Həyəcan pozuntusu insanda hər hansı bir qorxu və qayğı anında meydana çıxan güclü daxili sıxıntı halı olaraq ifadə edilir. Təşviş pozuntusu olan şəxslər mütəmadi olaraq, özlərini təhlükə altında hiss edirlər və hər hansı bir yerdən təhlükə gələcəyini fikirləşib həddən artıq qorxu hiss edirlər. Bunlardan pis xəstəliyə tutulma qorxusu, ölüm qorxusu, yaxınların başına bir iş gəlmə qorxusu, öz üzərində kontrolu itirərək səhv bir iş etmə, gülünc vəziyyətə düşmə qorxusu, özünə və uşağına zərər vermə qorxuları daha çox rast gəlinənlərdəndir.
Həyəcan və təşvişin əsas əlamətləri bunlardır:
Səbəbsiz yerə qorxu və panik hiss etmək
Daimi yuxusuzluq və əsəbilik
Ürək döyüntüləri
Ağız quruması
Əllərin içinin tərləməsi
Daimi pis bir şey olacağını fikirləşmə və s
Bunların yaranmasının bir çox səbəbləri vardır: keçmişdə baş vermiş hər hansı hadisəylə əlaqədar olan qorxu, narahatlıq kimi emosional reaksiyaları gələcəkdə həyəcan pozuntusuna səbəb ola bilər. Həyəcan pozuntusu olan şəxslər duyğusal narahatlıqlar və izah edə bilmədiyi bəzi səbəblərə görə qorxu və qayğı yaşayırlar, şüuraltı mərkəzdə olan hadisələri normal həyatda xatırlaya bilmirlər və ona görə qorxu və narahatlıq keçirdiklərini bəzən ifadə edə bilmirlər.
Uşaqlarda həyəcan yaradan səbəblərin qaynağı bəzən təxmin olunur, bəzən də heç gözlənilməz bir şey ola bilər.
Valideynlər uşaqlarında həyəcanın səbəblərinivə nə edə biləcəklərini bildikləri təqdirdə uşaqlarına çox yaxşı dəstək ola bilirlər.
Uşaqlarda həyəcan, təşviş pozuntusunun bir çox səbəbləri vardır:
Valideynlər arasındakı mübahisə ilə bağlı həyəcanlar
İtkilərə görə yaşadıqları həyəcanlar
Tərk edilmə qorxusuyla bağlı həyəcanlar
Fiziki fəaliyyətlərə müdaxilə edilməsilə bağlı həyəcanlar
Müstəqilliyə müdaxilə olunmasilə bağlı həyəcanlar
Günahkarlıq hissinə bağlı həyəcanlar
Valideynlər övladlarına qarşı çox diqqətli olmalıdırlar. Onlarda hər hansı səbəbdən olursa olsun həyəcan, təşviş hiss edirlərsə , onu aradan qaldırmağa çalışmalıdırlar. Övladlarını dinləməyi, anlamağı, dost olmağı bacarmalıdırlar. Lazım gəlsə, psixoloqa müraciət etməlidirlər.
Ülviyyə Əfəndiyeva
Psixopedaqoq, loqoped