Super User
Ən çox oxunan: Dünya mətbuat azadlığı üçün qara gün
“Mətbuat azadlığı və Britaniya demokratiyası üçün qara gün " - Böyük Britaniya hökumətinin WikiLeaks saytının qurucusu Culian Assancın ABŞ-a verməsi faktına bu cür qiymət verib və bu adda manşet dünya mediasında ötən gün ən çox rast gəlinən olub.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Culian Assancı ABŞ dövləti casusluqda ittiham edir. Buna səbəb jurnalistin İraqla Əfqanıstandakı hərbi kampaniyalara dair məxfi sənədlərin icazəsiz dərc etdirməsi göstərilir. Böyük Britaniyada sığınacaq tapmış Assanc 175 ilədək həbs cəzası ilə təhdid edilir.
Aprel ayında Londonda jurnalistin ekstradisiyası üçün order verilmişdi, lakin yekun qərarı Daxili İşlər Nazirliyi verməli idi. İdarənin məhkəmə instansiyalarına istinadən verdiyi bəyanatda deyilir ki, ekstradisiya Assancın hüquqlarını pozmur və ədalətsiz tədbir hesab edilə bilməz.
Müdafiə tərəfi Apellyasiya vermək niyyətindədir, buna 14 gün möhlət verilib.
Amnesty International Julian Assanca qarşı ittihamlar aradan qaldırılmasını tələb edir. Qeyd edək ki, ötən il də Assancın ABŞ-a verilməsi barədə qərar çıxarılmışdı, lakin vəkillər ekstradisiya haqqında qərarı ləğv edə bilmişdilər. Amma bu il vəziyyət daha ümidsizdir. Demokratiyanın beşiyi demokratiyanı qundaqdaca boğmaqda israrlıdır.
Günün fotosu: Ukraynanın rənglərində geyinən Avrokomissiyanın sədrindən gözəl bir jest gördük
Günün fotosu: Ukraynanın rənglərində geyinən Avrokomissiyanın sədrindən gözəl bir jest gördük
Ukraynanın sarı-göy bayrağı rəngində geyinən Ursula fon der Lyayen - Avrokomissiyanın sədri dünən çıxış edərək Ukraynaya Avroittifaqa daxil olmaq üçün namizəd statusunun verilməsinin vacibliyi barədə fikir bildirib.
Şəhid Mehrab Niftəliyeva ithaf edilmiş “Cəsur ürək” kitabının təqdimatı keçirilib
Abdulla Şaiqin mənzil-muzeyində yazıçı-publisist Arzu Hacızadənin Vətən Müharibəsi Qəhrəmanı “Terminator” ləqəbli Mehrab Söhrab oğlu Niftəliyevin qəhrəmanlıq yoluna həsr olunmuş “Cəsur ürək” kitabının təqdimatı keçirilib.
Muzeydən AzərTAC-a bildirilib ki, “Şuşa İli” çərçivəsində təşkil edilən tədbirlər silsiləsinə aid olan tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğurunda candan keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə kitabın təqdimatının məhz muzeydə keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd dib. O, Abdulla Şaiq və qardaşı Yusif Ziya Talıbzadənin də türkçülük, vətənpərvərlik ideyalarını öz yaradıcılıq və həyatlarında geniş təbliğ etdiklərini, Abdulla Şaiqin yaradıcılığında vətənpərvərlik mövzusunun xüsusi yer tutduğunu, Yusif Ziya Talıbzadənin də ömrü boyu vətənin müstəqilliyi, millətin bütövlüyü uğrunda mübarizə apardığını və onun da şəhidlik zirvəsində ucaldığını vurğulayıb.
Kitabın müəllifi yazıçı-şair Arzu Hacızadə kitabın ərsəyə gəlmə səbəblərindən danışıb.
Çıxışlarda qeyd edilib ki, kitab Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, sağlığında əfsanəyə çevrilən “Terminator” ləqəbi ilə tanınan Mehrab Niftəliyevin Vətən müharibəsində Murovdağ yüksəkliyindən Şuşa qalasına kimi qəhrəmanlıq yolu keçdiyi ağır döyüş yolundan bəhs edir. O, bu döyüşlərdə düşmənin 70-ə yaxın hərbi qulluqçusunu, neçə-neçə döyüş texnikasını məhv edib.
