Super User

Super User

Heydər Əliyev adına Sarayın direktoru, Əməkdar artist Ramil Qasımov tutduğu vəzifədən azad olunub.

 

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, buna səbəb onun əmək müqaviləsinin müddətinin bitməsi olub.

Amma “Ədəbiyyat və incəsənət” portalına sızan məlumata görə, çox yəqin ki, ortada başqa mətləblər var. Çalışacağıq oxucularımıza daha müfəssəl məlumat verək.

Xatırladaq ki, səhnəmizin müasir Koroğlusu olan Ramil Qasımov bundan əvvəl “Mədəniyyət” telekanalına rəhbərlik edirdi. 

Heydər Əliyev adına sarayda direktorluq muddətində isə bir-birindən maraqlı tədbirlərlə yadda qalmışdı.

Rəsm qalereyası: Rembrandt, Naməlum portret”

Günün fotosu: Böyük Britaniya Rusiya Patriarxına sanksiya qoyub

 

Böyük Britaniya Moskvanın və bütün Rusiyanın patriarxı Kirilə qarşı sanksiya qoyub. Buna səbəb onun Vladimir Putinlə dostluğu və Ukraynaya qarşı müharibəni dəstəkləməsidir.

 

Foto: Euronews

 

Yakut poeziyasının anası hesab olan Natalya Xarlampyevanın “Ədəbiyyat və incəsənət” portalına müsahibəsinin ikinci hissəsini diqqətinizə çatdırırıq. Müsahibəni Aida Eyvazlı aparır.

 

Natalya Xarlampyeva İvanovna  1952-ci ildə Yakutiyanın Manqan aymakında doğulub. Yakutiya Dövlət Universitetinin tarix-filologiya fakultəsini bitirib. 1975-ci ildən yazıları və şerləri dövrü mətbuatda dərc olunur. 15 şer kitabının, 20- dən çox nəsr əsərinin  müəllifidir. Ədəbi yaradıcılığına görə Qazaxıstan Respublikasının “Alaş” mükafatına,  Rusiya Yazıçılar İttifaqının A.Tvardovskiy adına mükafatına, RF-nin Mədəniyyət nazirliyinin M.Şoloxov adına mükafatına, RF-nin əməkdar mədəniyyət işçisi fəxri adına, 2002-ci ildə Yakutiyanın xalq şairi fəxri adına, Puşkin medalına, 2021-ci ildə Platon Oyunski adına Dövlət Mükafatına layiq görülüb.

 

-Bakıya ilk gəlişinizdə 1926-cı ildə I Türkoloji Qurultayı keçirilən zalda süzülən göz yaşlarınızı xatırlayıram...

- Bakıya gəldiyində ilk görmək istədiyim yer həmin bina oldu. Siz bilirsiniz ki, biz ruhlara inanırıq. Daşların da ruhu var, yaddaşı var. Mən bizim ədəbiyyatımızı  , əlifbamızı yaradan dahilərə minnətdaram. XIX əsrdə Rusiyanın özünün elə alilmləri barmaqla sayaılırdı. Çar Rusiyası elmin bütün sahəlırində inkişaf əldə etmək üçün alimləri Almaniyadan, Avropadan dəvət edirdi. Yakutiyanı zəbt etsinlər deyə, buraya da alimlər, ekspedisiyaçılar göndərilirdi, Buraya göndərilən əksər ziyalılar isə ya inqilabçılar, ya da siyasi baxışlarına görə rejimə etiraz edənlər idi. Hətta onların qarşısında şərt qoylurdu ki, həmin ziyalı insanlar burada yakut və digər yerli xalqların dillərini öyrənməlidirlər. Sürgün olunan insanların içərisində  polyak linqvisti Edvard Pekarskiy var idi. Pekarskiy bizim dilimizin yazılışını,  transklipsiyasını yaratdı. İlk dördcildlik  “Yakut-Rus dili lüğəti”nin müəllifi oldu.  Sizə maraqlı gələ bilər ki, o bizim dili bu qədər incəliklərinə qədər necə bilirdi? Çünki, həyat yoldaşı yakut qızı idi. Bizim ədəbiyyatçılarımız və dilçilərimiz də  1926-cı ildə I Türkoloji Qurultaya həmin lüğəti gətirmişdilər. Çünki o böyük kişilər ortaq əlifba yaratmaq istəmişdilər.  Böyük Mustafa Kamal Atatürk də ərəb əlifbasından Türk əlifbasına keçid edəndə, Pekarskinin yaratdığı “Yakut-Rus dili lüğətini” istəmişdi. Yakut dili bir çox türk dillərindən fərqli olaraq, öz arxaikliyini qoruyub saxlamşdı. Ötən əsrin 1920-30-cu illərində yaşayan maarifpərvər kişilər ancaq xalq üçün, ümumi dil üçün çalışırdılar.  Onlar həmin zaman kəsiyində bilmirdilər ki, 1926-cı ildən az bir müddət keçəndən sonra türklük ideyalarına görə belə təqib olunacaq, tarixdən silinmək təhlükələri yaranacaqdı. İndi filoloq kimi onların nə düşündüklərini daha yaxşı anlayıram, hiss edirəm.

