“Cənnətim Qarabağ” bədii qiraət müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

 

İyunun 20 -də Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Cənnətim Qarabağ” adlı bədii qiraət müsabiqəsinin mükafatlandırılma mərasimi olub. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, müsabiqə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə reallaşıb. 

Mükafatlandırılmadan öncə Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov Xurşidbanu Natəvanın yaradıcılığından və onun Azərbaycan ədəbiyyatındakı rolundan, həmçinin müsabiqənin əhəmiyyətindən söz açıb: “XIX əsrin görkəmli şairəsi və xeyriyyəçisi, sonuncu Qarabağ xanı Mehdiquluxan Cavanşirin qızı, eləcə də İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə təşkil olunmuş “Cənnətim Qarabağ” adlı gözəl bir tədbirə yığışmışıq və bu çox sevindirici haldır ki, belə tədbirlər mütəmadi olaraq qeyd olunur”.

Sonra seçilən iştirakçılar hazırladıqları qiraət nümunələrini səsləndirdikdən sonra mükafatlandırma mərasimi olub. 

Məlumat üçün bildirək ki, müsabiqədə 11 teatr və 1 təhsil ocağından ümumilikdə 27 nəfər iştirak edib. İştirakçılar Xurşidbanu Natəvanın yaradıcılığından ifa etdikləri nümunələrin videodiskini 2022-ci il mayın 16-dək Azərbaycan Teatr Xadimləri İttifaqına təqdim ediblər. Müsabiqə iştirakçıları üçün yaş məhdudiyyəti qoyulmayıb. Seçimlər münsiflər heyəti tərəfindən aparılıb və təqdim olunmuş 27 nəfər arasından 12 iştirakçı seçilib. Onlardan 3 nəfər I, II, III yerlər üzrə qalib elan edilib. Digər 9 iştirakçı isə münsiflər heyətinin xüsusi diplomuna layiq görülüblər. 

Qeyd edək ki, keçirilən müsabiqədə əsas məqsəd milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.