Super User

Super User

 

Ankarada Türkiyə Prezident Kitabxanasında keçirilən 36-cı CENL-in illik iclasında iştirak edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov IFLA-nın hazırkı prezidenti Barbara Lison ilə görüşüb.

 

Kitabxanadan AzərTAC-a bildirilib ki, görüş zamanı Kərim Tahirov 30 il öncə Ermənistan tərəfindən işğal olunan və 2020-ci ilin noyabrında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən azad olunmuş ərəzilərimizdən, oradakı tarixi abidələrin, mədəniyyət müəssisələrinin, eləcə də kitabxanalarımızın tamamilə dağıdılmasından danışıb.

O bildirib ki, 2020-ci ilin noyabr ayında Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində 30 ildən artıq erməni işğalında olan ərazilərimizi işğaldan azad edib. Kərim Tahirov həmin ərazilərdə vaxtilə mövcud olan 975 kitabxananın tamamilə məhv edildiyini və onların ümumilikdə 4,6 milyon nüsxə qiymətli kitab fondlarının vəhşicəsinə yandırıldığını qeyd edib.

O, işğaldan azad olunan 10 rayonun kitabxana direktorları adından 2020-ci ilin dekabr ayında keçmiş IFLA prezidenti Christine Mackenziyə məktubla müraciət edərək işğaldan azad edilən regionlardakı vəziyyəti yerində dəyərləndirmələri üçün bir missiya təşkil etmələrini xahiş etdiyini bildirib. Cavab məktubunda IFLA-nın müharibəni qətiyyətlə qınadığını, tarixi abidələrə, mədəniyyət müəssisələrinə bilərəkdən zərər verməyin qəbul olunmaz olduğunu qeyd edən Christine Mackenzie həmçinin dağıdılmış kitabxanaların fotolarını Blue Shield və UNESCO-dakı həmkarları ilə paylaşmaq üçün icazə istəyib. Lakin təəssüf ki, missiya göndərilməsi ilə bağlı xahişimizə bu günədək cavab alınmayıb.

Bu səbəbdən Kərim Tahirov IFLA prezidenti Barbara Lisona müraciət edərək, dağıdılmış bölgələrdəki kitabxanaların vəziyyətini dəyərləndirmələri üçün mütəxəssislərdən ibarət bir missiya təşkil edilməsini xahiş edib. 

Azərbaycan Milli Kitabxanası olaraq həm CENL-in, həm də IFLA-nın nümayəndələrini öz ölkəmizdə qəbul etməyə hazır olduğumuzu bildirən Kərim Tahirov xanım Barbara Lisonu bu ilin oktyabrında Bakıda keçiriləcək VIII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etmək və işğaldan azad olunmuş ərazilərimizdəki kitabxanalara baxış keçirməsi üçün ölkəmizə dəvət edib. Görüşün sonunda Kərim Tahirov bildirib ki, bir zamanlar işğala məruz qalan ölkə olaraq Azərbaycan Respublikası hər cür müharibəni və işğalı qətiyyətlə qınayır, belə halların yaşanmaması və təkrarlanmaması üçün IFLA-nın və digər beynəlxalq təşkilatların belə hallara ciddi münasibət bildirməsi çox vacibdir. IFLA prezidenti dəvəti qəbul etdiyini bildirərək, belə hadisələrdən çox təəssüfləndiyini bildirib.

 

Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkəmizin ilk və tək inklüziv teatrı – “ƏSA” amerikalı yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin ən çox sevilən əsərlərindən biri olan “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın növbəti nümayişini həyata keçirəcək.

 

Tamaşa bu gün - iyunun 22-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.

Qeyd edək ki, əsər Kaliforniyada böyük böhran vaxtı fəhlə kimi işləyən iki dostun, Corc Milton və Lenni Smolun həyatından bəhs edir. Tamaşa insanlara mərhəmət, alicənablıq hissi, eləcə də xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır. 

Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” kitabının təqdimatı olub.

 

AzərTAC xəbər verir ki, kitabda vaxtilə İrəvan bölgəsində yaranmış Azərbaycan yallı rəqslərinin ermənilər tərəfindən necə saxtalaşdırıldığı geniş şəkildə və tutarlı faktlarla təhlil edilərək ifşa olunub, həmin bölgəyə aid 43 yallı havasının not yazıları işıqlandırılıb. Kitab Zəngəzur dəhlizinin açılmasına həsr olunub.

Kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, artıq 39 ildir Azərbaycan xalq rəqsləri ilə, rəqsin bütün janrlarının toplanması ilə məşğuldur: “Çoxları yallının məkanını Naxçıvan ilə əlaqələndirir. Ancaq rəqsin bu növü digər bölgələrə - İrəvan, Kəlbəcər, Laçın və Qarabağın digər bölgələrində, eyni zamanda, Şəki zonasında da yayılıb. Kitabda Qərbi Azərbaycanın 43 yallı havası toplanıb. Bu rəqsin təqribən 20-sini ermənilər dəyişdirib, öz rəqsləri kimi təqdim ediblər”. 

Bildirib ki, kitabda əks olunan 43 yallı rəqsin notlarını İrəvandan qovulmuş soydaşlarımızın köməkliyi sayəsində bərpa edib: “İrəvanlılar qovulduqdan sonra bölgələrimizdə pərakəndə vəziyyətdə yaşadıqları üçün bu rəqsimiz qismən unuduldu. Ancaq mən vaxtilə yallı oynamış ifaçıları tapıb onlardan Qərbi Azərbaycan yallı rəqslərinin melodik intonasiyalarını topladım. Kitabın önəmi odur ki, burada 43 yallının notları əks olunub, eyni zamanda, 10-dan çox yallının ermənilər tərəfindən nə cür saxtalaşdırılması tutarlı faktlarla sübuta yetirilib”.

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov kitabın ictimai əhəmiyyətindən danışıb: “Biz baxırıq ki, ermənilər tərəfindən xarici ölkələrdə Azərbaycan yallıları ifa olunur. İstəyimiz odur ki, bu rəqslər Azərbaycan mədəniyyəti kimi təqdim olunsun. Bizim etirazımız yalnız bunadır. Qarşıya qoyduğumuz məqsəd odur ki, kitabı xarici dillərə çevirib onun yayılmasına başlayaq və kitabda göstərilən 43 yallıdan ibarət konsert proqramı təşkil edək. 

“Ön söz”ün müəllifi Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli kitabla bağlı öz fikirlərini yazıb: “Rəqs sənəti folklor musiqimizin çox qədim tarixə malik olan janrlarındandır. Onun əsas qollarından biri olan yallının yaranması bəşər tarixinin yarandığı dövrlə əlaqələndirilir. İbtidai insanlar öz mifik inancları ilə bağlı müxtəlif ayinləri icra edərkən rəqs etmişlər. Onların bu rəqsləri bu gün Qobustanın, Gəmiqayanın daş yaddaşlarında, qayaüstü rəsmlərində öz əksini tapır. Bu rəqslər xalqımızın qərinələr ötüb gəlmiş tarixindən, adət-ənənəsindən, mədəniyyətindən danışır. 

Bu yüksək dəyərlərin heç birinə malik olmayan ermənilər 200 il qabaq Azərbaycana köçürülərək Qarabağda, Naxçıvanda, İrəvanda məskunlaşdıqdan sonra, illər ötdükcə dilimizi, mədəniyyətimizi, musiqimizi öyrənmiş daha sonra öz mənfur sifətini göstərərək bu dəyərlərə yiyələnməyə çalışmışlar. 

Kitabın rəyçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə bildirib ki, 44 günlük müharibə Azərbaycanın Qələbəsi ilə bitsə də tarixçilər, musiqiçilər arasında müharibə hələ də davam edir. Qeyd edib ki, Azərbaycan Demokratik Respublikası 1920-ci ildə SSRİ-yə daxil olandan sonra bir çox faktlar saxtalaşdırılmış və azərbaycanlılar öz yurdlarından çıxarılmışlar: “Azərbaycanlılar illər boyu bu ərazilərdə yaşayıb. Ancaq ermənilər öz respublikalarını qurandan sonra bizim toponimləri dəyişmiş, mədəniyyətimizi mənimsəməyə çalışmışlar. Ermənilər hətta bizim muğamlarımıza da əl atıblar. Buna görə də bu cür kitabların çap olunması və təbliğatı vacibdir”.

Sonra bəstəkar Elnarə Dadaşova, Xalq artisti Ramiz Quliyev çıxış edib, kitabın əhəmiyyətindən danışıblar. 

Sonda İctimai Birlik adından kitabın müəllifi Rauf Bəhmənliyə, kitabın rəyçilərinə, və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə diplomlar və simvolik hədiyyələr təqdim olunub.

 

İyunun 23-də, saat 11:30-da “Əbədi Sevgi-Vətən" layihəsi çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin yaradıcılıq nümunələrindən ibarət çap olunmuş  eyniadlı kitabın təqdimatı baş tutacaq. 

 

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən keçirilir.

Tədbirin keçiriləcəyi ünvanı diqqətinizə çatdırırıq: Gənclər Təşkilatlarının Resurs Mərkəzi, Qlobus center, 13-cü mərtəbə, Caspian plazanın yanı.

 

İyunun 21-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan peşəkar vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 125 illiyinə həsr olunan tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, muzeyin direktor müavini Təranə Qurbanova Bülbülün Azərbaycan mədəniyyəti tarixindəki müstəsna xidmətlərindən danışıb: “Biz unudulmaz sənət ustası Bülbülün anadan olmasının 125 illiyini böyük qürur hissi ilə keçiririk. Çünki onun doğulduğu doğma Şuşamız artıq azaddır. Biz buna görə Ali Baş Komandan, Prezident İlham Əliyevə, rəşadətli Ordumuza minnətdarıq və Vətən uğrunda canından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik”.

Muzeyin şöbə müdiri Xanım Abdinova Azərbaycan vokal sənətinin zirvəsi olan Bülbülün həyatı və parlaq yaradıcılıq yolu, Azərbaycan musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği yolunda əvəzolunmaz xidmətlərindən söz açıb. Bildirib ki, Azərbaycan musiqi tarixində Bülbül kimi özünəməxsus ifa tərzi, yaradıcılıq yolu olan sənət ustaları çox nadir tapılır. O vokal məktəbində əfsanədir”, - deyə şöbə müdiri vurğulayıb.

Sonra Əməkdar artist, vokal ifaçısı Ramil Qasımov Bülbül yaradıcılığı haqqında danışıb və görkəmli ifaçının həyatından olan xoş məqamlarla bağlı təəssüratlarını bölüşərək, öz fərqli ifalarını səsləndirib.

Qeyd edək ki, tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər İlahə Əfəndiyeva, Ələkbər Əliyev, Roza Səlimova və Ceyran İsayevanın ifalarında konsert proqramı təqdim olunub. Tədbirdə Bülbülün ifaları olan videoyazılar və muzeyin zəngin arxiv materialları əsasında hazırlanmış sənədli videoçarxlar nümayiş olunub.

 

2022-ci ilin son 4 ayında Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 3 məşhur kitabı Türkiyənin İstanbul şəhərində “Bengisi yayınları” tərəfindən çap edilib.

 

Bu barədə AzərTAC-a müsahibəsində yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci il noyabrın 11-də tərcüməçi Mustafa Öğünçla imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində Türkiyədə nəşr edilməsinə icazə verilib. Bu kitablardan birincisi klassik ədəbiyyatımızın böyük şairi Məhəmməd Füzuli və Mühibbi təxəllüsü ilə qəzəllər yazmış Sultan Süleyman Qanuni haqqında “Eşq sultanı” romanıdır. Türkiyə ilə ortaq ədəbiyyat dəyərlərimizi canlandıran bu roman anam Əzizə Cəfərzadənin son əsəridir və yazıçı onu audioformatda diktofona yazıb. Mən onu ilk dəfə 2005-ci ildə professor Vaqif Sultanlının redaktəsi ilə nəşr etdirmişəm.

İkinci çap olunan kitab “Sabir” romanıdır. Bu əsər satirik şairimiz Mirzə Ələkbər Sabirin həyatından bəhs edir və onun bu il qeyd olunan 160 illik yubileyinə bizim töhfəmizdir. 

Üçüncü kitab isə dövründə Əzizə Cəfərzadəni ən çox məşhurlaşdıran XIX əsr Azərbaycan ədəbiyyatının böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvanidən bəhs edən “Aləmdə səsim var mənim” romanıdır”.

Yazıçının digər əsərlərinin türkcəyə çevrilməsi və nəşri üzərində işlərin davam etdirildiyini bildirən müsahibimiz deyib: “Müqaviləyə əsasən “Bakı-1501” və “Yad et məni” romanları da Türkiyə oxucularına təqdim ediləcək. Bu kitabları türkcəyə çevirən Mustafa Öğünç müasir türk dili və ədəbiyyatı üzrə təhsil almış istedadlı gəncdir. Ona Azərbaycan-Türkiyə münasibətlərində mühüm əhəmiyyət kəsb edən bu işlərində uğurlar diləyirik.

“Eşq sultanı” və “Aləmdə səsim var mənim” kitablarının türkcə variantını diqqətlə oxuyub qeydlər etmiş, həmyerlimiz, riyaziyyatçı, Ankara Universitetinin professoru Şahin Əmrahın da böyük zəhməti var. Onu da qeyd edək ki, Şahin Əmrah “Aləmdə səsim var mənim” romanında adı dəfələrə çəkilən din xadimi Hacı Məcid Əfəndinin kötücəsidir. “Sabir” romanının türkcə variantının orijinala uyğunluğunu isə yazıçının qardaşı nəvəsi Aygül Cəfərzadə yoxlayıb.

