Super User
Gənclər təşkilatlarının nümayəndələri ilə yazıçı Varisin görüşü keçirilib
Ötən gün “Əbədi Sevgi - Vətən" layihəsi çərçivəsində yazıçı, Əməkdar jurnalist Varis ilə ölkənin gənclər təşkilatları nümayəndələrinin görüşü keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və NAYORA-nın "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi" proqramı çərçivəsində Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən layihə çərçivəsindəki bu görüş Gənclər Təşkilatlarının Resurs Mərkəzində - Qlobus centr- də baş tutub.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Azər Əliyev görüşdən öncə yazıçını Milli Şuranın ölkənin onlarca gənclik təşkilatını təmənnasız olaraq ofislə təmin edən Resurs Mərkəzi ilə tanış edib, görülən böyük və faydalı işlər barədə məlumat verib.
Görüş zamanı yazıçı ədəbiyyatda vətənpərvərlik motivlərinin təşəkkül tapmasının cəmiyyətə verdiyi faydalardan, gənclərdə Vətən sevgisini formalaşdıran amillərdən, hədəf seçmək və uğura doğru irəliləmək qaydalarından bəhs edib.
Eyni zamanda kitabın və mütaliənin rolu, layiqli vətəndaş ola bilmək, karyera və inkişaf mövzularına da toxunulub, izləyicilərin sualları cavablandırılıb.
Sonda xatirə fotosu çəkilib.
Heydər Əliyev gəldi və Vətənini xilas elədi
“Ədəbiyyat və incəsənət” portalı politoloq, fəlsəfə üzrə fəlsəfə doktoru Adəm İsmayılın Qurtuluş Günü münasibəti ilə “Böyük insan və yeni sivilizasiya vəziyyətinin başlanğıcı” yazısını oxucularına təqdim edir.
Ulu Öndər Heydər Əliyev öz Vətənini xilas etməklə, faktiki olaraq belə qüdrətli və daim təkmilləşən Azərbaycan dövlətçiliyini qurmaqla onun yeni sivilizasiya vəziyyətinin tükənməz mənbəyinə çevrilmişdir.
Müxtəlif dövlət modelləri və inkişaf yolları 1991-ci ildə dağılmış Sovet İttifaqının qalıqları üzərində qurulmuş Azərbaycan Respublikasının müstəqilliyini, onun gələcək taleyinin kifayət qədər alternativ seçimini müəyyən edirdi. Şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin gələcəyi ölkənin tarixi xüsusiyyətlərini, mentalitetini və iqtisadi inkişafını nəzərə alaraq düzgün, uzaqgörən oriyentasiyadan və ən uyğununun tətbiqindən asılı idi. Məhz demokratik rejimli respublika dövlət sistemi əvvəlcə dövlətin ayrılmaz konteksti oldu.
Lakin dünya sivilizasiyasının göstərilən əsas axınında Azərbaycanın səmərəli inkişafını təmin edə biləcək modelin qurulması yeni Azərbaycan Respublikasının gəmisinin sükanı arxasında dayanan siyasi qüvvələrin gücündən kənarda idi.
1993-cü ildə Azərbaycan Respublikası vətəndaş müharibəsi və dövlət müstəqilliyini tamamilə itirilməsinə yönəlmiş uçuruma yuvarlanırdı. Vəziyyətin dramatikliyi Azərbaycan xalqının bütün nəzərlərini onun xilasının yeganə həyatverici mənbəyinə - Heydər Əliyev şəxsiyyətinin dühasına, onun beynəlxalq nüfuzunun böyüklüyünə, ağlının əzəmətinə və hikmətinin tükənməzliyinə yönəltdi. Bütöv bir dövrün böyük dövlət xadimi Heydər Əliyev isə hər şeyə rəğmən öz xalqını onsuz da yaxınlaşmaqda olan qardaş qırğınından xilas etmək, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və möhkəmləndirmək üçün fədakarcasına köməyə gəldi.
Ermənistanın Azərbaycana qarşı genişlənən ərazi ekspansiyasının fonunda Heydər Əliyev Bakıya qayıtdıqdan sonra, demək olar ki, hər gün mətbuatda çıxış edir, aparıcı dövlətlərin səfirləri və ATƏT-in Minsk Qrupunun üzvləri ilə hərbi əməliyyatların dayandırılması və münaqişənin həlli, işğal olunmuş ərazilərin təcili olaraq işğaldan azad edilməsinin zəruriliyi ilə bağlı intensiv danışıqlar aparırdı. Sentyabrın 24-də Heydər Əliyev Moskvaya yola düşür və burada Azərbaycanın MDB-yə daxil olması haqqında saziş imzalayır.
1993-cü il oktyabrın 3-də Heydər Əliyev ümumxalq seçkilərində 98 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Yaramış kritik şəraitdə həyati zərurət kontekstində 1993-cü il noyabrın 1-də Azərbaycan dövlətinin başçısı özünün rəhbərlik etdiyi Dövlət Müdafiə Şurasının yaradılması haqqında qərar qəbul edir.
1993-cü il noyabrın 2-də Prezident Heydər Əliyev Azərbaycan xalqına müraciətində onları Vətənin müdafiəsinə qalxmağa çağırdı. Ali Baş Komandanın bu tarixi müraciəti hələ SSRİ Silahlı Qüvvələri sıralarında hərbi xidmət təcrübəsi keçmiş minlərlə könüllünün Milli Ordu sıralarına daxil olmasının səbəbi oldu. Prezident Heydər Əliyev şəxsən münaqişə zonasında yerləşən hərbi hissələrə baş çəkdi, onların texniki təminatı və hərbi hazırlıq səviyyəsi ilə tanış oldu.
