Həmyerlimiz Səidə Ömər Türk dünyasına etdiyi xidmətlərə görə Türkiyədə mükafata layiq görülüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir.
Törən İstanbulun Bayrampaşa rayonunda Türk Dünyası Platformasının təşkilatçılığı ilə “Türk Dünyası Birlik” musiqi bayramında baş verib. Müxtəlif türkdilli ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi təmsil edən Səidə Ömər “Sarı gəlin” rəqs kompozisiyasını təqdim edib.
Türk dünyasının məşhur ozanlarının da iştirak etdiyi proqramda həmyerlimizin rəqsi ən çox bəyənilən sənət nümunələrindən biri olub.
Tədbir əsnasında Səidə Ömərə “Türk dünyasına xidmət” plaketi təqdim edilib.
Qeyd edək ki, 2018-2021-ci illərdə Türkiyənin “Bengü Türk” televiziya kanalında ekrana çıxan “Azərbaycan Rüzgarı” proqramının müəllifi və aparıcısı olan Səidə Ömər, eyni zamanda, qardaş ölkənin Türk dünyasını əhatə edən bir sıra mədəni tədbirlərində yaxından iştirak edir.