Yenə də Berlində “Şuşa İli” çərçivəsində muğam konserti və sərgi təşkil edilib

 

Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən “Şuşa İli” çərçivəsində Berlində muğam konserti və sərgi, habelə ziyafət təşkil olunub. Tədbir Berlində Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində keçirilib.

 

AzərTAC Berlindən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Şuşa şəhəri və onun xalqımızın tarixi və mədəniyyətindəki xüsusi yeri barədə məlumat verib. Bildirib ki, Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub, şəhər qısa müddətdən sonra xanlığın paytaxtına çevrilib. Şəhər bir müddət sonra nəinki ölkəmizin, eləcə də regionun mühüm iqtisadi-ticarət mərkəzlərindən biri kimi fəaliyyət göstərib. Səfir vurğulayıb ki, 30 illik Ermənistan işğalı dövründə Şuşa şəhərinin mədəni irs abidələri vəhşicəsinə dağıdılaraq məhv edilib. Ramin Həsənov qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə - 8 may 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən Şuşa şəhərinin işğaldan azad olunması ilə Ermənistan atəşkəs imzalamağa və işğal altında olan digər ərazilərimizdən çəkilməyə məcbur edilib.

Səfir Ramin Həsənov Şuşa şəhərinin bərpası ilə bağlı görülən genişmiqyaslı işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Şəhərin Baş planının hazırlandığı, Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilər üzrə ilk xüsusi nümayəndəsinin Şuşa şəhərinə təyin olunduğu, aparılan bərpa işlərinin Azərbaycan Prezidentinin daima diqqətində saxlanıldığı diqqətə çatdırılıb. O, Azərbaycan Prezidenti tərəfindən 7 may 2021-ci ildə Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi və 5 yanvar 2022-ci ildə isə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamlar imzaladığını vurğulayıb.

Diplomat çıxışında, həmçinin Şuşanın Azərbaycan mədəniyyəti və musiqisinin mərkəzi, Mir Mövsüm Nəvvab Qarabaği, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyov, Niyazi, Rəşid Behbudov kimi bir çox dünyaşöhrətli musiqiçilərin vətəni olduğunu qeyd edib. Bildirib ki, şəhərin erməni işğalından azad edilməsindən cəmi 6 ay sonra Cıdır düzündə “Xarıbülbül” festivalının keçirilməsi ənənəsi bərpa olunub və bununla da, Azərbaycan musiqisinin ölkənin mədəniyyət paytaxtına qayıtması gerçəkləşib.

Konsert proqramında Əməkdar artistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimovun (nağara) müşayiəti ilə tanınmış xanəndələr Güllü Muradova və Babək Niftəliyev Azərbaycan muğamlarından nümunələr səsləndiriblər. Berlində fəaliyyət göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli konsert zamanı Azərbaycan və dünya bəstəkarlarının musiqilərini ifa edib.

Tədbir çərçivəsində, həmçinin Azərbaycanın Almaniyadakı səfirliyi və “Arts Council Azerbaijan” təşkilatının birgə təşkilatçılığı ilə “Qəlbim Qarabağdadır” adlı sərgi təşkil olunub. Sərgidə 8-15 yaşlı uşaqların Şuşa şəhəri ilə bağlı rəsm əsərləri nümayiş olunub.

Ziyafət zamanı isə iştirakçılara Azərbaycanın mədəniyyətini, mətbəxini, turizm potensialını, ölkəmizdə sərmayə imkanlarını təbliğ və təşviq edən çoxsaylı kliplər nümayiş etdirilib.

Tədbirdə Almaniyanın dövlət qurumlarının, ictimai-siyasi, elmi, mədəni dairələrinin, Almaniyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və Almaniyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.