Super User

Super User

Çərşənbə axşamı, 21 İyun 2022 14:00

Cəlilabadda yazarların ocağı yaradılıb

 

“Bildiyiniz kimi, son dövrlər Cəlilabad rayonu Azərbaycan ədəbiyyatına xeyli sayda imza bəxş edib. Bu axın bu gün də davam edir. Bütün bunları nəzərə alaraq Cəlilabadda yaşayıb-yaradan yazarlar yeni bir ədəbi ocaq yaratmaq qərarına gəliblər". 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu məlumatı şair Elşad Barat yayıb. 

"Yaradılmış ocağın məqsədi istedadlı Cəlilabad gənclərinin üzə çıxarılması, müxtəlif ədəbi layihələrin həyata keçirilməsi və mütəmadi olaraq ölkədə, dünyada gedən ədəbi proseslərin müzakirəsini aparmaqdır" - deyə şair bildirib.

 

Orxan Fikrətoğlunun gəlişindən sonra xeyli canlanan Azərbaycan Milli Kulinariya Mərkəzi küçə yeməyi -  “streetfood” üzrə müsabiqə elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir  ki, müsabiqə Azərbaycanda “streetfood” ənənəsini başlatmaq, yerli əhaliyə və turistlərə milli xörəklər zəminində müasir, tez hazırlanan, sağlam və kreativ dizayna malik yeni xörəklər təqdim etmək məqsədilə elan edilir.

Küçə yeməklərinin satışı üçün konsepsiyaların hazırlanması ilə bağlı müraciətlər 18 yaşdan yuxarı həm peşəkar həmdə qeyri peşəkar şəxslərdən qəbul edilir. Bütün materiallar rəqəmsal formada təqdim olunmalıdır.

Məsələn, yuxa içində müxtəlif ətlər, ayran və dovğa içkiləri, limon şərbəti bu qəbildən olan qida və içkilərdir. 

Qaliblər münsiflər heyəti tərəfindən seçiləcək və mükafatlandırılacaq.

Əlavə məlumat əldə etmək üçün Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron ünvanına müraciət etmək olar.

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsinin növbəti təqdimatı ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkar Murtuza Məşədi Rza oğlu Məmmədova həsr olunub.

O, Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.

Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb.

O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

Bülbül Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib.

Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutublar.

Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.

Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.

Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan Hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. Şuşamız azad olduqdan sonra hər üç görkəmli sənətkarın büstü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.

Əlcəzairin “Tanca əl-Ədəbiyyə”, Yəmənin “Əqlam mudiə” ədəbiyyat portalları, Suriyanın “Əcyal” elektron ədəbiyyat jurnalı Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun ərəb dilinə tərcümə olunmuş “Qu quşu” hekayəsinin, Türkiyənin “Detayhaberler.com” portalı və feysbuk səhifəsi türk dilinə uyğunlaşdırılmış “Sərçələr” hekayəsinin yayımına başlayıb.

 

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayələrin ərəb dilinə tərcümə müəllifi – ərəb dili üzrə mütəxəssis Fərid Camalov, türk dilinə uyğunlaşdıran – türk dili üzrə mütəxəssis Sənan Nağıdır.

 

İyunun 20 -də Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Cənnətim Qarabağ” adlı bədii qiraət müsabiqəsinin mükafatlandırılma mərasimi olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə reallaşıb. 

Mükafatlandırılmadan öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Xurşidbanu Natəvanın yaradıcılığından və onun Azərbaycan ədəbiyyatındakı rolundan, həmçinin müsabiqənin əhəmiyyətindən söz açıb: “XIX əsrin görkəmli şairəsi və xeyriyyəçisi, sonuncu Qarabağ xanı Mehdiquluxan Cavanşirin qızı, eləcə də İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə təşkil olunmuş “Cənnətim Qarabağ” adlı gözəl bir tədbirə yığışmışıq və bu çox sevindirici haldır ki, belə tədbirlər mütəmadi olaraq qeyd olunur”.

Sonra seçilən iştirakçılar hazırladıqları qiraət nümunələrini səsləndirdikdən sonra mükafatlandırma mərasimi olub. 

