümə eyləyir doğma bir şeir:
Yağış yağır, rəqs eləyir gur damlalar,
Sıra-sıra, inci-inci, nur damlalar.
Göydə iki qara bulud çatılaraq ,
İldırımlar şaqqıldayır şaraq-şaraq...
Rəqs edir göylərin göz yaşlarında,
Səsini ucaldır buluda sarı,
Batırmaq istəyir xoş avazında,
Sanki ildırımın gurultusunu.
Yağmurun altında körpə qızcığaz,
Telini oxşayan yağışa dalır.
Uçur xəyalların xoş qanadında,
Böyük arzuları qəlbinə yığır.
Zümzümə eyləyir doğma bir şeir,
Yağmurun altında pərvaz eyləyir.
Dediyi şeirdə, şirin nəğmədə,
Müşfiqi yad edir hər bir cümlədə.
Üzümü bəzədi xoş bir təbəssüm,
Baxarkən başqa cür heyranlıq duydum,
Onun bu bəmbəyaz təmiz dünyasın,
Görərkən içində özüm qeyb oldum.
Anidən yağmurun soyuq damlası,
Üzümə buz təki toxundu birdən.
Acıqla oyatdı məni yuxudan ,
Ayıldım xəyali uşaq dünyamdan.
Baxdım ətrafıma, baxdım hər yana,
Sərpa qərq olmuşdum nur damlalara.
Gözümün yaşları yağmurla birgə,
Qarışıb axırdı nəmli torpağa.
Dilimin ucunda səssiz və həzin,
Səslənir yenə də həmin o şeir:
...Bunlar keçər çarpın, səma, köksüm kimi,
Ey ildırım, səs ver mənə, səsim kimi.
Yağ ey yağış, fikrim kimi, hissim kimi ...
Yu apar sən qəlbimin iniltisini.
QOCA DÜNYA
Əlində əsası yol üstə qoca,
Üzündə taleyin qırışları var.
Yavaşca gedərək baxır yollara,
Elə bil bolluca sualları var.
Üzündə taleyin əzablarını,
Məsum təbəssümlə gizlədir sanki,
Qəlbinin yükünü, ağrılarını,
Sarır gülüşündə itirir sanki.
Əlində əsası yolları keçir.
Zamanla baş-başa ömür bitirir.
Zamana baxırsan qocadan qoca,
Qocaya baxırsan zamandan uca.
Yolunun üstündə dayanır bir an,
Yəqin ki, yüz cürə xatirəsi var.
Ah çəkir keçmişə boylanan zaman,
Bir qalaq ahından hörülüb divar.
Üstünə baxırsan, köhnə parçadan,
Çox miskin görünür libası belə.
Üzünə baxırsan, bir müəmmayla,
Nəyisə gizlədir cizgiləri də.
Min cürə qırışla örtülüb üzü,
Baxıram, tanışdır bu qoca, düzü,
Diqqətlə baxarkən qarşımdakına,
Anlarsan, bu qoca - dünyanın özü.
Olsun ki, çox ağır ittihamdır bu,
İnsandır dünyanın belini qıran,
Dünyadan narazı dünyanı yıxan,
Həyat bir labirint, ömür bir dastan.
Dünyanın dərdi var özündən böyük,
Ürəyi doludur, sözləri bölük,
Dünya narazıdır, narazı bizdən,
Şikayət eylədi nə qədər desən...
Həqiqət sillə tək toxundu üzə,
Söz tapa bilmədim bu həqiqətə.
Son anda dediyi ikicə kəlmə,
Bəlkə də ömrümə işıq tutacaq,
Bəlkə də ömrümə tutduğu işıq,
Min cürə zülməti aydınladacaq.
"Düzgün əqidəni çalış ki, qoru,
Adına sadiq ol bir ömür boyu.
Yaxşılıq eylə ki, bəzənsin hər an,
Getdiyin, tutduğun bu ömür yolu”
Dünya bir labirint, ömür nərdivan,
İnsan bir döyüşçü, həyat bir meydan.
Qalibi, məğlubu nələr gözləyər,
Xəbərdardır bundan yalnız Yaradan.