Super User
Ölkəmiz beynəlxalq mədəniyyətlərarası festivalda təmsil edilib
ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində keçirilən beynəlxalq festivalda ölkəmizi Azərbaycan Dostluq Təşkilatı təmsil edib.
Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verir ki, ABŞ-da yaşayan müxtəlif xalqların milli mədəniyyətlərinin, adət-ənənələrinin və mətbəxlərinin təbliği məqsədilə təşkil edilən festivalda 26 ölkənin (ABŞ, İtaliya, Almaniya, Yaponiya, Çin, Kolumbiya, Ekvador, Qırğızıstan, Meksika, Pakistan, Slovakiya, Suriya, Ukrayna, Vyetnam və digərləri) nümayəndələri iştirak ediblər.
Azərbaycan Dostluq Təşkilatının rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Adika İqbal və digər icma fəallarımız yerli sakinlərə və qonaqlara ölkəmizin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat verib.
Amerikalılarda böyük rəğbət doğuran Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, turizm potensialı və Azərbaycan mətbəxinin ləziz təamları ilə yanaşı, mətbəximizə dair ingilis dilində kitablar, suvenirlər də nümayiş etdirilib.
“Uşaq teatr festivalı”nın qalibləri mükafatlandırılıb
Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) kiçikyaşlı uşaqların rəngli dünyasına qucaq açmaqla teatrın, səhnənin ecazkar gücünü bir də şirin-şəkər fidanların simasında isbat edib. Mərasim “Bağçam” uşaq bağçaları şəbəkəsinin təşkilatçılığı ilə keçirilən “Uşaq teatr festivalı”nın yekununa həsr olunub.
Uşaqların bədii təfəkkürünün, ünsiyyət və özünüifadə bacarığının, eləcə də estetik yaradıcı təxəyyülünün inkişaf etdirilməsi məqsədilə reallaşan festivala ümumilikdə 6 tamaşa təqdim olunub. Altı ay ərzində ərsəyə gələn bu tamaşaların nümayişçiləri 4-6 yaşlı uşaqlardır.
Bütün səhnə nümunələrinin quruluşu Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Elşad Rəhimzadə tərəfindən aparılıb. Nümunələr ATXİ-də təşkil olunan münsiflər heyəti tərəfindən baxış keçirilərək qiymətləndirilib.
İlk festivalın mükafatlandırma mərasimi uşaqların rəngarəng ifaları ilə də yadda qaldı. Seçilən nümunələrin hər birindən ən yaddaqalan səhnəciklər ittifaqın foyesində göstərilib.
Sonra tədbir seçilən qrupların və onların yetirmələrinin mükafatlandırılması ilə davam edib.
ATXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov, Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Rasim Cəfər, Elnur Hüseynov və başqa çıxış edənlər balacaların teatra, sənətə sevgi ilə böyüməsində, teatra maraqlı tamaşaçı kimi yetişməsində bu kimi tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu dedilər, təşkilatçılara təşəkkür etdilər.
Sonra müvafiq nominasiyalar üzrə qiymətləndirmə oldu. “Ən yaxşı tamaşa nümayişi”, “İlin aktyoru”, “İlin aktrisası” nominasiyalarında kollektivlər və azyaşlılar fəxri fərmanlarla təltif olundular.
Bir sözlə, ən yaxşılar müəyyənləşdirildi.
Görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə Vyanada konsert keçirilib
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bu il görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi bu il ərzində həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunur.
AzərTAC-ın xüsusi müxviri Elgün Niftəli Vyanadan xəbər verir ki, görkəmli bəstəkarın 100 illik yubileyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.
AZƏRTAC xəbər verir ki, dahi bəstəkarın 100 illiyinə həsr olunmuş növbəti tədbir dünya klassik musiqisinin beşiyi sayılan Vyana şəhərində keçirilib. Şəhərin mərkəzində yerləşən “Konzerthaus” mədəniyyət evinin Avstriyanın ən mükəmməl akustikaya malik “Motsart zalı”nda keçirilən konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
Konsertdə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Vyana Akademik Orkestri Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi Fikrət Əmirovun əsərlərindən ibarət proqramla çıxış edib. Konsertdə F. Əmirovun balet, simfoniya, konsert və romans kimi rəngarəng yaradıcılıq əsərlərinə müraciət olunub. Konsertdə ilk olaraq “1001 gecə” baletindən Şəhrizadın bayramı“ ifa edilib, gənc ifaçı Mərziyyə Hüseynovanın səsləndirdiyi “Azərbaycan elləri“ romansı isə xüsusi maraqla qarşılanıb.
Fikrət Əmirovun yaradıcılığında simfonik əsərlərin əhəmiyyətini nəzərə alaraq, proqramda bəstəkarın dahi Azərbaycan şairi Nizaminin xatirəsinə ithaf etdiyi simli orkestr üçün “Nizami“ simfoniyası səsləndirilib. Əsər tamaşaçıların sürəli alqışlarına səbəb olub.
