Super User

Super User

 

Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Music of Karabakh colors” adlı layihə təşkil olunub. Layihənin müəllifi "Simurq" festivalının art-direktoru, bir sıra beynəlxalq, eləcə də respublika müsabiqələri laureatı, istedadlı pianoçu və rəssam Səidə Tağızadədir.

 

Bu konsertdən əldə olunan vəsaitin bir hissəsinin "YAŞAT" Fonduna köçürülməsi nəzərdə tutulub. İki hissədən ibarət olan konsertin birinci hissəsində Azərbaycan bəstəkarlarının "Qarabağ" və "4 fəsil" mövzusunda kamera əsərləri səslənib. Konsertdə diqqəti çəkən məqam isə hər musiqi əsərinin obraz xəttinə tam cavab verən müəllifin hazırladığı videoçarxlar olub. İkinci hissədə isə həm şagirdlərin, həm də professional rəssamların əl işlərindən ibarət sərgi nümayiş olunub.

Qeyd edək ki, xeyriyyə konsertində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi də iştirak edib.

 

Berlinin Vaysenze bələdiyyəsinin binasında Azərbaycan Respublikasının Əməkdar artisti, məşhur tarzən Sahib Paşazadənin konserti olub. 

 

AzərTAC xəbər verir ki, S.Paşazadənin Vaysenze kamera orkestri müşayiət edib. Vasif Adıgözəlovun “Qərənfil”, Fikrət Əmirovun “Mən səni araram”, Sərdar Fərəcovun “Rondoletto”, Arif Məlikovun “Komdenin arzuları”, Azər Rzayevin “Düşüncə”, Həsən Rzayevin “Rapsodiya” əsərləri və “Segah” muğamı ifa edilib. 

Bundan əlavə orkestr Qara Qarayevin “Yeddi gözəl” baletindən “Aişənin rəqsi”ni və “Vals”ı ifa edib. 

Konsert anşlaq şəraitində keçib.

 

Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrı Şuşada tamaşa nümayiş etdirəcək. Belə ki, şəhərin “Tut bağı” adlanan ərazisində M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını səhnəyə qoyacaq. 

 

Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq. 

Qeyd edək ki, 1938-ci ilin fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılıb. 1943-cü ildə kollektivin adı dəyişdirilərək Şuşa Dövlət Musiqili Dram Teatrı olub. Mədəniyyət ocağına Üzeyir Hacıbəylinin adı verilib. Teatrda dram və komediyalarla yanaşı, opera və operettalar da oynanılıb. Şuşa Dövlət Musiqili Dram Teatrı 1949-cu ilin əvvəllərində fəaliyyətini dayandırıb. Yerli həvəskarlar dram dərnəyində, daha sonralar Xalq teatrında fəaliyyətlərini davam etdiriblər. Azərbaycan Nazirlər Kabineti 1990-cı il mayın 11-də mədəniyyət ocağının bərpa olunması barədə qərar verib. Mədəniyyət Nazirliyi 1992-ci il mayın 25-də Şuşa Dövlət Musiqili Dram Teatrını bərpa edib. 1992-ci ilin mayın 8-də erməni quldurları Şuşa şəhərini işğal edəndən sonra teatr Bakıda - Gənc Tamaşaçılar Teatrının binasında məskunlaşıb. Teatr 1993-cü il fevralın 13-də Bakıda ilk tamaşası olan Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili əsərini səhnəyə qoyub. Şuşa teatrı hazırda Bakıdakı “Savalan” kinoteatrının binasında fəaliyyət göstərir.

 

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən “Şuşa İli” çərçivəsində Berlində muğam konserti və sərgi, habelə ziyafət təşkil olunub. Tədbir Berlində Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində keçirilib.