Mehrab Niftəliyev 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Gizirlərin hazırlanması kursu”nu bitirib. 2016-cı ilin Aprel döyüşlərində də qəhrəmanlıqlar göstərib.
Mehrabın ən böyük arzusu Şuşaya Azərbaycan bayrağını sancmaq idi. Məhz elə bu arzu ilə 2020-ci il noyabrın 8-də Şuşa şəhəri ərazisində gedən hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etməsinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” , “Vətən uğrunda” və müxtəlif rayonların alınmasında göstərdiyi şücaətə görə medalları ilə təltif olunub.
Şəhidin atası Söhrab Niftəliyev oğlunun keçdiyi qəhrəmanlıq yolundan, igidlik zirvəsindən danışaraq qeyd edib ki, Mehrab hər zaman Vətəninə bağlı olub, onu ürəkdən sevib.
Sonra tarix elmləri doktoru Təranə Turan Rəhimli kitab və şəhidin keçdiyi döyüş yolu haqqında fikirlərini bölüşüb.
Tədbir bədii hissə ilə davam edib.
Bədii hissədə 58 nömrəli tam orta məktəbin şagirdləri “Cəsur ürək” əsərindən səhnəciklər göstərib, vətənpərvərlik mövzusunda müxtəlif şeirlər səsləndiriblər.
Ukrayna “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinə evsahibliyi edə bilməyəcək
Müharibə səbəbindən Ukrayna “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsini təşkil edə bilməyəcək.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar Avropa Yayım Birliyi (EBU) tərəfindən qəbul olunub.
“Ukrayna təmsilçisinin “Avroviziya”da qələbəsindən sonra EBU Ukrayna İctimai televiziya kompaniyasının müsabiqənin gələn il keçirilməsi variantlarını öyrənib. Obyektiv təhlildən sonra referent qrupu təəssüf hissi ilə belə qərara gəlib ki, mövcud vəziyyət, təhlükəsizlik zəmanəti nəzərə alınaraq, yayımçı müsabiqənin qaydalara uyğun təşkili və keçirilməsi üçün zəruri olan şərtləri yerinə yetirə bilməyəcək”, - deyə müsabiqənin saytında dərc olunmuş bəyanatda bildirilir.
Xatırladaq ki bu ilin mayında keçirilmiş mahnı müsabiqəsində Ukraynanın Kalush Orchestra qrupu Stefania kompozisiyası ilə qalib gəlib. İkinci yeri 466 bal toplayan Böyük Britaniya təmsilçisi Sem Rayder tutub.
Hazırda müsabiqənin Britaniyada keçirilməsi məsələsinə baxılır. EBU bununla bağlı BBC ilə danışıqlara başlayır.
“Avroviziya” 1956-cı ildən keçirilməyə başlayan ən populyar qeyri-idman tədbirlərdən biridir, onun 600 milyonadək tamaşaçı auditoriyası var.
Amerikaya qazanc məqsədi ilə deyil, xoşbəxt olmaq üçün gedən bakılı qız
Elman Eldaroğlu yazır
Amerika Birləşmiş Ştatları azadlıq aşiqləri üçün, həqiqətən də rahat yaşamaqdan ötrü, münasib ölkələrdən biridir. Amma bu da bir həqiqətdir ki, təzə gələn hər bir insan bu ölkədə həyatını yenidən qurmalı, necə deyərlər, 0-dan başlamalıdır. Bəli, burada qısa zamanda uğur qazanmaq hər adamın hünəri deyil. Bunun üçün əzmkarlıq, böyük iradə, yorulmadan çalışmaq lazım gəlir. Ümumiyyətlə, Amerikada rahat yaşamaqdan ötrü ya çox ağılı olmalısan, ya da ki, çox işləməyi bacarmalısan...
Bu gün sizə ABŞ-ın Massaçusets ştatının paytaxtı, Boston şəhərində məskunlaşan Xədicə Aşurova haqqında söhbət açmaq istəyirəm.
Deyir ki,- “İkinci dəfə müraciətdən sonra “Green card” udanda sevincimin həddi-hüdudu yox idi. Doğrudur, valideynlərim Amerikaya getməyimə razı deyildilər, amma sonda çətinliklə də olsa onlardan razılıq aldım”...
