Super User

Super User

Çərşənbə, 08 İyun 2022 10:00

Ankarada Əhməd Cavada həsr edilən konsert olub

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətlə qardaş Türkiyədə keçirilən silsilə tədbirlər davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu çərçivədə Ankarada təşkil olunan konsert proqramı Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Konsertdə Azərbaycanın korifey və müasir bəstəkarlarının əsərləri səsləndirilib.

Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Türkiyə Prezident Administrasiyası Simfonik Orkestri və TRT Ankara radiosunun xorunun müşayiətilə Azərbaycanın Xalq artisti Azər Zeynalov, həmçinin solistlər Nigar Cəlilova, Orxan Cəlilov və Xəyyam Məmmədov Əhməd Cavadın sözlərinə bəstələnmiş əsərləri ifa ediblər.

İlk dəfə səslənən əsərlərin böyük rəğbətlə qarşılandığı salonda dillər əzbəri olan “Çırpınırdın Qara dəniz” mahnısının sədaları xüsusi coşqu yaradıb. 

Tamaşaçılar rəngarəng ifaları hərarətli alqışlarla ayaqüstə qarşılayıblar.

Qeyd edək ki, Ankaranın Etimesgut rayonu ərazisində yerləşən Türk Tarix Muzeyi və Parkında Əhməd Cavadın əzəmətli heykəli ucaldılıb, adına küçə verilib.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahatların tərkib hissəsi kimi “Kommunikasiya meneceri” layihəsi təqdim olunur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Layihə Mədəniyyət Nazirliyinin strateji kommunikasiya siyasətinin nazirliyin struktur qurumları, tabe müəssisə və təşkilatlarında effektiv şəkildə həyata keçirilməsi, o cümlədən ictimaiyyətlə, media subyektləri və nümayəndələri ilə münasibətlərin möhkəmləndirilməsi, əlaqələrin genişləndirilməsi, sosial media fəaliyyətinin təkmilləşdirilməsi məqsədi daşıyır.

Layihə eyni zamanda Azərbaycan xalqının zəngin mədəniyyəti, mədəniyyət sahəsində nazirliyin, aidiyyəti müəssisə və təşkilatların fəaliyyəti, aparılan islahatlar, əlamətdar hadisə, yenilik və uğurlar barədə ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılması,  media subyektləri ilə, ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulması və nəticə etibarilə dövlət-cəmiyyət münasibətlərinin, dövlət qurumuna vətəndaş etimadının yüksəldilməsinə xidmət edir.

İlkin olaraq nazirliyin regional mədəniyyət idarələrini əhatə edən layihə çərçivəsində  idarədə çalışan əməkdaşlardan hər bir idarə üzrə bir nəfər PR, media və kommunikasiya fəaliyyətinə məsul şəxs – kommunikasiya meneceri kimi təyin olunub. Növbəti mərhələdə peşəkarlığın artırılması məqsədilə kommunikasiya menecerlərinin təlimlərə cəlb olunması planlaşdırılır.

Təlimlərin müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edən, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayan, dövlət ali təhsil müəssisəsi olan ADA Universiteti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Proses tam yekunlaşdıqdan sonra hər bir regional idarə üzrə kommunikasiya meneceri barədə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, kommunikasiya meneceri media subyektləri ilə, ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndə olaraq çalışdığı qurumun tədbir və layihələrinin mediada işıqlandırılmasını, qurumun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılmasını və bundan irəli gələn digər vəzifələrin yerinə yetirilməsini, eləcə də qurumun sosial media fəaliyyətinin təşkilini təmin edəcək.

 

  “Ədəbiyyat və incəsənət” portalı “Son dərəcə vacib” rubrikasında növbəti yazını sizlərə təqdim edir. Bu dəfə mövzumuz torpaqlarımıza göz dikən xain qonşularımız barədədir. Mənbə yazıçı Adəm İsmayıl Bakuvinin “Yalanın 17 anı” romanıdır.

