“Molla Nəsrəddin 2022” komediyası maraqla qarşılanıb

 

“Səhnə” teatrının dramaturq Xaqani Əliyevin eyniadlı pyesi əsasında hazırladığı “Molla Nəsrəddin 2022” komediyasının premyerası olub.

İnsanları sevgi və gülüşlə dolu mənalı həyat yaşamağa səsləyən tamaşa ilk dəfə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında göstərilib. 

 

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, xoreoqrafı İmran Əli, musiqi tərtibatçısı isə Nicat Cəbrayılovdur.

Rollarda Əməkdar artist Vaqif Kərimov, aktyorlar Elçin Hacı, Ramil Məmmədov, Əhliman Ərşadlı, Ruhiyyə Mahmudqızı, Rəbbilə Ələkbərzadə, Mahir Mirişli, Absalam Həşimli, Ağaəli Kərimzadə və Nazlı Quliyeva çıxış ediblər. 

Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb. 

Qeyd edək ki, tamaşa musiqi, rəqs, şən zarafatlar, güldürərək düşündürən hikmətli sözlər və xarakterik obrazlarla zəngindir. Bu obrazların arasında yaxın keçmişin qoçusu, dünənin ziyalısı, bu günün blogeri də var. Onlar Molla Nəsrəddinin sevdiyi qıza qovuşmasına mane olmağa çalışırlar. Düşdüyü çətin vəziyyətlərdən həmişə çıxış yolu tapmağı bacaran Molla Nəsrəddin isə onu özü ilə aparmağa gəlmiş Əzrayıl ilə dostlaşır, ondan yaşamaq möhləti alır və bədxahları ilə mübarizəyə başlayır. Komik vəziyyətlərlə müşayiət edilən bu mübarizədə Əzrayıl Molla Nəsrəddinə kömək edir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.