Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə hər il keçirilən “Kitab sənəti” adlı Beynəlxalq kitab müsabiqəsi növbəti dəfə 24-26 iyun 2022-ci il tarixlərində Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində baş tutmuşdur.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizi sözügedən müsabiqədə Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin baş məsləhətçisi, eyni zamanda MDB İcraiyyə Komitəsinin Azərbaycandakı sədri İslam Hüseynov təmsil edib.
Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan və Ermənistan nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün təqdim olunmuşdur. Müsabiqəyə 7 ölkə üzrə 67 adda kitab təqdim olunmuşdur.
Daha sonra açıq səsvermə yolu ilə hər nominasiya üzrə qalib kitabların seçimi başlanmışdır. Hər bir ölkənin nəşr məhsulları haqqında ətraflı məlumat iştirakçı ölkələrin nümayəndələrinə təqdim edilmiş və münsiflər hər bir nəşrlə bağlı müzakirələr aparmışdır.
Qeyd edək ki, ölkəmiz hər il “Kitab sənəti” Beynəlxalq müsabiqəsində uğurla iştirak edir. Budəfəki müsabiqəyə Azərbaycandan 10 nominasiya üzrə 10 adda kitab təqdim olunmuşdur.
Müzakirələr zamanı bildirildi ki, müsabiqəyə müxtəlif janr və tərtibatlarda kitablar təqdim olunub. Eyni zamanda kitabların dizaynı, mövzusu da nəzərə alınıb.
Səsvermənin yekununda “Kitab sənəti” müsabiqəsində Azərbaycan 3 nominasiya üzrə 1-ci, 4 nominasiya üzrə 2-ci yer, 2 nominasiya üzrə 3-cü yerə layiq görülüb:
“İllüstrasiya sənəti” nominasiyası üzrə I yer - Vərqa və Gülşa. / Çingiz Fərzəliyev – Bakı, 2021
“Elm və təhsil” nominasiyası üzrə I yer – K. Şükürov, Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648-1991. Sənədlər və materiallar. – Bakı: “Elm”, 2020.
“Ölkəm” nominasiyası üzrə I yer - Salam Azərbaycan. / Nəşr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə hazırlanıb – Dubay, IRS Nəşriyyat Evi, 2020.
“Qələbə” nominasiyası üzrə II yer - Azərbaycan Böyük Vətən Müharibəsi illərində: 1941-1945: Biblioqrafiya. İki cilddə: V.1 - Azərbaycan dilində; V.2 - rus dilində / Tərtib edən və məsələyə cavabdeh: Kərim Tahirov; elmi red. A.İsmayılova. - Bakı: "Zərdabi-Nəşr", 2020.
“Birlikdə nəşr olunub” nominasiyası üzrə II yer - Əliyev Z. “Hophopnamə rənglərin işığında” / Ziyadxan Əliyev; red. A.Xəlilov; red. Idea müəllifi: T.Axundov. - Bakı, 2022.
“İncəsənət kitabı” nominasiyası üzrə II yer - Əliyev Z. A. “Yaşar Səmədov. Rənglərin simfoniyası": Fotoalbom - Bakı: Nəşriyyat: "Təhsil", 2020.
“Birlik” nominasiyası üzrə II yer - Azərbaycan İpək Yolunda / ideya və söz müəllifi: G. Əfəndiyeva; F.M.Əsədov və başqaları: layihə rəhbəri və elmi redaktor. Ş.M.Mustafayev - Bakı, 2020.
“Mədəniyyətlərin dialoqu” nominasiyası üzrə II yer - Nizami Gəncəvinin “İskəndərnamə” poemasının mədəniyyətlər arasında dialoqda rolu / Evangelos Venetis və Nəsib Qöyüşov; Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi; M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası; Nizami Gəncəvi Fondu. – Bakı, 2021.
“Uşaq və gənclər üçün kitab” nominasiyası üzrə II yer – G. Əsgərova, Xəmsənin xilası - Bakı: "Aspoliqraf", 2022.
“Qran-Pri” - Nuruqızı S. Melisa / tərcümə: E.Əzizova - Bakı: “Təhsil”, 2022.
Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunacaq.