Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun növbəti plenar iclası keçirilib

 

UNESCO-nun mənzil-qərargahında Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının UNESCO yanındakı qrupunun 2022-ci ildə ikinci plenar iclası keçirilib.

 

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin sədrlik etdiyi plenar iclasda qurumun Təhsil sektoru, “Təhsil 2030”-a dəstək və koordinasiya departamentinin direktoru Maki Katsuno-Hayaşikava, eləcə də Qoşulmama Hərəkatına UNESCO yanında üzv ölkələrinin səfirləri, daimi nümayəndələri iştirak ediblər.

AzərTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, plenar iclasın gündəliyi qəbul olunduqdan sonra daimi nümayəndə Elman Abdullayev “Qeyri-maddi mədəni irsin qorunması” üzrə 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının 9-cu sessiyasının keçirilməsinin planlaşdırıldığını bildirərək, Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə üzvlüyə namizəd ölkələrə uğurlar arzulayıb. O, pandemiyadan qaynaqlanan problemlər, yeni endemik xəstəlik, iqlim böhranı, dünyada mövcud düşmənçilik kimi problemləri qeyd edərək, bəşəriyyətin problemlərinin heç vaxt bitmədiyini deyib. Həmçinin sosial bərabərsizlikdən, gender bərabərliyindən söz açıb, COVID-19 pandemiyasının yaratdığı problemlərdən danışıb. 

Daimi nümayəndə bildirib ki, təhsil dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyimiz ən güclü silahdır. Bu gün dünyanın hər yerində təhsilə bərabər çıxış təmin olunmalıdır. 

Sonra UNESCO-nun “Təhsil 2030”-a dəstək və koordinasiya departamentinin direktoru Maki Katsuno-Hayaşikava çıxış edib və daimi nümayəndələrin suallarını cavablandırıb. 

Plenar iclasda Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində ölkəmizin həyata keçirdiyi işlərdən də söz açılıb. Həmçinin ötən plenar iclasın hesabatı dinlənilib və qəbul olunub. 

İclas Qoşulmama Hərəkatına üzv ölkələrin UNESCO orqanlarına namizədliyinə və müxtəlif məsələlərə dair müzakirələrlə davam edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.