Bizim qardaş türk xalqlarının ədəbiyyatına marağımızın böyüklüyü də bundan irəli gəlir.  Bizim ənənlərimiz illərə deyil, əsrlərə söykənir.  Biz şimal türkləri özümüzü  böyük türk dünyasının ayrılmaz qolu hesab edirik.  Bizdə belə bir deyim var: “xaan tardar” “qan dartır- qan çəkir”- bu söz ona görə də bütün türkdilli xalqlarda eynidir.

-Dili necə qorudunuz?

- Bizim dilimiz anadan övlada, atadan oğula nəğmələrlə, dastanlarla, folklor nümunələriilə  danışıq dili kimi ötürülərək qorunub. Bizim əhalinin sayı Sovet quruliuşuna qədər 250 min nəfər idi.  Sovet bizim varımızı, dövlətimizi, sərvətimizi alsa da, bizə mədəni həyat da gətirdi, tibb gətirdi, sağlamlığımızı qorumağı öyrətdi, savad, məktəb gətirdi.  Bizim insanların öz məişət qanunları, öz həyat tərzləri var idi. Ədəbi Buzlaqlar ölkəsinə hər kəs gəlib çıxa bilmirdi. Ona görə də bizim insanların dünyadan, dünyanın da bizdən xəbəri yox idi. 1941-45-ci il  Böyük Vətən Müharibəsi başlayanda isə sayımız artıq 300 min nəfərə çatmışdı.  Bu müharibədə ən çox itki verən xalq da biz olduq. 60 min insanımız davaya gedib, qayıtmadı. Onlar qayıtsaydı, sayımız 200 min nəfər də çoxalacaqdı.  Nəticədə bizim yakutların nəsli yenə tükənməyə başladı. Müharibədən sonra  XX əsrin sonlarında əhalimizin sayı artıb yenə 300 minə çatdı. 1990-cı ildə  yeni relsə düşən “Yenidənqurma islahatları”ndan sonra, ölkəmizin ilk prezidenti Nikolay Yefimovun siyasəti nəticəsində, qəbul etdiyi yeni qanunların aliliyi səbəbindən xalqımızın da sayı artmağa başladı. RFSR-in prezidenti Boris Yeltsin deyəndə ki, nə qədər suverenlik istəyirsinizsə, götürün, sizin olsun, bizim ilk prezidentimiz Nikolay Yefimov bu fürsətdən faydalandı. Biz suverenlik qəbul etdik, qanunumuzu, konstitusiyamızı, bayrağımızı, gerbimizi təsis etdik. İki dilli respublika yaratdıq.  Qəbul olunan yeni qərar və qaydalar xalqın rifahı üçün nəzərdə tutulmuşdu. Hazırda sayımız 500 minə yaxındır. 70 mindən çox yakut isə dünyanın müxtəlif ölkələrində yaşayır. Beləcə yakut dilində məktəblərin sayını çoxaltdıq, ədəbiyyatımızı yakut dilində buraxdıq. Bu mənada Semyon Danilov və onun ardıcıllarının böyük rolu oldu. Nikolay Yefimovun bizə qazandırdığı suverenlik nəticəsində yerüstü və yeraltı sərvətlərimizin sahibinə çevrildik. Ölkəmizi dirçəltmək üçün  ALROS “Almaz fondu”, “Ana və uşaq fondu”  yaradıldı. Avstriyadan  texniki təchizat materialları gətirildi. Öz həmyerlilərimizi İtaliyaya, İzrailə almaz cilalamağı öyrənməyə göndərdik. Anadilli təhsil müəssisələrimizin sayı artdı. 2004-cü ilə qədər hər şey bizim idi. Sonra isə yenə sərvətimizi əlimizdən alıb federallaşdırdılar. İndi meşələrimiz, çaylarımız, çöllərimiz, neft və qaz yataqlarımız da federal qanunlara görə Rusiyaya tabedir. Təkcə almaz ehtiyatlarının müəyyən faizində respublikamıza fayda qalır. Büdcəmiz ancaq almaz vergisindən yararlanır.

Bizim torpaqlarımızızn altı da, üstü də sərvətlə doludur. Yerin alt qatında almaz, daş kömür, qızıl, neft, qaz, mis, uran... Bunlar sovet vaxtı  xammal kimi daşınırdı mərkəzə. Xammalımız yenə daşınır, “Qazprom”, “Transneft”, “Surqutneftqaz”, “Meçel” bütün xammalını bizdən aparır, bizə isə guya buna görə vergi ödəyirlər. Bütün bunlara baxmayaraq, biz ancaq ALROS-dan  gəlir vergisi götürürük.

