Super User
Ədəbi tənqidimizin Hamlet sualları - Əsəd Cahangirin ədəbi tənqid barədə qurultayqabağı məruzəsi
Ötən qurultaydan - 2014-cü ildən keçən dönəmdə ədəbi tənqidin durumunu müzakirə eləmək, bu mövzudakı məruzəmi dinləmək üçün toplaşdığınız bu qurultayöncəsi tədbirdə hər birinizi salamlayıram.
Ötən qurultaydan keçən dövrdə xalqımızın həyatında qlobal dərəcədə önəmli tarixi bir olay baş verdi - Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strategiya və çevik taktikası, Azərbaycan əsgərinin ağlasığmaz rəşadəti, qardaş və dost ölkələrin dəstəyi, Tanrının ədaləti sayəsində 30 ildən bəri düşmən tapdağında olan Qarabağ işğalçılardan azad edildi! Bu zəfər naminə yaşamaq haqqını bizə qurban vermiş şəhidlərimizin qutsal ruhunu bir dəqiqəlik sükutla yad edək!
XX əsrin görkəmli filosoflarından Henri Ceyms deyirdi: "Çox böyük tarix lazımdır ki, heç olmasa bir az ədəbiyyat alınsın". Qarabağ zəfəri ədəbi-bədii fikrimizin yüksəlişini impulsiv surətdə etkilədi və inanıram ki, prosesə əsl təkanverici təsirini hələ bundan sonra göstərəcək.
Sayın toplantı iştirakçıları!
Diqqətinizə çatdırım ki, vaxt amilini nəzərə alıb, məruzədə diqqəti sırf ədəbi-tənqidi və cari ədəbi proseslə bağlı materiallar üzərinə yönəltmiş, ədəbiyyat tarixi və nəzəriyyəsi ilə bağlı məsələləri söz konusuna çevirməmiş, həvəskar qələm məşqləri, subyektiv təəssüratlardan ibarət yazı-pozuları bir kənara qoyaraq, professional ədəbi tənqidin təmsilçilərinə istinadlar eləmişəm.
Yazıçılar Birliyinin Milli Teatrda düzənlənən son - XII qurultayından keçən dönəmdə ədəbi tənqiddə nə kimi işlər görülüb? Sabir demişkən, "hansı bir məsələdən bəhs edilib, hasili millətə elan" olub? Və bu məsələlərdən necə bəhs olunub?
Otuz ilə yaxındır elə hey eşidirəm ki, kimlərsə "bizdə ədəbi-tənqid yoxdur" deyir, bəzən də Rolan Bartdan gələn filoloji dəb üzrə "tənqid ölüb" deyə iddia edirlər. Bütün bunlar, əlbəttə ki, hansısa əsərinə gözlədiyi rəyi almayan şair-yazıçıların subyektiv, ya da özünü dünya filoloji fikrinə bələd göstərmək istəyən tənqidçilərin "intellektual" yanaşmasından başqa bir şey deyil. Məsələn, yazıçı Əlabbas Bağırovun "Memorial.az" saytına açıqlamasında "Hazırda ədalətsiz tənqid baş alıb gedir. Düzgün ədəbi tənqid yoxdur", Aslan Quliyevin yenə orda "Qərəzsiz, vicdanlı tənqid... öz fikrini və iradəsini yerinə yetirə biləcək qədər sərbəst olmalıdır. Bizdə belə tənqidçi yoxdur" açıqlamalarını tənqidə münasibətdə maksimalizm və subyektivlik örnəkləri sayıram.
Yazıçılar Birliyinin X qurultayında Kamal Abdullanın ədəbi tənqid üzrə məruzəsi, yaxud Cavanşir Yusflinin o dönəmdə "Azərbaycan" jurnalında dərc olunan "Tənqidin ölümü" məqaləsi müvafiq problemə artıq hissi-emosianal yox, idraki-rasional münasibət tipi idi. Lakin Kamal Abdullanın tezliklə bədii əsərlər dərc etdirməsi, Cavanşir Yusiflinin isə ədəbi-tənqidi yazılarla ardıcıl çıxışları göstərdi ki, "tənqidin ölümü" ilə bağlı qənaət birinci halda profil, ikincidə isə ovqat dəyişkənliyi olub, hər iki halda subyektiv səciyyə daşıyırmış. Ölən ümumən tənqid deyil, konkret bir insanın içindəki tənqidçi ehtirası, tənqid həvəsi imiş. İkincisi isə heç nə itmir, heç nə yox olmur, sadəcə bir formadan digərinə çevrilir. Tənqid də dəyişən zamana uyğun olaraq yeni düçüncə ölçülərinə keçirmiş və 90-cı illərin başlanğıcında bu keçidin yaratdığı qaçılmaz, amma müvəqqəti nəfəsdərməni bəziləri tənqidin ümumən ölümü kimi qavrayırmış.
Tənqidin hazırkı durumu ilə bağlı ən geniş, hərtərəfli, ümumiləşdirilmiş qənaətləri "525-ci qəzet" və "Ədəbiyyat qəzeti"ndə dərc olunan, sonra "Təhsil" nəşriyyatında kitab şəklində işıq üzü görən "Məsuliyyətimizi nə üçün janrın boynuna atırıq? Tənqidimiz və ədəbi prosesimiz ətrafında bir neçə söz" silsilə məqalələrində Elçin irəli sürdü. Və bütün tənqidi nüanslarına baxmayaraq, Xalq Yazıçısının məqsədi "tənqidin yoxluğu"ndan və ya "ölümü"ndən danışmaq deyil, onu ədəbi prosesdə daha aktiv iştiraka, daha obyektiv olmağa səsləmək idi. Ona görə Tehran Əlişanoğlunun "2018-ci il: ədəbi tənqid refleksləri" məqaləsində "...bizdə ədəbi tənqid var, hələ bəlkə ədəbi prosesimizin ən güclü faktorudur" deyə tənqidi qorumağa çalışması maraqlı göründü.
Qurultaylararası dönəmdə məqalələrdən ibarət "Müstəqillik körpüsündən keçənlər" və "Müxbir üzvün qeydləri" kitabları işıq üzü görən Tehran Əlişanoğlu haqqında kolleqa həmrəyliyi nümayiş etdirən Qürbət Mirzəzadə yazır: "Məqalələrdə tez-tez adı çəkilərək suçlanan Tehran Əlişanoğlunun elmi-nəzəri səviyyəsi göz qabağındadır, bir tənqidçi-ədəbiyyatşünas kimi onun məhsuldar və ciddi fəaliyyətini az qala şübhə altına almaq səyləri... təəccüb doğurur. ("2016-cı ilin ədəbi tənqidi bütün yönləri ilə". "Ədəbi proses 2016. Bakı. "Hədəf" nəşrləri, 2017. s. 212)
Tehran Əlişanoğlunun məhsuldarlığına və ciddiliyinə mən də şübhə eləmirəm. Ədəbi prosesi onun qədər ardıcıl, təfərrüatıyla izləyən ikinci şəxs bəlkə də yoxdur. Amma bəzən bu zəhmətkeş tənqidçinin diqqəti onuncu dərəcəli bir saytda ilk qələm məşqlərini oxumağa yönəldiyindən daha miqyaslı məsələlərə vaxt ayıra bilmir və bu onun yazılarının düşüncə konturlarını istər-istəməz daraldır.
Tehran Əlişanoğlu müstəqillik dövrü ədəbi-tənqidini belə dövrləşdirir: "Son sovet, milli varlığın restavrasiyası dövrü - n. cəfərov, müstəqilliyə keçid dövrü - t. mustafayi, əsrin əvvəlləri qarışıqlıq dövrü - ə.cahangir, sonrakı diletantizm dövrü... - c. yusifli. Bütün dövrlər - v. yusifli. Və Azər-turançılıq - R.kamal və "qadın tənqidi". ("Ədəbi tənqid refleksləri". Ədəbi proses 2018. Bakı, "Hədəf" nəşrləri, s. 53)
Əgər Tehran "qadın tənqidindən" danışırsa, yəni cinsəllliyi prinsip kimi götürürsə, deməli, buna qarşılıq "kişi tənqidi" də olmalıydı. Amerikada C.Kerrolun rəhbərliyi ilə biopoetika tənqid məktəbi yaradılıb, rus alimləri bu məktəbdən çıxış edərək Dostoyevski, Svetayeva, Blok, Platonov və digər yazıçıları araşdırırlar. Bəs, T.Əlişanoğlu hansı məktəbə əsaslanır? Azər bu bölgüyə turançılıqla düşür, Elnarə Akimova "qadın" tənqidinin nümayəndəsi kimi daxil olur, bəs, R.Kamalın bu bölgüyə qatılmasının əsasında nə durur?