O, Bakıda dünyaya gəlib. 2011-ci ildə orta təhsilini 100 nömrəli məktəbdə başa vurub. Sonra dörd il Xəzər Universitetinin psixologiya fakultəsində təhsilini davam etdirib. Universitetin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2015-2017-ci illərdə “Parabank”da, 2017-2018-ci illərdə “Sinteks” MMC-də insan resusları üzrə mütəxəssis vəzifəsində çalışıb. 2018-ci ilin aprel ayından Bostonda yaşayır…
…Atası gömrükdə, anası isə müəllim işləyir. Özündən başqa bir qardaşı da var...
Xədicə Amerikaya gələndən sonra bir il tam təqaüdlə “Year Up” özəl təhsil müəsissəsində oxuyaraq, maliyyəçi ixtisasına yiyələnib. 2019-cu ilin avqust ayından “JPMorgan Chase & Co.” kooperativ bankında maliyyə hesabatı üzrə mütəxəssis vəzifəsində çalışır…
Arzuları çoxdur. Ən böyük arzusu isə Bostonda yaşayan azərbaycanlıları bir araya gətirməkdən ibarətdir. “Year Up”-da iki dəfə çıxış etsə də, indi də “TEDx” proqramında Azərbaycan-Amerika standartlarını müqaisə edərək həyatda etməli olduğumuz seçimlər barəsində, qarşılaşdığımız fürsətləri dəyərləndirmək və dəyişikliklərə açıq olmaq haqqında amerikalılara danışmaq istəyir. Səyahət etməyi, mütaliəni çox xoşlayır. İndiyədək bir sıra ölkələrdə olub…
Deyir ki,- “Sözüm ABŞ-a gəlmək istəyən azərbaycanlı gənclərədir. Heç nədən çəkinməsinlər, gəlsinlər. Amma qazanc məqsədi ilə deyil, xoşbəxt olmaq üçün gəlsinlər”…
Xədicə Bostona gələndə cəmi iyirmi dörd yaşı var idi. Gənc bir qızın kapitalizmin amansız qaydalaranın hökm sürdüyü, ucu-bucağı görünməyən, insanları fərqli düşünən nəhəng bir dövlətdə qısa müddətdə özünü təsdiq etməsi əsl möcüzədir…
Bəli, bu gün ölkəmizi tanımayan, onun mövcud olduğundan xəbərsiz olan əksər amerikalılar vaxt gələcək ki, Xədicə Aşurova kimi soydaşlarımızın səyi, uğurları nəticəsində Azərbaycanın necə gözəl, azərbaycanlıların necə istedadlı, bacarıqlı olduğunu yaxşı biləcəklər…
Azərbaycan dilində rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının təqdimatı olub
Ötən gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi, Qazaxıstanın Azərbaycandakı səfirliyi və Milli Kitabxananın birgə layihəsi olan Azərbaycan dilində rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin 30 ilinin tamam olduğunu qeyd edib. Bildirib ki, ölkələrimiz bir çox sahələrdə – siyasi, iqtisadi, eləcə də mədəniyyət sahəsində əməkdaşlıq edir. Azərbaycan Milli Kitabxanası da Qazaxıstan kitabxanaları ilə əməkdaşlıq əlaqələrini genişləndirir.
Direktor vurğulayıb ki, həm Azərbaycan Milli Kitabxanasında, həm də Qazaxıstan Milli Akademik Kitabxanasında hər iki ölkənin tarixini, mədəniyyətini, ədəbiyyatını əhatə edən kitablardan ibarət daimi guşələr vardır. K.Tahirov bildirib ki, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov da mütəmadi olaraq Azərbaycan Milli Kitabxanasında yaradılan qazax ədəbiyyatının daimi guşəsinin yeni ədəbiyyatlarla təmin olunmasına köməklik edir.
“Azərbaycan və Qazaxıstan arasında mədəniyyət sahəsində əlaqələri daha da genişləndirmək üçün biz Azərbaycan dilində qazax yazıçı və şairlərinin əsərlərindən ibarət rəqəmsal kitabxananı yaratmağı qərara aldıq. Bu layihə əsasında pandemiya dövründə Azərbaycan dilində çoxsaylı qazax müəlliflərinin əsərlərinin elektron versiyası yaradıldı”, - deyə K.Tahirov bildirib.
