İntiqam Mehdizadə - yazıçı-publisist, jurnalist, ssenarist ötən gün, ömrünün 77-ci baharında vəfat edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. BDU-nun Jurnalistika fakültəsini bitirib. 3 il “Azərbaycan gəncləri” qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. "Gənclik və idman" redaksiyasına rəhbərlik edib.
5 kitab müəllifidir. "Karvanın sarvanı" adlı iri həcmli məqalələr toplusu "Ozan" nəşriyyatında çapa hazırlanır. Respublika Mətbuat Fondunun "Dan Ulduzu", Jurnalistlər Birliyinin H.B.Zərdabi adına mükafatları laureatıdır.
Son iş yeri Mədəniyyət və İncəsənət Universitetində mətbuat katibliyi olub, bu vəzifədə çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyib.
Filmoqrafiyasında 2004-cü ildə lentə alınmış “Lahıc” filmi xüsusi yer tutur.
İki övladı, dörd nəvəsi ondan yadigar qaldı. Allah rəhmət eləsin!