Suallar bununla bitmir: əgər bölgünün prinsipi kimi diletantizm götürülürsə, hökmən onun antitezası kimi professionalizm də olmalıydı. Və yaxud xaosla səciyyələnən "keçid dövrü" elə "qarışıqlıq" demək deyilmi? Söhbət T.Əlişanoğlunun dediyi dövrdən gedəndə mən özümü "qarışıqlıq" dövrünün təmsilçisi yox, postmodernist sayıram. C. Yusiflinin də bu təsnifatda yeri bəllidir - o, "strukturalist"dir. Yəni Tehranın terminlərdən imtinası bu bölgünün elmiliyinə xələl gətirir.
Qeyri-elmilik, sistemsizlik, qeyri-müəyyənlik, eklektizm ədəbi-tənqidi yazıları özündəşeyə, kabinet materialına çevirir, onların oxucu kütləsi tərəfindən anlaşılmasını çətinləşdirir və Nizaməddin Şəmsizadəni "Tənqiddə meyarsızlıq sindromu" məqaləsini yazmağa, Arif Acalovu "ədəbi tənqidin nüfuzu sarsılıb" deməyə ("Kaspi" qəzeti, 2015, 14.03) Təyyar Salamoğlunu isə ona etiraz dolu cavab verməyə vadar edir.
Çağdaş ədəbi tənqidin hazırkı durumu barədə yetərincə nikbin fikirdə olan Vaqif Yusifli isə yazır: "...Azərbaycanda ədəbi tənqidin yoxluğundan şikayətlənməyə dəyməz. Bu gün etik, estetik və sosial amillərin vəhdəti ilə ifadə olunan həqiqi tənqid də fəaliyyət göstərir və mən bu tənqidi təmsil edən tənqidçilərin adlarını da çəkə bilərəm: Nizami Cəfərov, İsa Həbibbəyli, Şirindil Alışanlı, Nizaməddin Şəmsizadə, Əsəd Cahangir, Tehran Əlişanoğlu, İradə Musayeva, Cavanşir Yusifli, Nərgiz Cabbarlı, Qurban Bayramov, Elnarə Akimova, Rüstəm Kamal, Bəsti Əlibəyli, Südabə Ağabalayeva, Vaqif Yusifli". (Vaqif Yusifli. "Ədəbi mənzərə 2014". Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu. Bakı, "Hədəf" nəşrləri, s.51)
Vaqif müəllimin bu optimist fikirlərindən səkkiz il keçir. Bu illər ərzində o, öz yaradıcılığına şairlərimizdən Ağacəfər Həsənli, Adil Cəmil, Elçin İsgəndərzadənin həyat və yaradıcılq yolu haqda monoqrafiyalar və "Ədəbi həyat" məqalələr toplusunu əlavə eləyib. Mən isə səkkiz ilin materiallarına əsasən tənqidçilər siyahısına Qismət Rüstəmov, Mətanət Vahid, Elnarə Qaragözova, Maral Yaqubova, Ülvi Babasoy, Gülnar Səma, Şəlalə Göytürk Niaqara, Mehman Həsənli və bir çox digər adları əlavə edə bilərəm. Amma kəmiyyət hər şey deməkdirmi?
V.Yusifli Bəsti Əlibəylinin də adını "etik, estetik və sosial amillərin vəhdəti ilə ifadə olunan həqiqi tənqidin ... təmsilçiləri" sırasında çəkir, amma sual eləmir ki, Respublika Prezidentinin fərmanı ilə "Tərəqqi" medalına layiq görülən, Yazıçılar Birliyinin sədri Anar müəllimin təklifi ilə AYB tənqid seksiyasına kurator seçilən, iyirminci yüzilin ortalarından çağımıza qədərki poeziya, nəsr, dramaturgiya və tənqidmiz haqqında məqalələrdən ibarət "İkinci mətn" kitabı "Qızıl kəlmə" dövlət ali ədəbiyyat ödülünə layiq görülən, akademik Nizami Cəfərovun sözügedən kitaba "Mükəmməl təfəkkürün müfəssəl miqyası " adlı ön söz yazdığı Bəsti Əlibəyli neçə illərdir ki, niyə susur? Bəsti xanım ötən qurultayda tənqidlə bağlı məruzəsində bu sualı özü belə cavablandırır: "Ədəbiyyatın keşiyini çəkməli, onu müdafiə etməli olan tənqidin özü müdafiəsiz vəziyyətdədir. Tənqidçi yuxusuz gecələr, aramsız mütaliə, səhhətini itirmək, maddi məhrumiyyətlər bahasına Sözü qoruyur. Bəs, tənqidçinin şəxsiyyətini, sosial hüquqlarını kim qoruyur? Mətbuat haqqında qanunlarmı, məhkəməmi, ayrı-ayrı vicdanlı qələm sahiblərimi? Təəssüf ki, artıq vicdanın da səsi az-az eşidilir" (Bəsti Əlibəyli. "İkinci mətn". Bakı, "Təhsil" nəşriyyatı, 2016, s. 6)
Hazırda söz konusu sıradan biri yox, ədəbi prosesdə öz yeri, müstəqillik dövrü ədəbi tənqidinin yaranması, inkişafında xidmətləri olan bir tənqidçidir və bu, sadəcə, mənim subyektiv mülahizəm deyil. Məsələn, akademik Nizami Cəfərov "İkinci mətn" kitabına ön sözdə B.Əlibəylidən gətirdiyim yuxarıdakı sitatı nəzərdə tutub, "çox istərdim ki, bu sözlərin müəllifi ilə mübahisə edib, vəziyyətin o qədər də "kritik" olmadığını deyəm, ancaq çəkinirəm... Çəkinirəm ki, bu sözlərin qarşısında elə bir dəlil-sübut tapa bilməyəm" deyir.
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan bir neçə il öncə "İctimai" Televiziyada yayımlanan "Telemizan" proqramında aparıcının "Niyə polemik yazılar dərc etmirsiniz?" sualına "Hanı polemik yazı yazan tənqidçi, axı, eləsi yoxdur" deyə cavab verir. Mən inanıram ki, doğrudan da, elə yazı olsa, Azər Turan onu tərəddüd etmədən dərc edər. Amma niyə elə yazılar yazılmır? Hamlet demişkən - "Məsələ, bax, budur!" Çünki bizim açıq tənqidi müzakirələrə, demokratik fikir qarşıdurmalarına dözümümüz yoxdur. Təsadüfi deyil ki, Xalq yazıçısı Elçin "Söz azadlığı" tənqidimizə nə verdi?" məqaləsində "Mən tam əminəm ki, əlac - yenə də elə "Söz" azadlığının özündədir" deyir.