 

 “1828-ci ildə məşhur "Türkmənçay" müqaviləsi olmasaydı, Qriboyedov və Abovyan olmasaydı, rus əsgərləri olmasaydı bu gün müasir kənd və şəhərlərə çevrilən yüzlərlə yeni yaradılan erməni ocaqları da olmayacaqdı. Təkcə son onillikdə - 60-70-ci illərdə Vətənimiz Ermənistana iki yüz mindən çox erməni köçmüşdür”.

 Zori Balayan. "Ocaq" kitabından.

 

“1883-cü ildə İrəvan şəhərinin 18.766 nəfər əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 faizi azərbaycanlı olmuşdur”.

 Erməni alimi Zaven Korkodyan. "Sovet Ermənistanının əhalisi. 1831-1931" adlı kitabından. 

 

“ Tarixi qədimlik təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda yaşayan ermənilərə gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə qaçqınlarıdır”.

B. İşxanyan. "Qafqaz xalqları" kitabından.

 

“Daşnak nümayəndələri ətraflarına çoxlu könüllü silahlı dəstələr yığaraq müharibə gedən türk ərazilərində qadın, uşaq, qoca və əlilləri amansızcasına doğrayıb tökürdülər”.

A.Lalayan. "İnqlabi Şərq" jurnalından.

 

 “Bakıda ermənilər ingilislərin yardımı ilə bu böyük neft şəhərini ələ keçirdilər və şəhərin türk əhalisindən 25.000 nəfərini qırdılar".

Ohanes Apresyanın xatirələrindən. Leonard Ramsden Hartvillin "İnsanlar belədir. 1918-1922-ci illər. Azərbaycan hadisələri bir erməninin xatirələrində" kitabından.

 

“Erməni hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, Qarabağ əhalisinin  Bakıdakı həyat mənbəyindən məhrum olması, heç zaman heç nə ilə əlaqəsi olmayan Yerevanla bağlanması deməkdir. Erməni kəndliləri təsadüfi deyil ki, beşinci qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar”.

Anastas Mikoyanın Leninə yazdığı məktubundan.

 

“Türklərlə ermənilər arasındakı ziddiyətlərin yaranmasının əsas səbəblərindən biri də türk və Azərbaycan xalqlarının humanizminə, qayğıkeşliyinə, vətənpərvərliyinə qarşı erməni millətçilərinin aramsız qəddarlığıdır”. L.Z.Sürməliyan. "Xanımlar və cənablar, müraciətim sizədir" kitabından.

 

 “Ermənistan bir dövlət kimi bəşəriyyət tarixində heç bir mühüm rol oynamamış, onun adı ermənilərin səpələndiyi coğrafi termin olub güclü dövlətlərin - assuriyalıların, midiyalıların, iranlıların, yunanların, monqolların, rusların öz mübahisələrini həll etdikləri yer olmuşdur”.

P. Kerop Patkanov. “Van yazıları və onların Ön Asiyanın tarixi üçün əhəmiyyəti” kitabından.

 