Əzizə Cəfərzadənin bu kitablardan əvvəl “Anamın nağılları” kitabı 1990-cı ildə Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən çap edilib. 2006-cı ildə isə yazıçı-alimin toplayıb, tərtib etdiyi 800 illik qadın yaradıcılığımızı əks etdirən “Azərbaycan aşıq və şair qadınları” kitabı da Çingiz Alyılmaz tərəfindən türkcəyə çevrilərək nəşr edilib”.

 

Rəşid Behbudov adına Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin beynəlxalq müsabiqələr laureatı Amin Bünyatovun “Şuşa İli” çərçivəsində “5 Baharın bəhəri” adlı solo-konsert proqramı təqdim olunub.

 

İdarədən bildirilib ki, konsertdə Amin Bünyatov öz ifasında Azərbaycan və xarici bəstəkarların repertuarlarına müraciət edib. 

Sonda məktəbin direktoru Samirə Əliyeva “Vətən” adlı kompozisiyası ilə çıxış edib.

 

İyunun 21-də “Azərbaycan sinema” kinoteatrında “Fransız kino həzzi: 100 faiz klassiklər” layihəsi çərçivəsində Kris Markerin “Uçuş zolağı” və “Sibirdən məktublar” filmləri nümayiş olunub.

 

Layihə Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransız İnstitutu və Fransa səfirliyinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşib.

1962-ci ildə Kris Markerin çəkdiyi, qısametrajlı və yeganə bədii filmi hesab edilən “Uçuş zolağı”nda üçüncü dünya müharibəsinin termonüvə zərbəsindən sonra sağ qalan parislilərin yeraltı katakombalarda yaşamasından bəhs edilir. Film fantastik janrda lentə alınıb və tamaşaçıya antiutopik hisslər yaşadır.

1957-ci ildə rejissorun lentə aldığı “Sibirdən məktublar” sənədli filmi isə Sibirin təbiətindən, orada yaşayan insanların həyatından, cəmiyyətin müasirləşməsindən bəhs edir.

 

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İrana səfər çərçivəsində Tehranda yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunu ziyarət edib. 

 

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Xüsrav Noziri və Mədəniyyət İnstitutunun prezidenti Murodjon Buriboyev Anar Kərimova qurumun fəaliyyəti ilə bağlı məlumat veriblər. 

Bildirilib ki, 1995-ci ildən fəaliyyət göstərən Mədəniyyət İnstitutunun əsas məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında mədəni əlaqələrin gücləndirilməsinə xidmət etməkdir. Xüsrav Noziri Azərbaycanın gələcəkdə Mədəniyyət İnstitutuna üzv olacağına ümidvar olduğunu bildirib. 

Mədəniyyət naziri bu institutun fəaliyyəti ilə bağlı təqdim olunan ətraflı məlumata görə təşəkkür edib. Həmçinin Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən olduğunu bildirərək, Mədəniyyət İnstitutuna da ölkəmizin üzvlüyünün nəzərdən keçiriləcəyini söyləyib.

Sonra müştərək mədəni irs, humanitar sahələrdə sıx əməkdaşlıq, mədəni mübadilə proqramlarının, muzey və digər istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Çərşənbə, 22 İyun 2022 10:30

Bu dəfə Lənkəranda

 

Mədəniyyət Nazirliyinin “Muzeyi peşəkardan öyrənək" adlı layihə üzrə növbəti təlim-seminarı Lənkəran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və elmi işçiləri üçün 3 gün müddətində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki. layihədə ümumilikdə 12 mədəniyyət müəssisəsindən 35-dək əməkdaş iştirak etmişdir.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mira Məmmmədxanova tərəfindən aparılan təlim-seminarda muzey fondlarında qorunan eksponatların sənədləşmə işi, onlar üçün əlverişli şəraitin təşkili, elmi inventarizasiya, ekspozisiyanın tərtibatı üçün tematik planların hazırlanması barədə söhbət açılıb. Həmçinin, digər ölkə muzeylərini bəzəyən incəsənət nümunələrimiz haqqında və xalça məmulatları, bədii metal, parça, geyim, tikmə, çini, şüşə, ağac, kağız və zərgərlik məmulatlarının qorunub saxlanılması barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən start verilmiş “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini aktivləşdirmək, müasir çağırışlara cavab verən muzey mühitini formalaşdırmağa xidmət edir.

Layihənin digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.