Super User

Super User

 

Elman Eldaroğlu yazır

 

İsrail ordusunda tətbiq olunan, idmanın "Krav Maqa" döyüş növündə bir sıra uğurlara nail olan bu xanım, yaşıl kəmər uğrunda məşqlərini davam etdirib. Təkcə özü deyil, demək olar ki, ailəsində hamı boş vaxtlarında idmanın bu növü ilə məşğul olur. 

 

Ömür-gün yoldaşı Rza Fazel əslən İran İslam Respublikasındandır. İki övladı var. Oğlu Ziya Süleyman 10, qızı Karli Naima 13 yaşındadırlar…

Haqqında söhbət açdığım Nərminə Paşa Bakıda dünyaya gəlib. 1995-ci ildə 160 nömrəli məktəbi bitirib. 1997-ci ildən Amerikada yaşayır. Bir il əczaçı  işləyib. 1998-2002-ci illərdə Los Ancelesdəki Kaliforniya Universitetində ali təhsil alaraq, nevrologiya sahəsində bakalavr dərəcəsinə yiyələnib. Üç il özəl məktəbdə kimya, fizika, riyaziyyat və biologiya fənnlərini tədris edib. 2005-2007-ci illərdə yenidən məzunu olduğu universitetə dönərək, bu dəfə ictimai səhiyyənin təşkili üzrə mağistr dərəcəsinə yüksəlib. 2007-2018- ci illərdə "Kayzer Permanente" şirkətində müxtəlif vəzifələrdə çalışıb. O, burada cərrahiyə xidmətinə rəhbərlik edib, sonradan kapitalın planlaşdırılması şöbəsinin böyük meneceri olub. 2018-ci ildən xərçəng xəstəliyinin erkən aşkarlanması üçün biopsiya mayesi ərsəyə gətirən "Quantgene" şirkətində klinik marketinq və əməliyyatlar üzrə vitse prezident işləyir. Bu şirkət ABŞ-da, eləcə də Avropada böyük səhiyyə təşkilatları ilə əməkdaşlıq edir.

…Azərbaycan mətbəxinin təamlarını sevə-sevə hazırlayan Nərminə xanım, bu bacarığı anasından öyrəndiyini söyləyir. Səyahət etməyi, mütaliəni çox xoşlayır. Dünya, o cümlədən Azərbaycan musiqisini dinləməkdən zövq alır…

Atası elmlər namizədi, dosent Səmid Paşayev uzun illər Azərbaycan Dövlət Neft-Kimya Akademiyasında avtomatlaşdırma kafedrasında müəllim işləyib. Anası Neda Paşayeva da həyat yoldaşı ilə eyni tədris ocağında, informatika kafedrasında çalışıb…

Adətən idmançı xanımlar ötkəm olurlar, amma mən onunla söhbət edərkən o qədər incə məqamların şahidi oldum ki, onlar əsl Azərbaycan xanımına xas olan dəyərlər idi... 

Deyir ki,- "Bəlkə də haqqımda yazılmasına razı olmazdım. Axı mən elə də fövqalədə işlər görməmişəm. Atam bir daha xatırlansın və ruhu şad olsun deyə, həvəslə razılıq verdim. Atamı çox sevirdim. O, mənə insanpərvərliyi, həyatda əzmkar olmağı, xeyirxahlığı öyrətdi. Mən fəxr edirəm ki, Səmid Paşayev kimi atam olub"…

Gənc yaşlarından Azərbaycanı tərk etsə də, doğma vətəni hələ də xatırlayır. Ömrünün ən qayğısız illərinin orayla bağlı olduğunu dilə gətirir. Arzulayır ki, xalqımız firəvan yaşasın, gənclərimiz mükəmməl təhsil alsınlar, idmanla məşğul olsunlar. Sağlamlığın həyatın gözəl keçməsində əhəmiyyətli rolu olduğunu vurğulayır…

Bu şən, təvazökar, qayğıkeş, idmançı iradəsi ilə vəzifə pillələrində irəliləyən azərbaycanlı xanıma gələcək həyatında uğurlar arzulayırıq…

 

Boris Nemtsovun “Azadlıq uğrunda” Fondu məlumat yayıb ki, Nemtsov Fondu mükafatı müharibə şəraitində olan Ukrayna nümayəndələrinə təqdim etmək qərarına gəlib. Bu xəbər bir çox xəbər daşıyanların manşetində yer alıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, namizədlər arasında Kiyev meri Vitali Kliçko, “Okean Elzy” qrupunun rəhbəri Svyatoslav Vakarçuk, döyüş həkimləri-könüllülər birliyinin təsisçisi Yuliya Paevskaya, prezidentin müşaviri Aleksey Aretoviç və başqaları olub.

Fondun təsisçiləri və İdarə Heyətinin səsverməsinin nəticələrinə əsasən, Ukrayna prezidenti qalib olub.