Heydər Əliyevin müraciətindən ruhlanan, onun qayğısı və öz sıralarının möhkəmləndirilməsi istiqamətində konkret fəaliyyətləri sayəsində Azərbaycan ordusu üç istiqamətdə hücuma keçdi. Dağlıq Qarabağın şimal-şərqinə hücum erməniləri Ağdərə rayonunun bir sıra kəndlərini tərk etməyə məcbur etdi. Cənub-şərqdə, yanvarın 6-da Azərbaycan Horadiz dəmir yolunun Araz üzərindəki hissəsini geri qaytardı və şimala, Füzuliyə doğru hərəkət etdi. Nəticədə, Horadiz qəsəbəsi və Füzuli rayonunun 22 kəndi işğaldan azad edildi.
Azərbaycanın ən böyük hücumu 1994-cü ildə şimal-qərb istiqamətində də baş verib. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları nəticəsində ciddi, bərpası mümkün olmayan itkilər Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi. 1994-cü il mayın 8-də Bişkəkdə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ATƏT-in Minsk Qrupunun və Rusiyanın vasitəçiliyi ilə imzalanmış və 1994-cü il mayın 12-də qüvvəyə minmiş atəşkəs sazişi münaqişənin reallığını əks etdirirdi.
Keçmişin Bismark, Morgentau, lord Palmerston kimi diplomatik korifeylərinin həsəd aparacağı Heydər Əliyevin beynəlxalq aləmdə incə, strateji əsaslandırılmış və taktiki cəhətdən düzgün addımları BMT Təhlükəsizlik Şurasında Qarabağ torpaqlarının zəbtini pisləyən dörd qətnamənin qəbul edilməsinə töhfə verdi ki, bunlar işğal altında olan ərazilərin Ermənistan tərəfindən qeyd-şərtsiz işğaldan azad edilməsinə çağırır. 1994-cü ildə İslam Konfransı Təşkilatının sammitində Ermənistanın işğalçı ölkə kimi tanınması ilə bağlı qətnamənin qəbul edilməsinə məhz Heydər Əliyevin nüfuzu təsir etdi.
Ümummilli lider Heydər Əliyev sosial-iqtisadi bazanın möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi üçün dövlətin kursunu işləyib hazırladı, çünki Azərbaycanın dövlət-ərazi kompleksinin bərpası, beynəlxalq nüfuzunun yüksəldilməsi yalnız ölkənin qüdrətli sənaye dövlətinə çevrilməsi ilə mümkün oldu. Bu perspektivdə investisiya prosesləri və ən qabaqcıl dünya texnologiyalarından istifadə üçün əlverişli şəraitin yaradılması çox vacib idi.
Ölkə iqtisadiyyatına, ilk növbədə, respublikanın neft sənayesinə investisiyaların cəlb edilməsi prioritet vəzifə idi ki, onun həlli əsasən Qərbin texnoloji cəhətdən inkişaf etmiş ölkələrində cəmləşmişdi.
Heç kimə sirr deyil ki, Xəzərin Azərbaycan sahilləri zəngin karbohidrogen ehtiyatlarına malikdir. 6 avqust 1997-ci il tarixli “New York Times” qeyd edirdi ki, Xəzərin sənaye və ya karbohidrogen ehtiyatları 200 milyard barel neftdən, o cümlədən hazırkı qiymətlərlə 4 trilyon ABŞ dolları dəyərində qiymətləndirilən analoji qaz ehtiyatlarından ibarətdir. Bəzi rus geoloqlarının proqnozlarına görə, Xəzər hövzəsində neft ehtiyatlarının ümumi həcmi 7 milyard ton (təxminən 50 milyard barel) təşkil edir.
Bu hal digər geosiyasi və geoiqtisadi amillərlə birlikdə dünyanın iri nəqliyyat-energetika korporasiyaları tərəfindən ölkəmizə ciddi diqqət cəlb etmiş, ondan Heydər Əliyev tərəfindən respublikada sosial-iqtisadi sabitliyin təmin edilməsi və onun qüdrətli dövlətinin formalaşması maraqlarında, yanacaq və sənaye bazası üçün istifadə edilmişdir. O, neft və qaz ehtiyatlarında maraqlı olan, respublikanın iqtisadiyyatına sərmayə yatırmaq istəyən, dənizin dərin qatlarında neft və qaz hasilatı üçün qabaqcıl texnologiyalara malik olan hər bir dövlətlə əməkdaşlıq etmək arzusunda olduğunu birmənalı şəkildə bəyan etdi.
1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan2 sarayında “Əsrin müqaviləsi” adlı ilk transmilli müqavilə imzalandı. “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsinə dair ilk sazişin imzalanması Azərbaycanın neft sənayesi tarixində yeni dövrün başlanğıcı oldu. Bu tarixi sənədin imzalanma mərasimində 7 ölkədən 11 neft şirkəti təmsil olunub. Müqaviləyə əsasən, dünyanın ABŞ, Rusiya, Fransa, Türkiyə, Böyük Britaniya, Norveç kimi dövlətlərinə məxsus aparıcı şirkətlər 10 milyard ABŞ dolları məbləğində müştərək vəsait yatıraraq, Xəzərin Azərbaycan sektorunda 30 il ərzində 50 milyard dollarlıq 511 milyon ton neft hasil etməyi hədəfləyiblər.
Azərbaycan adambaşına düşən xarici sərmayənin həcminə görə keçmiş Sovet İttifaqı respublikaları arasında birinci yeri tutur və bu göstəriciyə görə Şərqi Avropanın bir çox ölkələrini qabaqlayır. Azərbaycan Respublikasının həyata keçirdiyi yeni neft strategiyasının və enerji təhlükəsizliyi siyasətinin uğurla həyata keçirilməsi ilə ölkənin beynəlxalq nüfuzu ardıcıl olaraq yüksəlməyə başladı.
