Super User
Ölkəmiz ilk dəfə “I’m artist” beynəlxalq onlayn incəsənət sərgisində təmsil olunacaq
Azərbaycan ilk dəfə iyunun 25-dən iyulun 4-dək təşkil olunacaq beynəlxalq maarifləndirmə hərəkatının “I’m artist” III beynəlxalq onlayn incəsənət sərgisində geniş tərkibdə təmsil olunacaq.
Bu barədə sərginin kuratoru, gənc və istedadlı xalçaçı-rəssam, sulu boya ustası Leyla Vazehi Əfəndiyeva AzərTAC-a məlumat verib.
“Fərqli ölkələr, bir təyinat" adlı sərgidə digər ölkələrin rəssamları ilə yanaşı, Azərbaycan rəssamlarının sərgilənməsindən qürur duyuram”, – deyə L.Əfəndiyeva bildirib. O, həmçinin sərgidə bir-birindən istedadlı tanınmış rəssamlarımızla yanaşı, gənc rəssamlarımızın da əsərlərinin nümayiş olunmasına çalışdığını söyləyib. Həmçinin o, bu vacib və maraqlı məsələdə əvəzsiz köməyi olan layihə rəhbəri Smruti Nayaka öz təşəkkürünü bildirib.
Qeyd edək ki, “I’m artist” dünya rəssamlarının qlobal platformasıdır. Rəssamlar burada öz əsərlərini nümayiş etdirərək, onlayn-sərgilərdə iştirak edir, ustad dərsləri, seminar və konfranslar kimi çoxsaylı tədbirlərdə fikir mübadiləsi aparırlar. “I’m artist”in əsas məqsədi istedadlı gəncləri öz geniş internet platforması ilə cəmiyyətə tanıtmaqdır.
Prezident İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılmasına dair Sərəncam imzalayıb
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılmasına dair Sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazandığı, ana dilinin zənginliklərindən uğurla faydalanaraq, yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər yaratdığı, eyni zamanda, ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edərək, genişmiqyaslı dolğun fəaliyyəti ilə tanındığı qeyd olunub.
Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi tapşırılıb.
Müğənni Pyer Narsis vəfat edib
Kamerun əsilli rusiyalı müğənni və şoumen Pyer Narsis vəfat edib. Və bu barədə iyunun 22-də onun qızı Karolina Kristel instaqramda yazıb.
Onun sözlərinə görə, 45 yaşlı ifaçı böyrək əməliyyatından sonra ürək dayanması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Narsis 2000-ci illərdə “Şokoladnıy zayats” mahnısı ilə məşhurlaşmışdı. O, “Sibir bərbəri”, “Diqqət, modern! 2004” kimi filmlərdə də iştirak edib.
Günün fotosu: Rusiya dizaynerləri parça tapa bilmirlər
Günün fotosu: Rusiya dizaynerləri parça tapa bilmirlər
Rusiyanın 84 şəhərindən gələn dizayner birinci Moskva moda həftəsində iştirak edib. Onların əksəriyyəti beynəlxalq sanksiyalara görə keyfiyyətli parça ala bilmədiklərindən şikayətləniblər.
Foto: Euronews
Akademik Milli Dram Teatrında “Medeya” tamaşasının premyerası olub
Akademik Milli Dram Teatrında Evripidin “Medeya” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşanın premyerası keçirilib.
Sözügedən tamaşanın bədii rəhbəri Xalq artisti Azər Paşa Nemətov, quruluşçu rejissoru Emil Əsgərov, quruluşu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Kamil İsmayılov, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Lalə Hacıyeva və işıq üzrə rəssamı Rafael Həsənovdur. Medeya rolunda Əməkdar artist Münəvvər Əliyeva çıxış edib.
“Medeya” faciəsinin mövzusu “Arqonavtlar” əsatiri silsiləsindən götürülüb. Əsərin əsas ideyası xəyanətə məruz qalmış qadının nələr edə biləcəyini göstərməkdir.
Qeyd edək ki, Medeya əri Yazonun ağlasığmaz xəyanətini, onun mənəvi miskinliyini, şöhrətpərəstlik üzündən ailəni, qəlbini, vicdanını satmasını ifşa edir, qadının cəmiyyətdəki qul vəziyyətini və daim kişilər tərəfindən alçaldığını hiddətlə pisləyir. O, qadın hüququnu müdafiə edən üsyankara çevrilir.
