Super User
“Vətən”in Türkiyə triumfu
Türkiyədə keçirilən Uluslararası Şeir Şöləni Azərbaycanın tanınmış şairi Ramiz Qusarçaylının qələbəsi ilə sonuclanıb. Onun səsləndirdiyi “Vətən” poemasının tərkib hissəsi olan “Azərbaycan bayrağı” və digər şeirlər Ziya Paşa mükafatını Azərbaycana gətirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkiyə Kültür və Turizm Bakanlığının, Türkiyə Yazarlar Birliyinin təşkil etdiyi, açılışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu göndərdiyi,
onlarla ölkə şairlərinin qatıldiğı Uluslararası Şeir Şöləni ənənəvi olaraq hər ilin bu vədəsində keçirilir və türkdilli şairləri əhatə edir.
“Ədəbiyyatda gizli reklam olmalıdırmı” mövzusuna Çingiz Abdullayevin və Varisin münasibətləri
“Kaspi” qəzetində Xanım Aydının “Ədəbiyyatda gizli reklam” adlı yazısı dərc edilib. Yazının aktuallığını nəzərə alıb portalımızın Daycest bölümündə oxucularımıza təqdim edirik.
“Belə şeylər əvvəllər də olub, elə indi də var. Mən heç vaxt pisi tərifləmərəm. Yazıramsa, deməli, yaxşıdır. Məndən çox adam xahiş edir, amma yaxşı olmayan haqda yazmıram. Və qeyd edim ki, bundan ötrü indiyə kimi heç vaxt pul almamışam”
Son zamanlarda reklam bazarı müxtəlif sahələrdə özünü fərqli formalarda göstərir. Maraqlısı budur ki, reklam işləri artıq ədəbiyyata da yol tapıb və bədii əsərlərdə özünü büruzə verməyi bacarıb. Dünya ədəbiyyatında xeyli əsərlər var ki, onlarda gizli reklama rast gəlmək mümkündür. Amma ədəbiyyatda reklam digər sahələrdəkindən fərqlidir. Daha doğrusu, onu qəbul edib-etməmək məsələsi fərqlidir. Axı ədəbiyyat intellektual bir sahədir. Və bir çoxları bədii əsər oxuyarkən, orada reklam brendi ilə rastlaşanda bəzən qıcıqlanır. Bəzən isə buna xüsusi diqqət ayırmadan oxuyub keçir. Təbii ki, oxucu buna xüsusi diqqət ayırmasa belə, istər-istəməz şüuraltısında həmin o brend qalır. Yəni reklam bununla da öz işini görmüş olur.
Bazarda qızıl orta
Dünyada bədii ədəbiyyatda reklam yerləşdirməyin qəbul olunmuş, amma yazılmamış bir neçə qanunu var. Birincisi odur ki, reklam həddini aşmamalı və kitab reklam jurnalına dönməməlidir. Buna görə də bir əsərdə maksimum dörd brenddən istifadə etmək olar. Əks halda oxucu əsərdən heç bir zövq almayacaq. Bu gizli reklamların da hər bir ölkənin kitab bazarına uyğun qiymətləri var. Qiymət həm də brendin əsərdəki mövqeyindən asılıdır. Məsələn, brendin kitabda ancaq adı gedə, süjet xəttinin bir hissəsi ola, əsərin adına bağlana və bununla da, təbii ki, kitabın üzündə görünə, hətta brendin adı əsərin baş qəhrəmanının adı da ola bilər və s. Brendin adı əsərdə nə qədər geniş formatda əksini tapırsa, qiyməti də bir o qədər baha olur. Və əslində, bununla da oxucuya daha çox təsir etmiş olur. Amma bayaq da dediyim kimi, bunun özü də normanı aşmamalıdır. Necə deyərlər, bu işdə də qızıl ortanı itirmək olmaz.