1997-ci il noyabrın 12-də Bakıda “Əsrin müqaviləsi” çərçivəsində hasil edilən ilkin Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə dünya bazarlarına nəqli münasibətilə təntənəli tədbir keçirildi. Bu hal müstəqil Azərbaycan Respublikasının neft siyasətinin qələbəsini simvolizə edirdi. Bakı-Novorossiysk boru kəmərinin işə salınması Rusiya-Azərbaycan münasibətlərinə müsbət təsir göstərmiş, iki ölkə arasında ənənəvi dostluq və əməkdaşlığın daha da inkişafını stimullaşdırmışdır, çünki o, Azərbaycan neftindən gəlir əldə etməklə Rusiyanın geoiqtisadi maraqlarını qismən təmin edirdi.
1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Türkiyə Respublikasının Prezidenti Süleyman Dəmirəl “Xam neftin Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vüsitəsilə Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası ərazisindən daşınması haqqında” Saziş imzaladılar. Həmin gün, eyni zamanda, “Şahdəniz” yatağından hasil edilən təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Türkiyəyə nəqli üçün qaz kəmərinin çəkilməsi barədə qərar qəbul edilib. Bu layihənin həyata keçirilməsi, bir tərəfdən, Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafına, regional təhlükəsizliyin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin və dünya birliyinə hərtərəfli inteqrasiyanın möhkəmlənməsinə töhfə verirsə, digər tərəfdən, geosiyasi mövqelərin möhkəmlənməsinə səbəb olmuş, hər iki ölkəni regionda və dünyada enerji, nəqliyyat-kommunikasiya və digər transmilli sahələrdə Avropanın mühüm tərəfdaşlarına çevirdi.
Türkiyə ilə geosiyasi, geoiqtisadi və hərbi-geostrateji əlaqələrin tədricən möhkəmlənməsi Prezident Heydər Əliyevə hələ 1999-cu ilin noyabrında ATƏT-in İstanbul Zirvə toplantısında Cənubi Qafqazda Türkiyənin iştirakı ilə “Qafqaz paktı” adlı regional dünya platformasının yaradılması ideyası ilə çıxış etməyə imkan verdi.
Ümummilli lider Heydər Əliyev dühası tarixi İpək Yolunun bərpası təşəbbüsü ilə çıxış edərək, bu transmilli layihəyə 32 dövləti və 13 beynəlxalq təşkilatı cəlb edib. Bu dövlətlərdən 9-u 1998-ci il sentyabrın 7-8-də Heydər Əliyevin rəhbərliyi ilə Bakıda keçirilən konfransda iştirak etmişdir. Avropa İttifaqının TRASEKA proqramı əsasında “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üçün Beynəlxalq Nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş” imzalanmış və Bakı Bəyannaməsi qəbul edilmişdir. Eyni zamanda, TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakıda yerləşdirilməsi haqqında qərar qəbul edilmiş və 2001-ci il fevralın 21-də onun açılışı olmuşdur. Bu, Azərbaycanın tarixi marşrutun əsas trayektoriyalarının əsaslandırılmasında böyük töhfəsi idi. Ümumiyyətlə, 1997-2002-ci illər ərzində sənaye məhsullarının istehsalı 23,6 faiz, yəni ildə təqribən 3,6 faiz artmışdır.
İdxal-ixrac əməliyyatlarının beynəlxalq ticarət və hüquq normalarına uyğun aparılması istiqamətində səmərəli tədbirlər nəticəsində ölkəmizin beynəlxalq əlaqələri ildən-ilə genişlənmiş, möhkəmlənmiş və inkişaf etmişdir. Əgər 1993-cü ildə 60 ölkə ilə ticarət əlaqələri qurulmuşdusa, 2002-ci ildə bu əlaqələrin coğrafiyası genişlənmiş, 128 ölkə ilə idxal-ixrac əməliyyatları həyata keçirilmişdir. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin qurulması üçün möhkəm maddi-texniki baza formalaşdırdı ki, buna Heydər Əliyev tərəfindən diqqət bir saniyə belə səngimədi. Ordunun maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq daha keyfiyyətli xarakter alıb, hərbi intizam xeyli möhkəmləndirilib, birlik və bölmələrin şəxsi heyətinin ahəngdarlığı qaydaya salınıb, tibbi təminatı və maliyyə-təsərrüfat fəaliyyəti qaydaya salınmışdı.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri zamanı Azərbaycan ordusunun hərbi qulluqçularının hərbi borcunu yerinə yetirməsi onların Vətən qarşısında məsuliyyət hissini, hərbi anda sədaqətini bir daha təsdiqlədi. Bu, hərbi hissələrin cinayətkar mafioz qrupları təşkil edən şəxslərdən təmizlənməsinə töhfə verdi.
Heydər Əliyevin böyük səyləri nəticəsində tələbələrin tədrisinin ən qabaqcıl üsullarını mənimsəmiş, hərbi təhsil müəssisələrinin dünya standartlarına cavab verən ən qabaqcıl maddi-texniki baza ilə təchiz edilmiş hərbi təhsil müəssisələri yaradıldı.
Azərbaycan Respublikasında hərbi təhsil sisteminin inkişafında kulminasiya nöqtəsi Hərbi Akademiyanın yaradılması haqqında Prezident Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli fərmanı oldu.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə cəmi iki ildə Azərbaycan dövlətinin hərtərəfli dinamik inkişafı 1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi zərurətini gündəliyə gətirdi. Müasir dünya inkişafının dahi şəxsiyyəti Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış bu sənəd Azərbaycan dövlətlərinin bütün mövcudluğu tarixində Azərbaycan qanun yaradıcılığının qiymətli incisi idi!