Fikrət Əmirovun Elmira Nəzirova ilə həmmüəllif olduğu Fortepiano və orkestr üçün ərəb mövzularına konsertdə Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova (fortepiano) solist kimi çıxış edib. Əsərin musiqi dili, melodik çalarları, milli musiqi intonasiyalarının müasir musiqi texnikaları ilə mükəmməl vəhdəti, solist və orkestrin ifası uğurlu musiqili axşamın zirvə nöqtəsini təşkil edib. Bədii rəhbər və dirijor Fuad İbrahimovun dahi bəstəkarın repertuarından seçdiyi əsərlər və orkestr ilə mövzulara peşəkar yanaşması bir daha Avropa dinləyicilərinə Azərbaycan klassik musiqisinin özünəməxsus ifadə zənginliyi, texniki və bədii keyfiyyətlərini nümayiş etdirib.
Ən çox oxunan: Seriya qatilinin Şarleroi şəhərindəki evi sökülür
Belçikanın Şarleroi şəhərində qəddar seriya qatili və təcavüzkar Mark Dütranın qurbanlarının saxlandığı binanın sökülməsinə başlanıb, bu xəbər media manşetlərində dolaşır.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, hal hazırda Dütran ömürlük həbs cəzası çəkir. 1996-cı ilin avqust ayında bu evdə 12 və 14 yaşlı iki təcavüz qurbanı olan qız tapılmışdı, bundan sonra Dütran həbs olunmuşdu. Bütün bu illər ərzində də insanlar bu evə qorxu hissləri ilə baxmışdılar.
Evin yerində bağ salınacaq və Dütranın qurbanlarına abidə qoyulacaq.
Bəli, bəşəriyyət zorakılığı yox, humanizmi dəstəkləyir.
Günün fotosu: Amerikada odlu silah gəzdirmək izni sərtləşdiriləcək
Metyu Makkonahi - tanınmış aktyor amerikalı qanunvericiləri doğulduğu Texasın Yuvalde şəhərində baş vermiş faciədən sonra odlu silahın dövriyyəsinə nəzarəti sərtləşdirməyə çağırıb.
Xatırladaq ki, Yuvaldedə mayın 18-də bir manyak 18 şagirdi və 2 müəllimi güllələmişdi.
Co Baydenin dəvəti ilə Ağ evdə çıxış edən aktyor Amerika prezidentinin 21 yaşdan kiçik insanlara hücum tüfənglərinin satışını qadağan etmək təklifini də dəstəkləyib.
Foto: AP
“Rossem”də Azərbaycan baxışı
İstedadlı Azərbaycan karikatyraçı rəssamı Soltan Soltanlı ölkəmizi dünya miqyasında uğurla təmsil etməkdədir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Malayziyada nəşr olunan aylıq "Rossem Cartoon House" sənət dərgisinin iyun sayında onun iki əsəri yer alıb.
Türk Ağsaqqalları Birliyi AzTV sədrinə Təşəkkürnamə təqdim edib
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türk Ağsaqqalları Birliyinin (TAİB) rəhbərliyi adından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədova Təşəkkürnamə verilib.
Təşəkkürnaməni AzTV sədrinə TAİB rəhbərliyində təmsil olunan Elnur Eltürk təqdim edib.
Qeyd edək ki, Azərbaycan Televiziyası Türk Ağsaqqalları Birliyi yarandığı gündən birliyə öz informasiya dəstəyini əsirgəməyib.
Rövşən Məmmədov bundan sonra da birliyin ümummilli, Türk dünyası ilə bağlı təşkil etdiyi tədbirlərinin işıqlandırılacağını bildirib.
İntiqam Mehdizadə vəfat edib
İntiqam Mehdizadə - yazıçı-publisist, jurnalist, ssenarist ötən gün, ömrünün 77-ci baharında vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. BDU-nun Jurnalistika fakültəsini bitirib. 3 il “Azərbaycan gəncləri” qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib.
5 kitab müəllifidir. "Karvanın sarvanı" adlı iri həcmli məqalələr toplusu "Ozan" nəşriyyatında çapa hazırlanır. Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına mükafatları laureatıdır.
Son iş yeri Mədəniyyət və İncəsənət Universitetində mətbuat katibliyi olub, bu vəzifədə çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyib.
Filmoqrafiyasında 2004-cü ildə lentə alınmış “Lahıc” filmi xüsusi yer tutur.
İki övladı, dörd nəvəsi ondan yadigar qaldı. Allah rəhmət eləsin!
Kukla teatrının Gürcüstan günləri
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri 1-5 iyun tarixlərində Gürcüstanda səfərdə olublar. Beynəlxalq teatr festivalında iştirak məqsədilə baş tutan səfər qarşılıqlı yaradıcılıq əlaqələrinin gələcək perspektivləri baxımından da məhsuldar olub.
