Super User
Mədəniyyət naziri Beyləqanda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci ilin iyun ayının 16-da saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində (Ünvan: Beyləqan şəhəri Heydər Əliyev prospekti 7) Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Nazirlikdən “Ədəbiyyat və incəsənət” portalına bildirilib ki, vətəndaşlar iyunun 12-dək nazirliyin Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsi ilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
Yunus Oğuzun “Cığır”ı gəlir
Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun yeni kitabı -"Cığır" romanı çapa verilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, romanda Pənahəli xanın Şuşa qalasını inşa etməsi, Şuşa qalasına gedən cığırın tədqiq edilərək üzə çıxarılması, ermənilərin tarixin müxtəlif dövrlərində Şuşanı, eləcə də Şuşa qalasını ələ keçirmək üçün məkrli planlar qurması, eyni zamanda Qarabağın incisi sayılan Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsi hadisələri tarixi xronoloji ardıcılıqla oxuculara təqdim edilib.
Romanın sonuncu bölümlərində yazıçı Aprel döyüşləri və 44 günlük Vətən müharibəsinə gedən yol, həmçinin ərazilərimizin Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilməsi kimi tarixi anları, zəfər tarixini də geniş və ətraflı şəkildə oxuculara çatdırıb. Əsərdə yazıçı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının mərd, mübariz, döyüşkən ruhunu ortaya qoyub və Ali Baş Komandan İlham Əliyev və onun Müzəffər Ordusunun uğurlu əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.
Tarixin 17 ən mənfur ermənisi
“Ədəbiyyat və incəsənət” portal sizə yazıçı Adəm İsmayıl Bakuvinin olduqca maraqlı “Yalanın 17 anı” romanından növbəti seçməni təqdim edir.
Stepan Zatikyan
20-ci əsrdə dünyanı bürüyən, çoxsaylı insan qətlinə, dağıntı və fəsadlara səbəb olan terror aktlarına görə.
Vardan Aravelsi
Sonradan erməni millətçiliyini insani cinayətkarlıqlara sürükləyən, qonşu dövlətlərə ərazi iddialarına həvəsləndirən saxta Böyük Ermənistan tarixinin yazılmasına görə.
Arutyun Şaxrikyan
Yaşadığı Osmanlı İmperiyasına xəyanətinə, erməni qiyamlarının təşkilinə, türk xalqının qətlimında iştirakına görə.
Mkrtıç Xrimyan
Yaşadığı Rus İmperiyasında rus millətinin nümayəndələrinin qətlinin təşkilinə, din pərdəsi altında müsəlman dinindən olan insanların fiziki məhvinə çağırışlara görə.
Yepiskop Mesrop
Dünya siyasətinə “yataq anlaşması” kimi üzdəniraq, rüsvayçı bir təcrübənin gətirilməsinə, erməni qadınları lazımi adamların yatağına sürükləməsinə görə.
Erməni mədəniyyət xadimləri
Digər xalqların, əsasən də qonşu azərbaycanlıların minillik mədəniyyət nümunələrini oğurlayıb erməni xalqının adına saxtalaşdırmaları çabasına görə.
Andronik Ozanyan
Osmanlı və Rus imperiyaları ərazilərində türklərə və azərbaycanlılara yönəli ağlasığmaz vəhşiliklərlə müşayiət olunan qətliamlar həyata keçirdiyinə görə.
Asatur Vaçyants
1918-ci ilin martında Bakı şəhərində yerli azərbaycanlılara qarşı təşkil olunmuş bolşevik-daşnak genosidinin təşkilatçılığında roluna görə.
Amazasp Srvantsyan
1918-ci ilin aprelində Azərbaycanın Quba uyezdində yaşayan çoxmillətli əhaliyə, o cümlədən yəhudilərə qarşı həyata keçirilən qətliamın əsas siması olduğuna görə.
Qaregin Njde
Sovet hakimiyyətinin ilk ilində çoxsaylı erməni kommunistlərinin öldürülməsinə, erməni gənclərini nasizm ideologiyası ilə zəhərləməsinə, 2-ci dünya müharibəsi dövründə faşistlərin tərəfində döyüşən Erməni legion yaratmasına görə.
Kirk Kerkoryan
Dünyanın ən böyük kazino inhisarçısı olduğuna, çox sayda evlər yıxdığına görə.
Eduard Qriqoryan
Azərbaycan Respublikasının Sumqayıt şəhərində erməni millətçiliyinin ən şərəfsiz aktına imza ataraq millətlərarası münaqişəyə od vurmaq üçün öz ermənilərini öldürməsinə, zorlamasına görə.
Telman Qdlyan
Sovetlər dönəmində özbək xalqını müstəntiq kimi “Pambıq işi” adlanan saxta bir işlə olmazın məhrumiyyətlərə düçar etməsinə görə.
Abel Aqanbekyan
Sonradan əksər SSRİ respublikasında millətlərarası münaqişələrin yaranmasına səbəb olan “Qarabağ problemi”nin ideoloqu olması səbəbindən.
Mento Melkonyan
Bəşər tarixində Xolokostla bir sırada duran bir qətliamın – Xocalı qətliamının əsas icraçılarından biri olmasına, Xocalı və Xocavənd bölgələrində tarixin min illik qədim izlərini, ən qədim tarixi abidələri yerlə yeksan etdirməsinə görə.
Zori Balayan
Yazıçı, ziyalı adına ləkə gətirərək həm birbaşa, həm də dolayısı ilə tarixdə hətta ən qatı quldurdan betər qanıçənlik missiyası yerinə yetirdiyinə görə.