Yeni Konstitusiya dünyəvi respublika dövlət quruluşuna, demokratik rejimə, hüquqi alilik prinsipləri ilə hopmuş unitar idarəetmə formasına malik modelin mükəmməl qanunvericilik heykəlini təcəssüm etdirdi.
Məhz Heydər Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sistemini bəşər sivilizasiyası tarixinin fundamental sənədlərinə - 1789-cu il Fransanın İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinə, Amerikanın “İnsan və Vətəndaş Hüquqları Bəyannaməsinə”, 1948-ci il “İnsanın hüquq və vəzifələri”, 1948-ci il BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” və s. əsaslanaraq təmin etmişdir.
Konstitusiya Azərbaycanın konstitusiya quruluşunun mühüm əsası kimi demokratiyanı elan edir, Azərbaycan xalqını Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi elan edir, onun öz müqəddəratını azad və müstəqil şəkildə təyin etməsini, dövlət idarəçiliyi formasının yaradılmasını Azərbaycan xalqının suveren hüququ kimi təmin edir.
Heydər Əliyevin Vətən tarixində qoyub getdiyi şəxsiyyətin böyüklüyü və irsinin silinməzliyi onun şanlı varisi, görkəmli beynəlxalq miqyaslı dövlət xadimi olan Prezident İlham Əliyevin sarsılmaz Azərbaycan dövlətçiliyinin əzəmətli memarlığını qurması, yeni Azərbaycan üçün sarsılmaz bünövrənin yaradılması şəklində təcəssüm etdi.
Müasir dünya tarixinin böyük dövlət xadiminin layiqli davamçısı, əsrarəngiz atasının sədaqətli oğlu İlham Əliyev əzəli Azərbaycan torpaqları olan Qarabağın nəhayət Vətənə qaytarılması ilə bağlı Heydər Əliyevin bütün plan və istəklərini həyata keçirdi və bu gün o, hər mənada qüdrətli oğlu ilə fəxr edə bilərdi.
İlham Əliyev müasir Azərbaycan dövlətinin qurucu atası tərəfindən müəyyən edilmiş ölkənin milli-dövlət inkişafının vektorlarını genişləndirdi və dərinləşdirdi. O, təməlində Heydər Əliyev tərəfindən qoyulmuş qüdrətli bünövrəyə arxalanaraq, ölkə iqtisadiyyatının kəskin yüksəlişini təmin etdi. 2004-cü ildə İlham Əliyev tərəfindən “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya (2005-2025-ci illər)” təsdiq edilmişdir. Onun rəhbərliyi altında beş fundamental istiqamət üzrə iqtisadi inkişafın strateji sxemləri hazırlanır. İlham Əliyevin sosial-iqtisadi tərəqqi sahəsində bu və bir çox digər fəaliyyəti ölkənin fenomenal yolunu və onun 2003-cü ildən bu günə kimi iqtisadi tərəqqidə analoqu olmayan misilsiz tərəqqiyə nail olmasını müəyyən etdi. Dünyanın heç bir ölkəsində iqtisadiyyat bu qədər qısa müddətdə üç dəfə artmayıb - bu, görünməmiş bir rəqəmdir! Prezidentin mütərəqqi sosial siyasəti sayəsində ölkədə yoxsulluğun səviyyəsi rekord həddə - 50%-dən 5%-ə endirilib.
Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üzrə qlobal rəqabətqabiliyyətlilik hesabatına əsasən, Azərbaycan dünyanın 50 ən rəqabətli iqtisadiyyatı qrupuna daxil olub və MDB ölkələri arasında liderliyini qoruyub saxlayıb. BMT-nin İnsan İnkişafı Hesabatına uyğun olaraq, Azərbaycan İnsan İnkişafı İndeksinə görə insan inkişafının yüksək səviyyədə olduğu qrupa daxil edilib. Azərbaycan xalqının 44 günlük Vətən Müharibəsində Qələbəsi Prezident İlham Əliyev üçün asan olmadı! Lakin onun qələbəsində ən həlledici amillərdən biri Azərbaycan xalqının öz Prezidentinin ətrafında görünməmiş yüksək səviyyədə birliyi oldu.
Məhz İlham Əliyevin fəaliyyəti və ordunun ehtiyaclarına daim diqqət yetirməsi yüzlərlə, minlərlə Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı üçün ilham mənbəyi olmuşdur. Hər bir azərbaycanlı üçün müqəddəs döyüşün hər hansı diplomatik, hərbi-texniki çətinliklərə baxmayaraq, məqsədyönlü iş nəticəsində Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin şəxsi heyətinin texniki-taktiki və mənəvi-psixoloji hazırlığının ən yüksək səviyyəsinə nail olmuşdur. Bu qələbəsi yalnız “Bayraktar” pilotsuz uçan aparatlarının və digər ən qabaqcıl hərbi texnikanın texniki xüsusiyyətlərinə görə qazanıldığını söyləmək isə absurd və gülüncdür.
Bunu Prezident İlham Əliyevin özü də 25 iyul 2020-ci il tarixində Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında çıxışında deyib: “Son illər ordumuzun uğurlu inkişafı göz qabağındadır. Azərbaycan xalqı bunu bilir və görür. Bunu dünya ordularının reytinqini təşkil edən nüfuzlu strukturlar da qeyd edir. Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Biz buna yorulmaz fəaliyyət nəticəsində nail olmuşuq. Çünki mənim prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir”.
Bütün bu amillərin birləşməsi işğalçı qüvvələr üzərində tam və qeyd-şərtsiz qələbəni və Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etdi.
