Super User
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı (bədii rəhbər Rusiyanın Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatski) iyulun 1-dən 9-dək Bakıda qastrolda olacaq.
Səfər “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan peşəkar milli teatrının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk Vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Primorsk Akademik Vilayət Dram Teatrı da bu il yubileyini, 90 yaşını qeyd edir. Uzaq Şərqdə, Sakit okeanın sahilində klassik rus psixoloji teatrı ənənələrini qoruyub saxlayan qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində repertuarından seçmə 6 tamaşa göstərəcək.
Qastrol M.Bulqakovun məşhur romanı əsasında iki il əvvəl, teatrın 88-ci mövsümündə səhnəyə qoyulmuş “Master və Marqarita” tamaşası ilə (1-2 iyul) başlayacaq.
İyulun 4-də Vladivostok teatrı yəhudi yazıçısı Şolom-Aleyxemin əsərləri əsasında hazırlanmış və 20 ildir repertuarda olan “Anma duası”nı, iyulun 5-də isə A.Çexovun “İvanov” komediyasını (28 ildir repertuardadır) nümayiş etdirəcək.
6-7 iyulda əfsanəvi fransız müğənni Edit Piafın həyatından bəhs edən “Edit və onun şeytanları” musiqili-mistik melodramı, iyulun 8-də isə ispan dramaturqu Lopa de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyası Akademik Rus Dram Teatrının səhnəsində Bakı tamaşaçılarına təqdim olunacaq.
Primorsk Akademik Vilayət Dram Teatrının Bakı qastrolu rus yazıçısı V.Pikulun “Kreyserlər” tarixi romanı əsasında tamaşa ilə başa çatacaq.
Qeyd edək ki, “Edit və onun şeytanları” və “Kreyserlər” teatrın eksklüziv tamaşalarıdır, üstəlik, ilk dəfə Vladivostok teatrında səhnələşdirilən “Kreyserlər” Rusiya Federasiyası Hökumətinin mükafatına layiq görülüb.
“Master və Marqarita”, “Anma duası” və “Kreyserlər” tamaşalarında teatrın bütün truppası məşğuldur. Ümumilikdə Bakı qastroluna teatrın texniki işçiləri və Uzaq Şərq İncəsənət İnstitutunun tələbələri də daxil olmaqla 100 nəfərdən çox heyət gələcək. Həmçinin bir neçə konteyner dekorasiya, geyim və avadanlıqlar gətiriləcək. Primorsk Akademik Vilayət Dram Teatrının yaydığı məlumata görə, bu, yaradıcı kollektivin ən irimiqyaslı qastrol səfəri olacaq.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Amsterdam - dünyanın ən gözəl şəhəri elan edilib
Yaz-yay mövsümündə ziyarət üçün dünyanın ən gözəl şəhərlərinin siyahısı açıqlanıb
Niderlandın paytaxtı Amsterdam şəhəri yaz-yay mövsümündə səyahət etmək üçün dünyanın ən gözəl şəhəri adlandırılıb.
Reytinqdə liderlik edən Amsterdam artıq bir neçə ildir ki, ifrat sayda turist axınına qarşı fəal kampaniya aparır. Bəli, başqaları günüm günorta çağı çıraqla turist axtarır, Amsterdamsa turist əlindən bezib.
“Bounce” turizm tətbiqinin keçirdiyi tədqiqatın nəticələrinə istinad etsək, reytinqin tərtibi zamanı orta yağıntı miqdarı, temperatur və bahar mövsümündə bu və ya digər şəhərdə nə ilə məşğul olmağın mümkün olduğu araşdırılıb.
Baharda dünyanın ən gözəl və ziyarət edilməli şəhərlərinin onluğu belədir:
Amsterdam (Niderland),
London (İngiltərə),
Praqa (Çexiya),
Pekin (Çin),
Roma (İtaliya),
Las-Veqas (ABŞ),
Paris (Fransa),
Vyana (Avstriya),
Melburn (Avstraliya)
Los-Anceles (ABŞ).
Amsterdam siyahıda bahar fəslinə təsadüf edən çox sayda tədbir və bayramların sayəsində liderlik edir. Misal üçün, aprelin 27-si Kral günündə insanlar Kral Villem-Aleksandrın doğum gününü qeyd etmək üçün narıncı rəngdə paltar geyinərək gecə gec saatlaradək rəqs edirlər.