Qeyd edək ki, Boris Nemtsovun mükafatı ölümündən sonra 2015-ci ildə Praqada təsis edilib. 

Bundan başqa, xatırlayırsınızsa, Amerikanın “Time” nəşrinin oxucularının fikrincə, may ayında Zelenski ilin ən nüfuzlu adamı olmuşdu.

Bazar ertəsi, 13 İyun 2022 13:00

Rəsm qalereyası: Van Qoq, “Ulduzlu gecə”

 

Rəsm qalereyası: 

Van Qoq, “Ulduzlu gecə”

Əkbər Qoşalı

 

Türk xalqları ədəbiyyatı adətən “İslamöncəsi (Qədim dövr)” və “İslamsonrası” şəklində iki böyük dövrə (qrupa) bölünərək, şərh olunur. Biz bu yazıda yeni bölgü təklif edirik. Bizcə, türk xalqları ədəbiyyatını ən ümumi şəkildə üç böyük dövrə (qrupa) bölmək məqsədəuyğundur:

I dövr - ən qədimdən Yunus Əmrəyədək (dövrünədək),

II dövr - Yunus Əmrədən (dövründən) I Dünya Savaşınadək,

III dövr - I Dünya Savaşından günümüzədək.

Bəri başdan vurğulayaq ki, türklər İslamdan öncə də dinlər qəbul edib, bu dəyişimlər ədəbiyyata, mədəniyyətə dərindən nüfuz edib. Din dəyişimini bir dövr kimi götürməkdənsə, bütün dinlər dövründə öz estetikası ilə işıq sütunu kimi ucalan türk ədəbiyyatının, türk ruhunun, türk dilinin özünü, onun digər kateqoriyalara təsirləri ilə birgə, müəyyənləşdirdiyi dövrləri qəbul etmək daha düzgündür. Bəlkə mübaliğəli kimi görünə bilər ancaq idrakı çətin deyil ki, əgər İslamdan sonra başqa bir səmavi din gəlmiş (yayılmış) olsaydı, əcdadımız zəruriyyət yarandığı təqdirdə onu da qəbul etmiş ola bilərdi. Yəni biz dövləti müqəddəs bilmişik və dövləti, dövlətçiliyi qorumaq yaxud dövləti böyütmək, xalqın mədəniyyətini yeni dünyabaxışı ilə zənginləşdirməkçün din dəyişikliyinə gedə bilmişik. İslamı son səmavi din olaraq qəbul etdiyimiz üçün din dəyişmə mövzusu da qapanmış sayıla bilər. Əlbəttə, biz bilirik ki, İslamı qəbul etməmiş yaxud öz ilkin dini inanc sistemində qalmış türklər də (türk xalqları da) var; İslam bütün türk xalqlarının böyük çoxluğunun qəbul etdiyi, geniş yayılmış din olduğu üçün əsasən onun üzərinə vurğu edilir.

Başqa bir məqama diqqət edək: İnsanın yaradılışdan sonrakı törəyişi (çoxalması) dini ədəbiyyatlarda necə təqdim olunur? – qardaşın bacı ilə evlənməsi, insanın cinlə evlənməsi və s. yolu ilə, bizim yaradıcı əcdadımızsa törəyişi (çoxalmanı) kişinin ağacın köksündən çıxan gözəllə evlənməsi şəklində “modelləşdirib”! – Bu daha əxlaqlı baxış deyilmi? – Bax, bu dini təsəvvürlərdən fərqli (üstün), türk ədəbiyyatının, türk ruhunun və əxlaqının özünü, onun digər kateqoriyalara təsirlərini, estetikasını göstərməkdədir.

 

I dövr:

Bura qədim dövr ədəbi örnəklərindən tutmuş, Yunus Əmrə yaradıcılığınadək olan dövrə aid seçmə ədəbi abidələr, mətnlər daxildir.

İdeya-məzmun, poetik biçimcə özəllik daşıyan qədim türk eposu, qədim türk şeiri, o cümlədən türk maniçi və buddist şeiri, qədim türk nəsri, o cümlədən türk maniçi və buddist nəsri, ardınca “Orxon-Yenisey”dəki, Mahmud Kaşqarlının “Divanü Lüğat-it-Türk”ündəki bədii mətnlər, “Dədəm Qorqudun Kitabı”, “Manas”, Yusif Balasaqunlunun “Qutadqu Bilik”i, Əhməd Yüqnəkinin “Atəbətül-Həqaiq”i, Xoca Əhməd Yəsəvinin “Divani-Hikmət”i, Nizami Gəncəvinin, Mövlanə Cəlaləddin Ruminin, eləcə də Yunus Əmrənin əsərləri I dövrə aiddir. (Yeri gəlmişkən, “Atəbətül-Həqaiq” ATATÜRK Mərkəzi tərəfindən 2018-ci ildə nəşr edilib. Xoca Əhməd Yəsəvinin “Divani-Hikmət”i isə Milli Məclisin Mədəniyyət Komitəsi və Mədəniyyət Nazirliyi tərəfindən nəşrə hazırlanır. “Divani-hikmət”i Azərbaycan dilinə tam şəkildə, geniş izahlarla birgə ilk dəfə, şair, ruhaniyyatçı Tural İrfan və bu sətirlərin müəllifi (Türkiyə və Qazax türkcəsində nəşrləri, əsərin orjinalını tutuşduraraq) uyğunlaşdırıb).