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlərin çoxəsrlik tarixi var: “Ötən 30 il ərzində xalqlarımız arasında əlaqələr daha da möhkəmlənib və inkişaf edib. Qazaxıstanın bir sıra universitetlərində və təhsil ocaqlarında Azərbaycana dair guşələr var. Azərbaycan Milli Kitabxanasında qazax ədəbiyyatı guşəsinin olmasını, Bakı küçələrindən birinin dahi qazax şairi Abay Kunanbayevin adını daşımasını, BDU-da Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin açılmasını bu əlaqələrin möhkəmlənməsinə nümunə göstərə bilərik”.
Sonra səfir vurğulayıb ki, Qazaxıstan və Azərbaycan arasında 30 illik əməkdaşlıq dövründə qazax müəlliflərinin kifayət qədər zəngin kitab fondu toplanılıb, onların əsərləri Azərbaycan dilinə tərcümə olunub. Bu gün təqdim olunan rəqəmsal kitabxanada 50 kitab nümayiş olunur, onların arasında da A.Kunanbayevin, M.Auezovun və digərlərinin əsərləri yer alır.
Çıxışının sonunda səfir bu layihəyə verdiyi töhfələrə görə Kərim Tahirova təşəkkürünü bildirib və ona Azərbaycan dilində rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının elektron daşıyıcısını təqdim edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirib ki, bu il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv dövlətlər üçün əlamətdar bir ildir. Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin 30 iliyi ərəfəsində belə bir layihənin təqdimatı çox qürurvericidir. G.Əfəndiyeva qeyd edib ki, ötən 30 il ərzində əlaqələrimiz müxtəlif səviyyələrdə inkişaf edib. Vurğulayıb ki, təqdim olunan rəqəmsal kitabxana bütün oxuculara Azərbaycan dilində qazax ədəbiyyatı ilə tanışlıq imkanı verəcək, xalqlarımızı daha da yaxınlaşdıracaq.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, təqdimat mərasimində iştirak etməkdən məmnunluğunu ifadə edib. O, müxtəlif dillərdə, həmçinin müxtəlif xalqların ədəbiyyatının oxunmasının gənclərimiz üçün əhəmiyyətindən danışıb. Bildirib ki, layihədə yer alan kitabların sayı tezliklə artacaq və belə formatlı layihələr digər türk xalqları ilə davam etdiriləcək.
Tədbirin davamında Bakı Slavyan Universitetinin professoru, Əməkdar müəllim Nizami Məmmədov – Tağısoy, Mahmud Kaşqari adına Uluslararası Fondun sədri, yazıçı, şair Elxan Zal Qaraxanlı, BDU Türkologiya kafedrasının müdiri Ramiz Əsgərov, BDU Türkologiya kafedrasının professoru Firuzə Ağayeva və digərləri çıxış ediblər.
Sonda Milli Kitabxana tərəfindən hazırlanan qazax xalqının böyük şairi və mütəfəkkiri Abay Kunanbayevə həsr olunmuş virtual sərgi də iştirakçılara təqdim olunub.
Qeyd edək ki, kitabxanada əməkdaşımız Aida Eyvazlının qazax dilindən ana dilimizə çevirdiyi 3 kitab da var.
“Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihə üzrə müraciətlərin qəbulu başlayıb
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESKO üzrə Andorra Milli Komissiyası ilə birlikdə “Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihədə iştirak etmək istəyənlər üçün müraciət qəbulu elan edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Youth ArtCamp Shusha and Baku” layihəsi xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilib. Layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESKO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.
“Youth ArtCamp Shusha and Baku” layihəsi 26 avqust - 5 sentyabr 2022-ci il tarixlərində Şuşa və Bakı şəhərlərində keçiriləcəkdir. Layihədə 18-35 yaş arası rəssamlar iştirak edə bilərlər. Layihəyə müraciət etməkdə maraqlı olan gənc rəssamlar öz ölkələrinin UNESKO üzrə Milli Komissiyaları tərəfindən namizəd göstərilməlidir. Müraciətlərə baxıldıqdan sonra 20 gənc rəssam layihədə iştirak etmək üçün münsiflər heyəti tərəfindən seçiləcəkdir. İştirak ilə bağlı bütün xərclər, o cümlədən aviabilet və mehmanxana xərcləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaqdır.
Namizədlər müraciət prosesini onlayn qaydada tamamlamalıdır. Layihə haqqında ətraflı məlumat, o cümlədən konseptual sənəd, proqram və ərizə forması ilə müvafiq link vasitəsilə tanış olmaq mümkündür: https://forms.gle/jPQYSRD56ptPfH448
Layihədə iştirak etmək üçün müraciətlər iyunun 30-dək qəbul olunacaq.