Marketoloqlar və ədəbiyyat
Ümumiyyətlə, ədəbiyyatda gizli reklamın yaşı cavandır. Amma bəzi mənbələrdə qeyd olunur ki, hətta Jül Vern də “80 gün dünya ətrafında” əsərində gəmi kirayə verən nəqliyyat şirkətlərinin adlarını çəkdiyinə görə onlardan ödəniş alıb. Yeni dövrə gəlsək, bu işin favoriti Stiven Kinqdir. O, əsərlərinə çoxsaylı brendlər daxil etməyin ustası sayılır. Marketoloqlar kitablarda brendlərin reklamının məqsədəuyğun olduğunu hesab edir və bu işi uğurla inkişaf etdirirlər. Azərbaycan ədəbiyyatında da gizli reklam varmı? Və ümumiyyətlə, bizim yazıçılar buna necə baxırlar? Xalq yazıçısı Çingiz Abdullayev və yazıçı Varislə bu barədə söhbətləşdim.
Yaxşı olmayanı yazmıram
Çingiz Abdullayev dünya ədəbiyyatında gizli reklamın olduğunu deyir: “Belə bir şey var. Və niyə də olmasın ki? Bəlkə, bir yazıçı əsərində, məsələn, doğrudan da, yaxşı bir maşını tərifləyir, reklam edir. Yalan demir ki! Düzünü deyir də. Pis deyil axı bu. Keyfiyyətli bir məhsulu, brendi tərifləyirsə, bu, əlbəttə ki, yaxşıdır. Yox, əgər keyfiyyətsiz malı tərifləyirsə, çox pisdir. Və bu zaman yalnız pulu fikirləşirsə, bu lap pisdir. Belə şeylər əvvəllər də olub, elə indi də var. Mən heç vaxt pisi tərifləmərəm. Yazıramsa, deməli, yaxşıdır. Məndən çox adam xahiş edir, amma yaxşı olmayan haqda yazmıram. Və qeyd edim ki, bundan ötrü indiyə kimi heç vaxt pul almamışam”.
Bədii əsərə kəsər verən reklam
Yazıçı Varisin fikrincə, belə tendensiya dünya ədəbiyyatında olub və bu gün də var: “Məsələn, Poulo Koelyo, Con Maksvell Kutzee çox istifadə edir. Orxan Pamukun əsərlərində çox müşahidə olunur bu. Əsərləri elə bil sənədli prozadır. Nə qədər yer, dükan, brend adları çəkilir. Mən deyərdim ki, bu iş reklamdan başqa, bədii əsərə həm də bir kəsər verir. Məsələn, deyək ki, oxucu əsərdə oxuyur ki, qəhrəman çay içdi. Bir də var yazıçı onu xırdalayıb yazır ki, qəhrəman çox gözəl yerli Lənkəran çayından içdi. İlk dəfə “Sonuncu ölən ümidlərdir” romanımda “Sirab” şirkəti ilə heç bir anlaşmam olmadan, sadəcə romanın xaricə də gedəcəyini bildiyimdən bu suyun adını çəkmişəm. Yəni bunu öz təşəbbüsümlə etmişəm ki, dünyaya çıxanda bilsinlər ki, Azərbaycanda belə bir mineral su var. Amma sonrakı yaradıcılığımda “Əzilmiş fotoşəkillər”, Türkiyədə çap olunan “Son məktub” romanımda artıq anlaşma ilə reklam vermişəm. Mən buna çox müsbət baxıram. Bu da ədəbiyyatın tərkib hissəsidir. Ədəbiyyatda gizli reklam olmalıdır”.
Qənaətim
Düşünürəm ki, marketoloqlar ədəbiyyata reklam gətirməyin xeyrini son dərəcə dəqiq fikirləşiblər. Baxın, televiziya verilişlərində çox vaxt reklam başlayanda əksər tamaşaçı kanalı dəyişməyə üstünlük verir, yaxud da ki, durub başqa işlərini görüb qayıdır ekran qarşısına. Və beləliklə reklamçı uduzmuş olur. Amma kitab bir ayrıca dünyadır, ətraf-aləmdən ayrılıb əsərə dalmaqdır, xüsusi diqqətdir. Oxucu kitabla bir vəhdət halına gəlir oxu zamanı. Reklamın hansı səhifədə, hansı cümlədə gələcəyini bilmir. Və rastlaşanda belə onu adlayıb keçə bilmir. Çünki bu, TV reklamı deyil. Burda bir sözü buraxmaqla əsərin məğzini, mənasını itirmək olar. Ona görə də, oxucu istər-istəməz əsəri söz-söz oxuyur və bununla da reklamı qəbul etmiş olur.