İnkişafa gəldikdə, belə iqtisadiyyatla gələcəyimizə, inkişafımıza ümidim azdır. Çünki təbiəti dayanmadan belə talamaq olmaz. O dibsiz quyu  deyil axı.  Biz gərək bu təbiəti, bu  sərvəti gələcək nəsillərə də saxlayaq. Bizim təbiətimiz soyuq olsa da, çox incədir, zərifdir, çünki burada əbədi buzlaqlar vardır.  Biz onu sevirik,  oxşayırıq. Ancaq təkcə nəfəslə sevmək azdır, qayğısına da qalmalıyıq.

-Bu yurdların altı da, üstü də sərvətdir.  Həm də insanlarınız çox yaradıcıdırlar. Mənə elə gəlir ki, var-dövlətə elə də meyilli deyillər. Diqqətlə müşahidə edəndə görürsən ki, insanlarınız da təbiətinizə bənzəyir.

- Hər yerin insanında öz nəfsinə tabe olmayanı vardır. Bəli biz çox varlıyıq. Təkcə Şimal Buzlu Okeanına 9 çayımız axır. Oktyabrın 14-də ilk qar yağmağa başlayır. Dekabrın 10-da isə çaylarımız tam donur. O zaman biz yay ərzində bizim üçün bağlı olan yollardan Maqadana, Şimal Buzlu Okeanına, Vladivostoka, Xabarovska  qədər çox rahat gedib-gələ bilirk. Buzlaşmış çayların üzərində magistral yollar işləməyə başlayır. May ayının 18-dən sonra isə buzlar əridimi, çaylar daşır, sellər-sullar ətrafdakı kəndləri-bərələri yuyub aparır. Bizim çaylarımız dəli çaylardır. Bilmirsən ki, hansı vaxt özünü necə göstərəcək... Semyon Danilovun yazdığı kimi,  “Biz Şimal adamı, qar adamıyıq...”. Bizi nə sellər, nə daşqınlar, nə də soyuqlar  qorxudur.  Sel-su evlərimizi, kəndlərimizi yuyub aparır, lakin  biz yenisini tikirik. Təbiətə asi olmuruq.  Əgər bu  hadisə baş veribsə, Tanrının qədərdir... İnsanlarımız da təbiətimiz kimi yaratmağa meyillidir. Hər bir ailədə ya istedadlı ovçu, ya şair, ya dəmirçi, ya zərgər, ya rəssam, şeir yazan, ədəbiyyat varisi mütləq yetişir... Ovçuluq və balıqçılıq isə bizim kişilərin ənənəvi məşğuliyyətidir.  İndi hər bir yakutun  təbiətin qoynunda icazə verilmiş ərazilərdə ov etmək üçün arayışı vardır. Bizim əsilli-köklü adamlar çox varlananı sevməzlər. Biz məclisin başına varlını deyil, ədəblini keçiririk.  Varlı-dövlətli  şirkət sahibləri də var ki, qazandığını  xalqına da bölüşməyi bacarır. Yəni bir çox ədəbi-mədəni tədbirlərin keçirilməsində, xeyiriyyəçilik tədbirlərində iştirak edir.  Tanrı da belə adamların varına-dövlətinə xələl gətirmir. Elimizdə belə bir məsəl var: “O qədər varlandı ki, iyləndi”. Bu sözü  var- dövlət görəndən sonra adamlıqdan çıxanlar haqqında deyirik.  Unutmaq olmaz ki, Tanrının verdiyi paydan artıq yeyənləri Tanrı özü cəzalandırır. Yakutca belə adamlar haqqında deyirlər ki: “Uhette tomut”. Məsələn, kiminsə 10 uşağı var, qonşusunun isə heç bir övladı belə yoxdur. Uşağı çox olan adam  uşaq həsrətində olan bəndənin yanında övladlarını öyərsə, Tanrı belə adamı da cəzalandırar. Və yaxud da ki, biri çox məşhur yazıçıdır. Varlanıb, pullanıb, indi ətrafında kimsəni tanımaq istəmir, gözü ayağının altını görmür... Şöhrət başını gicələndirib. Belə adamlar üçün də deyirlər ki : “Uhette tomut”. Heç kim öz evi ilə, qazandığı ilə, rəvan gedən işi ilə öyünməməlidir. Yoxsa ki, bu hərəkəti ilə ruhları incik salır. İnsan unutmamalıdır ki, bu gün sahib olduğu nə varsa, bu onun əcdadının  --  nənə-babasının, ata-anasının, 7 arxadönəninin etdiyi əməllərin mükafatıdır. Onun öz əməlinə görə isə, övladları və yaxınları gələcəkdə mükafatlanacaq. Mükafat həm  xeyirli, həm də zərərli ola bilir. Bu çox çətin fəlsəfədir. Lakin kim bunu vaxtında anlayırsa, o günah işlətmədən Tanrının və ruhların istədiyi kimi yaşayır.

-Mən bu yaxınlarda bilmişəm ki, Saxa Yakutiyada qadın şair  barmaqla sayılacaq dərəcədə az olub. Təbiətdə oxuyan ancaq  dişi quşlardır, erkək quşlar isə oxumurlar, cəh-cəh vurmurlar.  Həqiqətən də qadın imzası olmayan poeziya çox cansıxıcı görünmürdü ki? Təbiətin bu qanunu yakut poeziyasında Natalya Xarlampyeva necə düzənlədi?