Ermənistan tarixi tam olaraq saxtalaşdırılıb, Osmanlı İmperiyasında ermənilərə misilsiz divan tutulması ağ yalandır, ermənilərin Yer kürəsinin ən qədim xalqı olması, onların fantastik qədimliyi tarixinin təkzib edilməsi deməkdir. Türklər və ermənilər 400 il ərzində bir ailənin, Osmanlı imperiyası adlı bir dövlətin üzvü olublar. Erməniləri Osmanlı imperiyasında sədaqətli xalq adlandırıblar, bizim xalq uzun müddət bu adı qoruyub saxlayıb. Lakin 19-cu əsrin ortalarında hər şey dəyişib. Onda ki, bizim həyatımıza sürətlə britaniyalılar və avropalılar giriblər. Bu insanlar arxeoloji ekspedisiyalar adı altında öz desantlarını yerləşdirərək Osmanlı ərazisində çoxlu tarixi saxtakarlıqlar yaratmağa başlayıblar. Bu saxtakarlıqlar arasında qədim erməni dövləti mifi də olub. Masonlardan, müxalif ziyalılardan, xüsusən də daşnaklardan ibarət olan bir hissə erməni bu saxtakarlığı reallıq kimi qəbul edib, qərar verib, öz qarşısına məqsəd qoyub ki, Osmanlı imperiyasından ayrılıb avropalıların təxəyyülü olan Böyük Ermənistanı realda yaratsınlar. Nəticə isə acınacaqlı alınıb, türk xalqı ilə düşmənçilik, doğma torpaqlardan qovulma, tam izolyasiya içərisində yaşama. Bu gün türklər və ermənilər müxtəlif ölkələrdə yaşayırlar, ünsiyyətləri sıfıra enib, nə qohumluq, nə mənəvi, nə mədəni, nə iqtisadi əlaqələr var, hamısı darmadağın olunub. Biz ermənilər hələ də britan nağıllarına inanır, onları öyrənib tirajlayır, təbliğ edirik. Hər yerdə öz fantastik keçmişimizdən danışırıq. Bu zaman həqiqi tarixi də təhrif edirik. Mən bizim bəlamızı obrazlı şəkildə həmişə belə ifadə edirəm: Biz ermənilər, bütün xalq birlikdə virtual reallıqda məskunlaşmışıq. Və mən tam məsuliyyətlə deyirəm ki, məhz avropalılar tərəfindən 20-ci əsrin ortalarında “genosid” sözü kəşf edilib. Onlar bu sözü beynəlxalq hüququn termini etməklə Birinci Dünya Müharibəsinin Osmanlı İmperiyası ərazilərindəki hadisələrini “genosid” anlamının içinə soxuşdurmuşlar. Ermənilər də bu halvadan istifadə edərək Türkiyədən kosmik təzminatlar və nəhəng ərazilər tələb etmişlər. Ardınca isə avropalılar erməni genosidini tanımaq prosesini ortaya salaraq hər dəfə yeni-yenu dövlətləri bu saxta və kədərli prosesə şərik çıxarmışlar. Beləliklə, avropalılar türklərə olan düşmənçiliklərində ermənilərdən sadəcə bir vasitə kimi istifadə etmişlər həmişə. Mən bütün erməniləri bilirsiniz nəyə çağırıram? Qoy onlar yalnız özlərini dinləməyi tərgitsinlər, digər tərəfi dinləməyə başlasınlar. Bizim bütün problemlərimizin kökündə bax bu saxta tarix dayanır. Erməni xalqının əsas düşməni bu saxta tarixdir ki, başlıca məqsəd də ona qalib gəlməkdir. Erməni ideoloqlarının sayəsində 20-ci əsrin əvvəllərində Osmanlı imperiyasının barlı-bərəkətli torpaqlarında şad-xürrəm yaşayan zavallı ermənilər Suriyanın nəfəs qarsayan çöllərinə sürgün edilərək bütün gözəlliklərdən məhrum oldular. Bu gün isə xalqımız  Qarabağ işğalının əsiridir, biz yad torpaqları tutub yalançı vətənpərvərlik şüarları altında iqtisadi böhrana, sosial dözülməzliyə, xaos və anarxiayaya yuvarlanmış bir dövlətdə yaşamalı olmuşuq, on minlərlə erməni ölkəni atıb gedir, yad ellərdə bir tikə çörək axtarışına çıxıb.

Filipp Vartanoviç Ekozyantsın You Tube kanalında yayımlanan “Türklər – ermənilər. Problemin mahiyyəti” adlanan videomüraciətindən.

 

 

\

 

 

Bu gün - İyunun 7-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət "Nəğmə dolu bir ürəyəm ey Vətən” adlı konsert proqramı keçiriləcək. 