I dövrü qapayan Yunus Əmrənin yaradıcılığı həm xəlqiliyinə, epos (ozan-aşıq) təfəkkürünü geniş şəkildə yansıtmasına (milliliyinə) həm də öz dövrünün və özündən öncəki dövrün, necə deyərlər... üslubunu – aparıcı Şərq ədəbi motivlərini, hətta ərəb-fars mədəniyyətinə dayalı şeir gələnəyini sənətkarlıqla yansıtmasına görə seçilib. Ən başlıcası, Yunus Əmrə məhz doğma dildə yazmasına görə universal (özünəqədərkiləri “ümumiləşdirən”, özündən sonrakılara yön verən, təsir edən, tarixin hər iki üzündən möhtəşəm qala bürcü kimi görünən) bir ədəbi hadisə olaraq çıxış edir.

Qəbri həm Anadoluda həm də Azərbaycanda olduğu sanılan Yunus Əmrə şəxsiyyətinə və yaradıcılığına müraciət edənlər variantlılıqla üzləşə bilir: onda mistika da, ağıl da, ruhun fizikası da, metafizika da var... Belə bir variantlılıq, XX yüzilin başlarında Mustafa Kamal Paşa Atatürkə də şamil edilirdi (qərbçi, türkçü, sosialist, demokrat və b.). Atatürk özü “Mevzu-bahis Vatansa gerisi teferruattır” düsturu ilə bu məsələni ən yaxşı müəyyənliyə qovuşdurmuş oldu. Əgər Atatürkün addımları ictimai-siyasi, hərbi müstəvidə və Osmanlıdan Türkiyə Cümhuriyyətinə keçiddə variantlılıqlar şəklində təzahür edirdisə, sözün paşası Yunus Əmrə Səlcuqludan Osmanlıya keçid dönəminin (ərəfəsinin) ədəbi, ruhani şəxsiyyətiydi. O dövrdə də, mövzu Vətəndi, gerisi təfərrüatdı...

Yunus Əmrə (1240–1321, Kiçik Asiya) Türk-İslam mütəfəkkiriydi, təsəvvüf (və xalq) şairiydi, sufiydi. Anadoluda türkcə şeirin banilərindən olan Yunus Əmrənin ustadı Tapduq Əmrə (1210-1215) Türküstan mürşidlərindən, o mürşidlər Əhməd Yəsəvidən dərs almışdı. Nə qəribədir: İslamı Orta Asiyada ərəblər yaymışdı, Orta Asiyadan Anadoluya Türküstan alpərənlərinin gəlişini zəruri edən dönəmdə isə ərəblər tənəzzül içindəydi, İslamın bayrağını o vaxt və ondan sonra ucaltmaq türklərin sayəsində mümkün olmuşdur. O zamanlar ruhanilərimiz şair, şairlərimiz ruhaniydi... II dövr içində padşah, sultan və sərkərdələrimizin şairliyi (yaxud şairlərimizin padşahlığı, sultanlığı, sərkərdəliyi) sayğı ilə xatırladığımız hadisələr sırasındadır: Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Qanuni Sultan Süleyman və b.

Bəs türklər Orta Asiyadan, Türküstandan Anadoluya, Yaxın Şərqə gəlmişdi yoxsa bu, onların geri dönüşüydümü? – Geri dönüşüydü. Amma bu dəfə yeni keyfiyyət, yeni qazanımlarla və əbədi dönüşüydü!.. Bu yerdə, türk xalqlarının etnogenezi ilə bağlı Altay nəzəriyyəsinə qarşı Urmu nəzəriyyəsini irəli sürən görkəmli türkoloq alim Firudin Ağasıoğlunun son 30 ildə apardığı araşdırmalarını, “Doqquz bitik”ini xatırlatmaq istərdim. O əsərlər İslamöncəsindəki türk kimliyini müxtəlif aspektlərdən dəyərləndirən və dəyərləndirmələrə kömək edən sanballı əsərlərdir.

Yaxın Şərqdən Türküstana getdiyi rəvayət edilən Arslan Babanın (Arslan Bab) Əhməd Yəsəviyə (Xoja Ahmad Yassaviy; 1093, Sayram – 1166, Yəsi) verdiyi bir xurmadan, Tanrının sonuncu elçisinin əmanətindən rişələnən fikir toxumları Türküstan torpağında mayalandı, Anadolu torpağında böyüdü, ta Balkanlarda belə bar verdi... Örnəyi, Sarı Saltuk Baba adı, qəbri Balkanlarda Türküstan alpərənliyinin möhürüdür...

