Qazaxıstanın paytaxtı Nur-Sultanda azərbaycanlı alim Teymur Atayevin “Abayın əzəməti və ya XXI əsrdə mütəfəkkirin portretini yaratmaq cəhdi” adlı kitabının təqdimat mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Dostluq Evi”ndə baş tutan təqdimat mərasimində Azərbaycanın Qazaxıstandakı səfirliyinin əməkdaşları, Qazaxıstanın elmi, mədəni ictimaiyyətinin nümayəndələri, Azərbaycan icmasının və digər etnik-mədəni birliklərinin üzvləri iştirak ediblər.
Nur-Sultan şəhər daxili siyasət idarəsinin rəhbəri Dauren Babamuratovun moderatorluğu ilə aparılan tədbirdə Azərbaycanın Qazaxıstandakı səfirliyinin əməkdaşı Rövşən Kazımov və başqaları çıxış ediblər.
Kitab 2020-ci ilin dekabrında Nur-Sultandakı “Foliant” nəşriyyatında çap edilib, lakin pandemiya məhdudiyyətləri səbəbindən təqdimat mərasimi təxirə salınıb.
Qazaxıstan və Azərbaycan arasında ikitərəfli əlaqələrin mühüm tərkib hissəsi olan mədəni və humanitar əlaqələr xalqlarımızın yaxınlaşmasına, bir-birini daha yaxşı tanımasına mühüm töhfələr verir.
Azərbaycanlı alimin görkəmli qazax şairi, yazıçısı, ictimai xadimi və mütəfəkkiri Abay Kunanbayevin həyatına müraciətini əlamətdar hadisə adlandıran natiqlər qeyd ediblər ki, bu əsərlə Abay haqqında dünya tarixşünaslığı daha da zənginləşdirilib. Qazax mütəfəkkirinin “Qara sözlər” əsərindəki 45 rəvayətin və fəlsəfi traktatın Quran ayələri ilə müqayisə olunduğuna diqqət cəlb edilib.
Tədbirdə kitabın yaranma tarixindən danışan Teymur Atayev Abay ideyalarını daha yaxşı başa düşmək üçün birinci fəsildə qazax tarixinin ən mühüm səhifələrini açmaq qərarına gəldiyini, sonra mütəfəkkirin tərcümeyi-halının vacib məqamlarını açıqladığını vurğulayıb. Onun fikrincə, məhz bu yanaşma qazax aliminin daxili dünyasını daha dərindən dərk etməyə imkan verir.