“Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihə üzrə müraciətlərin qəbulu başlayıb

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESKO üzrə Andorra Milli Komissiyası ilə birlikdə “Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihədə iştirak etmək istəyənlər üçün müraciət qəbulu elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Youth ArtCamp Shusha and Baku” layihəsi xarici rəssamların Azərbaycanın tarixi məkanlarından və təbiətindən ilhamlanaraq öz əsərlərini yaratması üçün təşkil edilib. Layihənin əsas məqsədi xarici rəssamların yaratdığı sənət əsərlərinin nümayiş olunması ilə yanaşı, UNESKO-nun fundamental dəyərlərini, o cümlədən davamlı sülhü və mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqini təbliğ etməkdir.

“Youth ArtCamp Shusha and Baku” layihəsi 26 avqust - 5 sentyabr 2022-ci il tarixlərində Şuşa və Bakı şəhərlərində keçiriləcəkdir. Layihədə 18-35 yaş arası rəssamlar iştirak edə bilərlər. Layihəyə müraciət etməkdə maraqlı olan gənc rəssamlar öz ölkələrinin UNESKO üzrə Milli Komissiyaları tərəfindən namizəd göstərilməlidir. Müraciətlərə baxıldıqdan sonra 20 gənc rəssam layihədə iştirak etmək üçün münsiflər heyəti tərəfindən seçiləcəkdir. İştirak ilə bağlı bütün xərclər, o cümlədən aviabilet və mehmanxana xərcləri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaqdır.

Namizədlər müraciət prosesini onlayn qaydada tamamlamalıdır. Layihə haqqında ətraflı məlumat, o cümlədən konseptual sənəd, proqram və ərizə forması ilə müvafiq link vasitəsilə tanış olmaq mümkündür: https://forms.gle/jPQYSRD56ptPfH448

 

Layihədə iştirak etmək üçün müraciətlər iyunun 30-dək qəbul olunacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.