Akademik İsa Həbibbəyli isə çağdaş ədəbi-tənqidin inkişaf mərhələləri və durumu barədə bu fikirdədir: "Tərəddüd etmədən demək olar ki, uzun zamandan bəri ədəbi tənqiddə müşahidə olunan "durğunluq" dövrü artıq arxada qalmışdır. (İsa Həbibbəyli. "Ədəbi prosesin geniş elmi təqdimatı." "Ədəbi proses 2014" məruzələr toplusu. Bakı, "Hədəf" nəşrləri, 2015. s. 4)
Mən müstəqillik dövrü ədəbi tənqidinin ədəbi prosesdəki yeri və rolu barədə fərqli düşünürəm. Əgər söhbət müstəqillik dövrünün ilk 20 ilindən gedirsə, məncə, bu illər, xüsusən "yeni əsrin ibtidası" nəinki "durğunluq" dövrü deyil, əksinə, Axundovdan üzü bəri ədəbi tənqid tariximizin ən coşqun, məhsuldar, polemik dönəmlərindən biridir. Məhz bu illərdə ədəbi-bədii fikrimizin dünya ədəbiyyatı ilə dialoqunun güclənməsində tənqid həlledici rol oynayıb, bu çətin, mürəkkəb, təbəddülatlarla dolu prosesin nəzəri bazisini hazırlayıb, ədəbi prosesə "poststrukturalizm", "postmodernizm", "dekonstruksiya" və digər çoxsaylı anlayışlar daxil olub və ədəbiyyat yeni məcraya doğru istiqamət götürüb. Anarın "Ağ qoç, qara qoç", Elçinin "Qırmızı qərənfil gülləri "Pera Palas" otelində qaldı", Kamal Abdullanın "Yarımçıq əlyazma", Rəşad Məcidin "10 sentyabr" kimi roman, povest və hekayələri ətrafında gedən müzakirələr, fikir toqquşmalarının əsas iştirakçıları da bu illərdə məhz tənqidçilər idi.
Ədəbiyyat İnstitutunun son səkkiz ildə həyata keçirdiyi iki layihə diqqəti xüsusi çəkir: birincisi İsa Həbibbəyli başqa olmaqla İnstitutun çoxsaylı əməkdaşlarının müxtəlif janrlardakı işlərindən ibarət "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyi; ikincisi isə 2013-cü ildən bəri "Ədəbi proses" ümumi başlığı ilə dərc olunan, illik ədəbi-bədii materiallar haqda hesabat səciyyəli məqalələrdən ibarət kitablardır.
"Ədəbi proses" kitablarında bir il ərzində meydana çıxan şeir, nəsr, dramaturgiya, tənqid, publisistika, uşaq ədəbiyyatı, ədəbi-bədii əlaqələr, Güney ədəbiyyatı, bədii tərcümə nümunələrinə, roman, povest, hekayə, poema, esse və sair konkret janrlara və bir çox nəzəri problemlərə həsr olunmuş məqalələr toplanıb.
Bu kitabların önəmini əsla azaltmadan hamının yaxşı bildiyi bir məsələni vurğulamaq istəyirəm. İllik ədəbi-bədii hesabatlar ideyası öz realizəsini hələ iki əsr öncə Belinskinin yaradıcılığında tapır, dahi tənqidçi bir institutun işini təkbaşına görərək, "1840-ci ildə rus ədəbiyyatı", "1841-ci ildə rus ədəbiyyatı" və sair bu silsilədən illik icmallar yazırdı. İllik ədəbi icmal ənənəsi sovet dövrü Rusiyası və digər İttifaq respublikalarında, o sıradan Azərbaycanda da davam etdirilirdi. Ötən əsrin 60-cı illərinin əvvəllərində Azərbaycan Yazıçılar Birliyi və Milli Elmlər Akademiyası Ədəbiyyat və Dil İnstitutunun birgə təşəbbüsü ilə yazıçı və alimlərdən Rəsul Rza, Bayram Bayramov, Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Əkbər Ağayev, Cəfər Cəfərov və digərlərinin iştirakı ilə illik ədəbi hesabat səciyyəli müşavirələr keçirilir, sonra bu müşavirələrin materialları kitablar şəklində dərc olunurdu. 70-lərin ikinci yarısı və 80-lərin əvvəllərində bu ənənə bərpa olunur, Yaşar Qarayev, Şamil Salmanov, Arif Səfiyev, Akif Hüseynov, Vilayət Quliyev, Vaqif Yusifli, Şirindil Alışanov, Rəhim Əliyev, Sabir Nəbiyev və digərlərinin ədəbiyyatın fərqli sahələrinə aid məqalələri ayrıca kitablar şəklində işıq üzü görürdü. Nəhayət, 90-ların sonu, 2000-ci illərin əvvəllərində Ədəbiyyat İnstitutunun direktoru Bəkir Nəbiyevin təşəbbüsü ilə ənənə qısa müddətə olsa da, yenidən bərpa olunurdu. Odur ki, İsa Həbibbəyli bu seriyadan kitabların dərci ilə unudulmuşu bərpa eləyir və arzu edirik proses arasıkəsilməz olsun ki, belə bərpalara bir daha ehyiyac qalmasın.
Sözügedən layihədə ədəbi-tənqidlə bağlı illik icmalların müəllifləri Tehran Əlişanoğlu, Cavanşir Yusifli və Qürbət Mirzəzadədir. Tehran Əlişanoğlu ilə bağlı danışdığımdan ona yenidən qayıtmayacam. Cavanşir Yusiflinin isə nəzəri fikrin zənginliyi ilə seçilən, illik icmaldan daha çox, məqaləni xatırladan yazısına "milli tənqiddə bədii əsərlərin ciddi araşdırılma ənənəsi itmək üzrədir" deyə yekun vurması birtəfəli səslənir. Çünki çoxsaylı maklatura örnəkləri ilə yanaşı bu illərdə bədii mətnin, obrazlı desək, ətini sümüyündən ayıran təhlillər də aparılıb. Cavanşir Yusiflinin təkcə bu yazısı yox, digər oxşar səciyyəli çıxışlarında da "tənqid ölüb" və "üzrədir" deyə yaxasını məsuliyyətdən kənara çəkməsi mənə həmişə qəribə gəlib. Bəyəm, sən tənqidçi deyilsən, arzuladığın tənqidi yazıları öncə özün yaz, qoy başqaları da səndən örnək götürsün. Tənqidçinin son illərdə "Ədəbiyyat qəzeti"ndə dərc olunan və özəl rezonansı ilə seçilməyən "Formanın müqəddəs sirri" silsiləsindən yazılarının yorğun ruhu, psevdoakademik məzmunuyla seçildiyini də deməli olacam. Bu yazılar Meletinskinin Freydenberqə "çətin oxunan alim" deyə ironiya eləməsini yada salır. Və onların elə də oxunmamasının "sirri" heç də oxucu səviyyəs(izliy)i ilə bağlı olmayıb, bu yorğun ruh, usandırıcı təhkiyə tərzindədir. Oxucu həmişə haqlıdır!
Faktlara qeyri-obyektiv, qərəzli yanaşması ilə seçilən, başqalarına üslub dərsi keçən, həmkarlarında az qala hərf səhvi axtaran Qürbət Mirzəzadənin yazılarında isə bəzən elə qrammatik xəta, üslubi səliqəsizlik, məntiqi anlaşılmazlıqlar var ki, onların məzmunundan danışmağa lüzum qalmır. Bir örnək: "İkicildliklə bağlı təqdimatlarda səsləndirilən çıxışlarda və mətbuat səhifələrində dərc olunan rəylərdə nəşrin milli müstəqilliyin aparıcı siyasi-ideoloji və məfkurəvi əsasları və onun az sonra dövlət ideologiyasına çevrilməsi mahiyyət etibarilə yeni bir mərhələnin başlanğıc və təşəkkülünə təminat yaradan amillər kimi diqqət mərkəzinə çəkilməsi, bu sırada ədəbi prosesin üzərinə düşən təxirəsalınmaz vəzifələrin qabardılması obyektiv reallığı əks etdirir".
Kim nə başa düşdü?
Və bundan sonra Mirzəzadəyə elə gəlir ki, kimin haqqında nə istəsə yaza bilər, məsələn, Bəsti Əlibəyliyə AYB Tənqid seksiyasının rəhbəri kimi öz fəaliyyətini genişləndirmək xüsusunda məsləhətlər verə bilər, Yaşar Qasımbəyliyə sözlərin məna çalarlarını "başa sala" bilər və sair və ilaxir. Görəsən, Qürbət Mirzəzadəyə tənqid kimi çətin, mürəkkəb bir sahə üzrə illik icmal yazmaq niyə həvalə olunub? Özü də üç il dalbadal - 2014, 2015 və 2016-cı illərdə! Və nəhayət, layihənin Redaksiya heyəti üzvləri onun bu "cümlələrini" redaktə süzgəcindən necə keçirib? Hamlet demişkən, suallar, suallar, cavab isə, əminəm ki, olmayacaq!
