Super User
Ən çox oxunan: Ukraynanın milli muzey sərvətləri Danimarkaya təxliyə edilib
Yutlandiya Ukraynanın milli sərvətinin qorunması üzrə Avropa mərkəzlərindən birinə çevrilib. Danimarkanın şərqindəki Orxus şəhərinə Ukraynanın müharibənin başlaması ilə məhv olmaq təhlükəsi altında olan bir neçə muzey kolleksiyası təxliyə edilib. İndi bu dəyərlərin bəziləri Mosqor Muzeyində sərgilənir. Ötən gün bu xəbər dünya mediasının ən çox tirajlanan xəbərlərdən olmuşdur.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Danimarkadakı Mosqor muzeyinin direktoru Mads Keller Holds söyləyib: “Hər bir ukraynalını, ilk növbədə, özünün və ailəsinin taleyi ilə yanaşı ölkənin milli sərvətlərinin taleyi də maraqlandırır, “muzey kolleksiyalarının axırının necə olacağı” hər kəsi narahat edirdi. Yurdsevər ukraynalılar qorxurdular ki, işğal altında olan ərzilərdə ruslar tərəfindən sistematik şəkildə sərvətlərin oğurlanması və talan edilməsi Ukraynanın mədəniyyət xəzinəsinin məhvinə səbəb ola bilər. Odur ki, əlaqədar şəxslər faktiki olaraq bir neçə gün ərzində əməkdaşlıq etdiyimiz müəssisələrdə bütün sərgiləri söküb və eksponatları çıxarmağa çalışıblar. Bu vəziyyətdə onlar mədəni irsin, heç olmasa, bir hissəsinin burada - Danimarkada təhlükəsizlikdə olmasına zəmin yarasıblar, ukraynalılar mədəniyyətin xilasına böyük əminliklə inanırlar.”
Əslində, Ukrayna Mədəniyyət Nazirliyi fevralın 24-də Rusiyanın işğalından dərhal sonra muzey sərvətlərinin təxliyə hazırlığını elan etmişdi. Bildirilmişdi ki, ən əhəmiyyətli irs obyektləri onların qorunması üçün təhlükə yaranan kimi çıxarılmalıdır. Amma bu işi məhz indi həyata keçirmək mümkün olub. Xilasedici rolunu isə Mosqor muzeyi oynayıb.
Bu gün Mosqor muzeyinə mindən çox eksponat, o cümlədən Çerniqov, Xarkov və Lvovdan da qiymətli muzey eksponatları gətirilib.
Bu gün “Min bir gecə” baleti Gəncə Dövlət Filarmoniyasında nümayiş olunacaq
Prezident İlham Əliyev tərəfindən imzalanmış, görkəmli bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinin qeyd edilməsi haqqında 2022-ci il 15 mart tarixli Sərəncamın icrası məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilməkdə davam edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu məqsədlə Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə bəstəkarın "Min bir gecə" baleti bu gün - iyunun 20-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında nümayiş olunacaq.
74-cü Emmy Mükafatlarının təqdimetmə mərasimində azərbaycanlı da iştirak edəcək
Bu ilin 12 sentyabr tarixində Şimali Hollivudda təqdim ediləcək Amerika Televiziya Akademiyasının 74-cü Emmy Mükafatlarının təqdim etmə mərasimində Akademiyanın üzvü kimi azərbaycanlı Kamran Qasımov da iştirak edəcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Emmy Mükafatları Oskardan sonra dünyanın ikinci ən nüfuzlu incəsənət mükafatları hesab olunur. Təqdimetmə mərasimi NBC telekanalı tərəfindən yayımlamır.
Akademiyanın yeni üzvlərinə - o cümlədən həmyerlimix Kamran Qasımova mərasimdə iki dəqiqəlik çıxış etmək imkanı da yaradılacaq.
Sezen Aksu “Disney Plus”un reklam siması seçilib
“Geri dön”, “Sən ağlama”, “Biliyorsun”, “Şinanay”, “Dəli qızın türküsü”, “Yalnızca sitəm” kimi onlarca mahnılarla adını qızıl hərflərlə türk musiqi tarixinə yazan Sezen Aksunu içi Azərbaycan qarışıq bütün dünyada sevirlər. Bu günlərdə isə ünlü sənətçi ilə bağlı çox gözəl bir xəbər paylaşılıb.
