“Uşaq teatr festivalı”nın qalibləri mükafatlandırılıb

 

Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) kiçikyaşlı uşaqların rəngli dünyasına qucaq açmaqla teatrın, səhnənin ecazkar gücünü bir də şirin-şəkər fidanların simasında isbat edib. Mərasim “Bağçam” uşaq bağçaları şəbəkəsinin təşkilatçılığı ilə keçirilən “Uşaq teatr festivalı”nın yekununa həsr olunub.

 

Uşaqların bədii təfəkkürünün, ünsiyyət və özünüifadə bacarığının, eləcə də estetik yaradıcı təxəyyülünün inkişaf etdirilməsi məqsədilə reallaşan festivala ümumilikdə 6 tamaşa təqdim olunub. Altı ay ərzində ərsəyə gələn bu tamaşaların nümayişçiləri 4-6 yaşlı uşaqlardır.

Bütün səhnə nümunələrinin quruluşu Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Elşad Rəhimzadə tərəfindən aparılıb. Nümunələr ATXİ-də təşkil olunan münsiflər heyəti tərəfindən baxış keçirilərək qiymətləndirilib.

İlk festivalın mükafatlandırma mərasimi uşaqların rəngarəng ifaları ilə də yadda qaldı. Seçilən nümunələrin hər birindən ən yaddaqalan səhnəciklər ittifaqın foyesində göstərilib.

Sonra tədbir seçilən qrupların və onların yetirmələrinin mükafatlandırılması ilə davam edib.

ATXİ-nin sədr müavini, Xalq artisti Hacı İsmayılov, Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Rasim Cəfər, Elnur Hüseynov və başqa çıxış edənlər balacaların teatra, sənətə sevgi ilə böyüməsində, teatra maraqlı tamaşaçı kimi yetişməsində bu kimi tədbirlərin xüsusi əhəmiyyətə malik olduğunu dedilər, təşkilatçılara təşəkkür etdilər.

Sonra müvafiq nominasiyalar üzrə qiymətləndirmə oldu. “Ən yaxşı tamaşa nümayişi”, “İlin aktyoru”, “İlin aktrisası” nominasiyalarında kollektivlər və azyaşlılar fəxri fərmanlarla təltif olundular.

Bir sözlə, ən yaxşılar müəyyənləşdirildi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.