Uğurla nümayiş olunan tamaşa alqışlarla qarşılanıb.
AYB-nin Cənubi Azərbaycan Komissiyası məhsuldar işləyir
Xəbər vermişdik ki, Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda Birliyin Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının təsis etdiyi Səməd Behrəngi adına ədəbi mükafatın sayca 8-ci təqdimat mərasimi keçirilib. Mərasim barədə daha geniş məlumatı “Ədəbiyyat və incəsənət” portalı AYB sədrinin müşaviri Sayman Aruza istinadən verir.
Tədbirdə hər iki taydan elm və ədəbiyyat nümayəndələri, şairlər və araşdırmaçılar iştirak edib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq Əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Ədəbiyyat Qəzetinin baş redaktoru Azər Turan, tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Cəfərli, tanınmış şairə Nəsibə İsrafilqızı, ədəbiyyatşünas Zöhrə Əsgərova, Fəxrəddin Ziya, Varlıq jurnalının baş redaktoru Məhəmmədrza Heyət, Güney Azərbaycanın tanınmış ədəbiyyatçısı Məsud Haray, tanınmış tədqiqatçı Həsən Kərimzadə, Azərbaycanın Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov və Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına institutunun aparıcı elmi işçisi, Kərimulla Məhəmmədzadə təltif olunublar. Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri xalq yazıçısı Anar, Səməd Behrənginin həyatı və yaradıcılığı barəsində geniş məlumat verərək mükafatın əhəmiyyətini vurğulayıb. Daha sonra Yazıçılar Birliyi sədrinin müşaviri, Cənubi Azərbaycan Ədəbiyyatı Komissiyasının sədri tanımış yazıçı-tədqiqatçı Sayman Aruz da öz növbəsində Cənubi Azərbaycan ədəbiyyatının təbliğatının genişləndirilməsininin vacibliyinə diqqət çəkib.
Sonda mükafatlar öz sahiblərinə təqdim olunubdur.
Bu gün “Molla Nəsrəddin 2022” komediyası təqdim ediləcək
“Səhnə” teatrının dramaturq Xaqani Əliyevin eyniadlı pyesi əsasında hazırladığı “Molla Nəsrəddin 2022” komediyası bu gün yenidən nümayiş olunacaq.
İnsabları sevgi və gülüşlə dolu mənalı həyat yaşamağa səsləyən tamaşa iyunun 23-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, xoreoqrafı İmran Əlidir.
Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli, Ağaəli Kərimzadə və Nazlı Quliyeva çıxış edəcək.
Qeyd edək ki, tamaşa musiqi, rəqs, şən zarafatlar, güldürərək düşündürən hikmətli sözlər və xarakterik obrazlarla zəngindir. Bu obrazların arasında yaxın keçmişin qoçusu, dünənin ziyalısı, bu günün blogeri də var. Onlar Molla Nəsrəddinin sevdiyi qıza qovuşmasına mane olmağa çalışırlar. Düşdüyü çətin vəziyyətlərdən həmişə çıxış yolu tapmağı bacaran Molla Nəsrəddin isə onu özü ilə aparmağa gəlmiş Əzrayıl ilə dostlaşır, ondan yaşamaq möhləti alır və bədxahları ilə mübarizəyə başlayır. Komik vəziyyətlərlə müşayiət edilən bu mübarizədə Əzrayıl Molla Nəsrəddinə kömək edir.
Tarixi romanlar ustadı Yunus Oğuzla ana vətəni Şirvanda görüş keçirilib
İyunun 22-də Şirvan şəhər Mərkəzi Kitabxanaaının təşkilatçılığı ilə Şirvan şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Jurnalistikasının inkişafındakı xidmətləriinə görə "Tərəqqi" medalına layiq görülmüş, Əməkdar Mədəniyyət işçisi, tarixi romanlar müəllifi, yazıçı, publisist Yunus Oğuzla görüş keçirilmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbir iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər. Tədbir Mərkəzi Kitabxananın əməkdaşları- Aysel İsmayılova və Gülnar Muradova tərəfindən hazırlanmış "Yunus Oğuzun həyatı" adlı video çarxla başlamışdır.