1993-cü il iyunun 15-də ölkəni xaos və ölüm uçurumundan çıxaran Ulu Öndər Heydər Əliyevin qüdrətli ruhunun xeyir-duası azərbaycanlıların indiki və gələcək nəsillərinin şüurunu və ruhunu daima işıqlandıracaq, onları Vətənlərini daha da şöhrətləndirməyə ruhlandıracaqdır. Onun “Mənim həyatım da, fəaliyyətim də sırf Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaq” ürək sözlərini milyonlarla minnətdar həmvətənimizin əsrlər boyu yaddaşında bir nəqərat kimi səslənəcək.
Bu kontekstdə görkəmli Danimarka ədəbiyyatşünası, publisist Georq Brandesin aforizmi bu gün də öz aktuallığını saxlayır: “Böyük insan heç vaxt artıq mövcud olan sivilizasiyanın nəticəsi deyil. O, yeni sivilizasiya vəziyyətinin mənbəyi və başlanğıcıdır”. Bununla razılaşmamaq çətindir, çünki həqiqətən də Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev öz Vətənini xilas etməklə, faktiki olaraq belə qüdrətli və daim təkmilləşən Azərbaycan dövlətçiliyini qurmaqla onun yeni sivilizasiya vəziyyətinin tükənməz mənbəyinə çevrilmişdir.
Sabir Məmmədov Bolqarıstan film festivalında “Ən yaxşı rola görə” qızıl heykəlcik alıb
Azərbaycanın xalq artisti Sabir Məmmədov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Golden FEMİ Film Festival" adlanan Beynəlxalq film festivalının "tammetrajlı bədii filmdə ən yaxşı rola görə" nominasiyasında qızıl heykəlciyə layiq görülüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Sabir Məmmədova istinadən məlumat verir.
Ümumilikdə festivala dünyanın 500 ölkəsindən 63-dən çox sifariş göndərilib. Golden FEMİ - təşkilatçıları tərəfindən incəsənət, elm, memarlıq, dizayn, müasir texnologiyalar, ekoloji sahə və müasir insanın həyatının digər aktual təcrübələri arasında qarşılıqlı əlaqələri əks etdirən qeyri-nümunəvi filmlərin və vizual əsərlərin üzə çıxarılmasına yönəlmiş innovasiya tədbiri kimi elan edilib. Festivalın təşkilatçıları gender bərabərliyi və sosial ədalət, ictimai dialoqun yaradılması, kinematoqrafın və audiovizual incəsənətin müxtəlif ictimai qruplar üçün əlçatanlığı və demokratikliyi şəraitinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirirlər.
Sabir Məmmədova uğur gətirən film isə “Edam günü” filmi olub.
“Çox təəssüf ki, biz iş qrafikinə görə mükafatlandırma mərasimində iştirak edə bilməmişik. Fəaliyyətimizi yüksək qiymətləndirdiyinə, sevimli aktyorumuz Sabir Məmmədovu mükafatla təltif etdiyinə görə təşkilatçılara səmimi təşəkkürümüzü bildiririk", - deyə filmin rejissoru Cəlaləddin Qasımov “Trend” agentliyinə açıqlamasında qeyd edib.
1 saat 37 dəqiqəlik “Edam günü" filmi Cəlaləddin Qasımovun öz tarixi-detektiv romanı əsasında çəkdiyi və real hadisələrə əsaslanan filmidir. Əsərdə filmin rejissoru polisdə 18 illik iş təcrübəsinə malik qəhrəmanın (Sabir Məmmədov canlandırır) obrazını təqdim edib, keçmiş məhbusların və Sovet dövründə Bayıl həbsxanasının əməkdaşlarının xatirələrindən istifadə etməklə maraqlı süjet xətti qurub. Psixoloji triller SSRİ-nin son illərində baş verən başgicəlləndirici hadisələrdən bəhs edir, kamerada məhkumun həyatındakı həyəcanlı anları nümayiş etdirir, baş verən ziddiyyətlər kontekstində qəhrəmanların xarakterik xüsusiyyətlərini açır.
Film 2016-2018-ci illərdə lentə alınıb. Qeyd etdiyimiz kimi, quruluşçu rejissoru və ssenari müəllifi, üstəlik də Baş prodüseri Cəlaləddin Qasımov olan və baş rolda Sabir Məmmədov çəkilən filmdə rejissor Elşən Heydərov, quruluşçu operator Mehdi Yaqubov da yer almışlar. Montajcı Elnur Tarverdiyevdir. Rollarda həmçinin
Rövşən Kərimduxt, Məmməd Əliyev, Nazim Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və başqaları çəkiliblər.
Kinomuz adına bir uğurdur, yaradıcı heyəti təbrik edirik.
Şəkildə: Filmdən fraqment
Qurtuluş Gününə həsr olunmuş “Qələbənin imza günü” adlı fotosərgi açılıb
“Space” televiziyasında Qurtuluş Gününə həsr olunmuş “Qələbənin imza günü” adlı fotosərgi açılıb. AzərTAC xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Space” televiziyasının rəhbəri Müşfiq Hətəmov bildirib ki, ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan dövlətçiliyində və tarixində yeni bir dövr başlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda millət və dövlət quruculuğuna verdiyi misilsiz töhfələr onun fəaliyyətinin ana xətlərini təşkil edirdi.
O, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq, ölkəmizdə siyasi sabitliyin yaranmasının, azərbaycançılıq ideologiyasının yaranmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının Ulu Öndərin adı ilə bağlı olduğunu deyib.
Görkəmli dövlət xadimi Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən natiq Ümummilli Liderin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.