Teatrdan verilən xəbərə görə, Gürcüstan Dövlət Kukla Teatrları Birliyi ilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.
Birliyin bədii rəhbəri, Gürcüstanın tanınmış teatr mütəxəssisi Nikoloz Sabaşvili ilə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, UNİMA Milli Mərkəzinin rəhbəri Rəşad Əhmədzadənin imzaladığı sənəd hər iki ölkənin teatrları üçün xüsusi əhəmiyyət kəsb edir.
Sənədə əsasən, iki ölkənin nəinki kukla, ümumən teatrları müxtəlif istiqamətlərdə davamlı əməkdaşlıq edəcək və müştərək layihələrə qatılacaqlar. Bu mənada tamaşaların hazırlanması, təcrübə mübadiləsinin tətbiqi, ustad dərslərinin təşkili, eləcə də spesifik istiqamətlərdə kurs və qısamüddətli təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Memorandumun əsas məqsədi tərəflərin qarşılıqlı əməkdaşlığı yolu ilə müxtəlif yaş qrupları üzrə kukla ifaçılıq sənətini daha da təkmilləşdirmək və dünya miqyasında sistemli təbliğinə nail olmaqdır. Belə olduqda əməkdaşlıq edən teatrların həm bədii yaradıcılıq potensialı inkişaf edəcək, həm də sağlam rəqabət mühiti formalaşacaq.
Hər iki ölkənin teatr təmsilçiləri üçün əlverişli olacaq razılaşmaya əsasən birlik azərbaycanlı kuklaçıların Gürcüstanda müxtəlif yaradıcılıq layihələrinə dəstək verəcək, həmçinin hər iki ölkənin teatrları arasında əlaqələndirici missiyanı yerinə yetirəcək.
Qarşılıqlı qastrol səfərləri, dəyirmi masalar, müştərək tamaşalar və bu kimi digər yaradıcı təşəbbüslərə yol açacaq razılaşmada teatrların repertuar siyasəti və təbliğatı məsələləri ilə bağlı da müddəalar yer alır.
Xatırladaq ki, Gürcüstan Mədəniyyət Nazirliyinin eyni profilli teatrların mərkəzləşmiş idarəetməsi və yaradıcılıq baxımından tərəqqisi məqsədilə təsis etdiyi bu birlik öz ətrafına ölkənin ən tanınmış teatr mütəxəssislərini cəlb etməklə bir çox maraqlı layihələrə imza atıb.
Nizaminin “Leyli və Məcnun” əsəri Frankfurtda təqdim olunub
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin Almaniyada işıq üzü görmüş “Leyli və Məcnun” əsəri Frankfurtun mərkəzi “Veltenlezer” kitab evində təqdim olunub.
Azərbaycan Dövlət Tərcümə Mərkəzindən verilən açıqlamaya görə, tədbiri giriş sözü ilə tanınmış alman alimi, Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman açaraq Nizami Gəncəvinin zəngin ədəbi irsindən, dünya ədəbiyyatına bəxş etdiyi bəşəri əsərlərinin dərin fəlsəfəsindən danışıb.
Mayns Universitetinin professoru, tanınmış türkoloq-alim Hendrik Boeshoten Nizami yaradıcılığının özünəməxsusluğu, ideya və məna aktuallığı baxımından bu günlə səsləşməsi barədə fikirlərini açıqlayıb və tədbir iştirakçılarının mövzu ilə əlaqədar suallarını cavablandırıb.
Naşir Hans Jürgen Maurer çıxışında dahi ədibin milli mənsubiyyəti ilə bağlı əsl həqiqətlərin dünyaya yayılmasında bu səpkili layihələrin əhəmiyyətini qeyd edib: “Əsl həqiqət isə ondan ibarətdir ki, dahi şair Azərbaycanın hazırda ikinci böyük şəhəri olan Gəncədə anadan olub, heç vaxt doğma şəhərindən kənara çıxmayıb, yalnız orada yazıb-yaradıb və elə Gəncədə də dəfn olunub. Mən özüm də Azərbaycanda olarkən dahi şairin Gəncədəki məqbərəsini ziyarət etmişəm”.
Tədbirin sonunda tanınmış alman aktyoru Stefan Bittoun “Leyli və Məcnun” əsərindən parçalar ifa edib.
Qeyd edək ki, “Leyli və Məcnun” əsərinin alman dilinə tərcümə müəllifi görkəmli alman mütərcimi Rudolf Qelpkedir. İlk dəfə 1963-cü ildə Sürixdə işıq üzü görmüş kitab əsərin müəllifini alman oxucu auditoriyasına “fars şairi” kimi tanıtsa da, əsərin 2021-ci ildə Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən Almaniyada işıq üzü görmüş yeni nəşri “Leyli və Məcnun”u həmin auditoriyaya dahi Azərbaycan şairi Nizaminin əsəri olaraq təqdim etdi.