“Oskar” mükafatı laureatı, rejissor və ssenarist Qventin Tarantino “Kino spekulyasiyası” ("Cinema Speculation") kitabını çapa hazırlayır. Bu barədə məlumat çoxdan kino kuluarlarında dolaşırdı.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən məlumat verir ki, kitabın çapının 2022-ci ilin oktyabrında reallaşması müəyyənləşib. Təqdimatın isə oktyabrın 25-də keçirilməsi gözlənilir.
“Kino spekulyasiyası” kitabı “Qaçış” kriminal trillerinə və eləcə də məşhur rejissor və ssenarist Q.Tarantinoya uşaqlıq illərində təsir göstərmiş 1970-ci illərin bir çox filmlərinə həsr olunub.
“Harper” nəşriyyatı "Kino spekulyasiyası"nı film tənqidinin, nəzəriyyəsinin və reportaj peşəkarlığının, eləcə də şəxsi hekayənin uğurlu birləşməsi adlandırır.
Qeyd edək ki, kino industriyasının ən baxımlı filmlərindən olan “Kriminal qiraət” və “Quduz köpəklər” filmləri ilə dünya kino tarixinə düşən 59 yaşlı Q.Tarantino 70-ci illərdən bəri sevdiyi filmlər sırasına “Çənələr”, “Apokalipsis bu gün” və “Kerri” filmlərini də aid edib. Və bu filmlər də kitabda baş mövzuda yer alacaq.