Azərbaycan ilk dəfə iyunun 25-dən iyulun 4-dək təşkil olunacaq beynəlxalq maarifləndirmə hərəkatının “I’m artist” III beynəlxalq onlayn incəsənət sərgisində geniş tərkibdə təmsil olunacaq.
Bu barədə sərginin kuratoru, gənc və istedadlı xalçaçı-rəssam, sulu boya ustası Leyla Vazehi Əfəndiyeva AzərTAC-a məlumat verib.
“Fərqli ölkələr, bir təyinat" adlı sərgidə digər ölkələrin rəssamları ilə yanaşı, Azərbaycan rəssamlarının sərgilənməsindən qürur duyuram”, – deyə L.Əfəndiyeva bildirib. O, həmçinin sərgidə bir-birindən istedadlı tanınmış rəssamlarımızla yanaşı, gənc rəssamlarımızın da əsərlərinin nümayiş olunmasına çalışdığını söyləyib. Həmçinin o, bu vacib və maraqlı məsələdə əvəzsiz köməyi olan layihə rəhbəri Smruti Nayaka öz təşəkkürünü bildirib.
Qeyd edək ki, “I’m artist” dünya rəssamlarının qlobal platformasıdır. Rəssamlar burada öz əsərlərini nümayiş etdirərək, onlayn-sərgilərdə iştirak edir, ustad dərsləri, seminar və konfranslar kimi çoxsaylı tədbirlərdə fikir mübadiləsi aparırlar. “I’m artist”in əsas məqsədi istedadlı gəncləri öz geniş internet platforması ilə cəmiyyətə tanıtmaqdır.