- Bizim ədəbiyyatımızda uzun zaman qadın şair olmayıb. Analarımız, nənələrimiz  beşik başında  layla çalıblar, oxuyublar. Yəqin ki, onların oxuduqları elə xalq yaradıcılığı kimi məişətdə qalıb, ağızdan-ağıza, yaddaşdan-yaddaşa ötürülüb,  heç yerə köçürülməyib.  Ötən əsrin 70-ci illərində Varvara Potapova özünün ilk şerləri ilə Yakutiya ədəbiyyatını təəccübləndirdi. O bütün  olmazları, aradan götürüb,  yakut poeziyasına qadın nəfəsi gətirdi. Mən ilk dəfə öz şeirlərimi ona oxumağa verəndə, sevinclə dedi ki, “Bizim gözəl bir qızımız gəldi dünyaya”- “Bihiqi buqun kııstannıbıt”. İndi illər ötəndən sonra, mən bir daha əmin oluram ki, həmin vaxtlar poeziyamızda qadın nəfəsinə ehtiyac var imiş.  Bu gün isə qadın nəfəsi ilə  Sardananın ətrini verir poeziyamız.

(Sardana səhləb çiçəyikimilər fəsiləsinə aid olan güldür -Red. )

-Poeziya aləminə  necə gəldiyiniz haqqında bir də öz dilinizdən eşidək.

-Artıq  siz Saxa ənənələri ilə tanışsınız. Bilirsiniz ki, bizim torpaq istedadlar yetişdirir. Mənim babam olonxosut olub.  Dastan danışıb, söz bağlayıb.  Görünür mənim vergim onlardandır. Mən babamı görməmişəm. Anam onun haqqında danışıb. Anamın çox rəngarəng söz boxçası var idi. El  nəğmələri, atalar sözləri, zərb məsəlləri onun danışığını müşayiət edirdi. Elə bil ki, sözü özünə tabe etdirmişdi, sahibi idi. Danışıdığı hər bir söhbətin tərbiyəvi əhəmiyyəti var idi. Onu dinləyəndə uşaq da, böyük də dediklərindən nəticə çıxarardılar. Anamın maraqlı sözlərinə, söhbətlərinə qulaq verdikcə suallarım çoxalırdı. O da mənə müəllim kimi hər şeyi başa salırdı. Ağacların, çiçəklərin dilində danışırdı.

- Saxa (Yakutiya) Respublikasının xalq şairi , Yazıçılar İttifaqının sədri , Dövlət rəhbərinin müşaviri olmaq çətin deyildi ki?

-- Yazıçıların rəhbəri olmaq çox çətindir. Çünki onları idarə etmək mümkün deyil axı. Biz çalışırıq ki, istər yaşlı, istərsə də gənc nəsillər üçün yaradıcı mühiti yaradaq. Mən ölkəmizdə ilk qadınam ki, “xalq şairi” adına layiq görülmüşəm. Bu da mənim boynuma böyük məsuliyyət qoyur. Yaradıcı kollektivdə hər kəsin dilini bilmək lazımdır. Yazıçılar, şairlər dəymə-düşər olurlar. Belə hesab edirəm ki, demokratik rəhbərəm. Əməkdaşı heç vaxt əskiltmək, alçaltmaq olmaz. Onu tənbeh edəcəksənsə, bu  təklikdə olmalıdır. Səhvini kollektivin içərisində qabartmaq olmaz. Qəbul edilən  qərarlar da kollektiv düşüncənin məhsulu olmalıdır. Bizim böyüklər və ağsaqqallar həmişə xalqın  maraqlarına xidmət ediblər, onların dediyi yolla gediblər. Xalqın önündə olublar. Bizim bir xoşbəxtliyimiz də onaddır ki, xalqımız çox oxuyan xalqdır.  Öz dilimizi bütün məktəblərdə təbliğ edirik, dərsliklər yazırıq, tariximizi öyrədirik. Klassiklərimizi unudulmağa qoymuruq.

Şairlik alın yazısıdır, missiyadır. Bir də ki, Tanrının verdiyi paydır... Sözü deyən adamın şəxsiyyəti ilə sözü ən azı özü boyda olmalıdır ki, onun sözünə inansınlar, dəyər verib, sözünün ardınca getsinlər. Mənə gətirilən şeirləri böyük sevgi ilə oxuyuram. İçərisində işıq gördüyüm gənclərə bu yolu davam etdirməyi məsləhət görürəm, yol göstərirəm. Axı mənim özümə də belə yol göstəriblər. Həmin istini, sevgini bu gün mən də bölüşməliyəm. Əgər Semyon Danilovun  sevgisi, məsləhəti olmasaydı, mən şair olmazdım. Zaman hər şeyi öz yerinə qoyur. Sadəcə, işin əvvəlindən xoş niyyət, diqqət və xoş söz lazımdır..

-Əbədi Buzlaqlar ölkəsində  isti söz sahibi olmaq...