Kim Qardaşyan
Porno industriyanı çiçəkləndirən, fahişəliyin leqallaşdırılmasına əmək sərf edən, əxlaq ehkamlarını uçurub dağıdan fəaliyyətinə görə.
“Köhnə dolab” - Murad Muradovun hekayəsi
SilkWay beynəlxalq ədəbiyyat festivalının Azərbaycan turunun daha bir finalçısı Murad Muradov olub. “Ədəbiyyat və incəsənət” portal bu gün sizə Muradı finala daşımış “Köhnə dolab” hekayəsini təqdim edir.
Murad Muradov Quba rayonunun Zərdabi qəsəbəsində yaşayır, ali təhsillidir, dövri mətbuatda hekayələri ilə müntəzəm çıxış edir. Hekayələrində günümüzün acılı-şirinli reallıqları öz əksini tapmaqdadır.
*
Nə az, nə çox, düz yeddi il qərib eldə - Rusiya bazarlarında tər töküb işlədikdən sonra nəhayət, günəşli günlərinə, qızıl payızına, qarlı qışına həsrət qaldığım vətənə gəlib çıxa bildim. Allaha şükürlər olsun ki, çəkdiyim bütün əzabları, qanqaraçılıqları Bakıya gələr-gəlməz şəhərin sakit bir güşəsində aldığım ikiotaqlı mənzil mənə unutdura bildi. Yeddi illik zəhmətim hədər getməmişdi. Artıq sinə dolusu nəfəs ala bilərdim...
Xırda-xuruş qayğıları da yoluna qoyub, əzizlərimi görmək üçün rayona - ata evimizə, qardaşımın yanına getdim. Ötən yeddi ildə kəndimizdə çox şey dəyişmişdi. Daha ağaclara, damlara dırmanmış uşaqlar, hasarlardan boylanan qız-gəlin gəlib-gedənə göz qoymurdu. Bulaqdan su daşıyan, eyvanın qabağından küçə qapısınacan bütün həyəti tərtəmiz süpürən, küçəni başdan-başa sulayan, samovara od salan adamları da görmədim. Kəndin daşlı yollarında nə nal taqqıltısı, nə də araba cırıltısı eşidilirdi. Məscidin qabağındakı meydana yığışıb şirin-şirin söhbət edən, zarafatlaşan yaşlı kişilər də gözə dəymirdi. Sakitlik idi, yaman...
Uşaqlığımın keçdiyi bu kəndi xeyli gəzib-dolandım. Yeddi il əvvəl ürəyimi açdığım, amma “yox” cavabı aldığım Ofelyagilin evinə kənardan xeyli baxdım. Həyətimizi qonşunun həyətindən ayıran hasara söykənib fikrə daldım. Baxışlarım hər yerdə atamı, anamı axtarırdı. Atamın bu həyət-bacadakı gur səsini eşidirdim.
Sonra evə keçdim. Gözümə artırmanın bir küncündə anamın cehizliyi olan böyük paltar dolabı sataşdı. Dolaba yaxınlaşıb əlimi üzərində gəzdirdim. Rəngi solmuşdu, amma yan-yörəsində qırığı-filanı yox idi. Dolaba toxunduqca hiss etdiyim soyuqluq canımı üşütdü, dolab sanki cana gəldi, qəribə cırıltılı səs çıxardı. Dərhal da qapısı açıldı. Çox qorxdum. Ehtiyatla dolabın içinə baxdım: Geniş və qaranlıq idi. Kəsif bir iy burnumu qıcıqlandırdı. Hörümçəklər qapılarına naxış salmışdı. Anladığım qədər dolabdan gəlinbacım lazımsız əşyaları göz qabağından itirmək üçün istifadə edirmiş. Dolab məndə nostalji hisslər oyatdı. Yaxşı yadıma gəlir ki, o vaxt anam ən gözəl geyimlərimizi səliqə ilə bu dolaba yığıb saxlayardı. Hər axşam atam evə gətirdiyi pulları qabağına tökər, asta-asta sayıb, anama verərdi. Anam isə atamın qazandığı bu pulları, “dar gün üçündür” deyərək paltarların ciblərinə qoyub bu dolabda gizlədərdi. Dolab qapısının içəri tərəfindən asılmış aynaya bir vaxtlar anam baxıb uzun və qara hörüklərini darayar, ona çox yaraşan ağ kəlağayısını başına örtərdi. İndi həmin aynaya pas düşmüşdü, üzərində qara ləkələr vardı, şəffaflığını itirmişdi. Atam, nimdaş olsa da, ona yaraşan kostyumunun sağına-soluna, mən də məktəbli formamın gözəlliyinə, tələbə adını qazanıb şəhərə gedəndə mənim üçün alınmış geyimlərin necə yaraşıqlı olduğuna bu dolabın aynasında baxmışdım. O, bizim evdə yaşanan hər bir hadisənin şahidi olmuşdu.
Xatırladıqca kövrəlirdim. Üçüncü sinfin yay tətilində idik. Hər gün sinif yoldaşlarımı başıma yığıb kənd boyu aşağı-yuxarı gəzib, oynayardıq. Ara-sıra kənddə kimin bağında yetişmiş meyvə ağacları vardısa, xəlvəti o bağa girir, meyvələrdən dərib səssizcə çıxırdıq, sonra sakit bir yerə çəkilib ləzzətlə meyvələri yeyirdik. O günkü meyvə oğurluğumuz Həcər arvadın bağına idi. Yaşı altmışı haqlamış, saçını sarı rəngləyən, iri sinəli o qadını hələ də yaxşı xatırlayıram. Mən pusquda durub, gələn-gedən olsa, xəbər etməli idim. Fərid və Tural isə bağa girib sulu armudlardan dərməli idilər. Hər şey alt-üst oldu. Tural kök, tosqun bir oğlan idi. Onun çıxdığı budaq ağırlığa tab gətirməyib qırıldı. Tural tappıltıyla yerə dəydi. Səsə Həcər arvad çıxıb hay-həşir saldı. Güclə qacıb canımızı qurtardıq. Amma Həcər arvad bizi görmüşdü. Tural ağrıdan, işin korlanmasından əsəbiləşib yerdən yekə bir daş alıb, həyətə vızıldatdı. Daş düz gedib Həcər arvadın dünyadan bixəbər, otluqda eşələnən bir toyuğuna dəydi.