“Ədəbiyyat və incəsənət” portalı SonDakika xəbər ajansına istinadən məlumat verir ki,
Türkiyənin məşhur sənətçisi “Disney Plus”un reklam siması seçilib. Müğənni barədə filmin çəkiləcəyi də nəzərdə tutulub.
Bu il 68 yaşını haqlayacaq məşhur sənətçinin həyatı və karyerası barədə ekranlaşdırılacaq ekran əsəri “Disney Plus”da yayımlanacaq.
Qeyd edək ki, tanınmış türk sənətçisi aktrisa kimi də özünü sınayıb. O, məşhur türk filmlərində yaddaqalan obrazlar canlandırıb. Onlardan biri isə həqiqətən unudulmazdır. Söhbət “Minik sərçə” filmindəki Hülya obrazından gedir.
Sevgi dəftərçəsindən - “Bilirsən necə olur, biləyinin yerinə ümidlərini kəsmək?”
Bilirsən, necə olur,
ürəyi səksəkəli
gözləri açıq yatmaq?!
Ürəyinin səsindən,
ya da öz nəfəsindən
çəkinib gecə yarı,
canbəsər ümidlərlə
qaçmaq qapıya sarı...
Bilirsən necə olur,
Biləyinin yerinə
ümidlərini kəsmək?!
bütün xəyallarını
bir gecədə doğramaq...
Xatırlayıb torpağın
səndən aldıqlarını,
bilirsən, necə olur,
ölüm üçün darıxmaq?!
Qəlbindəki üsyanı
duyan olmasın deyə,
saxta qəh-qəhələrlə
nə bilim, daha nələrlə,
özünə rol oynamaq.
sənə aid olanı
bir suç kimi gizləmək,
özündən itgin düşüb,
özündən firar etmək
bilirsən, necə olur?
Bilirsən, necə olur,
Qəlbini yola salmaq
özgəsinin köçündə.
Sonra...
sonra bircə günün içində
xəyalını boşamaq.
Bilirsən, necə olur,
səni sənsiz yaşamaq?!
bilirsən, necə olur...?
Bilmirsən... heç bilmə də...
Ceyhunə Mehman
Tbilisidə “Perxuli” musiqi festivalında Azərbaycan da təmsil olunub
Tbilisidə “Perxuli” musiqi festivalı keçirilib. Festivalda Azərbaycanın “Xarıbülbül” mahnısı və rəqsi ifa olunub.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, festivalda Azərbaycanı Tbilisidə fəaliyyət göstərən “Ceyran” rəqs anamblı təmsil edib.
Ansamblın gənc rəqqasələri müğənni, Azərbaycanın Xalq artisti Azərinin (Anaxanım Tağıyeva) ifa etdiyi “Xarıbülbül” mahnısı əsasında gözəl rəqs nümunəsi nümayiş etdiriblər. Onların rəqsləri alqışlarla qarşılanıb.
Festivalın aparıcısı David Tamaşaşvili AZƏRTAC-a müsahibəsində deyib ki, “Perxuli” qədim gürcü rəqsidir. Bu gün Tbilisinin qədim mərkəzi hesab olunan “Şeytanbazar” ərazisində bu festivalı təşkil etməklə biz musiqi tariximizə nəzər salmaq istədik. Festivalda Gürcüstanda yaşayan milli azlıqların nümayəndələri, eləcə də Litvadan gəlmiş qonaqlar iştirak ediblər. Azərbaycan rəqs qrupunun ifa etdiyi “Xarıbülbül” mahnı və rəqsi tamaşaçılar tərəfindən coşqu və alqışlarla qarşılanıb.
“Azərbaycanlıların mahnı və rəqsi hamının xoşuna gəldi. Azərbaycan rəqsləri həmişə hamının ürəyini oxşayır. Gurultulu alqışlar da məhz bu sevginin göstəricisidir”, – deyə D.Tamaçaşvili vurğulayıb.