 

AzərTAC Berlindən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Şuşa şəhəri və onun xalqımızın tarixi və mədəniyyətindəki xüsusi yeri barədə məlumat verib. Bildirib ki, Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub, şəhər qısa müddətdən sonra xanlığın paytaxtına çevrilib. Şəhər bir müddət sonra nəinki ölkəmizin, eləcə də regionun mühüm iqtisadi-ticarət mərkəzlərindən biri kimi fəaliyyət göstərib. Səfir vurğulayıb ki, 30 illik Ermənistan işğalı dövründə Şuşa şəhərinin mədəni irs abidələri vəhşicəsinə dağıdılaraq məhv edilib. Ramin Həsənov qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə - 8 may 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması ilə Ermənistan atəşkəs imzalamağa və işğal altında olan digər ərazilərimizdən çəkilməyə məcbur edilib.

Səfir Ramin Həsənov Şuşa şəhərinin bərpası ilə bağlı görülən genişmiqyaslı işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Şəhərin Baş planının hazırlandığı, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə ilk xüsusi nümayəndəsinin Şuşa şəhərinə təyin olunduğu, aparılan bərpa işlərinin Azərbaycan Prezidentinin daima diqqətində saxlanıldığı diqqətə çatdırılıb. O, Azərbaycan Prezidenti tərəfindən 7 may 2021-ci ildə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi və 5 yanvar 2022-ci ildə isə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamlar imzaladığını vurğulayıb.

Diplomat çıxışında, həmçinin Şuşanın Azərbaycan mədəniyyəti və musiqisinin mərkəzi, Mir Mövsüm Nəvvab Qarabaği, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Rəşid Behbudov kimi bir çox dünyaşöhrətli musiqiçilərin vətəni olduğunu qeyd edib. Bildirib ki, şəhərin erməni işğalından azad edilməsindən cəmi 6 ay sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi ənənəsi bərpa olunub və bununla da, Azərbaycan musiqisinin ölkənin mədəniyyət paytaxtına qayıtması gerçəkləşib.

Konsert proqramında Əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə tanınmış xanəndələr Güllü Muradova və Babək Niftəliyev Azərbaycan muğamlarından nümunələr səsləndiriblər. Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli konsert zamanı Azərbaycan və dünya bəstəkarlarının musiqilərini ifa edib.

Tədbir çərçivəsində, həmçinin Azərbaycanın Almaniyadakı səfirliyi və “Arts Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə “Qəlbim Qarabağdadır” adlı sərgi təşkil olunub. Sərgidə 8-15 yaşlı uşaqların Şuşa şəhəri ilə bağlı rəsm əsərləri nümayiş olunub.

Ziyafət zamanı isə iştirakçılara Azərbaycanın mədəniyyətini, mətbəxini, turizm potensialını, ölkəmizdə sərmayə imkanlarını təbliğ və təşviq edən çoxsaylı kliplər nümayiş etdirilib.

Tədbirdə Almaniyanın dövlət qurumlarının, ictimai-siyasi, elmi, mədəni dairələrinin, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Günün fotosu: Böyük Yeddiliyin Sammiti yekun qərar çıxarıb

 

Almaniyada keçirilən Böyük Yeddiliyin Sammiti yekdil qərarla Ukraynanı müdafiə edib və Rusiyanın cəzalandırılmasını tələb eləyib.

 

Foto: Euronews

Çərşənbə, 29 İyun 2022 09:41

Milli Dram Teatrı 149-cu mövsümə yekun vurub

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 149-cu teatr mövsümünü başa vurub.

 

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, sənət ocağı 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər yolu” tamaşası ilə mövsümü yekunlaşdırıb.

Səhnə əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə ərməğan olan yeni tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətov, rəssamları Azər Paşa Nemətov, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissoru Emil Əskərov, rejissor assistenti Nərmin Həsənovadır.

Səhnə əsərində Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Hicran Nəsirova, Elxan Quliyev, Mətanət Atakişiyeva, Mirzə Ağabəyli, Elnar Qarayev, Anar Heybətov, Ayşad Məmmədov, Mətləb Abdullayev, Elşən Rüstəmov, Rəşad Bəxtiyarov, aktyorlar Elçin Əfəndi, Xədicə Novruzlu, Rada Nəsibova, İlahə Həsənova, İlyas Əhmədov, Afət Məmmədova, Aylin Həşimova, Elsevər Rəhimov, Corc Qafarov, Tural İbrahimov, Ramin Şıxəliyev, Elnur Qədirov, Cümşüd Zeynalov, Cavidan Novruz və Vüsal Mustafayev çıxış ediblər.