Anadolu Səlcuqlu İmperiyası dönəmində (1077-1308) Anadolu coğrafiyasında ərəb/fars İslami ədəbiyyatlarının təsiri altında gəlişən bir ədəbi mədəniyyət formalaşmışdı. Bu çərçivədə Konya mərkəzli Anadolu Səlcuqlu sultanlarının özəlliklə farsca ədəbi əsərlərin yaradılmasını təşviq etdiyi bilinməkdədir. Bax, Yunus Əmrə belə bir fonda türkcə yazıb-yaradıb...

Beləliklə, Yunus Əmrə böyük bir mədəniyyət epoxasının ifadəçisi, daşıyıcısı və yeni fazanın yaradıcısıydı!

Onun dövründə Anadolu torpağı yeni bir dövlətçilik mədəniyyətinə hamiləydi: Səlcuqlu İmperiyası öz yerini Osmanlıya verməyə “hazırlaşırdı”... Dövlət, quruluş dar gələndə türk xalq(lar)ı onun küllərindən yeni dövlət inşa etmə təcrübəsinə malikdir. Bu, din mənsubiyyətinə də aiddir. Heç təsadüfi deyil ki, türk xalqlarının böyük əksəriyyəti bütün səmavi dinləri– hər birini öz zamanında qəbul edərək inkişaf edib.

Yəsəvidən öncə orta yüzillər Türk dünyasının ən böyük mütəfəkkirlərindən Yusif Balasaqunlu (Yusif Has Hacib; 1019–1077, Qaşqar, Qaraxanlılar dövləti) var, XII yüzil Qaraxanlılar şairi Əhməd Yüqnəki (Əhməd ibn Mahmud Yüknəki; Səmərqənd (yaxud Fərqanə) doğumlu) var; Yəsəvidən Əmrəyədəksə orta yüzilliklər Şərqinin ən böyük şairlərindən biri, farsdilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik üslub gətirmiş qüdrətli sənətkar Nizami Gəncəvi var, təsəvvüf dünyasında tanınmış şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin tanınmış nümayəndəsi Rumi (Mövlana Cəlaləddin Bəlxi; 30.09.1207–17.12.1273, Konya, Rum Səlcuqlu dövləti) var.

Göründüyü kimi, I dövrə aid edilən abidələr, adlar, əsərlər türk mədəniyyət axımlarının xəritəsini, din landşaftını, düşüncə süxurlarını, fikrə təsir edən ictimai-siyasi, ideoloji relyefləri göstərir. Və bütün mürəkkəbliyi (təbiəti) ilə bir bütöv dövr kimi götürülməsini əsaslı qılır.

Əgər yeni baxışlar, cərəyanlar, təriqətlər və s. yaranıbsa, deməli, o vaxtadək olanlar o sənətkarlara dar gəlib, onlar yeni fikir dünyaları yaratmağa ehtiyac duyub. Bu tarixi şəxiyyətlərin yaradıcılığında şamanizmdən, Tanrıçılıqdan, digər qədim Türk inanc sistemlərindən sonuncu səmavi dinə keçidin izləri var. Bu yerdə, Osmanlının Balkanlardan çəkilişini poetik dillə ifadə etmiş olsa da, Yahya Kamal Bəyatlının məşhur misraları yada düşür “Hala o kızıl hatıra titrer gözümüzde”...

I dövrə aid olan əsərlər, əsasən orta türk ədəbi abidəsi kimi çıxış edən yaxud o enerjini daşıyan əsərlərdir.

Beləliklə, Yunus Əmrənin şəxsiyyəti və yaradıcılığı, onun özündən öncəkiləri ümumiləşdirən, sonrakılara yol göstərən sənətkarlığını, fars-ərəb dilinin, poetikasının hakim mövqe qazandığı bir coğrafiyada/dövrdə məhz doğma türkcədə (doğma ruhda!) ozan şeirləri yazmasını, habelə onun yaşayıb-yaratdığı dövrü, Anadolu Səlcuqlusundan Osmanlıya keçid ərəfəsini dövrlərin keçidi kimi sərh etməyə əsas verir.

 

II dövr:

I dövrün son böyük şairi Yunus Əmrədən sonrakı dövrdə Türk xalqları ədəbiyyatını I Dünya Savaşınadək yaşayıb-yaratmış şairlərimizin, yazıçılarımızın əsərləri və xalq yaradıcılığından seçmə örnəklər təşkil edir.