“İşğaldan azad olunmuş torpaqlarımızda mədəniyyətinin canlanması prossesi sürətlə gedir”
Şuşa bəyannaməsinin bir illiyi münasibətilə Şuşada Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə həsr olunan beynəlxalq konfransa hər iki ölkənin rəsmi şəxsləri qatılıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək, hər iki ölkənin nümayəndələrini salamlayıb. Bildirib ki, Şuşa bəyannaməsinin imzalanması nəinki iki qardaş ölkənin, eləcə də regionun tarixində ən mühüm məsələlərdən biridir.
A.Kərimov qeyd edib ki, əcdadlarımız, millətimiz tarixən bu torpaqlara, coğrafiyaya, bölgəyə sahib çıxıblar, ad veriblər, dövlətlər yaradıblar, bayraqlar ucaldıblar, mədəniyyət yaradıblar. Bir olan millətimiz həmişə qəhrəmanlar, dahi rəhbərlər yetişdirib.
44 günlük haqq savaşımızda zəfər qazanan xalqımızın şərəfli tarixinin mükəmməl mücəssəməsi kimi dəyərləndirən nazir, Şuşa bəyannaməsini iki böyük rəhbərin bölgənin inkişafına və tərəqqisinə yol açan sənət əsəri adlandırıb. Həmçinin Şuşa bəyannaməsinin minilliklər ərzində olduğu kimi, gələcəkdə də bu bölgənin rifahının və mədəni inkişafının yalnız birgə səylərimiz nəticəsində nail olacağımıza xidmət edən böyük tarixi sənəd və gələcəyimizi işıqlandıran mayak rolunu oynadığını da vurğulayıb.
İşğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi və himayəsi ilə böyük quruculuq işlərinin görüldüyünü, mədəniyyətinin canlanması prossesinin sürətlə getdiyini qeyd edən A. Kərimov bu xeyirxah missiyanın həyata keçirilməsində ilk növbədə qardaş Türkiyənin dəstəyindən danışıb. Azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasında, mədəniyyətimizin bu torpaqlarda yenidən bərqərar olmasında Türkiyənin əvəzsiz yardımından bəhs edib.
Mədəniyyət naziri Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan və hər zaman xüsusi dövlət qayğısı ilə əhatə olunan əməkdaşlığın müvəffəqiyyətlə davam etdiriləcəyini, bölgədə qarşılıqlı hörmət, əmin-amanlığın tarix boyu olduğu kimi, bundan sonra da əvəzedilməz töhfə verəcəyini dilə gətirib.
Mədəniyyət nazirinin Sabirabad görüşləri
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Beyləqan rayonuna səfərdən qayıdarkən iyunun 17-də Sabirabad şəhərində olub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, nazir Sabirabad şəhərində yerləşən tarixi tikiliyə – “Köhnə hamam”a baxış keçirib. Bildirilib ki, “Köhnə hamam” 1900-cü ildə yerli sakin Seyid Mirmusa Tağıyev tərəfindən inşa olunub və istifadəyə verilib. Tikili Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına (inventar nömrəsi 4951) daxil edilib.
Anar Kərimov Sabirabad Tarix-Diyarşünaslıq Muzeyində Mədəniyyət Nazirliyinə ayrılan büdcə vəsaiti hesabına aparılan bədii tərtibat işləri ilə də tanış olub. Nazirə muzeyin yenilənən ekspozisiyası haqqında ətraflı məlumat verilib.
Anar Kərimov işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Xatırladaq ki, nazir Anar Kərimov iyunun 16-da Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirib, həmçinin rayondakı bır sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub, tarixi abidələrə baş çəkib.
Mədəniyyət nazirinin Beyləqan görüşləri
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Beyləqana səfəri çərçivəsində iyunun rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçiləri ilə görüş keçirib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.
Bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin və təşəbbüskarlığın artırılmasının vacibliyini qeyd edən Anar Kərimov nazirlik sistemində idarəçiliyin təkmilləşdirilməsi kontekstində mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasının prioritet məsələ olduğunu diqqətə çatdırıb.
Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, bölgələrə səfər və bu kimi görüşlərin əsas məqsədi regionlarda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaq və həmin şəxsləri nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.