- Bir neçə dilə tərcümə olunub şerlərim. 15-dən artıq şeir kitabının müəllifiyəm.  Ən sevdiyim fəsil payızdır. Mən payızda doğulmuşam. Bu fəsildə rahat nəfəs alıram, yaradıram. 2012-ci ildə ustadlarımdan mənə varis olaraq verilmiş bu missiyanı daha da genişləndirmək, Semyon Danilovun və digər klassiklərimizin arzularını yaşatmaq üçün “Böyük qarın alqışı” beynəlxalq şeir festivalını təsis etdim. Bu təşəbbüsüm istər ölkəmizdə, istər dost ölkələrdə çox böyük marağa səbəb oldu. İki ildən bir keçirilən festivala dünyanın hər yerindən bizi duya bilən şairləri, yazıçıları dəvət edirik. Gələn qonaqlar hər il yubiley mərasimi olan şairlərimizin bir şerini müxtəlif dillərə tərcümə edirlər. Bu şeirlər əsasən qış fəslinin, qarın tərənnümüdür. Qar ağlıqdır, təzələnməkdir. Biz öz ağ sevgimizdən dünyaya sevgi, bəyazlıq paylayırıq. Sözlü-söhbətli qonaqlarımız öz mədəniyyətimizi, ədəbiyyatımızı, muzeylərimizi göstərir, tanınmış şəxsiyyətlərimizlə tanış edirik. Biz keçmişimizi unutsaq, gələcəyimiz yox olacaq. Ona görə də böyüklərimizi, klassiklərimizi yaşadırıq. Onların keçdikləri yolu nümunə kimi bu günkü nəslimizə, gələcək nəslimizə ötürürük. Belə bir yaddaşın qorunmasında muzeylər böyük rol oynayır. Yakutiyaya qonaq gələn, sözə, tariximizə dəyər verən hər kəsə respublikamızı quran, onu yaşadan adlı-sanlı korifeylərimizin ev muzeylərini gəzdiririk.

 Nəticədə  qonaqlarımız geri qayıtdıqda Saxalardan ən gözəl  məqalələrini, şerlərini yazırlar. Beləcə, əcdadlarımızın yolunu davam etdirərək təbliğatımızı gücləndiririk ki, bu böyük dünyada unudulub, yaddan çıxmayaq. Bir də ki, isti sözü gərək ailəndə, ocağında da qoruyasan.  Mən anayam. Bir qızım var. 2 nəvəm. Qızım mənim arzumla MQİMO-ya qəbil oldu. Oranı müvəffəqiyyətlə bitirdi. Özümü ən xoşbəxt nənə sayıram. Nəvələrlə özümü uşaq kimi hiss edirəm. Öz uşaqlığımda gördüklərimi onların yaddaşına ötürürəm. Onları qumun üstündə ayaqyalın gəzdirirəm, ot üzərində uzandırıram ki, təbiətin nəfəsini hiss etsinlər. Buludlara tamaşa etməyi, dumanı izləməyi, yağışı dinləməyi, qar dənəciklərini saymağı öyrədirəm... Bizim məbədimiz təbiətimizdir. Mən onların vətəndaş kimi, vicdanlı yetişmələri üçün çalışıram.

Türk dünyasının ünlü şairi Natalya Xarlampyeva ilə müsahibəmi isə Saxa Yakutiya Respublikasının xalq artisti, görkəmli şəxsiyyət, tanınmış mədəniyyət xadimi Andrey Borisovun fikri ilə tamamlayıram:

“ O bizim  olonxosutların, toyuksutların, Kulakov poeziyasının, Alampanın, Oyunskinin, Semyen Danilovun yadigarıdır, onların ocağını qoruyan, yakut poeziyasının anasıdır”.

Qoy Allah bu ananı yakut xalqına çox görməsin. Amin!

.

 

İyunun 20-də “Cənnətim Qarabağ” adlanan bədii qiraət müsabiqəsi keçiriləcək.

 

Azərbaycan bədii fikrinin görkəmli siması, şair və xeyriyyəçi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunan tədbir Teatr Xadimləri İttifaqında reallaşacaq.

Müsabiqənin təşkilatçıları Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqıdır.

Lənkəran Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə “Lənkəran Springs Hotel”də keçirilən tədbir Lənkəranın şəhərinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Culture” (“Avropa İttifaqı mədəniyyət naminə”) layihəsi çərçivəsində elan edilən “Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi inkişaf və sosial rifah üçün mühərrik kimi mədəniyyət və yaradıcılığın təşviqi” qrant müsabiqəsində iştirakına həsr olunmuşdu.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, mərasimdə çıxış edən Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov çıxış edərək bildirdi ki, mədəniyyət  həyatımızda böyük rolu olan amillərdən biridir. Gündəlik həyat tərzimiz, kulinariya, ünsiyyət və s. Bütün bunlar mədəniyyətin bir parçasıdır. Mədəni inkişaf fərd, icma və dövlət olaraq tam şəkildə bir-biri ilə əlaqəli şəkildə inkişaf etməlidir. Mədəniyyət Nazirliyi bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir ki, hazırda bu layihələrin böyük bir hissəssi işğaldan azad olunmuş ərazilərimizə yönəldilib və mədəniyyət paytaxtımız Şuşada reallaşır.

