“Mətbuat azadlığı və Britaniya demokratiyası üçün qara gün " - Böyük Britaniya hökumətinin WikiLeaks saytının qurucusu Culian Assancın ABŞ-a verməsi faktına bu cür qiymət verib və bu adda manşet dünya mediasında ötən gün ən çox rast gəlinən olub.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, Culian Assancı ABŞ dövləti casusluqda ittiham edir. Buna səbəb jurnalistin İraqla Əfqanıstandakı hərbi kampaniyalara dair məxfi sənədlərin icazəsiz dərc etdirməsi göstərilir. Böyük Britaniyada sığınacaq tapmış Assanc 175 ilədək həbs cəzası ilə təhdid edilir.
Aprel ayında Londonda jurnalistin ekstradisiyası üçün order verilmişdi, lakin yekun qərarı Daxili İşlər Nazirliyi verməli idi. İdarənin məhkəmə instansiyalarına istinadən verdiyi bəyanatda deyilir ki, ekstradisiya Assancın hüquqlarını pozmur və ədalətsiz tədbir hesab edilə bilməz.
Müdafiə tərəfi Apellyasiya vermək niyyətindədir, buna 14 gün möhlət verilib.
Amnesty International Julian Assanca qarşı ittihamlar aradan qaldırılmasını tələb edir. Qeyd edək ki, ötən il də Assancın ABŞ-a verilməsi barədə qərar çıxarılmışdı, lakin vəkillər ekstradisiya haqqında qərarı ləğv edə bilmişdilər. Amma bu il vəziyyət daha ümidsizdir. Demokratiyanın beşiyi demokratiyanı qundaqdaca boğmaqda israrlıdır.