Ankarada Əhməd Cavada həsr edilən konsert olub

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətlə qardaş Türkiyədə keçirilən silsilə tədbirlər davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu çərçivədə Ankarada təşkil olunan konsert proqramı Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Konsertdə Azərbaycanın korifey və müasir bəstəkarlarının əsərləri səsləndirilib.

Beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun dirijorluğu ilə Türkiyə Prezident Administrasiyası Simfonik Orkestri və TRT Ankara radiosunun xorunun müşayiətilə Azərbaycanın Xalq artisti Azər Zeynalov, həmçinin solistlər Nigar Cəlilova, Orxan Cəlilov və Xəyyam Məmmədov Əhməd Cavadın sözlərinə bəstələnmiş əsərləri ifa ediblər.

İlk dəfə səslənən əsərlərin böyük rəğbətlə qarşılandığı salonda dillər əzbəri olan “Çırpınırdın Qara dəniz” mahnısının sədaları xüsusi coşqu yaradıb. 

Tamaşaçılar rəngarəng ifaları hərarətli alqışlarla ayaqüstə qarşılayıblar.

Qeyd edək ki, Ankaranın Etimesgut rayonu ərazisində yerləşən Türk Tarix Muzeyi və Parkında Əhməd Cavadın əzəmətli heykəli ucaldılıb, adına küçə verilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.