“EU4Culture” layihəsi haqqında söz açan şöbə müdiri dedi ki, bu layihə Avropa İttifaqının Şərqində yerləşən 5 ölkədə reallaşır: “Layihənin 2021-ci ildən başlayan fazasında əsas diqqət mərkəzə deyil, regionlara yönəldilib. Ölkəmizdən dən layihəyə 8 şəhər müraciət etmişdi. Birinci mərhələdə 5 şəhər, ikinci mərhələdə də isə 3 şəhər – Şəki, Xırdalan və Lənkəran – qrantı əldə etmək uğrunda yaraşır. Lənkəran çox gözəl və potensialı ilə seçilən şəhərlərimizdəndir. Bu şəhər qalib gələrsə, çalışacağıq ki, onun mədəni potensialını bu strategiya vasitəsilə üzə çıxara bilərək. Strategiyanın işləmə müddəti 4 il üçün nəzərdə tutulub. Layihə əsas olaraq cəmiyyətin aktiv dəstəyini tələb edir. Çünki yekun məqsəd yenə də insanların rifahına xidmət edir”.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə təqdimatın şəhər üçün əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, layihə regionda mədəniyyətimizin təbliği və təşviqində vacib rol oynayacaq. Həmçinin diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Lənkəran şəhərində bir sıra tədbirlər həyata keçirilib. Yol infrastrukturunun qurulması, müasir tələblərə cavab verən müəssisələrin inşası və sahibkarlığın inkişafına yönəldilmiş işləri misal çəkə bilərik. Mədəniyyət Nazirliyinin təşəbbüskarı olduğu “EU4Culture” layihəsinin Lənkəranda icrasını yüksək qiymətləndirdiklərini deyən M.Cəfərzadə təşkilatçılara təşəkkürünü bildirdi. 

Təqdimatda çıxış edən Avropa İttifaqının “EU4Culture” layihəsinin yerli əlaqələndiricisi Firuzə Bağır diqqətə çatdırdı ki, 2021-ci ilin may ayında elan edilən proqram Şərq Tərəfdaşlığı ölkələrində qeyri-paytaxt və regionlara xüsusi diqqət yetirməklə mədəniyyət və yaradıcı sektoru dəstəkləmək üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən dördillik layihədir. Layihənin ölkəmiz üzrə həyata keçirilməsində tərəfdaş Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir: “Layihə çərçivəsində alınan qrant hesabına şəhərlər üçün mədəniyyət strategiyasının hazırlanacaq. Gələcəkdə növbəti mərhələdən uğurla keçəcək şəhərlər üçün strategiyanın həyata keçirilməsi məqsədilə 300 min avro qrant ayrılması nəzərdə tutulub. Təqdim olunan müraciətlər qiymətləndirildikdən sonra ölkə üzrə Şəki, Xırdalan və Lənkəran şəhərləri öz mədəni inkişaf strategiyalarını hazırlamaq üçün 30 min avro qrant qazanıblar. Lənkəran şəhərindən layihəyə Lənkəran Regional Mədəniyyət İdarəsi müraciət edib”.

Sonra “EU4Culture” layihəsi çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanmış Lənkərana həsr olunmuş videoçarx nümayiş etdirildi.

Daha sonra Lənkəran RMİ-nin rəisi Şahin Şahbazov şəhərin mədəniyyət strategiyasını təqdim etdi. Bildirdi ki, Lənkəran öz yerli sakinləri və onu ziyarət edən qonaqlar üçün mədəni, sosial və iqtisadi cəhətdən inkişaf edən tolerant, aktiv və canlı şəhərdir. Layihədə “Niyə Lənkəranın qalib gəlməsi vacibdir” fikrini isə idarənin rəisi regionun zəngin və multikultural mədəniyyəti, yüksələn iqtisadi və inkişaf edən nəqliyyat və turizm infrastrukturu, unikal qastronomiya (Lənkəran qastronomiya tematikası üzrə 2021-ci ildən UNESCO-nun Yaradıcı şəhərlər şəbəkəsinin üzvüdür), multietnik yaradıcı mühit və zəngin yaradıcılıq praktikası ilə əlaqələndirdi.