Sərgi ilə bağlı məlumat verən M.Hətəmov deyib: “Bu sərgini təşkil etməkdə əsas məqsədimiz əsgər və zabitlərimizin, qazi və şəhidlərimizin qəhrəmanlıqlarını daim yüksəkdə tutmaq və hər zaman gənc nəsillərə ötürməkdir. Hər yazı bir tarixdir. Bu şanlı tarixə şahid olmaq üçün isə bizə 30 il zaman gərək oldu. 30 ildən sonra Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun, həmçinin bu sərgidə imzası olan şəhidlərimizin, qazilərimizin iştirakı ilə qələbəmizi təmin etdik. Bu gün Qurtuluş Gününə həsr olunmuş bu sərgi qalib xalqın, qalib ordunun sərgisidir. Yeri gəlmişkən ilk dəfədir ki, Qurtuluş Gününü Ali Baş Komandanımız İlham Əliyevin apardığı qətiyyətli mübarizə nəticəsində işğalsız Azərbaycanda keçiririk. Hər birimiz hər zaman Qurtuluş Günündə özümüzə hesabat verməli, birliyimizi qorumalıyıq. Bugünkü tədbirimizin qayəsində məhz bu amil dayanır. Ali Baş Komandanımız başda olmaqla ordumuzun əldə etdiyi bu qələbənin hər məqamını unutmamalıyıq”.
Sonra Aprel döyüşlərinin şəhidi Raqıf Orucovun həyat yoldaşı, “Zəfər şəhid ailələrinə dəstək” İctimai Birliyinin sədri Sevinc Alızadə Qarabağda Azərbaycan bayrağının dalğalanmasının qürurverici və sevindirici olduğunu söyləyərək belə tədbirlərin torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin gələcək nəsillərə tanıdılmasında böyük rol oynadığını söyləyib.
Azərbaycanda şəhid ailələrinə və qazilərə çox böyük diqqət və qayğı göstərildiyini vurğulayan Milli Məclisin deputatı Arzu Nağıyev bu istiqamətdə işlərin davamlı olaraq həyata keçirildiyini bildirib.
“Bugünkü sərginin keçirilməsi çox təqdirəlayiqdir və məqsəd qəhrəman şəhidlərimizin, qazilərimizin Qarabağımızda yazdıqları yazıları tarixləşdirməkdir”, -deyə Milli Məclisin deputatı vurğulayıb.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan tədbirin önəmindən danışaraq şəhidlərimizin ruhuna rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb.
Xalq artisti Mənsum İbrahimov Qarabağımızın azad olmasının qürurverici bir hiss olduğunu vurğulayıb. O bildirib ki, artıq bu gün Qarabağda silah səsi yox, muğam səsi eşidilir.
İkinci Qarabağ müharibəsinin iştirakçıları da tədbirdə böyük təəssüratlarını bölüşüb, döyüş yoldaşlarının mübarizliyini əks etdirən belə tədbirlərin təşkilini yüksək qiymətləndiriblər.
Sonda şəhid və qazilərin yazılarından ibarət fotosərgiyə baxış keçirilib. Sərgidə Suqovuşanın, Şuşanın azad olunması zamanı şəhid döyüşçülərimizin, qazilərimizin savaş dövründə divarlara əks etdirdikləri yazıların, avtoqrafların fotoları nümayiş etdirilib.
Dünyanın ən iri incəsənət yarmarkası olan Art-Bazelin açılışı oldu
İnvestorlar pullarını iqtisadiyyata yox, mədəniyyətə yönəldə bilərlər
İsveçrədə ən iri müasir incəsənət yarmarkası - Art-Bazel təntənəli sürətdə açıldı. Bu sərgidə dünyanın qırx ölkəsindən 289 qalereya iştirak edir. Əgər iki il əvvəl yarmarka bütünlüklə onlayn rejimdə keçirilirdisə, keçən il ümumiyyətlə təxirə salınmışdısa, bu il sərgi pandemiyayaqdərki dövrdəki vüsətlə açılıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.
Maraqlı bir tendensiya: 2020-ci ildə incəsənət əsərlərinin satışı 22% aşağı düşmüşdür. 2021-ci ildə onlar yenidən 29% qalxmışdır, mütləq dəyərlərdə bu 65 milyard dollardan da çox artım deməkdir.
Bu il yarmarkanın təşkilatçıları düşən fond bazarının və artan inflyasiyanın fonunda investorların kapital qoyuluşunun təhlükəsiz bir yolu kimi incəsənəti nəzərdən keçirəcəklərinə ümid edirlər.
"Fond bazarında fəal fəaliyyət göstərən insanlar incəsənət əsərlərinin satın alınmasına inanın ki, ehtiyac duyurlar, - SFA Advisory şirkətinin təsisçisi və rəhbəri Liza Şiff bunu əminliklə söyləyir. - Səhmlər ucuzdur, investisiya üçün indi onları satmaq istəmirlər. Lakin inflyasiya haqqında daimi söhbətlər olsa belə, həqiqətən inflyasiya rəqəmi artsa belə art məhsulların satışında düşüş görünmür. Mənim fikrimcə, qloballaşma elə böyük incəsənət toplayıcıları bazarı yaradıb ki, hətta kimsə təmkin göstərsə belə, başqaları bu bazarda fəallıqla at çapırlar".
Bəli, hazırkı kataklizmlər - siyasi təbəllüatlar və iqtisadi tənəzzüllər dövründə qızıla, platinə, misə, neftə birjada pul qoymaqdansa incəsənət şedevrlərinə pul qoymaq daha ağlabatan görünür.
Sonda onu da deyək ki, Bazeldə ilk iki gün ərzində yarmarkaya yalnız peşəkar kolleksionerlər buraxılırsa da, iyunun 16-dan 19-dək bütün sənətsevərlər üçün qapılar açıq olacaq.