Bahar, həmçinin Kekenxof Kral parkında nəfəs kəsən lalə sahələrini ziyarət etmək üçün də ilin çox uyğun fəslidir. Bu parka paytaxtdan gəlmək çox asandır.
Bundan başqa, baharda Amsterdamda şəhər parklarında pikniklər çox populyardır. Xüsusən şəhər sakinləri və turistlər Vondel parkında yığışmağı çox xoşlayır.
Amsterdamın turistlər arasında ən populyar Avropa şəhərlərindən biri olduğuna baxmayaraq, şəhərin özü qonaqlara, ən azından, ilk növbədə, böyüklər üçün əyləncələrlə cəlb olunanlara, o qədər də şad deyil.
Bundan əlavə, artıq 2023-cü il mayın ortasından Amsterdamda turistlər üçün yeni davranış qaydaları qüvvəyə minəcək.
Şəkildə: Amsterdamı hədər yerə lider çıxarmayıblar ki…
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Xalqın bədii söz sənəti tarixin yol yoldaşıdır
Məhərrəm Qasımlının “Ozan-aşıq sənəti və ədəbiyyatı” adlı kitabı işıq üzü görüb
Saz ruhu oynadan, damarda qanı oyadan, varlığı coşduran bir türk çalğı alətidir, təsadüfi deyil ki, o əvvəlki tək ölkəmizin yalnız Qərb bölgəsində deyil, hər bir guşəsində sevilir. Və sazın təbliğində, təbii ki, Azərbaycan Aşıqlar Birliyi əhəmiyyətli rol oynamaqdadır.
Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aşıq sənəti barədə yeni kitabının işıq üzü görməsi xəbəri təbii ki, hamımızı sevindirdi. Təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da görkəmli folklorşünas alim kimi tanınan, xüsusilə də aşıq sənəti və ustad aşıqların yaradıcılığının yorulmaz tədqiqatçısı olan M.Qasımlının bu kitabı hələ XX əsrin 90-cı illərində işıq üzü görmüş və bu gün də tədqiqatçıların etibarlı mənbə kimi üz tutduqları “Ozan-aşıq sənəti” kitabının təkmilləşdirilmiş və əlavələr edilmiş yeni nəşridir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, ozan-aşıq sənətinin tarixi qədimdir, qürurvericidir, Türk xalqının zəngin mədəniyyətinin sübutudur. Türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənəti tarixin müxtəlif keçidlərində enişli-yoxuşlu yollardan keçə-keçə Qorqud atanın əzəmətində ozanı yaşadıb, orta yüzillərdən isə Kərəmin, Sarı Aşığın, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, nəhayət, Ələsgərin simasında həmin zirvəni yaradıb. Şifahi ədəbiyyatla yazılı ədəbiyyat arasında körpü kimi ozan-aşıq sənəti Azərbaycan ədəbiyyatının onurğa sütunu olub, yazı ədəbiyyatı zamanın siyasətini ruhuna hopduranda xalq ədəbiyyatı, ozan-aşıq sənəti siyasətlə üz-üzə dayanıb bütün qüdrəti ilə sözünü deyib, tarixin sınaqlarından şərəflə çıxıb. Belə əzəmətli abidələri xalq minillər boyu hafizəsinə köçürüb, nəsillərdən-nəsillərə ötürüb, cilalayıb, sığallayıb və zamanında bir zəka sahibi onu yazıya alıb ilkinini qoruyub yaşadıb. Əlbəttə, zaman öz vərdişindədir, sənət də öz işində. Sənət zamanın yaxşısını da, pisini də, doğrusunu da, əyrisini də, demək olar, bütün simasını öz ruhuna hopdurur. Məhz buna görə də klassiklər doğru deyiblər ki, xalqın bədii söz sənəti tarixin yol yoldaşıdır. Bu baxımdan ozan-aşıq sənəti tarixin çeşidli anlarını özünün sənət süzgəcindən keçirib, onun tərcümanı olub. Böyük tarixi dönəmlərdə elmi-texniki ixtiralar təkamül tapdıqca bədii sənət də, söz sənəti də istər-istəməz onu ehtiva edir, ona təsir edir, onu öz fantaziyasına yönəldir. Bütün mütərəqqi təkamül, ictimai-siyasi inkişaf, istərsə ədəbiyyat və incəsənət həmişə bir-biri ilə ayaqlaşıb, bir-birini tamamlayıb. Təəssüf ki, belə zəngin və çoxşaxəli xalq yaradıcılığı irsinin toplanılıb öyrənilməsinə yalnız XX yüzildə başlanıb. Şükürlər ki, indi pik nöqtəsinə çatıb.