Bir neçə saat evə getmədim. Axşamtərəfi gizlicə, qapını ehtiyatla açıb həyətə girəndə atam məni ordaca haqladı. Qulağımın dibinə dəyən şapalaqdan ayaqlarım yerdən üzüldü.
“Bu, Həcər arvadın bağından oğurluq etməyinin, yumurtlayan toyuğunun da daşla vurub ayağını qırmağının cəzasıdır”, - dedi.
Səsə anam da bayıra çıxdı.
Nə qədər and-aman etsəm də ki, toyuğun ayağının qırılması mənlik deyil, nə atamı, nə anamı inandıra bildim. Atam həyət qapısını hirslə çırpıb küçəyə çıxdı. Bir xeyli vaxtdan sonra o, evə qayıdanda anama toyuğun ayağını, sən demə, mənim sındırmadığımı öyrəndiyini dedi. Onların danışığını mən də eşitdim. Atam bir kəlmə ilə belə könlümü almadı. Kiçik evimizdə özümə yer tapa bilmirdim. O gecə dolabın içinə girib səhərə qədər orda yatdım...
***
Axşama doğru günəş dağların dalında yox olanda mənim gəlişim münasibəti ilə eyvanın qabağındakı stolun üstünə ağappaq, tərtəmiz örtük salındı, süfrə açıldı. Masa arxasında əyləşdik. Gəlinbacımın bişirdiyi kənd çolpasından, isti təndir çörəyindən yeyə-yeyə, qardaşımdan bir xahiş etdim:
- Olarmı anamın paltar dolabını şəhərə aparım?
Qardaşımla gəlinbacım baxışdılar.
Xahişim qardaşımın zəndini min yerə apardı. Vəziyyəti yumşaltmaq üçün dedim:
- Ev əşyaları almağa pulum çatmır, bu dolab çox işimə yarayacaq.
Ürəyimdən keçənləri bilirlərmiş kimi mənə “yox” demədilər...
Ertəsi gün dolabı kənddə taksi sürücüsü işləyən Tahir kişinin üstü yük üçün düzəldilmiş “VAZ 2106”sına birtəhər yüklədik, mənim üçün qoyulmuş sovqatı yerbəyer edib şəhərə qayıtdım. Dolabı evimə sağ-salamat çatdırıb boş otağın bir küncündə, divara söykədim.
Dolab boş evin sifətini xeyli açmışdı. Qəribə idi: dolab gözümə təzə, yenicə alınıbmış kimi görünürdü, hətta ona toxunanda illərin yorğunluğunu canından qovmaq üçün çıxardığı cırıltı səsi də gəlmirdi. Bu köhnə dolabda nəsə bir sirr olduğunu düşünürdüm. Dolabla canlı varlıq kimi danışmağa başladım. Astadan pıçıldaşırdıq. Ona keçmişimizlə bağlı xoş sözlər deyirdim. Yada salınacaq xoş olmayan uşaqlıq xatirəsi olsa da, Həcər arvadın toyuq əhvalatında məni bir tək bu dolab anlamışdı. Dolabı sığallayıb, təşəkkür etdim.
Mətbəxdən bir əski götürüb islatdım və dolabın tozunu sildim. Nəm əski ilə əlimi onun səthində gəzdirdikcə dolab sanki gözümdə böyüyür, ucalırdı. İndi mən onun qarşısında çox cılız görünürdüm. Dolabı tər-təmiz silib parıldatdım. Sonra gəlinbacımın qoyduğu sovqatı mətbəxdə yerbəyer etməyə başladım. Çantaya bir zərf də qoyulmuşdu. Açdım. Zərfin içində toy dəvətnaməsi vardı:
“Sizi Raufla Ofelyanın toy məclisinə dəvət edirik...”
Siqaret yandırıb, dolab olan otağa keçdim. Külək pəncərənin arxasında əsib fit çalır, yarpaqları yerə tökürdü. Görünən ay olmasa idi, cansıxıcı mənzərə yaranardı. Qaranlıq otağa pərdəsiz pəncərədən düşən gur ay işığı tən ortada, döşəmənin üzərində pəncərənin şəklini əks etdirirdi. Əyləşdim. Külqabını da önümə qoydum. Siqaretdən dərin qullab ala-ala, uzun-uzadı, gözlərimi çəkmədən dolaba baxdım. Qəhər məni boğdu. Barmaqlarımı dolabın cilası getmiş dəstəyində gəzdirdim. İzaholunmaz bir doğmalıq, yaxınlıq məni özünə çəkdi. Dolabın qapısını açıb içinə girdim, çömbəlib oturdum.
İndi dünyada özgə heç nə yox idi: bir ev vardı, bir bu köhnə dolab, bir də mən.
Bakıda Fransız kino günlərinə start verilir
İyunun 7-dən Bakıda “100 faizlik klassiklər: Fransız kino həzzi” adlı film nümayişləri başlayır.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycanda Fransız İnstitutu və Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilən 3 günlük nümayiş “Azərbaycan” kinoteatrında reallaşacaq.
