Mədəniyyət Nazirliyinin sifarişi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti təlim kursuna start verilmişdir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, proqram çərçivəsində 2-ci təlim kursunun mövzusu «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasına həsr edilmişdir.
Təlim kursunun açılışını Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə edərək, Azərbaycanın sözügedən Konvensiyaya və əlavə protokollarına qoşulması tarixləri, Ermənistan tərəfindən ərazilərimizin işğalı zamanı dağıdılmış mədəni irs nümunələri və mülkiyyətinə dair məlumat vermişdir. O, həmçinin Azərbaycanın 2021-ci ildə UNESCO-nun Silahlı münaqişə zamanı Mədəni sərvətlərin qorunması Komitəsinə dörd illik müddətə üzv seçildiyini qeyd etmişdir. Çıxışında V.Eyvazzadə 2016-cı ildə Azərbaycan Respublikasının dəstəyi ilə San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu tərəfindən Konvensiyanın implementasiyasına yardımçı vəsait olan Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Hərbi Təlimat sənədinin hazırlandığı barədə məlumat vermişdir. Konvensiya üzrə təlimçi, Esseks Universitetinin hüquq üzrə fəlsəfə doktoru xanım Dr. Marina Lostalı təqdim etmişdir.
Dr. Marina Lostal özünü təqdim edərək qarşıdakı 3 gün ərzində təlim planı, mövzuları, metodologiyası barədə məlumat vermişdir. O, ilk olaraq tarixi kontekstdə mədəni mülkiyyətin qorunması barədə danışmışdır, illər üzrə qəbul edilmiş beynəlxalq normativ sənədləri, eləcə də vacib Konvensiyaları qeyd etmişdir. Yerli kontekstdə milli mədəni irs nümunələri, əsasən mədəni mülkiyyət obyektlərinin zərər görməsi və buna görə hüquqi kontekstdə beynəlxalq tribunallarda tətbiq edilən cavab tədbirləri praktikalarından nümunələrlə bəhs etmişdir. İnteraktiv metodlarla icra olunan təlim kursu keyslər üzərindən praktiki çalışmalar və sual-cavab viktorinaları ilə davam etmişdir.
Təlim kursunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Baş Prokurorluğunun, Mədəniyyət Nazirliyinin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Respublikasının Prezidentinin Qarabağ İqtisadi numayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, AMEA-nın müvafiq institutlarının, Memarlıq və İnşaat Universitetinin və ADA Universitetinin nümayəndələri iştirak edir.