 

Gecədə bəstəkarın unudulmaz nəğmələrini Azərbaycanın tanınmış incəsənət nümayəndələri, Xalq artistləri İlqar Muradov, Gülyanaq və Gülyaz Məmmədovalar, Əməkdar artistlər Elton Hüseynəliyev, Lalə Məmmədova, Vasif Məhərrəmli, Rəşad İlyasov, Gülüstan Əliyeva, Aqşin Abdullayev, Almaz Orucova, Teymur Əmrah, istedadlı müğənnilər Zamiq Hüseynov, Arzu Əliyeva, Aytən Məhərrəmova, Samir Piriyev, Samirə Əliyeva, Nicat Cəfərzadə, Türkay Məlikova, Cavad Sultanov, Zabitə Əliyeva, Rəvanə Qurbanova, Ayşən Mehdiyeva Azərbaycan Televiziyası və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı və “Qaytağı” ansamblının müşayiəti ilə ifa edəcəklər.

 

2021-ci ilin fevral ayında dünyaşöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyi tamam olub. Prezident İlham Əliyev böyük alimin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Həmin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Lütfi Zadə” biblioqrafiyasını nəşr etdirib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, biblioqrafiya riyaziyyat, kibernetika, informatika, hesablama texnologiyası ilə məşğul olan alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Biblioqrafiyanın “Lütfi Zadə dünya milli kitabxanalarında” və “Lütfi Zadə dünya universitet kitabxanalarında” bölmələrində toplanan ədəbiyyat alimin elmi irsinin bütün dünyada çox geniş yayılmasının əyani sübutudur. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Lütfi Zadənin əsərlərinin və haqqında yazan müəlliflərin Azərbaycan və digər dillərdə əlifba göstəriciləri verilib.

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/LutfiZade-biblioqrafiya.pdf linkindən istifadə edə bilərlər.

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Lütfi Zadə” biblioqrafiyası dünyaşöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadəyə həsr edilmiş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyaya AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi – Lütfi Zadə” adlı “Ön söz” yazıb.

Həcmi 607 səhifədən ibarət biblioqrafiyada görkəmli alimin əsərləri, həyat və yaradıcılığına aid zəngin materiallar toplanıb, həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, rəsmi sənədlər, habelə alimin dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapıb. Materiallar Azərbaycan, rus, ingilis və başqa xarici dillər üzrə verilib. Biblioqrafik göstəricidə materiallar xronoloji prinsip əsasında qruplaşdırılıb, daxildə isə əlifba sırası gözlənilib.

Qeyd edək ki, Lütfi Zadə özünün qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi ilə dünya elmində inqilabi çevriliş etmiş, sağlığında dahilik zirvəsinə yüksəlmiş ilk azərbaycanlılardandır. Adı Aristotel, Albert Eynşteyn, Norbert Viner, Verner Heyzenberq, Helen Siborqla yanaşı çəkilən alimin nəzəriyyələri riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının bütün sahələrinə nüfuz etmiş, ABŞ-da kosmik proqramların həyata keçirilməsində, Yaponiyada foto-video cihazların istehsalında, eləcə də super-yeni, beşinci, altıncı nəsil kompüterlərin yaradılmasında mühüm rol oynamışdır.

Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür.

Çərşənbə axşamı, 07 İyun 2022 10:00

Nazir müavini Gürcüstana səfər edib

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti 3-5 iyun tarixlərində Gürcüstanda səfərdə olub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, səfərin ilk günü nümayəndə heyəti Tbilisinin mərkəzində Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib, büstün önünə gül dəstələri düzərək ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi Dövlət İncəsənət Akademiyasında (TDİA) keçirilən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən tədbirdə iştirak edib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.

Öncə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin ölməz əsərlərinə həsr olunan miniatürlərdən ibarət sərgiyə baxış keçirilib. Tədbir çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub. 