Günün fotosu: Dünya ölüm cəzası alan 3 əcnəbi döyüşçünün müdafiəsinə qalxıb
Günün fotosu: Dünya ölüm cəzası alan 3 əcnəbi döyüşçünün müdafiəsinə qalxıb
Britaniyalı Eyden Aslin və Şon Pinner, eləcə də mərakeşli Bragim Ssaadun əldəqayırma Donetsk Xalq Respublikası məhkəməsi tərəfindən “hakimiyyəti devirmək, qanunsuz olaraq Ukraynanım tərəfində vuruşmaq” ittihamları ilə ölüm cəzası alıblar və indi dünya bu qərarın ləğvi üçün ruslara təzyiq etməkdədir.
Foto: Euronews
Haqq sözü içində məhbus kimi saxlamayan Firuz Mustafa
Elman Eldaroğlu yazır
Çox xarizmatik adamdır. Özünəməxsus hərəkətləri, davranışı, məğrurluğu, dolğun mülahizələri, şux zarafatları, geyim tərzi onun varlığına xüsusi bir gözəllik qatır. Çöhrəsindəki nur bu gözəlliyi tamamladığından üz-üzə gələndə qarşındakı insanın şəxsiyyət olduğunun mahiyyətinə varırsan.
Ünsiyyətdə həmişə səmimidir. Ruhən müstəqil olduğundan heç vaxt HAQQ SÖZü içində məhbus kimi saxlamır. Fikirlərini azad ifadə etmək onun adəti, müstəqil olmaq isə həyat tərzidir. Sədaqəti kimdə gördüsə, mərdliyi, cəsarəti kimdə tapdısa ona etiramla yanaşır...
Güclü müşahidə qabliyyəti var. Gördüklərini incələyib əsərlərə çevirməyi bacarır. Bu istedad ona İlahidən verilib. Rahatlığın nə olduğunu bilmir. Ərsəyə gətirdiyi kitabların sayı kifayyət qədər çoxdur. Elmi əsərlərinə gəldikdə isə hər biri örnək, təcrübə mənbəyidir. Haqqında dörd kitab işıq üzü görüb...
...Ömür-gün yoldaşı Həcər xanım tarix müəllimidir. Oğlu Aqşin kompyuter üzrə mütəxəsisdir. Qızı Güntəkin xanım isə psixoloq-pedaqoqdur...
1952-ci ildə Gədəbəy rayonunun İsalı kəndində dünyaya gəlib. 1961-ci ildən Bakıda yaşayır. Əmək fəaliyyətinə fəhləlikdən başlayıb. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetin filоlоgiyа fакültəsini bitirəndən sonra təyinatla Sааtlı rаyоnundа müəllim işləyib. 1977-1978-ci illərdə hərbi хidmətdə оlub və ordudan zabit kimi tərxis edilib.
1978-80-ci illərdə Аz.TV-də müхbir, Кinоlаşmа idаrəsində sərəncаmçı dirекtоr, “Аzərbаycаn gəncləri” qəzеtində хüsusi müхbir kimi fəaliyyət göstərib.
1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək, sоnrакı illərdə еlmi işçi, bаş еlmi işçi və eləcə də fəlsəfə каfеdrаsındа dоsеnt vəzifəsində çalışıb.
Ali Diplomatiya Kollecinin ümumi işlər üzrə prorektoru, Bakı Avrasiya Universitetinin elmi işlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, habelə müхtəlif illərdə “Mааrifçi” və “Mədəniyyət” qəzеtlərinin bаş rеdакtоru vəzifələrində işləyib.