Ədəbiyyat İnstitutunun bu illərdə həyata keçirdiyi ən böyük ədəbi layihə İsa Həbibbəylinin başçılığı ilə hazırlanan "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyidir. Təsadüfi deyil ki, Muxtar Kazımoğlu, Əlizadə Əsgərli, Himalay Qasımov, Nizami Tağısoy və digərləri kitab haqqında təqdiredici rəylərlə səciyyələnən yazılarla çıxış ediblər. Amma 1800 səhifəlik bu kitabda müəyyən redaktələrə ehtiyac olduğu nədənsə "gözdən qaçıb": eyni mətləbin bu və ya digər şəkildə təkrarlanması, yazıçıların bəzən şablon təqdimi üsulu, üslubi səliqəsizlik, düşüncə eklektizmi, ədəbi imzaların seçilməsində qeyri-dəqiqliklər və sair və ilaxir...
Ötən qurultaydan keçən dövr ərzində adlarını məruzə boyu çəkdiklərimdən başqa monoqrafiya janrının bir çox nümunələri işıq üzü gördü: Cahangir Məmmədli - "Dünya sözə qalacaq", İsa Həbibbəyli - Rəşad Məcid yaradıcılığına həsr olunmuş "Bütün yönlərdən yaradıcı", Nizami Cəfərov - "Hüseynbala Mirələmovun yaradıclığı və ədəbi tərcümeyi-halı", "Tarixin tərcümeyi-halı", "Zəlimxan Yaqub", "Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına", "Afaq Məsud dünyası", "Ədəbiyyat söhbətləri"; Nizaməddin Şəmsizadə - "Əgər onlar olmasaydı", Ramiz Əsgər - "Bağımsızlıq dönemi Azerbaycan edebiyyatı"; Qurban Bayramov və Jalə Qurbanqızı - "Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə", Məti Osmanoğlu - "Sözün o üzündə", "Ocaq yeri", Təyyar Salamoğlu -"Ədəbi tənqid tarixinə dair portert oçerklər", "Qarlı aşırımlardan keçən yollar", "Azərbaycan ədəbiyyatı: mübahisələr, həqiqətlər", Yaşar Qasımbəyli - "Rəsul Rza və ədəbi çağdaşlıq"; Salidə Şərifova - "Klassiklər və müasirlər söz müstəsvisində"; Lalə Həsənova - "Çağdaş ədəbi paradiqma: icmallar, məqalələr, düşüncələr" və bir sıra digər kitablar. Mənim Elçin yaradıcılığına dair "On üçüncü gecə", müstəqillik dövrü ədəbiyyatı və incəsənətinə həsr olunmuş "Dionisin şərəfniə" məqalələr toplularımı da bu sıraya qatmaq olar.
Qurultaylararası dövrdə yazıçı tənqidinin çoxsaylı nümunələri meydana çıxdı - Anarın Yevgeni Yevtuşenkonun xatirəsinə həsr elədiyi, həm də ümumən altmışıncıların ədəbiyyatdakı yeri və rolu mövzusunda düşüncələrindən ibarət "Şairliyindən böyük şair" məqaləsi, mətbuatda müəyyən parçalarını dərc etdirdiyi, həm öz ədəbi yaşıdları, həm də sonrakı ədəbi nəslin nümayəndələrindən bəhs edən, istər sovet dövrü, istərsə də müasir dövrdə yazıçı və tarix rakursundan bir sıra dartışılan mövzu və faktlara aydınlıq gətirən, 60 ildən artıq yaradıcılıq yolu keçən bir yazıçının ədəbi-bədii düşüncələrini ümumiləşdirən "Altmışıncılar və son altmış ilin ədəbi həyatı" kitabı, Elçinin haqqında bütün məruzə boyu danışdığım, ədəbi prosesə təkan vermək, onun ələşənini küləşəninidən ayırmaq məqsədilə yazdığı silsilə məqalələr, eləcə də Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, yeni nəsil yazarlardan Elçin Hüseynbəyli, İlqar Fəhmi, Fəxri Uğurlu, İbrahim İlyaslı, Səlim Babullaoğlu, Pərvin, Kənan Hacı, Adilə Nəzər, İradə Aytel və bir çox başqalarının müxtəlif mətbuat orqanları, saytlarda işıq üzü görən, konkret şəxslər və ya ümumən ədəbi-bədii problemlərlə bağlı məqalələri yazıçı tənqidinin sadəcə az bir qismidir.
Resenziya qurultaylararası dövrün aparıcı ədəbi tənqidi janrı olaraq qaldı. Ən ciddi resenziyaların Anarın "Göz muncuğu" və Elçinin "Baş" romanı ilə bağlı üzə çıxması bir daha təsdiqlədi ki, ciddi tənqid yalnız və yalnız ciddi ədəbiyyatın olduğu yerdə yaranır. Yazıçı Seyran Səxavətin dediyi kimi, "gərək ortada güclü əsər olsun ki, tənqidçiyə də geniş meydan verilsin. Əsər olmayandan sonra tənqidçi nə edə bilər?" ("Memorial.az" saytı, 15.02. 2016) "Göz muncuğu"nun timsalında belə bir meydan əldə eləyən tənqidçilər - Vaqif Yusifli, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Həmid Hersiçi, Firuz Mustafa, Pərvin və digərləri Anara "yaman gözə gəlməyəsən" dedilər. Mənim moderatorluğum, Nizami Cəfərov, İsa Həbibbəyli və Nərgiz Cabbarlının iştirakı ilə povestin "Azərbaycan" jurnalında müzakirəsi keçirildi. "Axar.az" saytında Kəramət Böyükçölün suallarını cavablandıraraq, povest barədə böyük həcmli bir müsahibə ilə çıxış elədim. Elçinin "Baş" romanı haqda 40-a yaxın təhlili yazı meydana çıxdı. Nizaməddin Şəmsizadə, Nizami Cəfərov, Vaqif Yusifli Elçinə "mövlam başacan versin" deyənlər arasında xüsusi seçildilər. "Azərbaycan" jurnalında Nərgiz Cabbarlının moderatorluğu ilə romanın müzakirəsi keçirildi. Mən də roman barədə "Başlanğıc" adlı bir yazı dərc etdirdim və T.Əlişanoğlu ilə C.Yusflinin mətbuatda anındaca verdikləri tənqidi notlardan hiss elədim ki, deyəsən, nəyəsə nail olmuşam.
Monoqrafiya və resenziyalarla yanaşı esse janrına marağın artması bu illərin ədəbi tənqidinin nəzərə çarpan özəlliyidir. Esse janrı nümunələri arasında Kamal Abdullanın ədəbi-bədii üslubda yazdığı "Dümadan Coysa qədər" kitabı, Rüstəm Kamalın müxtəlif yazıçı və şairlərimiz haqqında filoloji "fentezi" üslubunda qələmə aldığı "Güzgü günü" toplusu diqqəti daha çox çəkdi. "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəsin təklifi ilə ekspert kimi qatıldığım esse müsabiqəsindən Kənan Hacı, Elşad Barat, Vəfa Mürsəlqızı, xüsusən birincilik qazanan Rəşid Bərgüşadlının esseləri yadımda qaldı.
Son səkkiz ildə esse janrında ən məhsuldar yazanlar arasında iki imza xüsusi seçildi - Azər Turan və İlqar Fəhmi. Azər Turanın "Və yazasan adını rəsmin bir köşəsinə", "Caz sadəcə musiqi deyildir", "Ayrılıqların sürreal mənzərəsi", "Ədəbiyyatdan vətən yaradanlar", İ.Fəhminin şərq arxetipləri, qızılbaş mistikası, fəna anlayışı və digər mövzulardakı esseləri janrın tələbinə uyğun olaraq məsələyə sərbəst yanaşma, orijinal baxış bucağı, analitik və bədii təfəkkürün ortaq məxrəcə gəlməsiylə səciyyələndi.