Tədbirdə çıxış edən akademiyanın rektoru Giorgi Ququşvili deyib ki, Nizami Gəncəvi bütün dünyada olduğu kimi, Gürcüstanda da dahi şəxsiyyət kimi tanınır. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin böyük tarixi var və bu gün iki ölkəni bütün sahələr üzrə sıx əməkdaşlıq birləşdirir.

Daha sonra çıxış edən F.Quliyev TDİA-nın 100 illiyinin qeyd edildiyi dövrdə Azərbaycanın dahi mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirə ev sahibliyi etməsini əlamətdar hadisə adlandırıb. O, ötən il Azərbaycanda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Nizami Gəncəvi ili"nin elan olunduğunu xatırladıb. F.Quliyev qeyd edib ki, il başa çatsa da, dahi şairin zəngin yaradıcılığı hər il Azərbaycanla yanaşı, ölkə hüdudlarından kənarda da təbliğ olunur. O bildirib ki, N.Gəncəviyə Gürcüstanda böyük hörmət bəslənilir, onun bir sıra əsərləri gürcü dilinə tərcümə edilib. Azərbaycan və Gürcüstanın iki böyük ədibi - Nizami Gəncəvi və Şota Rustaveliyə həsr olunan elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulub.

S.Məmmədəliyeva çıxış edərək Azərbaycan və Gürcüstan arasında münasibətlər qədim tarixi köklərə malik olduğunu, iki xalqın tarixən mehriban qonşuluq və qardaşlıq şəraitində yaşadığı vurğulayıb. O qeyd edib ki, bu gün qarşılıqlı əlaqələr hər iki ölkə rəhbərinin diqqət və himayəsi sayəsində inkişaf edir. Nazir müavini tədbirin Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunduğunu qeyd edib. S.Məmmədəliyeva qeyd edib ki, N.Gəncəvi dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətdir, dünya mədəniyyəti xəzinəsinə misilsiz incilər bəxş edib. Dahi Nizaminin poeziya ənənələrini bir çox ölkələrin şairləri uğurla davam etdirib, böyük gürcü ədib Şota Rustaveli də onun yaradıcılığından bəhrələnib.

Sonda tanınmış gürcü aktyor və müğənni Vaxtanq Kikabidze, Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, keçmiş mədəniyyət naziri Valeri Asetiani də daxil olmaqla Gürüstanın bir qrup mədəniyyət xadiminə "Nizami Gəncəvi-880" xatirə nişanı təqdim olunub. V.Kikabidze və digər mükafatçılar Azərbaycan tərəfindən verilən yüksək dəyərdən şərəf duyduqlarını bildirərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və ölkəmizin Gürcüstandakı səfirliyinə təşəkkürlərini bildiriblər.Eyni zamanda, nazir müavininin Gürcüstan səfəri çərçivəsində Tbilisi İncəsənət Sərgisi (Tbilisi Art Fair - TAF), Tbilisi İncəsənət Sarayı - Gürcüstan Mədəniyyət Tarixi Muzeyi və Gürcüstan Milli Muzeyinin rəhbərliyi ilə görüşlər keçirilib və mədəni əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub.

Çərşənbə axşamı, 07 İyun 2022 09:55

Şuşanın milli geyim tərzində bu dəfə çəpkən

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin növbəti təqdimatı mədəniyyət paytaxtımızın geyim nümunəsi olan çəpkənə həsr olunub.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, çəpkən Azərbaycanda milli kişi və qadın geyiminin bir hissəsidir. Çəpkən - çiyinüstü, astarlı və yalançı qollara malik olan üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalardan tikilirdi. 

Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilib. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları olub. Bel hissədən bağ ilə bağlanıb. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilib. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və digər tikmələrlə bəzədilib. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayıblar.

