“44 gün – tarixi Zəfər” çoxcildliyinin birinci kitabının təqdimatı keçirilib

 

Mədəniyyət Nazirliyinin tabeliyindəki Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə “44 gün – tarixi Zəfər” adlı üçcildliyin birinci cildi (“A-Ə” hərfləri üzrə) işıq üzü görüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində (BMM) nəşrin təqdimat mərasimi keçirilib. Nəşrin birinci cildində Aprel (2016) və Tovuz (2020-ci il, iyul) döyüşlərində, həmçinin Vətən müharibəsində həlak olanlar haqqında ensiklopedik məlumat yer alıb.

Təqdimatda öncə Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdiyini bildirib. Respublika Xatirə Kitabı Redaksiyasının  Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını xatırladan nazir redaksiyanın fəaliyyətini yüksək qiymətləndirib. Deyib ki, ümummilli lider şəhidlərin xatirəsini hər zaman əziz tutub, onların adlarının əbədiləşdirilməsi üçün diqqət və qayğısını əsirgəməyib: “Redaksiya tərəfindən indiyədək 20-dən artıq kitab nəşr olunub. Bu kitablarda müstəqilliyimiz uğrunda canından keçən Vətən oğullarının həyat yolu əksini tapıb. Bugünkü təqdim olunan kitab isə 44 günlük müharibədəki Zəfərimizə həsr olunub. Azərbaycan bu Zəfəri 30 ildir gözləyirdi və bu müddət ərzində dövlətimiz də, xalqımız da bu ədalətsizliklə barışmadı. Gün gəldi, Ali Baş Komandanın rəhbərliyi Ordumuz düşmənə qalib gəldi, əzəli torpaqlarımızı əsarətdən qurtardı. Azərbaycan Ordusunun, qəhrəman oğullarımızın göstərdikləri şücaətlər dastanlara sığacaq bir səhifədir. Bu səbəbdən də onların Vətən yolunda qəhrəmanlığı Azərbaycan dövləti tərəfindən hər zaman diqqətdə saxlanılır”.  

Dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan danışan Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, nazirliyin mədəniyyət müəssisələrində 100-ə yaxın şəhid ailəsinin üzvü işlə təmin edilib: “Vətən müharibəsində mədəniyyət sahəsində çalışmış 8 nəfər şəhid olub. Onların xatirəsini əbədi yaşadacağıq. Tarixi Qələbəmizi yeni nəsillərin yaddaşında həkk etdirmək bizim borcumuzdur. Nazirlik tərəfindən şəhidlərimizə həsr olunan bir neçə layihə də həyata keçirilib. Onlardan biri də “Səhnədən səngərə” layihəsidir. Eyni zamanda nazirlik Qələbəmizə həsr edilən filmlərin çəkilməsini, bu mövzuda ədəbi əsərlərin yazılmasını da qarşısına məqsəd qoyub.

İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda dövlətimiz tərəfindən aparılan geniş yenidənqurma və bərpa işlərindən söz açan nazir bildirib ki, “Böyük qayıdış” Qarabağa ruhumuzun, kimliyimizin qayıdışını təmin edəcək: “Xalqımız tarixi yurd yerlərimizə böyük qayıdışın başlanğıcındadır. Bu başlanğıc həm də mədəniyyətlə bağlıdır. Bu dirçəlişdə də xalqımız birləşərək böyük çiçəklənməyə nail olacaq. Bu gün Qarabağda böyük quruculuq işləri reallaşır bu yolda bizim də üzərimizə böyük məsuliyyət düşür”.

Daha sonra Respublika Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədova çıxış edərək fəaliyyətləri haqqında məlumat verib. Bildirib ki, redaksiya Azərbaycan Sovet Ensiklopediyası nəzdində bir şöbə kimi fəaliyyət göstərib, ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı əsasında Nazirlər Kabinetinin imzaladığı 1 may 1997-ci il tarixli qərarla müstəqil quruma çevrilib. 2016-cı ildən Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərir. Bu gün redaksiya Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub.

Nəzakət Məmmədova diqqətə çatdırıb ki, redaksiya Azərbaycanın Milli Qəhrəmanları haqqında da kitablar nəşr edib, “Vətən daşı və ya 44 günün dastanı” layihəsi çərçivəsində 8 film istehsal edilib.

Çıxışlardan sonra Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı “Vətən daşı” sənədli filmi nümayiş olunub. Film Şuşanın azad edilməsi uğrunda şəhadətə yüksələn Ağcabədi rayonundan olan 18 yaşlı əsgər Ömər Rəhimli haqqındadır.

Ekran işinin nümayişindən sonra şəhidin atası Rəşid Rəhimli çıxış edərək şəhidlərin xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirib.

Tədbirin bədii hissəsində BMM-in solistləri və “Muğam” televiziya müsabiqəsinin qalibləri Gülzar Fərəcova, Aytən Məhərrəmova, Pərviz Qasımovun ifasında şəhidlərə həsr edilən mahnılar təqdim edilib. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada  Ceyhun Muradov müşayiət edirdi. Həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası Zülfiyyə Eldarqızı vətənpərvərlik mövzusunda, qazi şairlər Həsən Kür, Oğuz Alparslan və Nicat Ağayev isə müəllifləri olduqları müharibə mövzulu şeirlərini səsləndiriblər.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.