Şəkildə: Art-Bazel-dən bir görüntü. Folkert de Yonqun “Atəş” heykəltəraşlıq qrupu.
Günün fotosu: Arnold Şvartsenegger Rusiyanı boykota çağırıb
Günün fotosu: Arnold Şvartsenegger Rusiyanı boykota çağırıb
Dünyaşöhrətli aktyor Arnold Şvartsenegger dünya ölkələrini mümkün qədər tez Rusiyadan yanacaq resursları almaqdan imtina etməyə çağırıb. O, bu resursların həm də iqlim üçün təhkükə törətdiyinə diqqət çəkib, alternativ enerji daşıyıcılarına keçidi vacib sayıb.
Amerikalı aktyor və siyasətçi bu çıxışını Vyanada keçirilən iqlim Sammitində edib — bu tədbir onun təşəbbüsü ilə artıq bir neçə ildir keçirilir.
Foto: Euronews
“Ayrılığı bu qədər amansız bilməzdim mən” – Aypara Ayxanı SilkWay finalına daşıyan şeirlər
Böyük rezonans yaratmış SilkWay Ədəbiyyat Festivalının daha bir finalçısı Aypara Ayxandır. Aypara Ayxan - Mehmanova Aypara Murtuza qızı Sumqayıt şəhərində doğulub, 37 yaşı var. Həm gözəl rəssamdır, həm də gözəl şeirlər müəllifidir. İndiyədək "Mutasiya" adlı şeirlər kitabının işıq üzü görməsinə sevinməyə macal tapıb.
“Ədəbiyyat və incəsənət” portalı Aypara Ayxanı finala daşıyan şeirləri oxucularına təqdim edir.
AYRILIĞIN TƏRİFİ
Yenə asi ürəyim savaş açıb qədərə,
Tanrı məni əfv etsin, yenə üzünə ağam.
Gecəylə, gündüzlə də ulduzumuz barışmır
Yenə zamanla düşmən, yenə qanlı bıçağam.
Görən nə qədər keçib ayrılığın üstündən
İflic olub divarda saatın əqrəbləri.
Bayaq qınadı məni masamda kağız-qələm,
Bir də məzəmmət ilə süzdü yuxu həbləri.
Durub şəhərə çıxdım, fikrim dağılsın deyə,
Neçə yolu, cığırı bir-birinə caladım.
Saymadım neçə dəfə xatirənə ilişdim,
Neçə dəfə adını ard-arda təkrarladım.
Düyünlər boğazıma yığıldı qalaq-qalaq,
Toplayıb ordusunu qəhər üstümə gəldi.
Maşınlar, avtobuslar, piyada keçidləri
Mağazalar, binalar, şəhər üstümə gəldi.
Bilmədim bu nisgildən harda qaçıb gizlənim
Haranın daşın salım ürəyimin başına.
Ayrılığı bu qədər amansız bilməzdim mən
Qəfil tutulmasaydım sənsizlik yağışına
Hər gün dodaqlarımda sükutun cazibəsi,
Gözlərim üfüqlərdə dolanır veyil-veyil.
Bu darıxmaq başqadı, bu həsrət tamam başqa
Bu ağrının tərifi bildiyin kimi deyil...
NEYTRAL ZONA
Sevinclərimə ortaq,
hüznlərimə tən bilmişdim səni...
Ürəyim ürəyinə baş qoyandan
Vətən bilmişdim səni...
Sən demə
güvəndiyim dağın başı büsbütün qarmış,
Sən demə
qədərdə Vətəndə qürbətçi olmaq da varmış...
Sahib çıxmaq istəmədiyin ürəyə daha
Bədəl ödətdirirsən bahadan baha...
Gündüzu zərrə-zərrə udan nəhəng şər kimi
Bu laqeydlik hər gün bizi yeyir, bitirir.
Neytral zonada qalmış yaralı əsgər kimi
İndi mənim hislərim durmadan qan itirir.
Saniyə-saniyə soyuyuram, biləsən,
Döyüntü-döyüntü buza dönür ürəyimin əli-ayağı
Amma qorxma,
son nəfəsində belə sənə "Vətən" deyəcək
Deyəcək ki, baxıb sevinməsin yağı...
TAPMACA ADAM
Yeni kəşf edilmiş planeti öyrənmək qədər müşküldür səni tanımaq
Qürurdan hördüyün Çin səddi arxasında gizlənən tapmaca adam.
Nə sevdiyin bəlli, nə sevmədiyin
Yorulmuşam sənin gizlənqaç oyununda yuman tərəf olmaqdan.
Həyatımda bir varsan, bir yoxsan,
Bir çoxsan, bir azsan,
Qısacası Kvant nəzəriyyəsi qədər çətin və anlaşılmazsan.
Get-gəllərindən yollar da əzbərləyib addımlarını,
Aristokratlığını itirib əlvidaların.
Salamların hər dəfə xəcalət təri tökur dilinin ucunda.
İndi savaş meydanını xatırladır
sualların hücumuna məruz qalmış beynim.
“Sevir sevmir”lərimlə bezdirdiyim çobanyastıqları
qürur dərsi keçir mənə
Çox dəfə ürəyini bəlkə oxuya bildim
ümidiylə gozlərimi gözlərinə dikirəm
Axı mən xəstəyəm
Həkim demişdi sən çatışmazlığından çox ciddi əziyyət çəkirəm.
Hər dəfə balıq səssizliyi ilə susursan,
Hər dəfə lal baxır gözlərin.
Barı qolların danışsın arada,
Barı onlar itirməsin danışmaq vərdişini,
Bərk-bərk sıxsınlar məni köksünə
Bəlkə heç sabah olmadım.