 

Avropa Azərbaycan Məktəbinin beynəlxalq bakalavriat üzrə təhsil alan məzunlarının, eləcə də onuncu sinif şagirdlərinin iştirakı ilə Vilyam Şekspirin “Hamlet” faciəsi təqdim olunub.

 

Tamaşanın rejissoru və səhnəqrafiyanın müəllifi Sara Kərimli idi. Tamaşa kompozisiya formasında ingilis dilində hazırlanıb.

Və deyək ki, böyük tamaşaçı marağı qazanıb.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti  Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə "ad hoc" alt komitənin iclasında iştirak etmək məqsədilə UNESCO Baş qərargahının yerləşdiyi Paris şəhərinə səfər edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, iclasda  “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də sözügedən mexanizmlərin gələcəkdə effektiv tətbiqi istiqamətində müzakirələr aparılıb.

İclasda Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev də iştirak edib.

Nümayəndə heyəti tərəfindən ölkəmizin mövqeyi iclas iştirakçılarının diqqətinə çatdırılıb. İclasın gündəliyində müzakirə edilən mövzu ilə bağlı müvafiq şərhlər verilib və  təkliflər irəli sürülüb. 

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitəyə 2021-ci ilin dekabr ayında keçirilən İkinci Protokola Tərəf Ölkələrin 9-cu iclası zamanı yekdil qərara əsasən seçilib.

Çərşənbə, 29 İyun 2022 10:00

Bu dəfə Şuşa qalası

 

Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. Layihənin "Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat Şuşa qalasına həsr olunub.

 

Pənahəli xanın müdafiə məqsədi ilə tikdirdiyi qala Şuşa ovalığında əlçatmaz, hətta mühasirədə olan yerdə tikilmişdir. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunmuş və bəzi hissələrdə yarğanlarla bitmişdir ki, bu da düşmən tərəfindən keçilməz sədd hesab olunurdu.

Qalanın təmir-bərpa işləri və tikintisinin davam etdirilməsi uzun illər çəkdi.

Gəncə qapısının tikintisi Pənahəli xanın hakimiyyəti dövrünə təsadüf edir və XVIII əsrdən Gəncə və ya Çiləbörd qapısı adlanır. Bu qapı Şuşanı Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. Digər qapılarla müqayisədə bu gün daha yaxşı vəziyyətdədir.

Qalanın qərb tərəfində yerləşən İrəvan və ya Xəlfəli qapısı Şuşanı Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. Digər qapılardan fərqi hər iki tərəfdə simmetrik şəkildə yerləşdirilmiş iki pilləli döyüş qüllələri ilə möhkəmləndirilməsi idi.

Qalanın şərq tərəfindəki digər qapı isə Muxtar, Topxana və ya Şuşakənd qapısı kimi tanınan Ağoğlan qapısı idi.

 

Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün – tarixi Zəfər” adlı üçcildliyin birinci cildi (“A-Ə” hərfləri üzrə) işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində (BMM) nəşrin təqdimat mərasimi keçirilib. Nəşrin birinci cildində Aprel (2016) və Tovuz (2020-ci il, iyul) döyüşlərində, həmçinin Vətən müharibəsində həlak olanlar haqqında ensiklopedik məlumat yer alıb.

