Muğam Mərkəzində Braziliya rüzgarı əsdi

 

Xəbər verildiyi kimi, bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Braziliya Federativ Respublikasının ölkəmizdəki səfirliyi arasında mədəni əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Memorandum çərçivəsində BMM-də Braziliyanın məşhur “Choronas” instrumental musiqi qrupunun konserti keçirilib.

Konsert proqramını izləyənlər sırasında incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri və Mədəniyyət Nazirliyinin şöbə müdiri Fərəh Acalova da var idi.

Konsertdən əvvəl Braziliyanın ölkəmizdəki səfiri Manuel Monteneqro “Choronas” qrupu haqqında tamaşaçılara məlumat verib. Bildirib ki, Braziliyanın çoxsaylı dostları ilə Beynəlxalq Muğam Mərkəzində olmaq bizim üçün əsl zövqdür: “Bu axşam qrupun unikal musiqiçilərini təqdim etməkdən qürur duyuram. Braziliyanın musiqisini bilən hər kəs bu gecədən həzz alacaq. Azərbaycanda muğam, Argentinada tanqo, ABŞ-da caz, Braziliyada isə şoro musiqisi milli kimliyin mərkəzində durur. Şoro janrının mənşəyi Braziliyanın ənənələrində özünü tapır. Bugünkü musiqi axşamı Braziliyanın müstəqilliyinin 20 illiyinə həsr olunur və qrupun Şərqi Avropada ilk çıxışıdır”.

 

Proqramda “Tiko tiko no fubu”, “Dono da bola”, “Delicado”, “Eu quero e sossego”, “Choro de domingo” və digər mahnılar ifa olunub. “Carinhoso” və “Edgar foi a feira” mahnıları azərbaycanlı tarzən İsmayıl Zülfüqarovun ifasında sintez olaraq təqdim edilib.

Ümumilikdə gecədə 18 instrumental musiqi səsləndirilib. Çıxışlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, “Choronas” qrupu ilk dəfədir Bakıda çıxış edir.

1994-cü ildə San-Paulo musiqiçiləri tərəfindən yaradılan ansambl dünyanın bir çox səhnələrində konsert proqramı ilə çıxış edib. “Choronas”ın repertuarında Braziliya populyar musiqisinin klassik örnəkləri və müasir bəstəkarların əsərləri yer alır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.