“Ozan-aşıq sənəti və ədəbiyyatı” adlanan və əvvəlki nəşrlərdən əsaslı şəkildə fərqlənən bu kitab 34 çap vərəqi həcmindədir və aşağıdakı bölmələrdən ibarətdir: “Aşıq sənətinin tarixi kökləri”, “Aşıqlıq: yaranış və biçimlənmə mərhələləri”, “Aşıq mühitləri” və “Aşıq ədəbiyyatı”.
Kitabda ortaq türk mənəvi dəyərləri və mədəniyyətinin mühüm istiqamətləri, qam-şaman kompleksi, ozan sənəti və aşıqlığın tarixi-semantik mahiyyəti, aşıq mühitləri, eləcə də aşıq ədəbiyyatının səciyyəsi və əsas simaları konseptual və sistemli şəkildə açıqlanır, geniş etnocoğrafi hüdudlara malik olan Türk etnik mədəni sisteminin tarixi-estetik mahiyyəti bir bütöv halında elmi müstəvidə təhlil olunur. Yeri gəlmişkən, professor M.Qasımlının da qeyd etdiyi kimi, Sovet dönəmində aparılmış tədqiqatlarda ideoloji-siyasi basqılar nəticəsində kontekstin düzgün müəyyənləşdirilməmsi türk tarix və mədəniyyətinin kəskin təhriflərə məruz qalmasına, zərərli və natamam elmi qənaətlərə, yanlış dəyərləndirmələrə gətirib çıxarmışdır. “Aşıq sənəti” anlayışı altında Azərbaycan alimləri ancaq keçmiş Sovetlər Birliyindəki “Azərbaycan aşıq sənəti”ni öyrənmişlər. Bu sənətin genetik qaynaqlarını əhatə edən tarixi-coğrafi məkan isə daha böyük miqyaslıdır. Bütün bunları nəzərə alan professor M.Qasımlı bu fundamental əsərində aşıq sənəti və ədəbiyyatının istər genetik qaynaqları, istərsə də təşəkkül tarixi baxımından öyrənilməmiş problemlərini tədqiq edərək ortaya çox sanballı bir elmi əsər qoymuşdur.
Bu əsər, M.Qasımlının kitaba yazdığı “Ön söz”də də qeyd etdiyi kimi, ömrünün az qala əlli ilini həsr etdiyi, Azərbaycanla yanaşı, Qafqazın bir çox bölgələrini, Orta Asiya, İran və Anadolunu dönə-dönə gəzib zəngin məlumat topladığı gərgin bir zəhmətin bəhrəsidir.
Kitabdan folklor və xüsusən də aşıq sənətinin tədqiqatçıları, müvafiq ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlər faydalana biləcəklər.
Kitabın elmi redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.
Şəkildə: Ötən əsrin 30-cu illərində Azərbaycan aşıqları
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Sədi Mirseyibli: Zəfər Muzeyi fondlarının komplektləşdirilməsi üçün indiyədək 8580 əşya toplanılıb
Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün şəhid ailələrindən, qazilərdən, Vətən müharibəsində iştirak edən qəhrəmanlardan şəxsi əşyaların, materialların, hərbi qənimətlərin Zəfər Muzeyinə toplanması işi davam etdirilir. Hazırda Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün toplanan əşyaların sayı 8580-ə çatıb.
Bu sözləri AzərTAC-ın sorğusuna cavab olaraq İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli söyləyib.
