“Son dövrlər mətbuatda ara-sıra Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) və ittifaqın uzun müddət sədri olmuş Xalq yazıçısı Rüstəm İbrahimbəyov və Ədliyyə Nazirliyi tərəfindən səlahiyyətləri təsdiq edilmiş sədri Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək çıxışlara rast gəlirik”.
Bu barədə APA agentliyinə Azərbaycan Kinematoqrafçılar İttifaqından bildirilib.
Qeyd edilib ki, Xalq artisti Rasim Balayevin sədr seçilməyinin illərdir, kinomuzun maraqlarına zərər verən şəxslər tərəfindən qısqanclıqla qarşılanması başadüşüləndir: “Başqa tərəfdən isə, bildirmək istəyirik ki, bu kimi əsassız çıxışlar boşa açılan güllələrdir, hədərdir və o çıxışlar kinematoqrafımızın inkişafına heç bir xeyir gətirməyəcək. Gələn il yaranmasının 60 illiyini qeyd edəcək AKİ üzvü olub-olmamasından asılı olmayaraq, bütün həmkarlarımıza hörmətlə yanaşır”.
Məlumatda AKİ sədri Rasim Balayevin də əsas missiyası kinomuzun inkişafı və maraqları naminə bütün kinematoqrafçıları bir araya gətirib birləşdirmək olduğu diqqətə çatdırılıb.
“Bir daha xəbərdarlıq edirik ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının və ittifaqın uzun müddət sədri olmuş, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun və 31 may tarixində ittifaqın konfransında sədr seçilmiş Xalq artisti Rasim Balayevin nüfuzuna xələl gətirəcək hər hansı bir çıxış olarsa, həmin şəxslərə qarşı məhkəmə iddiası qaldırılacaq”, - məlumatda vurğulanıb.