1985-ci ildə fəlsəfə üzrə nаmizədliк, 1992-ci ildə dокtоrluq dissеrtаsiyаsı müdаfiə еtmişdir. 2002-ci ildə ona Fəlsəfə və Hüquq İnstitunun Еlmi Şurаsının qərаrı ilə fəlsəfə еlmləri dокtоru аdı vеrilib. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındа tаmаşаyа qоyulub. Yazdığı mətnlərə görkəmli bəstəkarlar- Xəyyam Mirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələyib.
2019-cu ildə isə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb...
Onunla cəmi bir dəfə ünsiyyətdə olmuşam. Sumqayıtda, “DünyaTv” teleradio şirkətinin o vaxt yerləşdiyi Qarabağ klubunun qarşısında. Qəlyanına köz basıb, maraqlı söhbət edirdi. Müdriklərə xas olan təmkini, iti zəkası, dərin təfəkkürü, məntiqi ifadə etdiyi fikirlərə xüsusi məna verirdi...
Azərbaycan mədəniyyətinə yorulmadan xidmət edən bu insana elə o vaxtdan da içimdə xüsusi bir rəğbət yaranıb. Üç aydır ki, 70 yaşına qədəm qoyub. Feyzbuk sosial platformasında fəal ağsaqqal ziyalılarımızdan biridir. Onu daim izləyir, zəngin təcrübəsindən yararlanmağa çalışıram…
Bəli, haqqında söhbət açdığım yazıçı, dramaturq Firuz Mustafa özü bir KİTABdır, ondan öyrəniləsi çox mətləblər var…
Anarın həyat yoldaşı təltif olunub
Zenfira Səfərovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqişünaslığının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Zemfira Yusif qızı Səfərova “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyun 2022-ci il
Şair Əlisəmid Kür Gürcüstan poeziyasevərlərinə təqdim edilib
Nə atmısan özünü
həsrətin qucağına.
Leysan yağışı düşüb
könlünün ocağına.
Fələk səni qarğıyıb
özü düşüb həvəsdən.
Canında bir qorxu var -
canın çıxır qəfəsdən.
Sənin qayğına qallam,
Ey əlahəzrət zaman.
Ürəyim bombolomboş,
Salam, boşluğa, salam.
Qeyri-adi, düşündürən və təəccübləndirən poeziyası ilə seçilir şair Əlisəmid Kür. Bu günlərdə şair bir xəbərə çox sevinib.
Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində onun gürcü dilinə tərcümə olunmuş “Kentavr ”, “Oğlum xan Eyvaz yaşında”, “Qan-tər içində”, “Bu vətən tütün kimidir...” şeirlərinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədlidir.
Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən portal mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib
UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci ildə ikinci plenar iclası keçirilib.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin sədrlik etdiyi plenar iclasda qurumun Təhsil sektoru, “Təhsil 2030”-a dəstək və koordinasiya departamentinin direktoru Maki Katsuno-Hayaşikava, eləcə də Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrinin səfirləri, daimi nümayəndələri iştirak ediblər.
AzərTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, plenar iclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə Elman Abdullayev “Qeyri-maddi mədəni irsin qorunması” üzrə 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyasının keçirilməsinin planlaşdırıldığını bildirərək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə üzvlüyə namizəd ölkələrə uğurlar arzulayıb. O, pandemiyadan qaynaqlanan problemlər, yeni endemik xəstəlik, iqlim böhranı, dünyada mövcud düşmənçilik kimi problemləri qeyd edərək, bəşəriyyətin problemlərinin heç vaxt bitmədiyini deyib. Həmçinin sosial bərabərsizlikdən, gender bərabərliyindən söz açıb, COVID-19 pandemiyasının yaratdığı problemlərdən danışıb.
Daimi nümayəndə bildirib ki, təhsil dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silahdır. Bu gün dünyanın hər yerində təhsilə bərabər çıxış təmin olunmalıdır.