Şahin Şahbazov tematik istiqamətlər üzrə, strategiya çərçivəsində reallaşacaq qastronomiya, folklor, musiqi, sənətkarlıq və s. istiqamətlərdə şəhərin potensialı haqqında geniş məlumat verdi. Diqqətə çatdırdı ki, strategiyanın fəaliyyətləri bölməsində il ərzində həftə sonlarında 2-3 günlük festivalların təşkilini, 2024-cü ilin sonuna qədər 24 festivalın keçirilməsini qarşıya məqsəd qoyur. Strategiyanın reallaşması üçün əsas layihə komandasına dəstək mədəniyyət liderlərindən ibarət yerli dəstək qrupu tərəfindən təmin olunacaq və onlar gələcəkdə “Kreativ Lənkəran platforması”nı da idarə edəcəklər. Layihənin icraçısı Lənkəran Regional Mədəniyyət İdarəsi, əsas tərəfdaş Lənkəran Rayon İcra Hakimiyyətidir. Digər tərəfdaşlar sırasında Dövlət Turizm Agentliyinin Lənkəran Destinasiya Menecmenti Təşkilatı, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA), Lənkəran KOB İnkişaf Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzi Lənkəran nümayəndəliyi, Azərbaycan Milli Kulinariya Assosiasiyası, Lənkəran Dövlət Universiteti, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Kreativ Azərbaycan Platforması, Azərbaycan Film Komissiyası və “Azərxalça” ASC-dir.

Milli Kulinariya Assosiasiyasının rəhbəri, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov strategiya ilə bağlı fikirlərini bölüşdü. Qrantda Lənkəranın qalib gəlməsi üçün regionun özəl xüsusiyyətlərini vurğulayaraq belə bir təşəbbüsün reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını ifadə etdi.

Təqdimatdan sonra fikir mübadiləsi aparıldı və gələcək planlarla bağlı təkliflər müzakirə edildi. Tədbir iştirakçıları həmçinin yerli sənətkarların əl işlərindən ibarət sərgi ilə də tanış oldular.

 

Azərbaycanda elektron musiqinin bayraqdarı hesab olunan “Solong” layihəsi ənənə və idelogiyasına sadiq qalaraq bu dəfə Qobustanda yeni tədbirə hazırlaşır.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, iyunun 18-də Qobustan Dövlət Bədii-Tarixi Qoruğunda etnik və proqressiv musiqi tezliyində xarici və yerli DJ-lər çıxış edəcək. 

Qeyd etmək lazımdır ki, zövqləri oxşayacaq bu möhtəşəm gecəyə hazırlıq işləri heç də asan olmayıb. Qayaların vizuallaşdırılması, işıqlandırılması üçün “Solong” layihəsinin əməkdaşları 1 həftəyə yaxın çalışıblar. Bu isə o deməkdir ki, elektron musiqi həvəskarları həmin gecə qeyri-adi işıq şousunun şahidi olacaqlar. Həmçinin şouda tarix və müasirliyin sintezi bir arada təqdim olunacaq. 

Tədbirin xüsusi xarici qonaqları dünyaca məşhur İsraildən Sahar Zangilevitch və Türkiyədən Murat Uncuoğludur. Yerli DJ-lərin siyahısında isə Elcheen, U-Who və Maya Aziz yer alıb. 

“Back to origin” adı ilə təqdim olunan bu layihə “Solong”un “Coca-Cola” ilə birgə əməşdaşlığı çərçivəsində baş tutacaq.

Yaxın günlərdə həyata keçəcək tədbirin xüsusi konseptdə hazırlanmasının məqsədi ölkənin mədəni irsini beynəlxalq arenada yüksək səviyyədə təbliğ etməkdir.

 

“Mədəniyyət/Culture” jurnalının daha bir nömrəsi oxucuların görüşünə gəlib. Hər zamankı kimi, jurnal maraqlı yazıları ilə diqqəti cəlb edir.

 

Jurnalın ilk səhifələri Milli Məclisin deputatı Qənirə Paşayevanın müsahibəsi ilə başlayır. Müsahibədə Qənirə xanım türk dünyası arealında görülən işlər, Azərbaycanın əhəmiyyətli mövqeyi və mənəvi dəyərlər barədə dolğun cavablarla oxucunu maraqda saxlayır. 

Türk dünyası adına daha bir neçə material da jurnalın bu nömrəsinin vacib bölümünü təşkil edir. Novruz mövzularına və tədbirlərinə toxunulur ki, bariz nümunəsi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun builki tədbirini əhatələyir, daha sonra oxuculara “Kitabi-Dədə Qorqud” eposunun özbək dilinə tərcüməsi faktını çatdırır. 

Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq, korifeylərin yubileyləri haqqında mütəmadi yazılarla çıxış edən jurnal bu dəfə də Xan qızı “Xurşidbanu Natəvan – 190”, dahi bəstəkar “Fikrət Əmirov – 100” yubileylərini, dahi şərqşünas, Nizami yaradıcılığının ən böyük tədqiqatçılarından, professor Rüstəm Əliyevi xatırlayır, Azərbaycan kinematoqrafiyası və ədəbiyyatının görkəmli simalarından biri, bu yaxınlarda dünyasını dəyişən Rüstəm İbrahimbəyovu anır. 

Bu ərəfədə bölgələrdə keçirilən ən duyğusal tədbirlərdən biri də artıq bir ildir ki, həyatdan gedən gözəl şair Fikrət Qocanın anım mərasimi oldu və respublikamızın tanınmış simaları toplaşıb onu öz vətənində - Ağdaşda andılar. Bu barədə geniş reportaj jurnalın bu nömrəsində oxuculara təqdim olunur.