Görüşdə Şirvan şəhər Mərkəzi Kitabxanasının əməkdaşları- Alma Cəfərova, İlhamə İmanova "Yunus Oğuzun yaradıcılığı", Kəmalə Quliyeva müəllifin yeni çapdan çıxan "Cığır" kitabı haqqında çıxış edərək qeyd etmişlər ki, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tarixi roman janrının ustadlarından olan Yunus Oğuz Azərbaycan tarixinin təbliği və gənc nəslin vətənpərvər ruhda tərbiyəsində mühüm rol oynayır. Onun "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur- zirvəyə doğru", "Əmir Teymur- dünyanın hakimi", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu", "Səfəvi Şeyxi" tarixi romanları var. Yunus Oğuz yalnız tarixi romanlar müəllifi kimi deyil, həm də esse və felyetonları ilə də oxuculara yaxşı tanışdır. Tədbirdə yazıçının bacısı Mətanət Zərbəliyeva, sinif yoldaşı Dilbər Abdullayeva onun haqqında xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi Adəm Hüseynov, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər ərazi partiya təşkilatının sədri Zahir Qəhrəmanov, alim, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Elmlər Akademiyasının əməkdaşı Şəhla Məcidova, 18 nömrəli məktəb liseyin direktoru İsmayıl Usubov, şəhər ziyalısı Rasim Xəlilov Yunus Oğuzun yazdığı tarixi romanların əhəmiyyətindən söhbət açmışlar. Tarixi romanlar əsasında filmlər çəkilməsini təklif etmişlər. Yunus Oğuz çıxış edərək, Mərkəzi Kitabxananın rəhbərliyinə və kollektivinə onunla görüş təşkil etdiklərinə görə öz təşəkkürünü bildirərək qeyd etmişdir ki, ilk dəfədir, kitabxana tərəfindən onunla görüş təşkil olunur.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev Yunus Oğuza kitabxananın "Fəxri oxucusu" fəxri fərmanı və hədiyyə təqdim etmişdir. Sonda yazıçı öz kitablarını oxuculara hədiyyə etmişdir. Tədbirdə "Yunus Oğuz tarixi romanlar müəllifi " adlı sərgiyə baxış da keçirilmiş və xatirə şəkilləri çəkilmişdir.
Türk dünyası Kitab və Ədəbiyyat festivalı iştirakçıları mükafatlandırılıblar
Ötən gün Azərbaycan Yazıçılar Birliyində I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının iştirakçıları və festivalın təşkilində əməyi keçən şəxslər mükafatlandırılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə ki, bir sıra yazıçı-publisist, media nümayəndələri, tələbələr və ASAN Xidmət könüllüləri müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıb. Tədbir xalq yazıçısı Anarın çıxışı ilə başlayıb. O iştirakçılara festival müddətində göstərdikləri xidmətə görə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri və I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalının təşkilatçısı Xəyal Rzaya "Bəxtiyar Vahabzadə" mükafatını təqdim edib. Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı-publisist Rəşad Məcid, tənqidçi İntiqam Qasımzadə və Nizami Tağısoy Türksoy tərəfindən "Molla Pənah Vaqif" medalı, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, yazıçı-publisist Yunus Oğuz "Çingiz Aytmatov" medalı, gənc şair Ramil Əhməd "Aşıq Veysəl" medalı ilə təltif olunub. Daha sonra tələbələr I Türk Dünyası Kitab və Ədəbiyyat Festivalında iştiraka görə sertifikatlarla mükafatlandırılıblar. Sonda xatirə şəkli çəkilib və tələbələrə Anarın kitabları hədiyyə edilib.
Unudulmaz sevgi şeirləri - “Bilirəm ki, yorulmuşam...”
Bilirəm ki, yorulmuşam...
Ömür qısa,
Yol uzun.
Nə olsun ki,
Bu gecə də parlamadı ulduzum.
Qəribsəmə,
Çək içinə
tənhalığın ətrini,
Sən sabahın qədrini bil,
Mən dünənin qədrini...
Bu son tələ
Bir az gendən
Gülüb keçsə, gələrəm.
Ömür keçdi
Gələmmədim
Ölüm keçsə,
Gələrəm...
Elçin Mirzəbəyli