Pullu çəpkən biçimi çəpkənlə eyni formada olub, qolsuzdur. Astarı zolağı materialdandır. Yaxa və ətək xətti boyunca 3 sıra pullarla bəzədilib. Sadə çəpkəndən biçiminə görə fərqlənən pullu çəpkən geniş yayılmışdı. O, qısa, qolsuz idi və çar sikkələri ilə bəzədilirdi. Qadınlar paltarın üstündən döşlük taxırdılar, onu naxışla və sərmə (xırda içi boş gümüş borucuqlar) ilə bəzəyirdilər.

 

Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvü, "Qızıl kəlmə" mükafatçısı Sadiq Qarayevin "Sahilsiz Təzadlar" romanı Moskvada, rus dilində nəşr edilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, elmi, fəlsəfi, eyni zamanda dedektiv janrlarda yazılmış iri həcmli ( 650 səh.) bu kitabın xarici dildə nəşri müstəqillik dövrü ədəbiyyatımız üçün faydalı hadisədir.

Kitaba Akademik İsa Həbibbəyli ön söz, mərhum görkəmli alimimiz Telman Əliyev rəy yazmışdır. Rusiyadan Tibb elmləri doktoru, Professor Seyfəddin Mərdanlı və Professor Vladimir Pomazanov isə roman haqqında öz düşüncələrini yazıya almışlar.

2014-cü ildə yazılmış və Azərbaycan dilində nəşr edilmiş “Sahilsiz Təzadlar” romanında bir sıra elmi-fəlsəfi ideyalarla yanaşı, azərbaycançılıq məfkurəsi, torpaqlarımızın azad edilməsi, Şuşanın beynalxalq mədəniyyət və elm mərkəzinə çevrilməsi, sürətli bərpa işlərinin aparılması mülahizələri də öz əksini tapıb, hansı ki indi xalq-ordu-dövlətin birliyindən yaranan "dəmir yumruq" sayəsində bütün bunlar gerçəkləşib.

Kitabın redaktorları: Dilarə Məmmədova (filo.üzr.f.d.), Azər Elşadoğlu, Esmira Fərəcova, rəssamı Vasif Səftərov, səhifələyicisi Nəzrin Qarayeva, rus dilinə tərcümə edən Leyla Qədirzadədir.

Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Baltikdə NATO-Baltops illik təlimləri başlayıb. Təlimin məqsədi Baltik dənizinin mümkün blokadasına NATO reaksiyavermə tezliyini yoxlamaq və qoşun göndərmə azadlığını təmin etmək üçün fəaliyyət göstərməkdir.

 

“Ədəbiyyat və incəsənətə Euronews-a istinadən xəbət verir ki, iyunun 17-dək davam edəcək manevrlərin təşkilatçısı ABŞ Hərbi Dəniz qüvvəsidir. Manevrlərdə 45 gəmi, 76 təyyarə və vertolyot, 16 ölkədən 7000-dən çox hərbi qulluqçu iştirak edir. Onlardan 14-ü Şimali Atlantika Alyansının üzvüdür.

Təlimə NATO-ya üzv olmaq üçün ərizə vermiş Finlandiya və İsveç də qoşulub. Baltops manevrləri Baltik dənizində 50 ildir keçirilir, İlk dəfə 1972-ci ildə keçirilmişdir.

Bu dəfə məqsəd aydındır: Rusiya təhlükəsi.

 

1) Çay isti, insan səmimi deyilsə, onların digər xüsusiyyətləri önəmli deyil.

2) Az qazanırsansa, deməli, kiməsə çox qazanmağa kömək edirsən.

3) Pulu olan kişi həmişə yaraşıqlıdır.

4) Eqoisti özünü bizdən çox istədiyinə görə sevmirik.

5) Pulu olanların xəstəlikləri gec sağalır.

6) Kürəyini  qorumaq üçün dostlarını göz önündə saxla.

7)  Meyvəni günəş, insanı mübarizə yetişdirər.

8) Ən çox tamaşa oynanılan səhnə insan sifətidir.

9) Rəqəm sözdən mərddir, sözün yüz, rəqəmin isə yalnız bir mənası olur.

10) Dəyəri olan hər şeyin saxtası da olur.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.