Qeyd edək ki, Tbilisidəki 164 saylı məktəbin müəllimi Ceyran Qurbanovanın rəhbərlik etdiyi “Ceyran” rəqs ansamblı paytaxtda və Gürcüstanın bölgələrində Azərbaycan mahnı və rəqslərini uğurla təqdim edir.
Beynəlxalq Türk Akademiyası Anarı təltif edib
IX Qlobal Bakı Forumunda iştirak edən Beynəlxqlq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlı və Akademiyanın vitse prezidenti Füzuli Məcidli Azərbaycan Yazıçılar Birliyini ziyarət ediblər.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Yazıçılar Birliyinin mətbuat katibi qonaqlara Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti, Birliyin yerləşdiyi tarixi bina haqqında məlumat verib.
Beynəlxqlq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın Türk dünyası ədəbiyyatındakı yeri, yaratdığı əsərləri barədə fikirlərini bölüşüb və ədibin Akademiyanın Əlişir Nəvai Qızıl medalına layiq görüldüyünü bildirib.
Medalı təqdim edən D.Kıdırali Əlişir Nəvai Qızıl medalının türk dünyası ədəbiyyatı sahəsində böyük xidmətləri olan tanınmış insanlara verildiyini diqqətə çatdırıb. Eyni zamanda bir neçə həftə əvvəl Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə keçirilən I Türk Dünyası Kitab Festivalından danışıb.
Azərbaycan Yazıçılar Birliyin sədri Anar Darxan Kıdırəliyə ona verdiyi dəyərə görə öz minnətdarlığını bildirib. Və Beynəlxalq Türk Akademiyasının türk dünyasının elm və ədəbiyyat, tarixi irsimizin qorunması və araşdırılması sahəsində ortaya qoyduğu uğurlu nəticələrin bütün Türkdilli xalqlar üçün əhəmiyyətindən danışıb.
Xalq yazıçısı qeyd edib ki, Əlişir Nəvai qızıl medalını alması onun Azərbaycan Yazıçılar Birliyinə sədirlik etməsinin 35-ci ildönümünə təsadüf edir və rəmzi mənası vardır.
Qeyd edək ki, görüşdə Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, Azərbaycan Yazıçılar Birliyinin katibləri Çingiz Abdullayev, Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi, Səyyad Aran, mətbuat katibi Xəyal Rza, sədrin müşaviri Salman Aruz, eləcə də Azər Turan, Şahin Musa, Aida Eyvazlı işirak ediblər.
Yazıçı Varisin sumqayıtlı gənclərlə görüşü keçirilib
Sumqayıt şəhərində Sumqayıt Gənclər Klubu və D&B Kitablı kafenin birgə təşkilatçılığı ilə yazıçı Varislə görüş keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, şəhərin 9-cu mikrorayonda, Sərvər Bədəlbəyli küçəsi 50/56 ünvanında, Hədəf kursları binasının birinci mərtəbəsinə yerləşən D&B Kitablı kafesi (D- dədə, B- baba anlamında) yarandığı qısa müddətdə Sumqayıt gənclərinin sevimli məkanına çevrilib. Xüsusən tələbələr burada bir fincan çay, qəhvə içərək müasir ədəbiyyatımızı, bədii kitabları müzakirə edirlər, kimlərsə yeni kitablar alır, kimlərsə kitab mübadiləsinin üstünlüklərindən yararlanır. Buranın ən böyük üstünlüyü isə ən çox tələb olunan yazıçıları müəyyənləşdirib onlarla görüşlərin təşkil edilməsidir.
Layihənin təşkilatçı rəhbəri Elvir Musayev, eləcə də Sumqayıt Gənclər Klubunun sədri Aqil Abdullayev tədbirə təşrif buyuran gənclərə tədbirin mahiyyəti barədə məlumat verdikdən sonra Ayşə Əmrahovanın moderatorluğu ilə əslən Sumqayıtdan olan yazıçı ilə görüşə start verilib.
Görüşdə yazıçının həyat yoluna, ölkədə və xaricdə qazandığı uğurlara işıq salınıb, mütaliənin rolundan danışılıb, müasir gənci kitaba cəlb etməyin əsas prioritetlərinə toxunulub, eləcə də yazıçı gənclərə dünya məşhurlarının uğur listəsində kitabların rolu, Arzuların reallaşdırılması barədə metafizika qanunu barədə maraqlı söhbətlər eləyib.