Kinematoqrafçılar ittifaqından Sözügedən filmlər fransız dilində, Azərbaycan və ingilis altyazıları ilə təqdim olunacaq.
İyunun 7-də “Atalanta” (Jan Viqo), 14-də “Baltazar” ( Rober Bresso), 21-də isə “Uçuş zolağı” və “Sibirdən məktublar (Kris Marker) filmləri nümayiş olunacaq.
Günün fotosu: Anar və Rasim Balayev
Günün fotosu: Anar və Rasim Balayev
Xalq yazıçısı, AYB (Azərbaycan Yazıçılar Birliyi) sədri və AKİ (Azərbaycan Kinematoqrafçılar İttifaqı) katibi Anar və AKİ-nin yeni sədri Rasim Balayev.
Foto: AKİ-nin sosial media səhifəsindən götürülüb.
“Köçəri mədəniyyətin yeni dalğası, türk törəsinin oyanışı başlayır" - Eltən Törəçi ilə müsahibə
Ölkəmizdə Çölçülük hərəkatının banisi, portalımızın dostu Eltən Törəçinin “525-ci qəzet”ə verdiyi müsahibəsinin olduqca maraqlı olmasını nəzərə alıb diqqətinizə çatdırırıq. Müsahibəni Şahanə Müşfiq aparır.
İyulun 29-31-də Azərbaycanda - Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən əsrarəngiz Xan yaylağında II Milli Yaylaq Festivalı keçiriləcək. İlki 2019-cu ildən keçirilən Festival yerli və xarici ictimaiyyət tərəfindən böyük marağa səbəb olmuşdu. Əlbəttə, yaylaq, çöl, təbiət, doğal yaşam deyəndə ilk yada düşənlərdən biri "Çölçü" Milli Mədəni İrsin İnkişafı İctimai Birliyinin sədri, "Qafqaz TV"nin icraçı direktoru Eltən Qədimbəyli - Törəçidir. I Milli Yaylaq Festivalında da iştirak edən Eltən bəylə qarşıdakı II Milli Yaylaq Festivalı, eləcə də fəaliyyət sahəsi, çöl, təbiət, türklük, milli kimlik məsələləri haqqında həmsöhbət olduq.
"Bir xalqın öz törəsini anlaması, qavraması çox önəmli məsələdir"
- Bizim "Çölçü" İctimai Birliyi Milli-Mədəni İrsin İnkişafı adındadır. Milli-mədəni irs deyəndə bir millətin etnoqrafik mədəniyyəti, etnoidentifikasiyasından danışırıq. Hər bir millətin belə bir etnoidentifikasiyaya çox ciddi ehtiyacı var. Məsələn, Azərbaycanda əhalinin böyük hissəsi türklərdir və bizim milli kimliklə bağlı bəlli problemlərimiz var. Özəlliklə, Sovet quruluşunun təbliğat maşınından sonra bu problemlər artıb. Bizim kimlik anlayışımızda indi bir qarışıqlıq, dolaşıqlıq var. Bu da elə-belə deyil. Bakı Türk dünyasının mədəniyyət mərkəzi idi. Ta Sovetdən öncəki dönəmdə bütün Türk dünyasından olan ziyalılar Bakıda toplaşardı. Bakı Avropanın Parisi kimi yaradıcı adamların şəhəri idi. 1937-ci ildə 29 mindən çox ziyalımız qətl edildi. Onlar boşuna öldürülmədi. Çünki onlar milli kimliyin daşıyıcıları, anlatıcıları, milli kimliyi mənimsəyən insanlar idilər. Sonra dilimizdə, əlifbamızda dəfələrlə dəyişikliklər oldu. Əlbəttə ki, bununla da kitablarımız, mifologiyamız, ədəbiyyatımız da dəyişildi və yerinə Sovet ideologiyasını təbliğ edən saxta bir nəsil yetişdirildi. Üzülərək deyim ki, indi də o hava bəzi insanların başında qalmaqdadır. İndi də biz milli kimliyin dərinliyinə tam vara bilmirik, qavramırıq. Belə bir ifadə də var: milli mentalitet. "Milli" sözü "millət" sözündən gəlir, bizim sözümüz deyil, "mentalitet" də "mental" sözündəndir, heç bizim deyil. Öz dilimizdə olmayan qavram bizi açıqlaya bilməz, bizim göstəricimiz ola bilməz. Bütün bunların yerinə qoyduğumuz "törə" deyə bir qavram var. Törə öz fəlsəfəmiz, öz davranışımız, mədəniyyətimiz, hüququmuz, etikamız-estetikamızdır. Əslində, ziyalılarımız bu və ya digər şəkildə bunu vurğulamağa, mədəniyyətin gücünü göstərməyə çalışıblar. Məsələn, Cavid deyirdi ki, Turana qılıncdan daha kəskin, ulu qüvvət: Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! Mədəniyyət deyəndə o, törəni nəzərdə tuturdu ki, bizə unutdurulub. "Millət" sözü, əslində "budun"dur, yəni bütün. Sözün ifadəliliyinə fikir verin, biz bir bütünük. Ya da vətən anlayışı bizim deyil. Biz "yurd" deyirik. Bunları biz daha yaxşı qavraya bilirik. Bir xalqın öz törəsini anlaması, qavraması çox önəmli məsələdir. Bəli, son dönəmlər Türk dünyası ölkələri arasında əlaqələr daha da artıb. Bu, çox yaxşıdır. Amma üzülərək deyim ki, bunu bir çox halda edənlərin əksəriyyəti törəylə əlaqəsi olmayan şəxslərdir. Onlar bunu hansısa maddi gəlir üçün, ya da toplumda tanınmaq üçün edirlər. Çünki bu məsələ indi aktualdır. Əlbəttə, bunu ürəkdən istəyənlərlə yanaşı, bundan maddi maraq güdənlər də az deyil.
