Şair Əlisəmid Kür Gürcüstan poeziyasevərlərinə təqdim edilib Featured

 

 

Nə atmısan özünü

həsrətin qucağına.

Leysan yağışı düşüb

könlünün ocağına.

 

Fələk səni qarğıyıb

özü düşüb həvəsdən.

Canında bir qorxu var -

canın çıxır qəfəsdən.

 

Sənin qayğına qallam,

Ey əlahəzrət zaman.

Ürəyim bombolomboş,

Salam, boşluğa, salam.

 

Qeyri-adi, düşündürən və təəccübləndirən poeziyası ilə seçilir şair Əlisəmid Kür. Bu günlərdə şair bir xəbərə çox sevinib.

 

Gürcüstanın populyar “Axali saunce” (“Yeni xəzinə”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində onun  gürcü dilinə tərcümə olunmuş “Kentavr ”, “Oğlum xan Eyvaz yaşında”, “Qan-tər içində”, “Bu vətən tütün kimidir...” şeirlərinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin gürcü dilinə tərcümə müəllifi – tanınmış şair-tərcüməçi İmir Məmmədlidir.

Qeyd edək ki, Gürcüstanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilən portal mütəmadi olaraq səhifələrində Çarlz Dikkens, Vladimir Mayakovski, Velimir Xlebnikov, Harold Pinter, Rolan Bart, Olqa Tokarçuk, İtalo Kalvino kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.