“Bu ilin son üç ayı ərzində şəhid ailələri, qazilər və Vətən müharibəsində iştirak edən şəxslərə aid 251 əşya muzeyə gətirilib. Bu iş Mədəniyyət Nazirliyi tərəfindən İstiqlal Muzeyinə tapşırılıb. Proses davam edir. Gələcəkdə Zəfər Muzeyi fəaliyyətə başladığı zaman həmin əşyalar ora təhvil veriləcək”, - deyə Sədi Mirseyibli qeyd edib.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
İki yubilyarı təbrik etmək üçün ölkəmizə nüfuzlu xarici heyət gəlir
Xəbər verdiyimiz kimi, bu günlərdə ölkəmizin iki tanınmış şairi yubiley törənini keçirir. İbrahim İlyaslının 60, Əkbər Qoşalının 50 illik yubileyi Milli Məclisin Mədəniyyət Komitəsinin xətti ilə yüksək səviyyədə qeyd ediləcək. Aprelin 5-də Beynəlxalq Muğam Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Əkbər Qoşalının, aprelin 6-da Sumqayıt Dram Teatrında Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə İbrahim İlyaslının sözlü-musiqili yaradıcılıq gecəsi təşkil olunacaq.
“Ədəbiyyat və incəsənət” portalının əldə etdiyi məlumata görə, yubiley törənlərində iştirak etmək üçün ölkəmizə türk dünyasının ünlü söz adamları, nüfuzlu diaspor nümayəndələrimiz təşrif buyurublar. Onların bəzilərinin adlarını qeyd edirik:
Malik Otorbayev – Qazaxıstan Prezidentinin müşaviri,
Rkail Zəydulla – Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Millət vəkili,
Şemsettin Kuzeci - İraq Türkmanlarının tanınmış nümayəndəsi, Kərküklü şair-publisist, araşdırmaçı-jurnalist, ictimai xadim
Yaqub Öməroğlu – “Avrasiya Yazarlar Birliyi”nin başqanı,
Murat Toylu – “TRT Türkmənistan Masası”nın rəhbəri, jurnalist,
Aygiz Baymuxammet – Başqurdistan Yazıçılar Birliyinin başqanı, Dövlət Gənclər Mükafatı laureatı,
Qavril Androsov – Saxa-Yakutiya Yazıçılar Birliyinin başqan müavini,
Tanagöz Tolkınkızı – Qazaxıstanda ABAY TV-nin prodüsseri, şair,
Janargül Kadırova – Qazaxıstanın Ekibastuz şəhərinin “Otarka” qəzetinin redaktoru,
Janayım Auğanbaykızı – Qazaxıstan yazarı, teleaparıcı,
Batırxan Sersenxan – “Egemen Qazaxıstan” qəzetinin “Ədəbiyyat və incəsənət” şöbəsinin əməkdaşı;
Nurlan Kalıbekov – Qırğız Milli Yazıçılar Birliyinin başqanı, Əməkdar mədəniyyət xadimi, şair,
Marina Karyagina – Çuvaşıstanın Əməkdar incəsənət xadimi, şair, rejissor;
Əliş Məmmədov – Saxa-Yauyita İl Tüməninin (Parlamentinin) deputatı, “Saxa-Yakutiya Azərbaycan diasporu" ictimai təşkilatının sədri,
Tərlan Qasımov – “Arxangelsk vilayətinin Azərbaycan diasporu" regional ictimai təşkilatının sədri,
Aqil Əliyev – “Çuvaşıstan-Azərbaycan Dostluq Cəmiyyəti”nin başqanı;
Yılmaz Okuklu – Türkiyədən nüfuzlu işadamı,
Selim Yuhay – Türkiyə telejurnalisti, rejissor, ictimai xadim.
“Ədəbiyyat və incəsənət”
(04.03.2023)
Lütlənmə - Yunus Oğuzun felyetonu
“Ədəbiyyat və incəsənət” portalı felyeton yazanların bəlkə də sonuncusu - sonuncu mogikan Yunus Oğuzun “Lütlənmə” adlı felyetonunu təqdim edir.
Lütlənmə iki cürə olur; biri hərfi, digəri isə məcazi mənada. Hərfi mənada insan vücuduna aiddir, məcazi mənada isə daha çox insanın yaşamaq tərzinə şamildir, məsələn biri o birindən soruşur ki, nə var, nə yox? O birisi də cavab verir ki, soruşma qardaş, yaman lütlənmişəm, yəni kasıblamışam. İndi hər iki anlam İranla bərabər yaşayır, lütlənmə bu ölkənin içinə getdikcə inamla soxulur, onu parçalayır, dağıdır. Hə, bunun bir anlamı da var; siyasi lütlənmə...