Dövrün I Dünya Savaşı ilə qapadılması, türk xalqlarının yaşadığı doğma coğrafiyada (ümumən dünyada), həyat və fəaliyyətin, demək olar, bütün sahələri boyu yeni şəkillənmənin başlanması ilə əlaqəlidir. – I Dünya Savaşı və sonrasında Osmanlı çöküş ərəfəsində idi, Azərbaycanda (yaxın Şərqdə) ilk cümhuriyyət qurulurdu (az sonra türk xalqlarının çoxunu da zor-xoş içinə alan yeni imperiya (SSRİ) yaranacaqdı)... Hərbi-siyasi devrimlər baş verir, əlifba, yeni geyim, yeni çalışma sahələri – bir sözlə, yeni mədəniyyət axım(lar)ı təcalla edirdi. Üstəlik, yeni sınırlar cızılır, vətəndaşlıqlar, ölkə mənsubiyyətləri dəyişilir, yeni xəritələr tərtib edilirdi... – Demək olar, bütün türk xalqlarının həyatında yeni dönəm başlayırdı...

Heç şübhəsiz, belə şəkillənmələr yaradıcılığın digər sahələri kimi ədəbiyyata da böyük ölçüdə təsir edib. Bu təsir özünü həm ideya-məzmunda, həm formada (üslubda, intonasiya və ritmdə), həm də, ədəbiyyatı təmsil edən yeni nəsillərin meydana gəlməsi, yeni çağırışların təzahür etməsi ilə göstərib. Təsadüfi deyil ki, sovet ədəbiyyatşünaslığında “Böyük Oktyabr Sosialist İnqilabı”ndan sonra yaranan ədəbiyyat yeni, ona qədər olanlar isə ya klassika ya da sadəcə, köhnə ədəbiyyat sayılırdı.

II dövr, sənayeləşmənin yaranması, bir sıra böyük elmi kəşflər, fəthlərlə (təəsüf ki, sonrakı – III dövrdə fəthlərin yerini istilalar, işğallar almış oldu...) və bunların ədəbi-bədii yaradıcılığa təsirləri, yaradıcılığın geniş yayılmasına texnoloji imkan bəxş etməsi kimi hadisələrlə də zəngindir.

II dövrə aid edilən əsərlərin bir qisminin artıq “ayrılma sürəci”ndən keçmiş əsərlər olması başa düşüləndir. Bu dövrə aid olan bir sıra qüdrətli söz ustadlarının adını çəkək: Nəsimi, Nəvai, Babur, Füzuli, Xətai, Qurbani, Baki (Mahmud Abdülbaki), Dadaloğlu, Məhtumqulu, Vaqif, Aşıq Ələsgər, Abay, Mirzə Fətəli Axundov, Nədim, Toktoqul Satıganov, Tofiq Fikrət, Abdulla Tukay, Şeyxzadə Babiç və b...  

 

III dövr:

Bu dövr artıq bəlli olduğu kimi yeni (və ən yeni) çağımızı əhatə edir.

Öncəki dövrdə də vurğuladığımız kimi, I Dünya Savaşından sonra türk xalqları coğrafiyasında ciddi, inqilabi hadisələrin olması, güclü ideoloji-siyasi axımların hakim mövqe qazanması, Çar Rusiyasının və Osmanlının çöküşünün başlanması, Sovet imperiyasının tarix səhnəsinə hazırlanması, yeni, dəmir pərdəli sınırların cızılması və s. diametral fərqlə bir dövrün başqa dövrlə əvəzlənməsi kimi götürülə bilər. Zatən o dövrədək olmuş heç bir savaşa Dünya Savaşı “status”u verilməməsi də, tarixi bölğünü əsaslı qılır... Bütün bunlar ədəbiyyatda, mədəniyyətdə ayrılmaların, başqa sözlə, fərqliliklər qazanmaların meydana çıxması ilə müşahidə olunub.

Öncəki dövrlə müqayisədə, III dövr türk ölkə və topluluqlarında KİV-lərin, digər kommunikasiya vasitələrinin də inkişaf etdiyi yaxud yeni yarandığı dövrdür. Bununla da yazılanların tirajlandığı, daha çox yayılaraq təsir imkanı qazandığı və başqa xalqlarla, mədəniyyətlərlə intensiv ədəbi əlaqələrin qurulması imkanları bilinən hadisədir.

Beləliklə, XX yüzillikdə yaşayıb-yaratmış və sevilən müəlliflər (Mehmet Akif Ərsoy, Rəşad Nuri Güntəkin, Musa Cəlil, Mustay Kərim, Cəfər Cabbarlı, Hüseyn Cavid, Platon Oyunski, Mağjan Jumabay, Çolpan, Maqsud Şeyxzadə, Muxtar Auezov, Hüseyn Nihal Atsız, Şəhriyar, Çingiz Aytmatov və b. söz ustadları), aparıcı istiqamətlər bizim bölgü üzrə III dövrə aiddir.