Azər Turanın ilk esselərini, məsələn, hamletizm ətrafında düşüncələrdən ibarət yazısını hələ 90-ların ortalarında oxumuşdum. Amma bu Azər artıq ilk qələm məşqləri eləyən gənc deyil, durub toxtamış yazı üslubu, geniş erudisiya, qatı açılmamış informativlik, milli və şərq köklərinə dərin bağlılıq, ideoloji məqsədyönlülük onun təkcə esseləri yox, istənilən janrdakı yazılarının qabarıq nəzərə çarpan məziyyətləridir. Ən başlıcası isə ədəbiyyata sevgi! Bəzən hər hansı gəncin yaradıcılığına münasibətdə bu qayğıkeşliyin hətta aşırı sınırlara vardığı da hiss olunur. Məncə, gənclərlə bir az ehtiyatlı olmaq lazımdır, onlar təkcə tənqid yox, tərifə də bəzən hazır olmurlar!
Öz yaradıcılığında şərqi qərbə, əruzu verlibrə, şeiri nəsrə, metafizikanı reallığa, tarixi müasirliyə və bütün bunları dramaturgiya və kinossenaristikaya qatan İlqar Fəhmi sürəkli və sürətli intellektual inkişafı, biliklərinin genişliyi ilə maraq doğurur. O intibah dövrü universalizminin müasir ədəbiyyatda təcəssümüdür. Onun istənilən yazısında hər adamın görə bilmədiyi incəlikləri görmək və yazıya gətirmək məharəti, zərgər dəqiqliyi var. Bu xüsusən də səfəvilərə bağlı silsilə yazılar, yaxud Firəngiz xanım Əlizadə haqda portret məqaləsində aydın görünür. Amma İlqarla bağlı iki qeydimi eləmədən keçmək istəmirəm: məncə, İlqar özünü fərqli sahələr arasında çox bölür, enerji israfına yol verir. İkincisi isə bəzən onun yazılarında kəmiyyət faktorunun keyfiyyətə üstün gəlməsi hiss olunur. Sözünüisrafla özünüisraf adekvatlaşır!
Bu dönəmdə ədəbiyyat məsələlərini əks etdirməkdə mətbu orqanlar arasında mühüm bir yenilik meydana çıxdı. İndiyə qədər ədəbiyyat məsələlərinə geniş yer ayıran "Ədalət" və "525-ci qəzet" kimi ictimai-siyasi qəzetlərin bu yöndəki fəaliyyətini davam etdirməsiylə yanaşı, "Ədəbiyyat qəzeti"nin ədəbi prosesdəki rolu artmağa başladı. Özünün yeni və daimi imzaları, müxtəlif sahələrə, o cümlədən də ədəbi tənqidə dair rubrikaları, otuz iki səhifəlik kifayət qədər böyük həcmi ilə qəzet ədəbi prosesin aryerqardından avanqardına çıxdı. Şair Vəli Qaraçaylının ölkə ərazisindəki xalqlar və etnik qrupların Qarabağ müharibəsindəki siyasi və ideoloji birliyindən bəhs edən "Dəmir yumruq" şeiri haqqında "Dostluq və qardaşlıq himni" məqaləsini yazan, doxsana doğru gedən Əhməde Həpodan tutumuş ilk qələm məşqləri eləyən gənc şair Rəvan Cavidə qədər müəlliflərin yaş hüdudlarının genişliyi ədəbi mühitdə indiyə qədər müəyyənləşmiş münasibətlərə yeni - demokratik düzən gətirdi.
Son illər qabarıq görünən faktlardan biri qəzetin təqdim elədiyi imzalar arasında xüsusi seçilən Elnarə Akimovanın aktiv, məhsuldar tənqidçi obrazı oldu. O çoxsaylı məqalələrə imza atmaq, dəyirmi masalara moderatorluq, müsabiqələrə ekspertlik eləməklə yanaşı "Çağdaş poeziya və ədəbi təmayüllər" (2016), "Düşüncə zamanı - ədəbi tənqid diskurs kimi" (2019), "Uzun, incə bir yolda" (2021) monoqrafiyalarını nəşr etdirdi. Obyektivlik, təhlil subyektinə yanaşmada emosionallıqdan uzaqlıq milli ədəbi-tənqid ənənələri üstündə gəlişən Elnarə xanımın yazılarının qabarıq nəzərə çarpan özəlliyi kimi diqqəti çəkdi.
Ədəbi-tənqiddə öz fəallığı seçilən daha bir xanım son səkkiz ildə müasir Azərbaycan romanı, onun dünya nəsri və klassik roman təfəkkürü ilə bağlılığı, postmodernzim və sair məsələlərə dair məqalələrə imza atan, "Vaqif Səmədoğlu" (2014), "Çağdaş Azərbaycan romanının nəzəri-metodoloji problemləri" (2014), "Ceyms Coys və ədəbiyyatda devrim" (2014), "XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz" monoqrafiyaları işıq üzü görən İradə Musayeva oldu.
Amma, məncə, İradə xanım çağdaş poeziya ilə məşğul olsa, öz tənqidçi görəvini daha uğurla yerinə yetirə bilərdi. Onun Vaqif Səmədoğlu haqqında monoqrafiyası və yaxud hələ 20 il öncə "Azərbaycan" jurnalında dərc olunan "Bu günümüzün şeiri, şeirimizin bu günü" məqaləsi bunu aydın göstərir. Lakin bu, sadəcə, mənim münasibətimdir, İradənin klassik ədəbiyyat üzrə araşdırmaları haqda yazdığı məqalədən görünür ki, akademik Rafael Hüseynov bu barədə tamamilə müsbət fikirdədir.
Elçinin "İradə Musayevanın xarici ədəbiyyatla bağlı son məqalələrində... anlaşılmazlıq, bünövrəsiz mülahizələr (bəzən hətta hökmlər!), rus ədəbiyyatşünas və tənqidçilərinin dediklərinin təkrarı var" sözləri isə göstərir ki, Xalq yazıçısı tənqidçinin dünya ədəbiyyatı ilə bağlı araşdırmalarına tənqidi yanaşır. Və mənə elə gəlir ki, möhtərəm yazıçımız öz yanaşmasında əsassız deyil.
"Ulduz" jurnalı öz yenilik cəhdləri ilə seçilən Baş redaktor Qulu Ağsəsin təşəbbüsü ilə jurnalda dərc olunan materiallarla bağlı "Ekspert rəyi" rubrikasını açdı və bununla da ən vacib bir işə imza atdı - özünütənqidə rəvac verdi. Lakin "Ulduz"un artıq yeni parıltısına ehtiyac duyulur və nə şair kimi istedadı, nə də naşir kimi təşəbbüskarlığına şübhə eləmədiyimiz Qulu Ağsəsin bu sorunu uğurla çözəcəyinə şübhə yoxdur.
"Azərbaycan" jurnalında 2014-15-ci illərdə moderatorluq elədiyim, ədəbi tənqid, dramaturgiya, müasir roman yanrı, poeziya, Anarın "Göz muncuğu" povestinə həsr olunmuş dəyirmi masalar və Nərgiz Cabbarlının moderatorluğu ilə Elçinin "Baş" romanına həsr olunan müzakirə müxtəlif mətbu orqanlar və saytlarda ədəbi müzakirələrin aktivləşməsi və gündəmə gəlməsinə faktiki olaraq impuls verdi, bəzən hətta ictimai səviyyədə rezonans doğurdu. Amma jurnal başlanılan işin davamını gətirmədi və "Ədəbiyat qəzeti" bu sahədə təşəbbüsü nəinki ələ aldı, hətta Elnarə Akimovanın moderatorluğu ilə keçirilən müzakirə materiallarından ibarət "Müstəqilliyin ədəbiyyatı müzakirə müstəvisində" adlı kitab da nəşr etdirdi.