“Elm” rubrikasında oxucuların ixtiyarına verilən məqalələr də həmişəki kimi gənc və müqtədir araşdırmaçılarımızın üstün təfəkkürünün məhsulu olaraq Azərbaycan elminə xidmətdədir.

 

Dövlət Turizm Agentliyinin təşkilati dəstəyi ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası (AKMA) Dünya Kulinariya Təşkilatları Assosiasiyasına (Worldchefs -World Association of Chefs Societies) assosiativ üzv qəbul edilib. 

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən məlumat verir. Dünya Kulinariya Təşkilatları Assosiasiyası qlobal mətbəxlərin kulinariya standartlarının saxlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən peşəkar qeyri-hökumət təşkilatıdır. Yüzdən çox baş aşpaz cəmiyyətlərini özündə birləşdirən qurum qastronomiya üzrə ekspertlərin təhsili, təlimi və hüquqi statuslarının gücləndirilməsi üçün müvafiq işlər görür. 

Onu da vurğulayaq ki, Dövlət Turizm Agentliyinin yeni qastronomiya strategiyasında “Worldchefs”lə intensiv əməkdaşlıq xüsusi yer tutur. 

Cari ilin iyun ayının əvvəlində Dövlət Turizm Agentliyinin dəstəyi ilə ilk dəfə olaraq azərbaycanlı kulinarlar komanda şəklində “Worldchefs” tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təşkil olunan Dünya Baş Aşpazlarının Konqresində iştirak ediblər. Kulinariya sahəsində dünyanın ən böyük tədbiri olan bu konqresdə 110 ölkədən 5 mindən çox nümayəndə iştirak edib. Tədbir çərçivəsində Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynovanın “Worldchefs” təşkilatının prezidenti Tomas Quqler ilə görüşü baş tutub. 

Bundan əlavə, azərbaycanlı aşpazlar bu il ilk dəfə olaraq “Worldchefs”in təşkil etdiyi və baş aşpazlarımızın beynəlxalq səviyyəli yarışmalarda hakim kimi iştirakına imkan yaradacaq beynəlxalq hakimlik kurslarında komanda olaraq iştirak ediblər. 

Qeyd edək ki, “Worldchefs” təşkilatı ilə əməkdaşlıq üçün Dövlət Turizm Agentliyi tərəfindən, həmçinin Dubay Beynəlxalq Kulinariya İncəsənət Mərkəzi (ICCA) ilə müzakirələrə başlanılıb. Müzakirələr əsnasında sözügedən əməkdaşlığın təlim və sertifikasiya, texniki peşə təhsili, qastronomik turizm marşrutlarının tərtibatı, eləcə də Azərbaycan qastronomiya sənayesi nümayəndələrinin dünyamiqyaslı yarışlarda və tədbirlərdə yüksək səviyyədə təmsilçiliyi ilə bağlı ilkin razılıq əldə olunub.

 

UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” Təlim proqramının üçüncü günü keçirilmişdir və ölkəmizin irsin idarəedilməsi sahəsində aidiyyəti qurumların nümayəndələri təlim kursunda iştirak etmişdir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, təlim kursunun üçüncü gününün təlimçisi EU4CULTURE layihəsinin yerli məsləhətiçisi, Mədəni irs üzrə ekspert Günay Rzazadə tərəfindən Konvensiyanın konkret müddəaları üzərindən real nümunələr ilə üzv ölkələr üçün imperativ olan hüquqi inzibati çərçivələr, yerli, milli və beynəlxalq səviyyələrdə izah edilmişdir. O, həmçinin, interaktiv metodlarla mədəni irsin müxtəlifliyinin təbliğinin vacibliyi, yerli icmaların irsin qorunması və inkişafında iştirakçılığı, beynəlxalq əməkdaşlıq və yardım imkanları barədə sessiyasında məlumat vermişdir, eləcə də irs idarəetməsinin ölkə kontekstində SWOT analizi aparılaraq, konkret suallar ətrafında sual-cavab sessiyası keçirilmişdir.

Təlim proqramı Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə 4 əsas mövzuya: “Milli/yerli kimliyi əks etdirən və cəmiyyətin iqtisadi inkişafına töhfə verən yerlər kimi mədəni irsdə ən yaxşı təcrübələr”, “Mədəni irs siyasəti və institutları. Konvensiyadan mövzular və qeydlər”, “Maddi və Qeyri-maddi İrs və Dayanıqlı İnkişaf”, “Mədəni irsin cəmiyyətin sosial-mədəni inkişafında rolu (ən yaxşı təcrübələr, çağırışlar və imkanlar)” həsr olunur və iştirakçıların bu sahədə səriştə və bacarıqların artırılması, həmçinin ölkəmizin beynəlxalq mədəniyyət və yaradıcılıq fəaliyyətlərinin səmərəli təşkilinə töhfə verəcəkdir. Təlim proqramı sabah 17 iyun tarixində davam edərək sona çatacaqdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.