Tarixdə ən bahalı Nobel medalı müəyyənləşib: bu,rusiyalı jurnalist Dmitri Muratovun medalıdır ki, bu medal auksionda 103,5 milyon dollara satılıb. Bu pulu laureat YUNİSEF-ə təqdim edib ki, müharibədən əziyyət çəkən Ukrayna uşaqlarının köməyinə yollanılsın. Bu xəbər ötən günün ən çox oxunan xəbəri kimi manşetlərdə duruş gətirib.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir ki, hərracın özü simvolizm şəraitində həyata keçirilib: formal olaraq o, iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi günü başlayıb və iyunun 20-də - Ümumdünya Qaçqınlar günündə başa çatıb.
Əlbəttə, kimlərsə sual edə bilər ki, Dmitri Muratov kimdir? O, "Novaya qazeta"nın baş redaktorudur və sözügedən addımı barədə belə deyib:
"Bəli, biz redaksiyada tam heyətlə acizlik hissi keçirdik, ona görə ki, döyüşlər başlamışdı, insanlar həlak olurdu və bu işdə bizim ölkəmiz iştirak edirdi. Və biz nə edə biləcəyimizi bilmirdik. Bax, bu cür acizlik hissi fevralın 24-dən başlayaraq bütün vicdanlı ruslara tanış idi".
Nobel Sülh Mükafatı Dmitri Muratova ötən il filippinli jurnalist Mariya Ressa ilə birlikdə "Söz azadlığının qorunması üçün səylər"inə görə təqdim edilib. O zaman "Novaya qazeta" nın baş redaktoru mükafatın pul hissəsini də xeyriyyəçiliyə sərf etmişdi. Bu humanist insan indi də medalını xeyriyyəçiliyə sərf etdi.
Xatırladaq ki, Rusiyanın başladığı təcavüzkar müharibəyə etiraz edən "Novaya qazeta" martın 28-də "Roskomnadzor"un iki xəbərdarlığından sonra işini dayandırıb. Rusiyadan mühacirət edən əməkdaşlar "Novaya qazeta: Avropa" layihəsini işə salıblar. Bu sayt Rusiyada bloklanıb.