"Milli Yaylaq Festivalının davamlı olması çox yaxşı haldır"
- Bütün bunların fonunda Milli Yaylaq Festivalı keçirməyə başlamışıq. İlk festivalla bağlı təəssüratlarınız necədir?
- Milli Yaylaq Festivalına gəldikdə, 2019-cu ildə ilk dəfə idi təşkil olunurdu. Təəssüf ki, tələm-tələsik və bir növ göstəri üçün təşkil olunmuşdu. Bəli, bir çox dövlət qurumları, Türkiyənin burdakı nümayəndəlikləri əlindən gələni etmişdilər. Bu, bir cəhd idi. Alındımı, bəli, alındı. Bunu alqışlamaq lazımdır. Çünki bu, indiyə qədər olmamışdı. Biz orda gördük ki, insanlar öz köklərinə, törələrinə necə bağlıdırlar, necə sevgiləri var. İstənilən halda, bu, insanların öz köklərinə dönməsinə və onunla bağlarını yenidən yaratmasına kömək elədi. Qüsurlar var idimi? Bəli, vardı. Orda məni üzən ən ciddi məsələlərdən biri bu idi ki, məsələn, oxçuları, hansısa etno savaş çıxışçılarını Türkiyədən və başqa türk dövlətlərindən gətirmişdik. Azərbaycandan sadəcə at çapanlar vardı. Məncə, bu, bir milli yaşam biçimi deyil, sanki bir sirk göstərisi idi. Milli kökü, öz törəni yaşadan adamlar Azərbaycanda bir icma şəklində olmalıdırlar. Ayrı-ayrı bölgələrimizdə, kəndlərimizdə qədim ənənəvi sənədlərimizi yaşadan insanlar var, amma onlar təkdirlər. Bəli, dövlətin layihələri var, onlara qismən kömək edildi, amma bu, o qədər də uğurlu deyil. Məsələn, birinin modern evdə yaşayıb, gəlib dulusçuluqla məşğul olması, onun işinə yarımçıq yanaşmasın gətirib çıxaracaq. Vaxtilə Mədəniyyət Nazirliyinə təklif vermişdim ki, gəlin, Azərbaycanda bir etnokənd yaradaq və Azərbaycanın dörd bir yanında qədim əl işləriylə məşğul olan sənətkarları oraya toplayaq ki, işlərini orda davam etdirsinlər. Milli köklərinə bağlı ölkələrdən biri Yaponiyadır. Orda öz qədim sənətlərini, döyüş növlərini yaşadanlar var və onlar babaları necə yaşayırdısa, elə də yaşayır, o ritualları qoruyurlar. Azərbaycanda Braziliyanın, Koreyanın idman növü var, amma öz milli idman növlərimiz yoxdur. Məsələn, mən illərdir oxçuluğu təbliğ etməyə, öyrətməyə çalışıram. Buna ehtiyac var. Festivalda, bəli, çox yaxşı tərəflər də vardı. Amma boşluq olan çox məqamlar da vardı. Çünki bunun arxasında heç nə durmurdu. İldə bir dəfə hansısa qurumları toplayıb, bir milli papaqla milli olmaq mümkün deyil. Gərək köklərə sadiq, gələnəkləri yaşadan insanlara dəstək versinlər ki, festival da öz-özündən yaransın. Öz milli mənliyimizi, kimliyimizi saxlayan qrup, icma yaranmalıdı. Azərbaycanda ənənəvi oxçuluq, atlı oxçuluq yaranmalıdır, bunun komandası olmalıdır. Azərbaycan bütün milli festivallara öz musiqisi və atçılıq komandasıyla qatılır. Atçılıq da bir göstəridir, yaşam biçimi deyil. Bəli, bizdə alpaqut idman növü var ki, onun da nə qədər qədim, köklü olduğu mübahisəlidir. Bu sahədə yaxşı işlər görülsə də, tam yanaşma yoxdur. Biz "Çölçü" olaraq bir çox istiqamətlərdə - geyim, idman, dil, sağlıqlı bəslənmə, həmçinin, uşaqlarla bağlı çox ciddi işlərimiz var ki, məsələyə kompleks yanaşaq. Milli oyanış, törəsəl yanaşmayla bağlı öz düşüncələrimiz və bizi dəstəkləyən insanlar da var. Milli Yaylaq Festivalına münasibətim normaldır, amma düşünürəm ki, bu, tam deyil, Azərbaycanı tam ifadə edə bilməyəcək. Çünki yanaşmada bir az sıxıntılar var. Xəyalımız odur ki, gələcəkdə özümüz "Çölçü" festivalını keçirəcəyik. Onun daha dərin, köklü bir festival olacağına əminəm. Çünki mən 2004-cü ildən bunun üzərində çalışıram. "Çölçü"nün yanaşması hərtərəfli yanaşmadır. Festivalın adı da mübahisəlidir. "Yaylaq" nə deməkdir? Baxın, "Köçəri oyunları" deyirlər. Köçəri bir kimlikdir, köçərinin bir davranış biçimi, törəsi və oyunu var. Yaylağın oyunu yoxdur. Yaylaq bir istirahət anlayışıdır, yəni o deyil. Demək, konsepsiyanın özündə sıxıntılar var. "Çölçü" isə bir türkün yaşamının hər yönünü göstərən bir konsepsiyaya sahibdir.