Bir gün Mola Nəsrəddin düzdə gedirmiş. Görür ki, buludlar göy üzünə qara pərdə çəkdi. Bir azdan ildırım çaxdı, bir yağış yağmağa başladı ki, tut ucundan göyə çıx. Molla baxır ki, bu yağış onu iliyinə qədər isladacaq, tez əynində nəyi var çıxardıb bir daşın altına qoyur, özü də oturur daşın üstündə, Gözləyir ki, yağış dayansın. Bir azdan buludlar dağılır, günəş adamın üzünə gülməyə başlayır. Tez paltarlarını daşın altından çıxardıb geyinir və yoluna davam edir. Bir az gedəndən sonra görür ki, qarşıdan bir nəfər gəlir, amma leysan onu islanmış cücəyə döndərib. Adam da baxır ki, Mollanın paltarları qupqurudur, təəccüblənir. Xoşdan, beşdən sonra adam deyir ki, mən islanmışam, paltarlarım özümdən ağırdır. Sənin əynin isə qurudur, niyə? Molla da qazanmaq fürsətini heç əldən buraxarmı? Cavab verir:
-Bu mənim duamın gücündəndir.
Adam ona yalvarır:
-Mənə də o duanı öyrət. - Əlini qurşağına atıb pul kisəsindən bir qızıl pul çıxardıb ona uzadır. - Al, bu da haqqı.
Molla qızıl pulu alır, o üzünə, bu üzünə çevirir, sonra qurşağına basıb deyir:
-Lütlən.
Adam heç nə başa düşmür, Çaşbaş halda soruşur:
-Necə yəni lütlən?
Molla sakit halda cavab verir:
-Çox sadə, yağış yağanda paltarlarını çıxart qoy daşın altına, mənim kimi lüt-üryan otur daşın üstündə.. .
İndi İran deyilən bir dövlət özü bütün mənalarda lütlənib, hamını da lüt görmək istəyir. Buna görə də aftava istehsalını gücləndirib ki, hamını lüt görsün. Zatən aftava adam lüt olanda işə düşür. Onun boğazı xoruldayaraq qışqırır:
-Lütlən!!!
Sanki adam lüt olanda aftafa həzz alır. Bu aftava da, elə bil İran kimi ibnədir.
A kişi, lüt adama, hətta dövlətə birtəhər baxırlar, e... e... elə bilərlər ki, biz də buşmenik və başlayarlar bizi də onlar kimi qırmağa. Zatən İran da bunu istəyir, çünki, özünün paltarları daşın altındadır. Qırmağa başlayanda tez yeni libasını geyinəcək.
Deyir Qumda ciddi müzakirələr gedir ki, aftafanın qarşısında lütlənmək üçün onu hansı əldə tutmaq lazımdır; sağ əldə, yoxsa sol? Uzun aylar, illərdən sonra belə qərara alındı ki, kim sağ əlilə yazırsa aftafanı sağ əlində tutsun, kim solaxaydırsa sol əlində.
Bu da lütlənmənin yeni növüdür. Əsas odur ki, əlinizə aftafa alın, sonrakı proses avtomatik gedəcək.
Hələ mən demirəm ki, İran xalqı necə lütləndirib, yəni xalq olmaz dərəcədə kasıblayıb. İndi xalq sentyabr ayından küçələrə çıxıb etiraz edir ki, biz lütlənmək istəmirik, onsuz da lüt və it günündə yaşayırıq. İran da qoşunu, ləşkəri tökür onun üstünə ki, dedim lütlənəcəksən, vəssalam.
İran deyilən bir ölkədə o qədər böyük, ağlasığmaz inflasiya yaranıb ki, müəllimin bir aylıq maaşı iki günə güclə çatır. Day, bundan betər lütlənmə olar? Xalq lütləndikcə mollaların daşın altındakı paltarları coxalır. Hə, bir orası da var ki, xalq öz ayıbını görməsin deyə nəşə, həşiş istifadəçilərinin sayını çoxaldır. Hə, onları çəkəndən sonra nə ayıb, nə lütlənmə? İstəyirsən, lap başı üstə dur. Dililə də deyir ki, lütlənməyə öyrən, yəni kasıb yaşamağı öyrən. Biz beləyik, yesən də bu xiyardır, yeməsən də bu xiyardır. Kim lütlənmək istəmir, etiraz edir, ya terror edirlər, ya da basırlar Evin həbsxanasına. Evin həbsxanasında sevinə-sevinə soyundururlar, lütləndirirlər. Dörd divar arasında çarən nədir? Bax, burada aftafa xorultusu, ibnəlik işə düşür.