 

*

Bütün dövrlərdə içdünyamıza – “ortaq keçmişdən ortaq gələcəyə” çağıran, eləcə də, dış dünyaya sayğılı davranıb, bərabərhüquqlu ədəbi dialoqda olan şair, yazıçı və ədəbiyyatşünasların yaradıcılığı önplana çıxır.

Bir çox türk xalqı uzaq coğrafiyalarda yaşamış olsa belə, qardaşların ədəbiyyatı, tarixi, ruhu, taleyi oxşardır – daha doğrusu, hamısı eyni kökdən gəlir. Əslində, bəşəriyyətin kökü eynidir. Biz ümumbəşəri kökdən çağdaş dönəmə, özünəməxsusluğumuza gələnədək zamanın, məkanın, coğrafiyanın xalq, ədəbiyyat ömrünün Türk dünyası mərhələsindən (yaxud baxışından) keçirik. Dünya ədəbiyyatını bütün dünya araşdırır, öyrənir, öyrədir və bir çox hallarda bu iş bizim əcdadın yerini, rolunu qısıtlamağa çalışılaraq, görməzliyə vuraraq icra edilir...

Özünəməxsusluğu, ayrılmaları (daha doğrusu, fərqliliklər qazanmaları) və ortaq cəhətləri ilə Türk dünyası ədəbiyyatı bu gün daha cazibdir. Onu daha çox öyrənməli, öyrətməliyik. Biz ümumi dəyərlərə qayğı göstərməklə və onları qoruyub saxlamaqla mənəvi bütövlüyümüzü qorumaq istəyirik. Çünki “ortaq keçmişdən ortaq gələcəyə” gedəcəyimizə inanırırıq.

Bəli, türk ədəbiyyatı çox qədimdən başlayıb, müxtəlif dövrlərdən, aşamalardan keçərək, günümüzə yetişib və əlbəttə, gələcəkdə də yaşayacaq, üfüqötələrinə qanadlanacaq, toplumumuzu da qandlandıracaq, ruhlandıracaqdır. Bu önəmli ədəbiyyatın yüzillər içində obyektiv, subyektiv səbəblər üzündən fərqliliklər qazanması aydındır və günümüzdə ümumtürk ədəbiyyatından danışarkən, ayrı-ayrı türk ölkə və topluluqlarının ədəbi mühitlərinin ən ümdə, ümumi hadisələrinin, məhsullarının əsasında danışmalı oluruq. Qarşılıqlı ədəbi-mədəni ilişkilərdə, həmin mühitlərin ortaq keçmişdən ortaq gələcəyə gedən yolun tələblərinə ən universal şəkildə cavab verən abidələrini, imzalarını çağdaş çağırışlarla bir ortamda tutmaq alternativlərin ən yaxşısıdır.

Sözümüz qutlu olsun!

Bazar ertəsi, 13 İyun 2022 12:00

Günün fotosu: Çexiyada xoşagəlməz rekord

Günün fotosu: Çexiyada xoşagəlməz rekord

 

Tarixində ən böyük narkotik partiyasını - 840 kiloqramlıq kokaini çex polisi ölkəyə Kolumbiyadan gətirilmiş banan yeşiklərinin içindən tapmışdır. Qrades Karlove şəhərində. 

Narkotika partiyasının qiyməti 2 milyard çex kronuna bərabərdir. 

 

Foto: Euronews

 

“Azərkitab" kitab mərkəzinin Quba filialında rəssam İbrahim  Safinin həyat və yaradıcılığını işıqlandıran "Rəngləri danışdıran adam" kitabının təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, kitabın müəllifi: Filologiya üzrə fəlsəfə doktoru, "Milli Mədəniyyətin Təbliği İctimai Birliyi"nin (MMT İB) rəhbəri Jalə Cəfərova həyatının böyük hissəsini İbrahim Safi yaradıcılığına həsr edərək 3 dildə belə bir əsər ərsəyə gətirmişdir. 

Tədbiri açılış sözü ilə Quba Rayon Mərkəzləşdirilmiş Kitabxanasının müdiri Saməddin Nəsirov başlayıb, çıxışanda tədbir iştirakçılarını və  oxucuları salamlayıb, müəllifə öz təşəkkürünü bildirərək İbrahim Safinin yaradıcılığından danışıb. Daha sonra müəllif Jalə Cəfərova çıxışında qonaqlara və dəstəyinə görə iqtisadiyyat elmləri doktoru, professor Əlibala Məhərrəmzadəyə təşəkkürünü bildirib, sözü gedən kitabın məzmunu və İbrahim Safi haqqına elmi araşdırmalarından danışıb. 

İbrahim Safi haqqında müəllifin qısametrajlı filmi də nümayiş olunub. 

Filmdən sonra tədbir iştirakçıları və müəllif arasında İbrahim Safi haqqında dialoqlar olub. 

Tədbirdə oxucularla yanaşı, qonaqlar qismində  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının professor-müəllim heyəti, Quba "Tarix-Diyarşünaslıq" Muzeyinin müdiri Məryəm Hacıyeva və kollektivi, Quba Rayon "Mərkəzləşdirilmiş Kitabxanasının" kollektivi iştirak edib.

