Ötən gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi, Qazaxıstanın Azərbaycandakı səfirliyi və Milli Kitabxananın birgə layihəsi olan Azərbaycan dilində rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin 30 ilinin tamam olduğunu qeyd edib. Bildirib ki, ölkələrimiz bir çox sahələrdə – siyasi, iqtisadi, eləcə də mədəniyyət sahəsində əməkdaşlıq edir. Azərbaycan Milli Kitabxanası da Qazaxıstan kitabxanaları ilə əməkdaşlıq əlaqələrini genişləndirir.
Direktor vurğulayıb ki, həm Azərbaycan Milli Kitabxanasında, həm də Qazaxıstan Milli Akademik Kitabxanasında hər iki ölkənin tarixini, mədəniyyətini, ədəbiyyatını əhatə edən kitablardan ibarət daimi guşələr vardır. K.Tahirov bildirib ki, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov da mütəmadi olaraq Azərbaycan Milli Kitabxanasında yaradılan qazax ədəbiyyatının daimi guşəsinin yeni ədəbiyyatlarla təmin olunmasına köməklik edir.
“Azərbaycan və Qazaxıstan arasında mədəniyyət sahəsində əlaqələri daha da genişləndirmək üçün biz Azərbaycan dilində qazax yazıçı və şairlərinin əsərlərindən ibarət rəqəmsal kitabxananı yaratmağı qərara aldıq. Bu layihə əsasında pandemiya dövründə Azərbaycan dilində çoxsaylı qazax müəlliflərinin əsərlərinin elektron versiyası yaradıldı”, - deyə K.Tahirov bildirib.
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlərin çoxəsrlik tarixi var: “Ötən 30 il ərzində xalqlarımız arasında əlaqələr daha da möhkəmlənib və inkişaf edib. Qazaxıstanın bir sıra universitetlərində və təhsil ocaqlarında Azərbaycana dair guşələr var. Azərbaycan Milli Kitabxanasında qazax ədəbiyyatı guşəsinin olmasını, Bakı küçələrindən birinin dahi qazax şairi Abay Kunanbayevin adını daşımasını, BDU-da Abay adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin açılmasını bu əlaqələrin möhkəmlənməsinə nümunə göstərə bilərik”.
Sonra səfir vurğulayıb ki, Qazaxıstan və Azərbaycan arasında 30 illik əməkdaşlıq dövründə qazax müəlliflərinin kifayət qədər zəngin kitab fondu toplanılıb, onların əsərləri Azərbaycan dilinə tərcümə olunub. Bu gün təqdim olunan rəqəmsal kitabxanada 50 kitab nümayiş olunur, onların arasında da A.Kunanbayevin, M.Auezovun və digərlərinin əsərləri yer alır.
Çıxışının sonunda səfir bu layihəyə verdiyi töhfələrə görə Kərim Tahirova təşəkkürünü bildirib və ona Azərbaycan dilində rəqəmsal Qazax ədəbiyyatı kitabxanasının elektron daşıyıcısını təqdim edib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirib ki, bu il Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv dövlətlər üçün əlamətdar bir ildir. Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin 30 iliyi ərəfəsində belə bir layihənin təqdimatı çox qürurvericidir. G.Əfəndiyeva qeyd edib ki, ötən 30 il ərzində əlaqələrimiz müxtəlif səviyyələrdə inkişaf edib. Vurğulayıb ki, təqdim olunan rəqəmsal kitabxana bütün oxuculara Azərbaycan dilində qazax ədəbiyyatı ilə tanışlıq imkanı verəcək, xalqlarımızı daha da yaxınlaşdıracaq.
Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, təqdimat mərasimində iştirak etməkdən məmnunluğunu ifadə edib. O, müxtəlif dillərdə, həmçinin müxtəlif xalqların ədəbiyyatının oxunmasının gənclərimiz üçün əhəmiyyətindən danışıb. Bildirib ki, layihədə yer alan kitabların sayı tezliklə artacaq və belə formatlı layihələr digər türk xalqları ilə davam etdiriləcək.
Tədbirin davamında Bakı Slavyan Universitetinin professoru, Əməkdar müəllim Nizami Məmmədov – Tağısoy, Mahmud Kaşqari adına Uluslararası Fondun sədri, yazıçı, şair Elxan Zal Qaraxanlı, BDU Türkologiya kafedrasının müdiri Ramiz Əsgərov, BDU Türkologiya kafedrasının professoru Firuzə Ağayeva və digərləri çıxış ediblər.
Sonda Milli Kitabxana tərəfindən hazırlanan qazax xalqının böyük şairi və mütəfəkkiri Abay Kunanbayevə həsr olunmuş virtual sərgi də iştirakçılara təqdim olunub.
Qeyd edək ki, kitabxanada əməkdaşımız Aida Eyvazlının qazax dilindən ana dilimizə çevirdiyi 3 kitab da var.