Bəziləri ədəbiyyat məsələlərinə bu və ya digər dərəcədə yer ayıran, bəziləri isə sırf ədəbiyyatla məşğul olan "Fabula.az", "Kultur.az", "Sim-sim.az", "Kult.az", "Avanqard.net", "Kulis.az", "Moderator.az", "Teleqraf.com", "Axar.az", "Epiloq", "Modern.az", "Yeniavaz.com" və digər internet saytları arasında Qan Turalının baş redaktorluq elədiyi "Kulis.az" xüsusi seçildi və istər oxucu, istərsə də müəllif marağı baxımından yüksək reytinq qazandı. Bu səviyyə saytın növbəti Baş redaktoru Şərif Ağayarın da vaxtında saxlanıldı. Lakin Şərif Ağayar təəssüf ki, çox keçmədən saytı özünün və dostlarının tərif, əleyhdarlarının tənqid və hətta təhqir tribunasına çevirdi. Onun öz mövqeyinə "söz azadlığı" donu geyindirmək cəhdləri azadlığı anarxiya kimi başa düşməyin səciyyəvi örnəyi kimi meydana çıxdı, saytın keçirdiyi sorğular, düzənlədiyi müsabiqələr baş redaktorun istəyinə hesablandı, açıq-aşkar dəstəbazlıq meylləri özünü büruzə verdi. Hazırda sayta rəhbərlik eləyən gənc şair Ulucay Akif hələki bunlara getmir. Amma indi də saytın beş-on gənc yazarın maraq dairəsinə hesablanması meyli hiss olunur, dəstəbazlıq öz yerini dərnəkçiliyə verir.
Azərbaycan Yazıçılar Birliyi əleyhinə ənənəvi şər-böhtan kampaniyası bu illər ərzində özünün "yeni mərhələsinə" daxil oldu - proses səngisə də, ətalət qanunu üzrə davam elədi. Müxtəlif sayt və mətbu orqanlarda AYB və ayrı-ayrı yazıçılarımızın yaradıcılığı barədə hər cür arqumentasiyadan xali, tənqid etikasını aşan, təhlil mədəniyyətindən uzaq yazılar və müsahibələr ya karyerist iddialardan doğan qərəz, ya özünü realizə edə bilməməkdən irəli gələn həsəd, ya da sadəcə kimlərinsə sifarişini yerinə yetirməkdən xəbər verdi. Mən bu məsələlər üzərində konkret dayanıb, geniş açıqlamalar vermək, bununla da vaxtınızı almaq istəmirəm, çünki buna lüzum görmürəm - görünən dağa nə bələdçi?!
Möhtərəm tədbir iştirakçıları!
Cəlil Məmmədquluzadə vaxtilə yazırdı: "Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı!" Görəsən, məruzəmdə bu amala xidmət edə bildimmi? Bu suala cavab vermək haqqı artıq sizə məxsudur. Mən isə ötən qurultaydan keçən dövrdə ədəbi tənqidimizə həsr olunmuş məruzəni bununla da tamamlayr, qarşıdan gələn qurultay münasibətilə hər birinizi təbrik edirəm!
Diqqətinizə görə sağ olun!
Şuşada Türk Dünyası Muzeylər Birliyinin toplantısı keçiriləcəkdir
Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), UNESCO Türkiyə Milli Komitəsi və Bursa Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə 26-28 may 2022-ci il tarixlərində türk dünyasının cari il üçün mədəniyyət paytaxtı elan edilən Bursa şəhərində Türk dünyasının muzey rəhbərlərinin və xadimlərinin iştirak etdiyi “Türk dünyası muzeylərində qeyri-maddi mədəni irs” mövzusunda növbəti görüşü baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.
Hər il müxtəlif ölkələrdə keçirilən tədbirdə Mədəniyyət Nazirliyini Muzey və daşınar mədəni irs sektorunun aparıcı məsləhətçisi Kənan Hüseynov və Azəbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova təmsil etmişdir.
Türk dünyası ölkələri arasında muzeyşünaslıq sahəsində qarşılıqlı məlumat mübadiləsi, təcrübə mübadiləsi və əməkdaşlığı təmin etmək məqsədilə təşkil edilən Türk dünyası muzeylərinin görüşü Türk Dünyası Muzeylər Birliyinin toplantısına da ev sahibliyi edib.
Açılış mərasimində çıxış edən Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş geniş coğrafiyada yaşayan türk xalqları arasında mədəni əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən qeyri-maddi mədəni irs işlərini dəyərləndirərək muzey işçiləri üçün nümunəvi əsərlər yaratmağı hədəflədiklərini bildirib.
TÜRKSOY Muzeylər Birliyinin strukturlaşması istiqamətində mühüm addımlar atılan tədbirdə Türk dünyasından 70-dən çox alim və muzey rəhbərləri iştirak etmiş və ümumilikdə 50-dən çox məruzə təqdim edilmişdir.
Azərbaycan Milli Xalça Muzeyinin direkoru Şirin Məlikova “Azərbaycan Milli Xalça Muzeyində Türk dünyasının ortaq mirası olan xalçaçılıq sənədinin yaşadılması və tanıdılması” mövzusunda çıxış etmiş, iştirakçıları ölkəmizin xalçaçılıq sənəti və muzeyin fəaliyyəti haqqında məlumatlandırmışdır.
Tədbirin son günündə Türk Dünyası Muzeylər Birliyinin toplantısında Türkiyə Respublikası. Mədəniyyət və Turizm Nazirliyinin Muzeylər şöbəsinin müdiri Bülent Gönültaş TÜRKSOY-un Muzeylər Birliyinin strukturlaşdırılması istiqamətində təşəbbüsünü yüksək qiymətləndirdiklərini və hər cür dəstəyi verməyə hazır olduqlarını bildirmişdir.
Beynəlxalq Muzeylər Şurası (ICOM) Türk Milli Komitəsinin də sədr müavini olan Gönültaş, Birliyin koordinatorluğunun cari il üçün Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilməsini, daha sonra 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilmiş Azərbaycanın Şuşa şəhərində keçiriləcək növbəti iclasla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təhvil verilməsini təklif edib. Hər il Birliyin mədəniyyət paytaxtı seçilən ölkənin birlikdən sonra fəaliyyətini davam etdirməsini təklif edən Gönültaşın təklifi toplantıya qatılan bütün maraqlı tərəflər tərəfindən müsbət qarşılanıb. Toplantının sonunda bütün iştirakçıların razılaşdığı məsələlər bəyanat şəklində hazırlanaraq iştirakçıların imzasına təqdim edilib. TÜRKSOY Muzeylər Birliyinin növbəti toplantısının 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa şəhərində keçirilməsi qərara alınmışdır.
Nur-Sultan şəhərində azərbaycanlı alimin Abay Kunanbayev haqqında kitabının təqdimatı olub
Qazaxıstanın paytaxtı Nur-Sultanda azərbaycanlı alim Teymur Atayevin “Abayın əzəməti və ya XXI əsrdə mütəfəkkirin portretini yaratmaq cəhdi” adlı kitabının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Dostluq Evi”ndə baş tutan təqdimat mərasimində Azərbaycanın Qazaxıstandakı səfirliyinin əməkdaşları, Qazaxıstanın elmi, mədəni ictimaiyyətinin nümayəndələri, Azərbaycan icmasının və digər etnik-mədəni birliklərinin üzvləri iştirak ediblər.
Nur-Sultan şəhər daxili siyasət idarəsinin rəhbəri Dauren Babamuratovun moderatorluğu ilə aparılan tədbirdə Azərbaycanın Qazaxıstandakı səfirliyinin əməkdaşı Rövşən Kazımov və başqaları çıxış ediblər.
Kitab 2020-ci ilin dekabrında Nur-Sultandakı “Foliant” nəşriyyatında çap edilib, lakin pandemiya məhdudiyyətləri səbəbindən təqdimat mərasimi təxirə salınıb.
Qazaxıstan və Azərbaycan arasında ikitərəfli əlaqələrin mühüm tərkib hissəsi olan mədəni və humanitar əlaqələr xalqlarımızın yaxınlaşmasına, bir-birini daha yaxşı tanımasına mühüm töhfələr verir.