Məlumat üçün bildirək ki, müsabiqədə 11 teatr və 1 təhsil ocağından ümumilikdə 27 nəfər iştirak edib. İştirakçılar Xurşidbanu Natəvanın yaradıcılığından ifa etdikləri nümunələrin videodiskini 2022-ci il mayın 16-dək Azərbaycan Teatr Xadimləri İttifaqına təqdim ediblər. Müsabiqə iştirakçıları üçün yaş məhdudiyyəti qoyulmayıb. Seçimlər münsiflər heyəti tərəfindən aparılıb və təqdim olunmuş 27 nəfər arasından 12 iştirakçı seçilib. Onlardan 3 nəfər I, II, III yerlər üzrə qalib elan edilib. Digər 9 iştirakçı isə münsiflər heyətinin xüsusi diplomuna layiq görülüblər. 

Qeyd edək ki, keçirilən müsabiqədə əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

 

“İran ilə Azərbaycan xalqlarını çox əsirlik dostluq və qohumluq əlaqələri birləşdirir. Hər iki xalq ortaq tarixə, mədəniyyətə, adət-ənənə və dini dəyərlərə malikdir. Bu dəyərlər siyasi-iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də inkişaf etdirilməsi üçün böyük zəmin yaradıb.”

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu sözləri İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmaili İranda səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə keçirdiyi birgə mətbuat konfransında deyib. İranlı nazir nəzərə çatdırıb ki, mədəni əlaqələrin inkişaf etdirilməsi üçün heç bir maneə yoxdur. Qarşılıqlı əlaqələrin inkişafı üçün birgə filmlərin çəkilməsi, kitab yarmarkalarının, mədəniyyət həftələrinin keçirilməsi zəruridir və bu istiqamətdə işlər aparılır. 

Nazir bildirib ki, İranın yeni hökuməti Azərbaycan Respublikası ilə münasibətlərin yaxınlaşmasına maneə olan bütün problemləri aradan qaldırmaq iradəsinə malikdir. Azərbaycanın mədəniyyət nazirinin İrana səfəri əlaqələrimizdə yeni mərhələnin əsasını yaradacaq və gələcək inkişafı üçün perspektivlər açacaq.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov isə bildirib ki, iki ölkənin mədəni əlaqələrini yüksəltmək üçün çox böyük potensial var və bu potensialdan səmərəli istifadə edib xalqlarımızın biri-birini daha yaxından tanıması üçün qarşılıqlı səfərlərin, birgə layihələrin artırılması zəruridir.

Anar Kərimov qeyd edib ki, Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan dövləti məscidlərlə yanaşı, dini və tarixi abidələrin bərpası işini davam etdirir. Birgə kino həftələrinin, kitab sərgilərinin keçirilməsi xalqlarımızın daha da yaxınlaşmasına böyük imkanlar yaradacaq. Bu istiqamətdə aparılan işlər və əldə olunan razılaşmalar icra olunacaq.

Nazir səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirib və İranın mədəniyyət və islam irşad naziri Məhəmməd Mehdi İsmailini Azərbaycana dəvət edib.

Sonra nazirlər mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

Xatırladaq ki, iyunun 20-də Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İranın mədəniyyət və islam irşad nazirinin dəvəti ilə İrana səfər edib. Səfər çərçivəsində Anar Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunda, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatında, İranın Milli Kitabxana və Arxiv İdarəsində görüşlər keçirib.

Bazar ertəsi, 20 İyun 2022 15:42

“Amerikalı kürəkən” nümayiş olunub

 

Üçillik fasilədən sonra “Amerikalı kürəkən” tamaşası Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yenidən nümayiş olunub.

 

Yazıçı-dramaturq, Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyevin eyniadlı əsəri əsasında və görkəmli bəstəkar Ramiz Mirişlinin musiqiləri ilə hazırlanan bu tamaşanın quruluşçu-rejissoru Xalq artisti İlham Namiq Kamaldır. 

Səhnə əsərində rolları Xalq artisti İlham Namiq Kamalla yanaşı, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Rəsmiyyə Nurməmmədova, Səmədzadə Xasıyev, Gültac Əlili, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Nigar Qarayeva, Mehriban Rəcəbova ifa ediblər.

Aktyorların məharətli çıxışı tamaşanı daha baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb. 

Qeyd edək ki, səhnəyə qoyulduğu gündən (29 may 2010-cu ildən) böyük maraqla qarşılanan bu tamaşanın 55-ci nümayişi yeni aktyor heyəti ilə oynanılıb.