Düz demirəm, nə bilmək olar axı həyatın işini?
MUTASİYA
Deməliyəm ki, heç nə bir anda yaranmır
amma hər şey bir anda məhv ola bilir.
Dünya özü də yeddi gündə yarandı,
Qiyamət özü də bir anda qopacaq
Və o gün
bütun yaxşıları yaxşılar,
bütün pisləri pislər tapacaq.
Səninsə Qiyamətin mənim ürəyimdə qopdu
Dünyamın mərkəzi deyilsən daha.
Ətrafında dönmür artıq kainat.
İndi ən böyük qazancımdır yarısından döndüyüm ziyan
Demişdim axı çox da özunə güvənmə
Bax, süqut etdi illərlə qəlbimdə qurduğun imperiyan,
Sultanı oldugun taxtın da devrildi...
Sayəndə DNT-si də dəyişdi duyğularımın
Sevgim mutasiyaya ugrayaraq nifrətə çevrildi.
GETDİN
Getdin, ruhuma əsdi yenə soyuq küləklər,
Heç nəyə yaramayan quruca nəfəs oldum.
Getdin, intihar etdi qəmzəmdə kəpənəklər
Ve getdin, içimdəki quşlara qəfəs oldum.
Yenə qəlbim soyundu xoşbəxtlik libasını.
Saatlar yavaşıdı, zaman sanki süst oldu
Duyunca ayrılığın sarsıdan təmasını
Dünyam çıxdı oxundan, həyatım alt-üst oldu
Yenə gözlənilmədən yoxluğuna uğradım
Və alnımda qırışlar günbəgün cərgə saldı
Yenə barmaq ucumdan saçımacan ağrıdım
Ve yenə gözlərimdə kədər düşərgə saldı.
Indi ömrümdə yoxsan, bitsə də sənli anlar
Xatirələr hələ də təzədirlər, tərdirlər.
Nə xoşbəxtdirlər indi səni görən insanlar
Çiynindəki mələklər necə bəxtəvərdilər.
Kinematoqrafçılar İttifaqı xəbərdarlıq etdi: Rasim Balayevin nüfuzuna xələl gətirmək olmaz!
“Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlirik”.
Bu barədə APA agentliyinə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib.
Qeyd edilib ki, Xalq artisti Rasim Balayevin sədr seçilməyinin illərdir, kinomuzun maraqlarına zərər verən şəxslər tərəfindən qısqanclıqla qarşılanması başadüşüləndir: “Başqa tərəfdən isə, bildirmək istəyirik ki, bu kimi əsassız çıxışlar boşa açılan güllələrdir, hədərdir və o çıxışlar kinematoqrafımızın inkişafına heç bir xeyir gətirməyəcək. Gələn il yaranmasının 60 illiyini qeyd edəcək AKİ üzvü olub-olmamasından asılı olmayaraq, bütün həmkarlarımıza hörmətlə yanaşır”.
Məlumatda AKİ sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirmək olduğu diqqətə çatdırılıb.
“Bir daha xəbərdarlıq edirik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun və 31 may tarixində ittifaqın konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxış olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq”, - məlumatda vurğulanıb.
Prezidentin bir gündə Tofiq Mirzəyevlə bağlı iki sərəncamı olub
T.İ.Mirzəyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2022-ci il
T.İ.Mirzəyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə Tofiq İbrahim oğlu Mirzəyev “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2022-ci il
Bu gün Milli Qurtuluş Günüdür
Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “15 İyun – Milli Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış edərək bildirib ki, Azərbaycan üçün çox tarixi əhəmiyyətli bir gün – Milli Qurtuluş Günüdür. Direktor qeyd edib ki, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi də belə tarixi günlərdən ən önəmlisidir. Belə ki, həmin dönəmdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı böyük bəladan – parçalanma təhlükəsindən qurtarmışdır. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etdi, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrildi.
Direktor qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini, onun həyat məktəbini keçmiş bir şəxsiyyəti hörmətli Prezidentimiz İlham Əliyevi özündən sonra xalqına rəhbərlik etmək üçün tövsiyə etməsi olmuşdur. Və bizim şahidi olduğumuz tarix bunu bir daha sübut etdi ki, Ulu Öndər öz seçimində yanılmayıb və cənab Prezidentimiz Azərbaycanı böyük uğurlara çatdırıb və 44 günlük Vətən müharibəsi isə bu uğurun zirvəsi hesab oluna bilər. Çıxışının sonunda K.Tahirov vurğulayıb ki, müstəqil Azərbaycan dövləti durduqca Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç vaxt unudulmayacaqdır.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək ilk öncə Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edib. O, bildirib ki, Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olub. Biz Ulu Öndərimizin Azərbaycan xalqı, ölkəmiz üçün gördüyü xidmətləri sadalamaqla bitirə bilmərik. Ümummilli liderimizin ən böyük xidmətlərindən biri də cənab Prezidentimiz İlham Əliyevi Azərbaycan xalqına ərməğan etməsi olmuşdur. Və bu gün Azərbaycan cənab Prezidentimizin rəhbərliyi altında müstəqil dövlət kimi dünyada tanınır. A.Marifli çıxışının sonunda qeyd edib ki, Azərbaycan xalqı çox şanslı xalqdır, ona görə ki, onun Heydər Əliyev kimi bir Ümummilli lideri və İlham Əliyev kimi cənab Prezidenti var.
Tədbir zamanı “15 İyun – Milli Qurtuluş Günü” (http://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html) adlı virtual sərgi iştirakçılara təqdim olunub.
Sonda iştirakçılar “15 İyun – Milli Qurtuluş Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə Azərbaycan tarixini, eləcə də Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş olunub.