ABŞ-ın Şimali Karolina ştatının Roli şəhərində keçirilən beynəlxalq festivalda ölkəmizi Azərbaycan Dostluq Təşkilatı təmsil edib.
Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verir ki, ABŞ-da yaşayan müxtəlif xalqların milli mədəniyyətlərinin, adət-ənənələrinin və mətbəxlərinin təbliği məqsədilə təşkil edilən festivalda 26 ölkənin (ABŞ, İtaliya, Almaniya, Yaponiya, Çin, Kolumbiya, Ekvador, Qırğızıstan, Meksika, Pakistan, Slovakiya, Suriya, Ukrayna, Vyetnam və digərləri) nümayəndələri iştirak ediblər.
Azərbaycan Dostluq Təşkilatının rəhbəri, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Adika İqbal və digər icma fəallarımız yerli sakinlərə və qonaqlara ölkəmizin mədəniyyəti və mətbəxi barədə ətraflı məlumat verib.
Amerikalılarda böyük rəğbət doğuran Azərbaycan guşəsində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, turizm potensialı və Azərbaycan mətbəxinin ləziz təamları ilə yanaşı, mətbəximizə dair ingilis dilində kitablar, suvenirlər də nümayiş etdirilib.