Sonra yazıçı oxucuların suallarını cavablandırıb, sonda da Ailə fotosu çəkilib.
Azərbaycanın mədəniyyət naziri bu gün İrana səfər edəcək
Bu gün - İyunun 20-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İran İslam Respublikasının mədəniyyət və islam irşad nazirinin dəvəti ilə Tehrana səfər edəcək.
Bu səfər çərçivəsində Anar Kərimov İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili, milli irs, əl işləri sənayesi və turizm naziri İzəyullah Zərqami və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Görüşlərdə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə ediləcək.
Köşklərdən bu gün “Ədəbiyyat qəzeti” almaq yaddan çıxmasın
Bugünkü “Ədəbiyyat qəzeti”nin anonsunu təqdim edirik:
Anar – Ömrün ləzzəti (Tofiq Mirzəyev haqqında)
“Vətən dili” dərsliyinin yetişdirdiyi nəsil sonradan Azərbaycan milli məfkurəsinin, dövlət müstəqilliyinin qurucuları oldu” – ("İki sahil" qəzetinin filologiya elmləri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimova ilə milli müəyyənlik, xarici dilə maraq və qloballaşmanın dil üzərində təhdidləri mövzusunda müsahibəsinin “Ədəbiyyat qəzeti” oxucularına təqdimi)
Görkəmli italyan şair və nasiri Tonino Querranın “Ağ saqqallı şir” hekayəsi Azad Yaşarın tərcüməsində
Cavanşir Yusifli – Gələcəyin sözünü keçmişdən gətirmək (Camal Yusifzadə haqqında)
Azər Turan – Turanın Troyaya dəxli varmı...
Həsən Kür – Şeirlər
“Yaxşı sənətkar inanır ki, heç kim ona məsləhət verəcək qədər yaxşı deyil” – Vilyam Folknerdən bədii əsər yazmaq istəyənlərə 7 məsləhət Nilufər Hacılının təqdimatında
Kənan Hacı – Sözün Fədaisi (Dünyadan vaxtsız getmiş şair Ağasəlim Fədainin xatirəsinə)
“Poeziya nəsrdən daha ciddi hadisədir...” – Fikir bucağı”nın qonağı şair, esseist Rəvan Caviddir (Söhbətləşdi: Tural Cəfərli)
Yusif Nazim Ərəbsoy – Şeirlər
Məmməd İsmayıl – Ruhun yaşam macərası, sözün nüvəsinə enmək istedadı (Rüstəm Kamalın 60 illiyinə)
Ağacəfər Həsənli – Seyran Səxavət “şineli”
Eminquey – Şair xalq və onun şeir anlayışı
Cavid Fərzəli – Şeirlər
Nadir Yalçın – Şeirimizin üç kəlməsi (Rəşad Nağı Mustafanın poeziyası barədə qeydlər)
Anar Qasımov – “Allahverdinin arzusu” (Hekayə)
İsa Həbibbəyli, Elnarə Qaragözova – Çoxmetodlu ədəbiyyatda detektiv və sənədli nəsr xətti
Nurlana İşıq – “Ayçil yuxu gördü” (Hekayə)
Adilə Nəzərova – “Ağ dəvə düzdə qaldı” Həcəri bir yazıçı kimi yaratdı (Həcərin “Ağ dəvə düzdə qaldı” kitabındakı povestlər haqqında)
Etibar Əbilov – Ədəbi qeydlər
Sərvaz Hüseynoğlu – Şeirin təbəssümü (Qəşəm İsabəylinin seçilmiş əsərlərinin birinci cildi haqqında)
Süleyman Abdulla, Fazil Əsəd, Müzəffər Məzahim, Kamil Araz, Fuad Biləsuvarlı, Qədiməli Əhməd – Şeirlər
Qurban Bayramov – Dəmir Çeşməli – öz statusu olan sözübütöv şair...
Səma Muğanna – “Qeyb olan açar” (Hekayə)
Mənbə: Edebiyyatqazeti.az