İstanbulda V Etnosport Mədəniyyət Festivalı keçirilir.
AzərTAC-ın Türkiyə müxbiri xəbər verir ki, COVID-19 pandemiyası səbəbindən iki il aradan sonra yenidən keçirilən festivalda müxtəlif xalqların etnik mədəniyyətləri nümayiş olunacaq. Festivalda Türkiyə və Azərbaycanla yanaşı, Tunis, Tacikistan, Rumıniya, Özbəkistan, Meksika, Qırğızıstan olmaqla ümumilikdə dünyanın 27 ölkəsinin nümayəndələri iştirak edirlər. Bu məqsədlə Azərbaycan Dövlət Sərhəd Xidmətinin heyəti İstanbula səfər edib.
Dünya Etnosport Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmiz Qarabağ atlarından ibarət süvari dəstə və Dövlət Sərhəd Xidmətinin rəqs ansamblının simasında “Odlar yurdu” kompozisiyası ilə təmsil olunur.
Tədbir barədə jurnalistlərə açıqlama verən Dünya Etnosport Konfederasiyasının rəhbəri Bilal Ərdoğan hər xalqın öz mədəniyyəti ilə tanındığını bildirib. O, əcdadlarımızdan bizə yadigar qalan milli dəyərləri və mədəniyyətimizi gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayıb.
Bilal Ərdoğan bu il Türkiyədə beşinci dəfə keçirilən festivalda uşaqlar arasında ilk dədə ata minən və ox atanların olduğunu, uşaqların hər il festivala maraqlarının daha da artdığını deyib.
İstanbulun Atatürk Hava Limanında dörd gün davam edəcək festivalda dözüm, qətiyyət və mübarizəni özündə əks etdirən oxçuluq, yağlı güləş, at yarışları, oxatma da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. Festivalda çox sayda idmançı müxtəlif kateqoriyalar üzrə qızıl medal uğrunda mübarizə aparacaq.
Tədbirdə idman növləri ilə yanaşı iştirakçı ölkələrin milli mətbəxi, geyimləri, adət-ənənələri kimi özünəməxsus xüsusiyyətləri də nümayiş etdirilir.
Azərbaycan kompozisiyasını Türkiyədə səfərdə olan ölkəmizin dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyevlə yanaşı, Dünya Etnosport Konfederasiyasının rəhbəri Bilal Ərdoğan da izləyib.