- İkinci Milli Yaylaq Festivalına az zaman qalıb. Konsepsiyası, hazırlıq prosesləriylə tanışsınızmı? Bununla bağlı hansı təklifləriniz var?
- Bəli, bu festivalın davamlı olması çox yaxşı haldır. Buna yanaşmayla bağlı fikirlərimi dedim. Bildirdiyim kimi, orda yarımçıq yanaşma var. Adından tutmuş, bütün konsepsiyasıyla tanışam. Düşünürəm ki, çox yaxşıdır, amma mənim tam olaraq ürəyimcə deyil. Fikrimcə, Yaylaq Festivalının ciddi elmi dayanağı olmalı, konsepsiyası hazırlanmalıdır. Bu sahədəki elm adamlarının hamısının fikri alınmalıdır. Bu qədər böyük bir tədbir 3-5 adamın fikriylə qurula bilməz. Çünki milli-mədəni məsələlərlə bağlı çoxlu insanlar çalışır. Bu, bir komanda işidir. Amma burda mənim gördüyüm bir komanda işi yoxdur. Birincidə də yarımçıqlığı görmüşdük, indi də hardasa bu davam edir. Məsələn, mən illərdir etno mədəniyyətlə maraqlanan, məşğul olan adamam, amma belə bir tədbirin olacağını hələ təzə öyrənirəm.
- Müasirləşən və qərbliləşən insanların bu cür festivala marağını nə dərəcədə səmimi qəbul edirsiniz?
- Səmimi olan da var, olmayan da var. Bir çox insan ora şəkil çəkdirməyə, sosial mediasında paylaşımlar etmək üçün gələcəklər, bir çoxları həqiqətən də buna marağından gələcək. Xüsusən, pandemiyadan sonra insanların bir araya toplaşması xoşdur və məhz buna görə də gələnlər olacaq. Çünki biz millət olaraq təbiəti sevirik. Əlbəttə, onların içərisində öz ailəsinə, övladlarına keçmişini, milli kimliyini, ənənələrini, bağlarını göstərmək, tanıtmaq istəyənlər də olacaq.
"Özümü tamamlamaq üçün onlara ehtiyacım olduğunu düşünürdüm"
- I Milli Yaylaq Festivalında Etnosporlar Konfederasiyasının başqanı Bilal Ərdoğanla müsahibə edərkən, ona belə bir sual vermişdiniz ki, Amerikada, Avropada təhsil alan birisi sonradan necə oldu ki, oxçuluqla maraqlandı. İstərdim eyni sualı mən sizə verim. Mədəniyyət və İncəsənət Universitetində, sonra isə Kiyevdə rejissorluq ixtisasına yiyələnmiş Eltən necə oldu ki, özünü çöldə Çölçü olaraq buldu?
- Mən sədərəkliyəm. Naxçıvanın ən ucda, İran, Türkiyə və mənfur ermənilərlə sərhəddə, Azərbaycanın ən ucdakı qapısıyıq. Sərhəddə yaşayan insanlarda öz milli köklərinə bir bağlılıq olur. Yadımdadır ki, uşaqlıqda dağlara çıxırdıq və özümüzü oraların qoruyucusu kimi görürdük. Soyumuz "Qədi" soyundandır. "M" Sovet dövründə əlavə olunub və olmuşuq "Qədimbəyli". Mənim 7 babam yüzbaşı olub, orduda qulluq edib. Məni babam və nənəm yetişdirib. Uşaq vaxtımdan başımda papağım-börküm də, xəncərim də vardı. Anam tarix, atam rus dili müəllimi idilər. Anam kəndimizdə bir muzey yaratmışdı. Orda babamın xəncəri, paltarı vardı. O muzeyə getməyi çox xoşlayırdım və ordakı Sədərəyin kökü məni o vaxtdan cəlb edirdi. Özümü tamamlamaq üçün onlara ehtiyacım olduğunu düşünürdüm. Bizim kəndimizi bombalamağa başlayanda 8-ci sinifdə oxuyurdum. Ulu öndərimiz gəldi Sədərəyə və araşdırma apardı ki, ordakı əlaçı uşaqlar kimdir? Əlaçı uşaqların hamısını Bakıya göndərdilər ki, heyifdilər, təhsilləri yarımçıq qalmasın. Onların içində mən də vardım və mən anamı, atamı qoyub gəlmək istəmirdim. Onda atam mənə bir söz dedi ki, bala, mən indi burda ikimizin yerinə savaşa bilərəm, amma bu savaş beyin savaşıdır, milli mənlik savaşıdır, özümüzü anlamaq üçün sən oxumalısan. Oxumasan, bir sabah bu savaşı uduzacağıq. Atamın o dediyi söz məni həmişə özümü, kökümü axtarmağa vadar elədi. Anlayırdım ki, köklərimi araşdırmalıyam. Bu hiss məni Dövlət Televiziyasında Xalq yaradıcılığı redaksiyasına gətirdi. Nədənsə, folklorumuz, eləcə də keçmişlə bağlı hər şey məni çox cəzb edirdi. Düşünürdüm ki, torpağına, keçmişinə nə qədər bağlı olsan, o qədər güclü olacaqsan. Mən də ulusumuzu, xalqımızı güclü görmək istəyirəm. Dərinə nə qədər varsaq, o qədər ucalmaq şansımız olacaq. Biz türklərin ən böyük sıxıntısı birləşməkdir. Bunu da törəmizi anladıqca, mənimsədikcə, dilimiz açıldıqca bacaracağıq.
"Ortaq türk dili məsələsini ortaya atanlar türk birliyini istəməyənlərdir"
- Dil demiş, son zamanlar "ortaq türk dili" tendensiyası yaranıb. Bizə lazımdırmı ortaq türk dili?