 

Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi məqsədilə nazirliyin müvafiq nömrəli əmri ilə “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu Qaydaları” (bundan sonra Qaydalar) təsdiq edilib.

 

Nazirlikdən bildirilir ki, qaydalara əsasən, məktəb və mərkəzlərə müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur.

Test imtahanı 7 avqust 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi ilə birgə keçiriləcək.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında 18 iyul 2022-ci il saat 09:00-dan 28 iyul 2022-ci il saat 17:00-dək həyata keçiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyat xidməti göstərilən tarixlərdə aktiv olacaq.

Namizədlər https://exidmet.dim.gov.az/elimt/MusiqiTest/ linki vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola bilərlər.

Test mərhələsində tələb olunan keçid balını toplayaraq uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə edirlər.

Namizədlər müsahibə mərhələsi ilə bağlı ətraflı məlumatı (http://culture.gov.az/az/umumi-xeberler/14275) linkinə daxil olmaqla əldə edə bilərlər.

Günün fotosu: Avropanın istilərdən bağrı çatlayır

 

Avropanı inanılmaz istilər öz ağuşuna alıb. İspaniyada minlərlə hektar meşə yanmaqdadır. Xüsusən Kataloniyada bir neçə gündür temperatur 40 dərəcədən aşağı düşmür. 

Almaniya və Fransa da şiddətli istilərə təslim olub. “Badenbadenin mavi gecələri” deyilən həmin o dağlıq ərazidə insanlar istidən evdən çölə çıxa bilmirlər, “fransız əhli kef eləyir” söhbəti isə indi heç yerinə düşmür, fransızlar günvurma diaqnozu ilə xəstəxanalara dolmaqdadır. 

Hətta ən sərin Avropa ölkələrindən olan İsveçrədə də isti üzrə antirekord qeydə alınıb- 36 dərəcə.

 

Foto: Euronews

İnvestorlar pullarını iqtisadiyyata yox, mədəniyyətə yönəldə bilərlər

 

İsveçrədə ən iri müasir incəsənət yarmarkası - Art-Bazel öz işini başa çatdırdı. Bu sərgidə dünyanın qırx ölkəsindən 289 qalereya iştirak edirdi. Əgər iki il əvvəl yarmarka bütünlüklə onlayn rejimdə keçirilirdisə, keçən il ümumiyyətlə təxirə salınmışdısa, bu il sərgi pandemiyayaqdərki dövrdəki vüsətlə açılmışdı.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

Maraqlı bir tendensiya: 2020-ci ildə incəsənət əsərlərinin satışı 22% aşağı düşmüşdür. 2021-ci ildə onlar yenidən 29% qalxmışdır, mütləq dəyərlərdə bu 65 milyard dollardan da çox artım deməkdir. 

Bu il yarmarkanın təşkilatçıları düşən fond bazarının və artan inflyasiyanın fonunda investorların kapital qoyuluşunun təhlükəsiz bir yolu kimi incəsənəti nəzərdən keçirəcəklərinə ümid edirlər.

"Fond bazarında fəal fəaliyyət göstərən insanlar incəsənət əsərlərinin satın alınmasına inanın ki, ehtiyac duyurlar, - SFA Advisory şirkətinin təsisçisi və rəhbəri Liza Şiff bunu əminliklə söyləyir. - Səhmlər ucuzdur, investisiya üçün indi onları satmaq istəmirlər. Lakin inflyasiya haqqında daimi söhbətlər olsa belə, həqiqətən inflyasiya rəqəmi artsa belə art məhsulların satışında  düşüş görünmür. Mənim fikrimcə, qloballaşma elə böyük incəsənət toplayıcıları bazarı yaradıb ki, hətta kimsə təmkin göstərsə belə, başqaları bu bazarda fəallıqla at çapırlar".

Bəli, hazırkı kataklizmlər - siyasi təbəllüatlar və iqtisadi tənəzzüllər dövründə qızıla, platinə, misə, neftə birjada pul qoymaqdansa incəsənət şedevrlərinə pul qoymaq daha ağlabatan görünür. 

Sonda onu da deyək ki, Bazeldə ilk iki gün ərzində yarmarkaya yalnız peşəkar kolleksionerlər buraxılırsa da, iyunun 16-dan 19-dək bütün sənətsevərlər üçün qapılar açıq oldu.

 

Şəkildə: Art-Bazel-dən görüntülər

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.