Bilirsən, necə olur,
ürəyi səksəkəli
gözləri açıq yatmaq?!
Ürəyinin səsindən,
ya da öz nəfəsindən
çəkinib gecə yarı,
canbəsər ümidlərlə
qaçmaq qapıya sarı...
Bilirsən necə olur,
Biləyinin yerinə
ümidlərini kəsmək?!
bütün xəyallarını
bir gecədə doğramaq...
Xatırlayıb torpağın
səndən aldıqlarını,
bilirsən, necə olur,
ölüm üçün darıxmaq?!
Qəlbindəki üsyanı
duyan olmasın deyə,
saxta qəh-qəhələrlə
nə bilim, daha nələrlə,
özünə rol oynamaq.
sənə aid olanı
bir suç kimi gizləmək,
özündən itgin düşüb,
özündən firar etmək
bilirsən, necə olur?
Bilirsən, necə olur,
Qəlbini yola salmaq
özgəsinin köçündə.
Sonra...
sonra bircə günün içində
xəyalını boşamaq.
Bilirsən, necə olur,
səni sənsiz yaşamaq?!
bilirsən, necə olur...?
Bilmirsən... heç bilmə də...
Ceyhunə Mehman