Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkəmizin ilk və tək inklüziv teatrı – “ƏSA” amerikalı yazıçı, Nobel mükafatı laureatı Con Steynbekin ən çox sevilən əsərlərindən biri olan “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın növbəti nümayişini həyata keçirəcək.
Tamaşa bu gün - iyunun 22-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində təqdim olunacaq.
Qeyd edək ki, əsər Kaliforniyada böyük böhran vaxtı fəhlə kimi işləyən iki dostun, Corc Milton və Lenni Smolun həyatından bəhs edir. Tamaşa insanlara mərhəmət, alicənablıq hissi, eləcə də xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.
Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.