Təqdimatda öncə Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdiyini bildirib. Respublika Xatirə Kitabı Redaksiyasının  Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan nazir redaksiyanın fəaliyyətini yüksək qiymətləndirib. Deyib ki, ümummilli lider şəhidlərin xatirəsini hər zaman əziz tutub, onların adlarının əbədiləşdirilməsi üçün diqqət və qayğısını əsirgəməyib: “Redaksiya tərəfindən indiyədək 20-dən artıq kitab nəşr olunub. Bu kitablarda müstəqilliyimiz uğrunda canından keçən Vətən oğullarının həyat yolu əksini tapıb. Bugünkü təqdim olunan kitab isə 44 günlük müharibədəki Zəfərimizə həsr olunub. Azərbaycan bu Zəfəri 30 ildir gözləyirdi və bu müddət ərzində dövlətimiz də, xalqımız da bu ədalətsizliklə barışmadı. Gün gəldi, Ali Baş Komandanın rəhbərliyi Ordumuz düşmənə qalib gəldi, əzəli torpaqlarımızı əsarətdən qurtardı. Azərbaycan Ordusunun, qəhrəman oğullarımızın göstərdikləri şücaətlər dastanlara sığacaq bir səhifədir. Bu səbəbdən də onların Vətən yolunda qəhrəmanlığı Azərbaycan dövləti tərəfindən hər zaman diqqətdə saxlanılır”.  

Dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan danışan Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, nazirliyin mədəniyyət müəssisələrində 100-ə yaxın şəhid ailəsinin üzvü işlə təmin edilib: “Vətən müharibəsində mədəniyyət sahəsində çalışmış 8 nəfər şəhid olub. Onların xatirəsini əbədi yaşadacağıq. Tarixi Qələbəmizi yeni nəsillərin yaddaşında həkk etdirmək bizim borcumuzdur. Nazirlik tərəfindən şəhidlərimizə həsr olunan bir neçə layihə də həyata keçirilib. Onlardan biri də “Səhnədən səngərə” layihəsidir. Eyni zamanda nazirlik Qələbəmizə həsr edilən filmlərin çəkilməsini, bu mövzuda ədəbi əsərlərin yazılmasını da qarşısına məqsəd qoyub.

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda dövlətimiz tərəfindən aparılan geniş yenidənqurma və bərpa işlərindən söz açan nazir bildirib ki, “Böyük qayıdış” Qarabağa ruhumuzun, kimliyimizin qayıdışını təmin edəcək: “Xalqımız tarixi yurd yerlərimizə böyük qayıdışın başlanğıcındadır. Bu başlanğıc həm də mədəniyyətlə bağlıdır. Bu dirçəlişdə də xalqımız birləşərək böyük çiçəklənməyə nail olacaq. Bu gün Qarabağda böyük quruculuq işləri reallaşır bu yolda bizim də üzərimizə böyük məsuliyyət düşür”.

Daha sonra Respublika Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədova çıxış edərək fəaliyyətləri haqqında məlumat verib. Bildirib ki, redaksiya Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərib, ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı əsasında Nazirlər Kabinetinin imzaladığı 1 may 1997-ci il tarixli qərarla müstəqil quruma çevrilib. 2016-cı ildən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərir. Bu gün redaksiya Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Nəzakət Məmmədova diqqətə çatdırıb ki, redaksiya Azərbaycanın Milli Qəhrəmanları haqqında da kitablar nəşr edib, “Vətən daşı və ya 44 günün dastanı” layihəsi çərçivəsində 8 film istehsal edilib.

Çıxışlardan sonra Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “Vətən daşı” sənədli filmi nümayiş olunub. Film Şuşanın azad edilməsi uğrunda şəhadətə yüksələn Ağcabədi rayonundan olan 18 yaşlı əsgər Ömər Rəhimli haqqındadır.

Ekran işinin nümayişindən sonra şəhidin atası Rəşid Rəhimli çıxış edərək şəhidlərin xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində BMM-in solistləri və “Muğam” televiziya müsabiqəsinin qalibləri Gülzar Fərəcova, Aytən Məhərrəmova, Pərviz Qasımovun ifasında şəhidlərə həsr edilən mahnılar təqdim edilib. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada  Ceyhun Muradov müşayiət edirdi. Həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası Zülfiyyə Eldarqızı vətənpərvərlik mövzusunda, qazi şairlər Həsən Kür, Oğuz Alparslan və Nicat Ağayev isə müəllifləri olduqları müharibə mövzulu şeirlərini səsləndiriblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.