12 iyun təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Muğannanın (Hüseynov) doğum günüdür. Anadan olmasının 94-cü ildönümüdür. İsa Muğanna  haqqında çox söz demək olar, amma elə birini də desək kifayətdir. Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov deyib: “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik”.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İsa Hüseynov - Muğanna 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. O, Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olunsa da, 4 ay sonra kəndə qayıdıb. Özünün dediyinə görə, bir müəllimin acı sözü onu bu fikrə düşməyə məcbur edib. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Təhsilini Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

Bakıya döndükdən sonra əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb. İsa Muğanna 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının üzvü seçilib.

İ.Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitablarını oxucularına təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.

İsa Muğanna yazıçı kimi altmış illik fəaliyyəti dövründə ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucusunu heyrətləndirib. Tarixi faktları, böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan ədibin özünəməxsus yanaşma və fərqli düşüncə tərzi olub. Bunun sayəsində ərsəyə gətirdiyi silsilə romanların, povestlərin ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malik rolu olub. Bu mənada ustad yazıçı öz əsərlərində ana dilinin potensial poetik imkanlarından yüksək bəhrələnərək şedevrlər yaradıb.

İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, Xalq yazıçısı fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, Müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən görkəmli yazıçının yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.

Görkəmli yazıçı 2014-cü ilin aprelin 1-də ömrünün müdriklik çağında 85 yaşında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

Formula 1 üzrə Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə bir çox tanınmışlar  gəlib, onlardan biri də İtaliyanın məşhur blogeri, yazıçı Andrea Dal Corsodur.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Andrea Dal Corso özünün 803 minlik instaqram səhifəsində Bakı ilə bağlı paylaşım edib. İtaliyalı yazar Bakının tarixi və turistik məkanlarında olub, profilinin hekayə bölməsində maraqlı və diqqətçəkən paylaşımlar edib. 

“Bu şəhər xarüqədir. Tarix, dizayn və texnologiya burada birləşib” - deyə Andrea Dal Corso Bakımıza tərif verib.

 

Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın Xalq yazıçısı Anarın Daşkənddəki “Tamaddun” nəşriyyatında özbək dilində nəfis tərtibatla çap olunan “Əlbəttə görüşərik” adlı kitabının təqdimat mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, 350 səhifəlik kitabı orijinaldan özbək dilinə tanınmış jurnalist və tərcüməçi, “Gülüstan” jurnalının baş redaktoru Mamatkul Hazratkulov çevirib. Tərcüməçi kitaba geniş və əhatəli “Ön söz” də yazıb. 

Tədbirdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, ədəbiyyatsevərlər, tələbələr iştirak edib.

Təqdimat mərasimini Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səyyid açaraq Azərbaycan-Özbək ədəbi əlaqələri haqqında danışaraq, müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Anarın həyatı və yaradıcılığı haqqında məlumat verib, onun həm sabiq SSRİ dövründə, həm də müstəqillik illərində yaradıcılığı, Özbəkistan oxucuları tərəfindən yazıçının əsərlərinin sevilərək oxunması, Daşkənddə onun əsərlərinin dəfələrlə çap olunduğunu diqqətə çatdırıb. Siracəddin Səyyid Azərbaycan ədəbiyyatına daim Özbəkistanda böyük maraq olduğunu, böyük şairlərimiz Nizami Gəncəvi, Məhəmməd Füzuli və Əlişir Nəvai, Qafur Qulam və Səməd Vurğun və neçə-neçə şairlərimiz, yazıçılarımız arasında daim dostluq və ədəbi əlaqələrin olduğunu söyləyib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında ədəbi əlaqələr haqqında danışaraq, Azərbaycan ədəbiyyatına göstərilən bu diqqət, ədəbiyyatımızın tanınmış nümayəndəsinin əsərinin Özbək dilinə tərcümə və nəşr layihəsinə görə Özbəkistan Yazıçılar İttifaqına öz təşəkkürünü bildirib. 

Diplomat bildirib ki, Xalq yazıçısı Anar çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olaraq ədəbiyyata gəldiyi ilk dövrlərdən əsərləri ilə oxucuların qəlbində yer tapmış və ədəbiyyat tariximizdə özünəməxsus, mühüm mövqeyi vardır. 

O, Anarın Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərini, müxtəlif ədəbi üslubda yaratdığı əsərlər və dramaturgiya sahəsindəki fəaliyyətini vurğulayaraq, onun əsərlərinin nəinki Azərbaycanda, dünyanın müxtəlif ölkələrində, o cümlədən Özbəkistanda sevilərək dəfələrlə çap edildiyini qeyd edib. Samir Abbasov Anarın həm yazıçı, həm ssenarist, rejissor kimi milli kinomuza gətirdiyi yeni-yeni mövzular, obrazlar haqqında məlumat verib, yazıçının Özbəkistana səfəri, özbək ədəbiyyatına təsiri haqqında fikirlərini bölüşüb. 

