Görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə Vyanada konsert keçirilib

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bu il görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyi bu il ərzində həm Azərbaycanda, həm də ölkənin hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunur. 

 

AzərTAC-ın xüsusi müxviri Elgün Niftəli Vyanadan xəbər verir ki, görkəmli bəstəkarın 100 illik yubileyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür. 

AZƏRTAC xəbər verir ki, dahi bəstəkarın 100 illiyinə həsr olunmuş növbəti tədbir dünya klassik musiqisinin beşiyi sayılan Vyana şəhərində keçirilib. Şəhərin mərkəzində yerləşən “Konzerthaus” mədəniyyət evinin Avstriyanın ən mükəmməl akustikaya malik “Motsart zalı”nda keçirilən konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.

Konsertdə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Vyana Akademik Orkestri Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi Fikrət Əmirovun əsərlərindən ibarət proqramla çıxış edib. Konsertdə F. Əmirovun balet, simfoniya, konsert və romans kimi rəngarəng yaradıcılıq əsərlərinə müraciət olunub. Konsertdə ilk olaraq “1001 gecə” baletindən Şəhrizadın bayramı“ ifa edilib, gənc ifaçı Mərziyyə Hüseynovanın səsləndirdiyi “Azərbaycan elləri“ romansı isə xüsusi maraqla qarşılanıb. 

Fikrət Əmirovun yaradıcılığında simfonik əsərlərin əhəmiyyətini nəzərə alaraq, proqramda bəstəkarın dahi Azərbaycan şairi Nizaminin xatirəsinə ithaf etdiyi simli orkestr üçün “Nizami“ simfoniyası səsləndirilib. Əsər tamaşaçıların sürəli alqışlarına səbəb olub.

Fikrət Əmirovun Elmira Nəzirova ilə həmmüəllif olduğu Fortepiano və orkestr üçün ərəb mövzularına konsertdə Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova (fortepiano) solist kimi çıxış edib. Əsərin musiqi dili, melodik çalarları, milli musiqi intonasiyalarının müasir musiqi texnikaları ilə mükəmməl vəhdəti, solist və orkestrin ifası uğurlu musiqili axşamın zirvə nöqtəsini təşkil edib. Bədii rəhbər və dirijor Fuad İbrahimovun dahi bəstəkarın repertuarından seçdiyi əsərlər və orkestr ilə mövzulara peşəkar yanaşması bir daha Avropa dinləyicilərinə Azərbaycan klassik musiqisinin özünəməxsus ifadə zənginliyi, texniki və bədii keyfiyyətlərini nümayiş etdirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.