Azərbaycanlı alimin görkəmli qazax şairi, yazıçısı, ictimai xadimi və mütəfəkkiri Abay Kunanbayevin həyatına müraciətini əlamətdar hadisə adlandıran natiqlər qeyd ediblər ki, bu əsərlə Abay haqqında dünya tarixşünaslığı daha da zənginləşdirilib. Qazax mütəfəkkirinin “Qara sözlər” əsərindəki 45 rəvayətin və fəlsəfi traktatın Quran ayələri ilə müqayisə olunduğuna diqqət cəlb edilib.
Tədbirdə kitabın yaranma tarixindən danışan Teymur Atayev Abay ideyalarını daha yaxşı başa düşmək üçün birinci fəsildə qazax tarixinin ən mühüm səhifələrini açmaq qərarına gəldiyini, sonra mütəfəkkirin tərcümeyi-halının vacib məqamlarını açıqladığını vurğulayıb. Onun fikrincə, məhz bu yanaşma qazax aliminin daxili dünyasını daha dərindən dərk etməyə imkan verir.
Ən çox oxunan: Ukrayna mədəniyyətinin xilaskarı olacaq fransız mühəndis
Ukraynada hərbi əməliyyatların üç ayı ərzində bir çox tarixi və memarlıq abidələri məhv edilmişdir. Bu gün ölkədə mədəni irs obyektlərini inkişaf etmiş texnologiyalar, o cümlədən 3D - scanning metodu vasitəsilə qorumaq üzərində iş aparılır.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, fransız mühəndisi Emmanuel Duran 3D məlumatlarının toplanması üzrə əla mütəxəssisdir. Bundan başqa o, insanpərvərdir, humanistdir. Könüllü olaraq, Ukrayna memarlarına və bərpaçılarına Kiyev, Lvov, Çerniqov, Xarkov şəhərlərinin görməli yerlərinin rəqəmsal modellərini yaratmağa köməklik edir.
Emmanuel Duran bu barədə ondan soruşulanda belə deyir:
"Skaner saniyədə 500 min nöqtəni fiksə eləyir. Yalnız bu rakursdan, məsələn, bizdə təxminən 10 milyon nöqtə olacaqdır. Sonra biz yerdəyişmə ilə bütün binanı gəzəcəyik. Sonra bütün məlumatları kompüterə köçürəcəyik, bir növ, 3D puzzle
toplayacağıq".
Vəziyyəti aydınlaşdırmaq üçün Yekaterina Kuplitskayanı - Ukrayna memarını, mədəni irs obyektlərinin zədələnməsinin sənədləşdirilməsi üzrə təşkilatın üzvünü də gəlin dinləyək:
"Memarlıq irsi siyahısına Xarkovdakı 500 binanı daxil etmək lazımdır ki, onların əksəriyyəti Mərkəzi tarixi rayonunda, bir-birinə çox sıx yerləşir. Top atəşlərinə və bombardmana məruz qalmış bu binaları mən dağılmış gördüm.”
Bəli, olan olub. Barı, fəlakətin qarşısı alınsın. Nəticədə, bu cür yanaşma ilə bir neçə millimetr dəqiqliyiylə binanın rəqəmsal bərpası əldə edilir. Bu, dağıntıların miqyasını düzəltməyə, zədələnmənin xarakterini, konstruksiyanın təhlükəsizlik nöqteyi-nəzərindən dayanıqlığını araşdırmağa, bütün bunlar da ağır zamanlarda Ukrayna mədəniyyətini qoruyub saxlamağa imkan verir.
Və bu işə fransız Emmanuel Duran kimi insanların töhfə vermələri onu deyir ki, şər heç vaxt xeyiri üstələyə bilməz.
Pantomima Teatrının iyun repertuarı ilə tanış olun
Azərbaycan Dövlət Pantomima Teatrı iyun ayı üçün nəzərdə tutulan repertuarını təqdim edib.
Beləliklə, iyunun 4-də “6+1 nömrəli palata”, 5-də “Dejavü”, 11-də isə “Yük” tamaşaları göstəriləcək.
Bundan başqa, iyunun 12-də “Pantomima buketi”, 18-də “Son ştrix” 19-da “Ağ bığlılar”, 25-də “Dejavü” və 26-da “Yük” tamaşası nümayiş ediləcək.
Səhnə əsərləri müvafiq olaraq saat 18:00-da təqdim olunacaq.
Uşaqlara “Günəşim” kukla teatrının bayram töhfəsi var
1 iyun - Uşaqların Beynəlxalq Müdafəsi Günü münasibətilə Sumqayıtda fəaliyyət göstərən “Günəşim” kukla teatrı “Teatrallaşdırılmış şou proqram” la balaca dostlarımızın görüşünə gələcək.
Teatr əməkdaşları uşaqları əmin edirlər ki, hər şey onların ürəyincə olacaq.
Uşaqların Beynəlxalq Müdafiəsi günündə Musiqili Teatrda Qırmızıpapaq
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə balaca teatrsevərləri “Qırmızıpapaq və Redmuzi” müzıklı ilə sevindirəcək.
Mayın əvvəllərində premyerası uğurla nümayiş olunan bu tamaşa teatrsevərlərin xahişi ilə həmin gün iki seans olmaqla, saat 12:00 və 14:00-da bir daha oynanılacaq.
Məşhur “Qırmızıpapaq” nağılının motivləri əsasında hazırlanan “Qırmızıpapaq və Redmuzi” tamaşasının libretto müəllifi və quruluşçu rejissoru Zəhra Quliyevadır.
Bakıda fəaliyyət göstərən “Vətən” uşaq teatr studiyası ilə Akademik Musiqili Teatrın birgə layihəsi olan bu tamaşanın musiqi tərtibatçısı Tural Məmmədli, səhnə tərtibatçısı və geyim üzrə rəssamı Nərminə Vəliyeva, rəqslərin quruluşçusu Akademik Musiqili Teatrın xoreoqrafı, Əməkdar artist Nigar Şahmuradova, qrim rəssamı Aybəniz Hüseynova, tamaşanın rejissor assistenti Əmrah Dadaşovdur.
Səhnə əsərinin baş qəhrəmanları “Vətən” studiyasının üzvləri Adelya Osmanova (Redmuzi) və Əzizə Həsənzadədir (Qırmızıpapaq).
Tamaşada Ellada Sarvan (Tutuquşu, Nənə, Ana Yadplanetli), Beyrək Rüstəmzadə (Ovçu), Yaqut Bədəlova (Dovşan, Antivirus, Ana toyuq) və studiyanın digər üzvləri (cücələr, quşlar, sehrli ekranlar, planetlər, ulduzlar, robotlar) müxtəlif nağıl personajları obrazında balaca teatrsevərlərin qarşısına çıxacaqlar.
Akademik Musiqili Teatrın aktyorları Əmrah Dadaşov (Vayfay və Canavar) və Hüseyn Əlili (Virus) də onlarla eyni səhnəni bölüşəcəklər.
Uşaqların müasir dünyagörüşünə, maraq dairəsinə daxil olan elektronlaşmış həyat hadisələrini əhatə edən bu qeyri-adi tamaşa üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər də qəbul olunur.
Bayramınız mübarək, əziz uşaqlar!
Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalı başa çatıb
Konyada keçirilən 14-cü “Min nəfəs bir səs” Türkdilli Ölkələrin Beynəlxalq Teatr Festivalı başa çatıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Teatrları Baş İdarəsi (DT) tərəfindən keçirilən festivalın son günündə Qazaxıstanın Nur-Sultan Akimat Jastar Teatrının quruluşunda “İnadkar qız” tamaşası nümayiş etdirilib.
Qeyd edək ki, türkdilli ölkələrin teatrlarını bir araya gətirən festivalda Azərbaycan, Kosovo, Qaqauz Yeri, Hollandiya və Qazaxıstan teatrları iştirak edib.
Festival çərçivəsində İstanbul Dövlət Teatrı “Professional”, Kosovo İncəsənət Teatrı “Parkda gözəl bir gün”, Azərbaycan Dövlət Yuğ Teatrı “Kloun Z”, D.Tanasoğlu adına Qaqauz Milli Teatrı “Korlar dünyası”, Qazaxıstan Dövlət Kukla Teatrı “Maqbet”, Van Dövlət Teatrı “Keçmişdən gələn qadın”, Hollandiya NY Prodakşn “Yerli yersiz”, Qazaxıstan Nur-Sultan Akimat Jastar Teatrı “İnadkar qız” tamaşaları teatrsevərlərə təqdim edilib.
