Şuşa bəyannaməsinin bir illiyi münasibətilə Şuşada Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə həsr olunan beynəlxalq konfransa hər iki ölkənin rəsmi şəxsləri qatılıb.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Mazirliyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək, hər iki ölkənin nümayəndələrini salamlayıb. Bildirib ki, Şuşa bəyannaməsinin imzalanması nəinki iki qardaş ölkənin, eləcə də regionun tarixində ən mühüm məsələlərdən biridir.
A.Kərimov qeyd edib ki, əcdadlarımız, millətimiz tarixən bu torpaqlara, coğrafiyaya, bölgəyə sahib çıxıblar, ad veriblər, dövlətlər yaradıblar, bayraqlar ucaldıblar, mədəniyyət yaradıblar. Bir olan millətimiz həmişə qəhrəmanlar, dahi rəhbərlər yetişdirib.
44 günlük haqq savaşımızda zəfər qazanan xalqımızın şərəfli tarixinin mükəmməl mücəssəməsi kimi dəyərləndirən nazir, Şuşa bəyannaməsini iki böyük rəhbərin bölgənin inkişafına və tərəqqisinə yol açan sənət əsəri adlandırıb. Həmçinin Şuşa bəyannaməsinin minilliklər ərzində olduğu kimi, gələcəkdə də bu bölgənin rifahının və mədəni inkişafının yalnız birgə səylərimiz nəticəsində nail olacağımıza xidmət edən böyük tarixi sənəd və gələcəyimizi işıqlandıran mayak rolunu oynadığını da vurğulayıb.
İşğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi və himayəsi ilə böyük quruculuq işlərinin görüldüyünü, mədəniyyətinin canlanması prossesinin sürətlə getdiyini qeyd edən A. Kərimov bu xeyirxah missiyanın həyata keçirilməsində ilk növbədə qardaş Türkiyənin dəstəyindən danışıb. Azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasında, mədəniyyətimizin bu torpaqlarda yenidən bərqərar olmasında Türkiyənin əvəzsiz yardımından bəhs edib.
Mədəniyyət naziri Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan və hər zaman xüsusi dövlət qayğısı ilə əhatə olunan əməkdaşlığın müvəffəqiyyətlə davam etdiriləcəyini, bölgədə qarşılıqlı hörmət, əmin-amanlığın tarix boyu olduğu kimi, bundan sonra da əvəzedilməz töhfə verəcəyini dilə gətirib.