Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edən film nümayiş olunub

 

Ötən gün Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edən “Ən uzun qastrol” sənədli filmi İctimai Televiziyada (İTV) yayımlanaraq geniş ictimaiyyətə təqdim olunub.

 

Sözügedən filmdə Şuşa Dövlət Musiqili Dram Teatrının tarixi, Şuşanın işğalından sonra teatrın üzləşdiyi çətinliklər, buna baxmayaraq yaradıcı kollektivin fədakarlıqları sayəsində bu mədəniyyət ocağının fəaliyyətini 30 il ərzində davam etdirməsi, nəhayət, yenidən doğma Şuşaya qayıda bilməyin onlara verdiyi sevinc və qurur hissi nümayiş olunur.

Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azəri Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “İşğal nəticəsində dağıdılan mədəniyyət ocağının tanıdılması” layihəsi çərçivəsində hazırlanıb.

Ekran işi “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin yaradıcı heyəti tərəfindən istehsal edilib. Filmin ssenaristi və redaktoru Ayaz Mirzəyev, rejissoru – Zəka Qulu, operatoru isə Emin Hüseynovdur.

Sənədli film Şuşa Dövlət Musiqili Dram Teatrının 4 aktyorunun müsahibəsi əsasında çəkilib. Filmin əsas süjet xətti 1990-cı ildə dövlət statusu alan Şuşa teatrının doğma şəhərində tamaşa qoymaq arzusunun müharibə səbəbindən reallaşa bilməməsi, ilk səhnəni Bakıda reallaşdırması ilə son 30 ildə “ən uzun qastrol”a çıxmasına həsr olunub.

Həmçinin filmdə teatrın direktoru Yadigar Muradovun 30 il sonra Şuşa şəhərinə getməsi nümayiş olunur və o, teatrın dağıdılmış binasının yerinə çatarkən gözünün qarşısında Şuşada teatrın ilk səhnələşdirmək istədiyi “Arşın mal alan” tamaşasından Vəli və Tellinin dueti canlanır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.