Filologiya elmləri doktoru, professor Nurbay Jabbor Anarın yaradıcılığı haqqında danışıb, onun əsərlərini təhlil edib. O bildirib ki, Anar ziyalı ailəsində doğulub, atası Rəsul Rza və anası Nigar Rəfibəyli Azərbaycandan kənarda, o cümlədən Özbəkistanda yaxşı tanınan şairlər olub. 

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvi, dosent Gülbahar Aşurova, Daşkənddə özbək dilində çap olunan “Cahon adabiyyati” jurnalının Baş redaktoru Əhmədcan Melibayev, filologiya elmləri üzrə fəlsəfə doktoru Olimjon Davlatov və başqaları Anarı istedadlı yazıçı kimi xarakterizə ediblər. 

Sonda tərcüməçi Mamatkul Hazratkulov çıxış edərək Azərbaycan ədəbiyyatını çox sevdiyini, Anardan başqa bir sıra yazıçılarımızın əsərlərini də özbək dilinə çevirdiyini və gələcəkdə də zəngin ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatından tərcümə işlərinin davam etdirəcəyini qeyd edib.

Sonda tərcüməçi Özbək dilində nəşr edilmiş “Əlbəttə görüşərik” adlı kitaba imza qoyaraq oxuculara hədiyyə edib. 

Qeyd edək ki, kitabda yazıçı Anarın “Dantenin yubileyi” və “Ağ qoç, qara qoç” povestləri, “Gürcü familiyası”, “Köhnə ilin son gecəsi”, “Etibar”, “Zəncir”, “Əl əli yuyar”, “Bir stəkan su” və digər hekayələri toplanıb.

 

“Hicran” tamaşası ilə sevilməyə başladı, Sonqulu və Şirbala obrazları ilə yaddaşlara həkk olundu. Hacıbaba Bağlrov - Azərbaycanın Xalq Artisti. Sağ qalsaydı 90 yaşını qeyd edərdi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Hacıbaba Bağırov demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlarda qalıb. Onun teatr tariximizdə özünəməxsus yeri var. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, zəhmətinin qüdrəti ilə fəth edib.

Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu heç də hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində çalışıb. Görkəmli rejissor Adil İsgəndərov onu “Vaqif”də Vidadi rolunda görəndən sonra teatr studiyasına dəvət edib. Hacıbaba Bağırov görkəmli teatr xadiminin rəhbərliyi altında aktyorluq sənətinin sirlərini öyrənib. Hələ uşaqlıqdan sevib-seçdiyi sənət onun qanına hopub. Sonra teatr fəaliyyətini Lənkəranda və Gəncədə davam etdirib.

Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub.

Hacıbaba Bağırovun əsl sənətkar kimi formalaşması, tanınması 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dəvət aldıqdan sonra başlayıb. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox obrazın onun gülüş ustası kimi püxtələşməsinə və populyarlıq qazanmasına böyük təsiri olub.

Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Zülfüqar Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, Süleyman Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Əşrəf Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, Emin Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli könül”də Fərzəli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, Soltan Hacıbəyovun “Qızılgül”ündə Nadir, Ağası Məşədibəyovun “Toy kimindir?”ində Uzun, Emin Sabitoğlu, Tamara Vəliyevanın “Bankir adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” trilogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rolları milli mədəniyyətimizin inkişafına xidmət edir.

Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri də tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti olub. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından biri etmişdir. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarıb.

Aktyor səhnə fəaliyyəti ilə yanaşı, Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini verib. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunub və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilib.

Hacıbaba Bağırov ilk dəfə 1964-cü ildə rejissor Ağarza Quliyevin “Ulduz” musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə belə deyib: “Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim üçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım. Əvvəla, mən heç zaman filmə çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. İlk dəfə idi ki, öz oyunuma oturub kənardan baxa biləcəkdim. Doğrudan da, “Ulduz” mənim aktyorluq fəaliyyətimə, aktyor asimanıma əsl ulduz bəxş elədi. Möhsün rolunun uğurunun başlıca səbəbi obrazın mənə yaraşması idi”.

Hacıbaba Bağırovun “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma-almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. Bu obrazlara baxıb sənətkarın “Teatr, kino mənim həyatımdır” deməsinə haqq qazandırmaq olar.

Həyata 74 yaşında əlvida deyən sənətkar adını Azərbaycan teatr sənətinə elə əbədi həkk edib ki, bu gün olduğun kimi, hələ neçə-neçə qərinələr, əsrlər xatırlanacaq və onun sənət yolu gənc sənətkarlar üçün bir məktəb olaraq qalacaq.

Ruhu şad olsun!

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.