- Ortaq türk dili zatən var. Bu, birliyi yaratmaq istəməyənlərin bir həmləsidir. Olmayan bir şeyi atırlar ortaya və bunun müzakirəsini yaradırlar. Ortaq türk dili məsələsini ortaya atanlar türk birliyini istəməyənlərdir. Çünki bu vasitəylə ayrılıq yaradırlar, qıpçaq türkü deyəcək qıpçaq dili üzərində, oğuz türkü deyəcək oğuz tükcəsi üzərində yaradaq və sair. Bizə elə gəlir ki, Lənkəranda Azərbaycan dilində danışanla Şəkidə azərbaycanca danışanın dili çox yaxındır. Xeyr, əslində, heç də yaxın deyil. Naxçıvanlıyla salyanlının dilləri xeyli fərqlidir. Sadəcə, biz bunu çox eşitdiyimiz üçün onu anlayırıq. Türk dilinin ləhcələri də bu cürdür. "Janım"la "canım"ın nə fərqi var ki? Biz bir-birimizi danışaraq başa düşəcəyik və bu da olacaq ortaq türk dili. Məncə, hər türk insanının başqa türk dövləti vətəndaşlarından bir dənə dostu olmalıdır, gənclər arasında ortaq türk dostluqları qrupu yaradılmalıdır. Bunu prinsip halına gətirəndən sonra inandırım sizi, 3-5 il ərzində biz bütün türk dillərində danışacağıq. İkinci problem, yazı problemidir. Yazı dili düzəlsə, ortaq dil də inkişaf edəcək. Çünki bu dil var, onu yaratmağa ehtiyac yoxdur. Biz çölçülər türklüyümüzlə bağlı bütün ayrımcılıqlara qarşıyıq. Dil bir kapitaldır. Ortaq dil bizə sabah pul qazandıracaq. Türkiyə tükcəsi indi dünya dil sıralamasında 17-ci yerdədir. Amma 330 milyon adam bu dildə danışsa, qalxacaq 4-5-ci yerə. Dünyada ən çox danışılan 4-5-ci dil kimi bizim uşaqlarımız sabah hansısa xarici ölkədə türk dili təhsili verib pul qazana bilər. Biz başa düşməliyik ki, bu dilin yaranması, bizə pul kimi də geri dönəcək. Pul da gücün bir göstəricisidir və biz türklər gücü sevirik. Bizim milli mənəvi cəsarətimiz çatmalıdır ki, özümüzün milli geyimlərimizi özgüvənlə geyinək. Amma hindlilər, yaponlar, ərəblər var ki, zadəgandır, ziyalıdır, professordur, əsilzadədir və öz milli geyimində qürurla gəzir. Biz isə bundan utanırıq. Başqasının geyimini geyinmək, başqası kimi görünməyə çalışmaqdır gülünc olan. Biz avropalıdan çox avropalıyıq, rusdan çox rusuq. "Çölçü"nün uşaq təşkilatı qurmaq kimi bir planı var və bu uşaq təşkilatı bütün türk dünyasını əhatə edəcək. Türk dünyasından uşaqlar vaxtaşırı gəlib Azərbaycanda qalacaq və buranın mədəniyyətiylə, tarixiylə yaxından tanış olacaqlar.
- Bilal Ərdoğanla sonradan danışıqlar oldumu, qarşılıqlı əlaqələr, işbirliyi olacaqmı?
- Bəli, işbirliyi düşünürük. Gələcəkdə dediyim kimi, biz də bir neçə etnofestivallar planlayırıq, çox maraqlı və önəmli ideyalarımız var. Onları bir neçə mərhələlərə də bölmək istəyirik. Əlbəttə, Dünya Etnosporlar Konfederasiyasıyla da işbirliyi qurmağı planlaşdırırıq. Azərbaycanda ənənəvi oxçuluq federasiyası qurmaq istəyirik. Əvvəlcə bir mərkəzdə toplayıb oxçuluq ocağı qurmaq, daha sonra onu Azərbaycana yayıb federasiya halında genişləndirmək fikrimiz var. Oxçuluq təkcə bir idman növü deyil, törədir. Biz sadəcə oxçu yetişdirməyəcəyik, həm də törəsinə bağlı, öz kimliyini, mənliyini anlayan, keçmişinə, kökünə bağlı bir vətəndaş yetişdirəcəyik.
- Qərbin və xüsusən, Rusiyanın təsiriylə cəmiyyətimizdə sürətlə qərbliləşmə gedir, dedik. Son illərdə isə həyatımıza Türkiyə kimi bir dövlət daha fəal daxil olub. Türkiyə bizim milli kimliyimizə, türklüyümüzə dönüşdə bizə təsir edə bilərmi?
- Kaş ki, təsir eləsin. İstənilən halda Türkiyə bizik. Bundan çəkinənləri mən anlamıram. Türkiyə bizə bir yerə qədər təsir edə bilər. Bir yerdən sonra əmin olun ki, Azərbaycan Türkiyəyə təsir edəcək. Türkiyənin bir çox təhsil ocaqlarını azərbaycanlı müəllimlər qurub. Türkiyəylə biz eyniyik. Eləcə də, Qazaxıstan, Türkmənistan və sair. Bu gün Türkiyəni təhlükə görənlər qərbin araqarışdıranlarıdır və onlar bunu istəmirlər. Bu da normaldır.
- Gəlib çıxdığımız bu yerdə geri dönüşümüz sizə nə dərəcədə real görünür?