Oradan çıxanda kağıza da imza atırsan ki, bəs söz verirəm həmişə lüt gəzəcəm. İmza atmayıb, neyləyəcəksən? Dörd divar arasında səni soyundura-soyundura, həm də kameraya çəkiblər. Di get... gedir də...
Terrorda öldürülənlərin vəziyyəti Evin həbsxanasından bir qədər yüngüldür. Mollalar fikirləşirlər ki, ölən adam onsuz da lütlənir. Nə olsun ki, kəfənə bükürlər. Ondan sonra yenə lütdür.
Terror demişkən. Bizim səfirliyə hücum edən o terrorçu görün nə müşahibə verib. Deyib ki, dövlət səfirlik işçilərinə xəbər yollayıb ki, lütlənin. Səfirlik də qəti etiraz edib ki, heç elə şey-zad yoxdur. Bizim ədəb-ərkanımız var. Mən də ona görə ora hücum etdim ki, hamısını birnəfəsə topdan soyundurum. Heyf alınmadı.
Ta neyləyək. İran viran olub. Lütlənə-lütlənə gedir. Suriyanı, Yəməni, İraqı, Livanı lütləndirib. O ölkələrin əhalisi ordan-burdan paltar tapıb əyinlərinə keçirmək istəsələr də, İran qoymur. Deyir mən viran olmuşam, siz də viran olun. Cəhənnəmə gedən özünə yoldaş axtarar axı...
Azərbaycanı da lütləndirmək istəyirdi. Gözləmədiyi halda daş qayaya rast gəldi. Bizim tərəf dedi ki, a kişi, nə danışırsan, nə lütlənmək? Hətta biz gecələr də paltarla yatırıq. Özünlə bizi də yarğanın dibinə çəkmə. O de.. Ermənistanı lütləndirmisən, ağ günə çıxıb? Get atını başqa cığırda çap. İndi İran bizdən küsüb ki, siz lütlənmirsiniz.
Ə, get lütlən də. Əhalin paltar axtaranda görəcəm.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
“Hər şeyi sevən adam” – Şəfa Vəlinin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Nəsr vaxtıdır, Şəfa Vəlinin hekayəsi ilə tanışlıqdır.
NƏSR
Şəfa VƏLİ
HƏR ŞEYİ SEVƏN ADAM
“Dünən dekabrın biri idi. Bu gün ikisidir. İki gün arasındakı yeganə fərq yalnız aid edildikləri təqvim rəqəmləridir. Vəssəlam! Başqa nə? Nə axı? Heçcə nə!”-düşüncələrindən asdığı yüklər xana yumaqları kimiydi; biri çözələndikcə o biri də yuvarlanır, birinin ipi ərişə keçəndə o birininki arğaca dolanırdı: “Sonra da ad qoyurlar mənə, ayama taxırlar öz aləmlərində! Elə bilirlər, sözarası dedikləri o “qaravəlli” sözünü qanmıram, anşırdammıram. Təpəniz haqqı elə! Qurudun əzgintisi kimi şeylərdi, əşşi, hamısının canında, ruhunda nə var-nə yox, ömür cəmində islanıb, əzilib, neçə dəfə də süzülüb, xəngələ-xaşıla çilənib”. – dodaqlarına əmin, bir az da həyasız gülüş çiləndi: “Nə ayamadı amma! Pəh! Yazasan bir A4 səhifəsinə, çap edəsən rəngli printerdə, arxasını tüpürcəkləyib yapışdırasan hamısının qaşqasının ortasına bircə-bircə! Özü də iri hərflərlə: ƏZGİNTİ! Gələn də oxuyub gülə, gedən də!” – şaqqanaq çəkdi... Amma gülüşünün ömrü anlıq oldu, ruhundakı uçurumun dibinə çoxdan atdığı təəssüfü silkələnib qalxdı, boyunu göstərdi: “İndi qurud tanıyanmı qalıb?! Qoyasan elə marketdən kauçuk qabda yaxantı daşıyalar, adını da qatıq qoyalar...”
