Azərbaycanda elektron musiqinin bayraqdarı hesab olunan “Solong” layihəsi ənənə və idelogiyasına sadiq qalaraq bu dəfə Qobustanda yeni tədbirə hazırlaşır.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, iyunun 18-də Qobustan Dövlət Bədii-Tarixi Qoruğunda etnik və proqressiv musiqi tezliyində xarici və yerli DJ-lər çıxış edəcək.
Qeyd etmək lazımdır ki, zövqləri oxşayacaq bu möhtəşəm gecəyə hazırlıq işləri heç də asan olmayıb. Qayaların vizuallaşdırılması, işıqlandırılması üçün “Solong” layihəsinin əməkdaşları 1 həftəyə yaxın çalışıblar. Bu isə o deməkdir ki, elektron musiqi həvəskarları həmin gecə qeyri-adi işıq şousunun şahidi olacaqlar. Həmçinin şouda tarix və müasirliyin sintezi bir arada təqdim olunacaq.
Tədbirin xüsusi xarici qonaqları dünyaca məşhur İsraildən Sahar Zangilevitch və Türkiyədən Murat Uncuoğludur. Yerli DJ-lərin siyahısında isə Elcheen, U-Who və Maya Aziz yer alıb.
“Back to origin” adı ilə təqdim olunan bu layihə “Solong”un “Coca-Cola” ilə birgə əməşdaşlığı çərçivəsində baş tutacaq.
Yaxın günlərdə həyata keçəcək tədbirin xüsusi konseptdə hazırlanmasının məqsədi ölkənin mədəni irsini beynəlxalq arenada yüksək səviyyədə təbliğ etməkdir.