- Mən gələcəyə ümidlə, inamla baxıram. Dünyada köçəri və oturaq mədəniyyət var və bu ikincisi insanlığın görüb görəcəyi ən qeyri-insani mədəniyyətdir. Çünki o, bizi doğadan ayırdı, bizi lüksün, komfortun, intriqanın, savaşların köləsi elədi. Amma köçəri mədəniyyət yenidən oyanır. İnternetin kəşfiylə artıq insanlar ofislərə, evlərə bağlı qalmayacaqlar, özgürləşəcəklər. Köçəri mədəniyyətin yeni dalğası, türk törəsinin, kültürünün oyanışı başlayır. Çünki biz bir yerə bağlı qalmağı sevmirik. Biz dünyanın dörd bir tərəfinə yayılacağıq, öz kökümüzü, törəmizi tapacağıq. İnternet bizim illərlə həsrət qaldığımız özgürlük ruhumuzun geri qayıtmasına kömək edəcək.
- Şəhər həyatını, müasir sivilizasiyanı "beton cəngəllik" adlandırırsınız. Bir az bunu açardıq.
- Oturaq mədəniyyət bizi beton cəngəlliklərə həbs elədi, doğadan ayrılmaq nəfəsimizi kəsdi. Var oluşumuzun anlamını itirdik. Biz beton cəngəlliyin arasında vəhşiləşən, aqressivləşən insanlarıq. Çünki ruhumuz özgürdür və bu cəngəllik bizi sıxır, əzir. Halbuki biz hamımız qardaşıq, doğmayıq. Sabah ən çətin məqamda bir-birimizi müdafiə edən biz olacağıq. Amma biz özümüzdən çıxmışıq. Çünki bizim ayağımız torpağa dəymir, içimizdəki enerji çıxmır. Biz gedib doğada ağacı qucaqlayanda, onunla birgə nəfəs alanda xoşbəxt oluruq. Çünki ağac bizə nəfəs verir, amma qarşılığında heç nə istəmir. Doğa bizə təmənnasızlığı öyrədir. Əgər biz homosapiensdən çıxıb üst insan olacağıqsa, bunu doğa ilə birlikdə etməliyik. Doğa bizim törəmizdir. Meşə məktəbləri yaranmalıdır. Uşaqlarımız doğada böyüməlidir.
Rəsm qalereyası: Sehran Allahverdi, “Fikrət Sadığın anım gününə”
Qventin Tarantinonun "Kino spekulyasiyası" kitabının çıxacağı vaxt müəyyənləşib
“Oskar” mükafatı laureatı, rejissor və ssenarist Qventin Tarantino “Kino spekulyasiyası” ("Cinema Speculation") kitabını çapa hazırlayır. Bu barədə məlumat çoxdan kino kuluarlarında dolaşırdı.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, kitabın çapının 2022-ci ilin oktyabrında reallaşması müəyyənləşib. Təqdimatın isə oktyabrın 25-də keçirilməsi gözlənilir.
“Kino spekulyasiyası” kitabı “Qaçış” kriminal trillerinə və eləcə də məşhur rejissor və ssenarist Q.Tarantinoya uşaqlıq illərində təsir göstərmiş 1970-ci illərin bir çox filmlərinə həsr olunub.
“Harper” nəşriyyatı "Kino spekulyasiyası"nı film tənqidinin, nəzəriyyəsinin və reportaj peşəkarlığının, eləcə də şəxsi hekayənin uğurlu birləşməsi adlandırır.
Qeyd edək ki, kino industriyasının ən baxımlı filmlərindən olan “Kriminal qiraət” və “Quduz köpəklər” filmləri ilə dünya kino tarixinə düşən 59 yaşlı Q.Tarantino 70-ci illərdən bəri sevdiyi filmlər sırasına “Çənələr”, “Apokalipsis bu gün” və “Kerri” filmlərini də aid edib. Və bu filmlər də kitabda baş mövzuda yer alacaq.
Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsi ciddi iş rejimindədir
Ramiz Quaarçaylı rəhbərliyə gətirildikdən sonra Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsi ciddi iş rejimi ilə fəaliyyət göstərməkdədir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bölmə Qubada bölgə yazarları ilə görüş təşkil etmişdir. Görüşdə Qubanın "Gülüstan" və "Ay işığı", Xaçmazın "Ulduzlar" ədəbi məclislərinin üzvləri və Qusarda yazıb yaradan yazarlar iştirak edirdilər. Sədr Ramiz Qusarçaylı bölmənin gələcək fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat vermiş, yerli yazarların arzu və təkliflərini dinləmiş, çıxışlara münasibət bildirmişdir.
“Gülüstan" ədəbi məclisinin sədri Şixəmməd Seyidməmmədov, "Ulduzlar" ədəbi məclisinin sədri Fərzalı Ziyanur, Qusar yazarlarından Ceynun Ağabəyov və Eyvaz Güləliyev, eləcə də Səbuhi Hacıxanlı, Mehrəli Qulu, Aqşin Dadaşoğlu, Qərib Aşkari, Məhərrəm Mustafa, Mürfəttar, Firəngiz Sabirqızı, Rəfiqə Məmmədqızı, Rahib Alpanlı, Mövlud Ağamməd, Sərvinaz Sərvər, Qülnaz Qubalı, Telman Təravət, Böyükağa Ağa, Sabir Nemətov, Abdulla Məmməd, Cümşüd Aydəmirov, Əliyar Ələsgər, Füzuli Baratov və başqaları çıxış etmiş və öz yeni şeirlərini oxumuşlar.
Bu sayaq tədbirlərin vaxtaşırı keçiriləcəyi qərara alınmış, tədbir iştirakçıların kollektiv şəkil çəkmələri ilə yekunlaşmışdır.