Azərbaycanın xalq artisti Sabir Məmmədov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən "Golden FEMİ Film Festival" adlanan Beynəlxalq film festivalının "tammetrajlı bədii filmdə ən yaxşı rola görə" nominasiyasında qızıl heykəlciyə layiq görülüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Sabir Məmmədova istinadən məlumat verir.
Ümumilikdə festivala dünyanın 500 ölkəsindən 63-dən çox sifariş göndərilib. Golden FEMİ - təşkilatçıları tərəfindən incəsənət, elm, memarlıq, dizayn, müasir texnologiyalar, ekoloji sahə və müasir insanın həyatının digər aktual təcrübələri arasında qarşılıqlı əlaqələri əks etdirən qeyri-nümunəvi filmlərin və vizual əsərlərin üzə çıxarılmasına yönəlmiş innovasiya tədbiri kimi elan edilib. Festivalın təşkilatçıları gender bərabərliyi və sosial ədalət, ictimai dialoqun yaradılması, kinematoqrafın və audiovizual incəsənətin müxtəlif ictimai qruplar üçün əlçatanlığı və demokratikliyi şəraitinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetirirlər.
Sabir Məmmədova uğur gətirən film isə “Edam günü” filmi olub.
“Çox təəssüf ki, biz iş qrafikinə görə mükafatlandırma mərasimində iştirak edə bilməmişik. Fəaliyyətimizi yüksək qiymətləndirdiyinə, sevimli aktyorumuz Sabir Məmmədovu mükafatla təltif etdiyinə görə təşkilatçılara səmimi təşəkkürümüzü bildiririk", - deyə filmin rejissoru Cəlaləddin Qasımov “Trend” agentliyinə açıqlamasında qeyd edib.
1 saat 37 dəqiqəlik “Edam günü" filmi Cəlaləddin Qasımovun öz tarixi-detektiv romanı əsasında çəkdiyi və real hadisələrə əsaslanan filmidir. Əsərdə filmin rejissoru polisdə 18 illik iş təcrübəsinə malik qəhrəmanın (Sabir Məmmədov canlandırır) obrazını təqdim edib, keçmiş məhbusların və Sovet dövründə Bayıl həbsxanasının əməkdaşlarının xatirələrindən istifadə etməklə maraqlı süjet xətti qurub. Psixoloji triller SSRİ-nin son illərində baş verən başgicəlləndirici hadisələrdən bəhs edir, kamerada məhkumun həyatındakı həyəcanlı anları nümayiş etdirir, baş verən ziddiyyətlər kontekstində qəhrəmanların xarakterik xüsusiyyətlərini açır.
Film 2016-2018-ci illərdə lentə alınıb. Qeyd etdiyimiz kimi, quruluşçu rejissoru və ssenari müəllifi, üstəlik də Baş prodüseri Cəlaləddin Qasımov olan və baş rolda Sabir Məmmədov çəkilən filmdə rejissor Elşən Heydərov, quruluşçu operator Mehdi Yaqubov da yer almışlar. Montajcı Elnur Tarverdiyevdir. Rollarda həmçinin
Rövşən Kərimduxt, Məmməd Əliyev, Nazim Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və başqaları çəkiliblər.
Kinomuz adına bir uğurdur, yaradıcı heyəti təbrik edirik.
Şəkildə: Filmdən fraqment