Sonra UNESCO-nun “Təhsil 2030”-a dəstək və koordinasiya departamentinin direktoru Maki Katsuno-Hayaşikava çıxış edib və daimi nümayəndələrin suallarını cavablandırıb.
Plenar iclasda Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində ölkəmizin həyata keçirdiyi işlərdən də söz açılıb. Həmçinin ötən plenar iclasın hesabatı dinlənilib və qəbul olunub.
İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.
Bu gün Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq
Bu gün - iyunun 11-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında “Leyli və Məcnun” tamaşası nümayiş olunacaq.
Tamaşa ürkək, vəfalı və dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc “Leyli və Məcnun” bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Səhnə quruluşunda marionet kuklaları idarə edən aktyorlar - Fərizə Babayeva, Əli Allahverdiyev, Aysel Bədəlova, Tatiana Terentyeva, Nazim Hüseynov, Nəsrin Vüsal, Hikmət Aydınoğludur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Bu gün Bakıda rok festivalın qala gecəsi keçiriləcək
Bu gün Bakıda rok festivalı çərçivəsində qala gecə təşkil olunacaq. Bu qala gecədə The Passion, Free From Four, Dədə Baba, Orxan Efendi, Qara Dərviş, Groove in spires, Sadnos, Evil Decay kimi rok qruplar iştirak edəcəklər.
Qeyd edək ki, qala gecə Heydər Əliyev Sarayında baş tutacaq.
Biletləri Heydər Əliyev Sarayının kassalarından, eləcə də onlayn əldə etmək mümkündür.
Azərbaycan İstanbulda keçirilən V Etnosport Mədəniyyət Festivalında təmsil olunur
İstanbulda V Etnosport Mədəniyyət Festivalı keçirilir.
AzərTAC-ın Türkiyə müxbiri xəbər verir ki, COVID-19 pandemiyası səbəbindən iki il aradan sonra yenidən keçirilən festivalda müxtəlif xalqların etnik mədəniyyətləri nümayiş olunacaq. Festivalda Türkiyə və Azərbaycanla yanaşı, Tunis, Tacikistan, Rumıniya, Özbəkistan, Meksika, Qırğızıstan olmaqla ümumilikdə dünyanın 27 ölkəsinin nümayəndələri iştirak edirlər. Bu məqsədlə Azərbaycan Dövlət Sərhəd Xidmətinin heyəti İstanbula səfər edib.
Dünya Etnosport Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz Qarabağ atlarından ibarət süvari dəstə və Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının simasında “Odlar yurdu” kompozisiyası ilə təmsil olunur.
Tədbir barədə jurnalistlərə açıqlama verən Dünya Etnosport Konfederasiyasının rəhbəri Bilal Ərdoğan hər xalqın öz mədəniyyəti ilə tanındığını bildirib. O, əcdadlarımızdan bizə yadigar qalan milli dəyərləri və mədəniyyətimizi gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayıb.
Bilal Ərdoğan bu il Türkiyədə beşinci dəfə keçirilən festivalda uşaqlar arasında ilk dədə ata minən və ox atanların olduğunu, uşaqların hər il festivala maraqlarının daha da artdığını deyib.
İstanbulun Atatürk Hava Limanında dörd gün davam edəcək festivalda dözüm, qətiyyət və mübarizəni özündə əks etdirən oxçuluq, yağlı güləş, at yarışları, oxatma da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. Festivalda çox sayda idmançı müxtəlif kateqoriyalar üzrə qızıl medal uğrunda mübarizə aparacaq.
Tədbirdə idman növləri ilə yanaşı iştirakçı ölkələrin milli mətbəxi, geyimləri, adət-ənənələri kimi özünəməxsus xüsusiyyətləri də nümayiş etdirilir.
Azərbaycan kompozisiyasını Türkiyədə səfərdə olan ölkəmizin dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyevlə yanaşı, Dünya Etnosport Konfederasiyasının rəhbəri Bilal Ərdoğan da izləyib.