Köhnə Azərbaycan filmləri hədsiz sevilir. Demək olar, hamısını süjetbəsüjet əzbər bilirik. Aldığımız yeni xəbər hədsiz sevincimizə səbəb olub. Çünki bu xəbər köhnə filmlərimizlə bağlıdır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu günədək geniş tamaşaçı kütləsinə naməlum olan “Axırıncı namaz” filmi aşkar olunub. Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlarla əlaqədar aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çapdan çıxmış “Sovet bədii filmləri. Annotasiyalı kataloq” kitabının 1958-1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə “Axırıncı namaz” adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib.
Dövlət Film Fondunun məlumatına görə, araşdırmaların davamı olaraq, qısametrajlı bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub.
Qeyd edək ki, filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.
Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin “Axırıncı namaz” filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb.
Şəkildə filmdən fraqmentləri görürsünüz.