Festivalda 2-si Türkiyədən, 6-sı isə digər türkdilli ölkələrdən olmaqla ümumilikdə 8 müxtəlif tamaşa yer alıb.
Maddi-mənəvi, tarixi mədəniyyət abidələrinin yeniyetmə və gənclər arasında tanıdılması vacibdir
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin 01.02.2022-ci il və 01.06.2022-ci il tarixini əhatə edən «Maddi-mənəvi, tarixi mədəniyyət abidələrimizin yeniyetmə və gənclərimiz arasında tanıdılması” layihəsi Nərimanov, Binəqədi, Quba inzibati bölgələrində öz işini başa çatdırıb.
Altı tədbir və seminara, Nərimanov rayon, S.C.Pİşəvəri adına Respublika Humanitar fənlər Gimnaziyasında, Binəqədi rayonunda fəaliyyət göstərən Füzuli rayon, 48 saylı tam orta məktəbində və Quba rayon, Aynəddin Babayev adına Susay kənd tam orta məktəbində 190 nəfər yeniyetmə və gənc birbaşa cəlb olunmuşlar. Layihə çərçivəsində sosial şəbəkələr üzərindən maddi-mənəvi, tarixi mədəniyyət abidələrimiz mövzusunda yaradılmış qruplar, tədbirlərdə və seminarlarda paylanmış bukletlər və s. 3500 nəfərdən çox yeniyetmə və gəncin dolayı yolla maariflənməsinə zəmin yaratmışdır.
Tədbir və seminarlarda himnimiz oxunduqdan və cəmi şəhidlərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra “Zirvə” mədəniyyət və incəsənət ictimai birliyinin sədri, «Maddi-mənəvi, tarixi mədəniyyət abidələrimizin yeniyetmə və gənclərimiz arasında tanıdılması layihəsinin rəhbəri Şahin Qədirov, yuxarıda adı qeyd edilən layihəni dəstəklədiyi üçün, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını ifadə etdikdən sonra layihə haqqında məlumat verərək maddi - mənəvi, tarixi mədəniyyət abidələrimizin qorunması, bərpasının hər bir ölkə vətəndaşının vətəndaşlıq borcu olduğunu qeyd etmiş, başda Şuşa şəhəri olmaqla dağıdılmış tarixi-mədəni abidələrimizin bərpası, təbliği üçün bütün cəmiyyətin səylərini bir araya gətirməkçün lazımi işlərin görüləcəyini bildirmişdir. Əlavə olaraq hər bir vətəndaş, yeniyetmə, gənc mədəniyyətimizin, mədəni abidələrimizin qorunmasında, təbliğində tərəfdaşlıq prinsiplərindən irəli gələn qarşılıqlı, faydalı dialoq, maarifləndirmə qərarların qəbul edilməsində bərabərlik, könüllü əməkdaşlıq prinsiplərinə riayət etməli olduğunu keçirilən tədbirlərdə və seminarlarda xüsusi vurğulamışdır.
Ekspertlər çıxışlarında mədəniyyət mərkəzlərinin, mədəni icmaların tərəfdaşlıq prinsiplərini düzgün təşkil etmək üçün bütün münasibətlərin müqavilə ilə tənzimlənməsinin zəruri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq yeniyetmə və gəncləri indidən milli-mənəvi, tarixi sərvətimizin daşıyıcısına çevirməyin vacibliyini qeyd etmişdir, 44 günlük Vətən Müharibəsində əsgər və zabitlərimizin Vətən sevgisindən danışaraq, döyüşçülərimizin düşmən üzərinə milli musiqimizi ifa edə-edə yeriməsində mədəniyyətimizin də əhəmiyyətli rolu olduğunu xatırlatmışlar.
Tədbir və Seminarlarda yeniyetmə və gənclərin müvafiq sahədə birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar və dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılması, mədəni abidələrimizi əhatə edən kitabların nəşri, tərcüməsi və s. mövzuları əhatə edən maraqlı təklif və çıxışlar müsbət qarşılanmışdır.
Yeniyetmə və gəncləri narahat edən bütün suallara aydınlıq gətirilmişdir.
Yerlərdə təhsil müəssisələrinin rəhbərləri gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, bu cür maarifləndirici görüşlərin yeniyetmə və gənclər arasında mütəmadi təşkilinin əhəmiyyətini qeyd etmiş, belə maarifləndirici tədbir və seminarların bu sahəyə təkan verəcəyinə inandııqlarını bildirmişlər.
Bukletlər, dəftərxana ləvazimatları, qovluqlar paylanmış, tədbirlər və seminarlar çay, şirniyyat süfrəsilə sona çatmışdır.
İnsanlarda həyəcan və təşviş pozuntuları nədir?
Həyəcan pozuntusu insanda hər hansı bir qorxu və qayğı anında meydana çıxan güclü daxili sıxıntı halı olaraq ifadə edilir. Təşviş pozuntusu olan şəxslər mütəmadi olaraq, özlərini təhlükə altında hiss edirlər və hər hansı bir yerdən təhlükə gələcəyini fikirləşib həddən artıq qorxu hiss edirlər. Bunlardan pis xəstəliyə tutulma qorxusu, ölüm qorxusu, yaxınların başına bir iş gəlmə qorxusu, öz üzərində kontrolu itirərək səhv bir iş etmə, gülünc vəziyyətə düşmə qorxusu, özünə və uşağına zərər vermə qorxuları daha çox rast gəlinənlərdəndir.
Həyəcan və təşvişin əsas əlamətləri bunlardır:
Səbəbsiz yerə qorxu və panik hiss etmək
Daimi yuxusuzluq və əsəbilik
Ürək döyüntüləri
Ağız quruması
Əllərin içinin tərləməsi
Daimi pis bir şey olacağını fikirləşmə və s
Bunların yaranmasının bir çox səbəbləri vardır: keçmişdə baş vermiş hər hansı hadisəylə əlaqədar olan qorxu, narahatlıq kimi emosional reaksiyaları gələcəkdə həyəcan pozuntusuna səbəb ola bilər. Həyəcan pozuntusu olan şəxslər duyğusal narahatlıqlar və izah edə bilmədiyi bəzi səbəblərə görə qorxu və qayğı yaşayırlar, şüuraltı mərkəzdə olan hadisələri normal həyatda xatırlaya bilmirlər və ona görə qorxu və narahatlıq keçirdiklərini bəzən ifadə edə bilmirlər.
Uşaqlarda həyəcan yaradan səbəblərin qaynağı bəzən təxmin olunur, bəzən də heç gözlənilməz bir şey ola bilər.
Valideynlər uşaqlarında həyəcanın səbəblərinivə nə edə biləcəklərini bildikləri təqdirdə uşaqlarına çox yaxşı dəstək ola bilirlər.
Uşaqlarda həyəcan, təşviş pozuntusunun bir çox səbəbləri vardır:
Valideynlər arasındakı mübahisə ilə bağlı həyəcanlar
İtkilərə görə yaşadıqları həyəcanlar
Tərk edilmə qorxusuyla bağlı həyəcanlar
Fiziki fəaliyyətlərə müdaxilə edilməsilə bağlı həyəcanlar
Müstəqilliyə müdaxilə olunmasilə bağlı həyəcanlar
Günahkarlıq hissinə bağlı həyəcanlar
Valideynlər övladlarına qarşı çox diqqətli olmalıdırlar. Onlarda hər hansı səbəbdən olursa olsun həyəcan, təşviş hiss edirlərsə , onu aradan qaldırmağa çalışmalıdırlar. Övladlarını dinləməyi, anlamağı, dost olmağı bacarmalıdırlar. Lazım gəlsə, psixoloqa müraciət etməlidirlər.
Ülviyyə Əfəndiyeva
Psixopedaqoq, loqoped