Dərindən “ah” çəkib gözlərini tavana zillədi. Geridə qoyduğu günün hər saatını, hətta hər anını yadına salmağa başladı. Adətiydi başı yastığa gəlincə divardakı təqvimdə üstündən qara qələmlə “bir quş!” yazdığı rəqəmə aid edilən günü xatırlamaq...
...Səhər də həmişəkiydi; təmirsiz evində yuxudan oyanmış, suyu yaxşı isitməyən qızdırıcıya söyə-söyə, ləkəli aynaya baxmadan əl-üzünü yumuş, şokolad yağlı yaxmasını yemiş, kürəyi enli, qolları gödək paltosunu əyninə keçirib qapıdan eşiyə atılmışdı. Yenə küçədə qabağına şalına bürünmüş küçəsüpürən qadın çıxmışdı, onu görəndə işini dayandırmış, çalğısının uzun sapına söykənib ona gülümsəmişdi.
Hansı gününə gülürsən, ay bədbəxt?! – demişdi küçəsüpürənə bircə sərt baxış ataraq, sonra da paltosunun boyunluğunu yuxarı qaldırıb sürətlə özünü dayanacağa çatdırmışdı.
Avtobusda yolçuluğu da dəyişilməzliyə məhkum idi; itələyən, yıxılan, oturmaq davası edən, sürücüylə dilləşən sərnişinlər, kələ-kötür yollar, qazandan daşan yarma sıyığı kimi, dayanacaqdan yolun ortasına qədər köpüklənən insan səbirsizliyi...
İş yerində də könülaçan heç nə yox idi... Nə işini, nə iş yoldaşlarını sevirdi, maaşından razı olan adama isə bir dəfə də olsun, rast gəlməmişdi. Uşaqkən bütün həmyaşıdları kimi, kosmonavt olacağına əmin idi. Yeniyetməlikdə anladı ki, kainat arzularına sığa bilər, amma atasının cibinə sığmır. “Dolanışıq” kəlməsinin ucundan yapışmağının bütün arzularının, xəyallarının üstünə keçə kimi örtüldüyünü dərk etməyindən yaranan xəyal qırıqlığı get-gedə ümidsizliyinin özəyinə çevrildi. Bu özək çatladıqca, içindən yeni-yeni uğursuzluqlar, narazılıqlar zoğ verdikcə başladı əcdadlarından qalan, minilliklər boyunca urvatını itirməyən lənətli mirasa sarılmağa-günahkar axtarışıyla barmağını önünə gələn bəşərə tuşlamağa. Hikkəli, alacaqlı, umacaqlı düşüncəsinin “borclu”sunu tapmaqda gecikmədi; babasından atasına, atasından da ona qalan təmirsiz evin yaşanılası olmamasının günahkarı evi tikən bənna, səkilərin əyri-üyrü, çala-çuxur olmasının günahkarı gülərüz küçəsüpürən, avtobusdakı basabasın günahkarı adamları “çaqqıldax yunu xarala basan kimi” üst-üstə avtobusa dolduran sürücü, sevmədiyi işinin günahkarı isə “yediyini danan” boğazı idi...
...Dikəlib yerində oturdu. Dəyişməyən, bir-birindən heç nə ilə fərqlənməyən ala-toran günlərin, heç olmasa birində belə, gün işığı görməyin mümkünsüzlüyünün səbəbini axtardı xatırladığı həyatında ilk dəfə... Sağ əlini üzünə çəkdi, qaşlarını dartdı və ağzını açdı. Canından keçən ani titrətmə ilə özünə gələndə susuzladığını hiss etdi və ayağa qalxıb mətbəxə keçdi. Qulpu qırıq fincanını su kranının altına tutanda nahar vaxtı iş yoldaşının dediyi sözlər yadına düşdü.
***
...Üç nəfər idilər: işi-gücü su borusunu o yan-bu yana sürütləmək olan saqqallı qoca, gündə, bəlkə, yüz dəfə eynəyini köynəyinin qoluna silən arıq, uzun oğlan, bir də o. Qoca çay dəmləyir, oğlan fincanları yaxalayır, o isə əlləri qoynunda dayanıb çay içmək üçün səbirsizlənirdi. Arabir də mətbəxin qapısına nəzər salırdı ki, kollektivdən daha heç kimin gəlməməyinə əmin olsun. Çay hazır olan kimi fincanını doldurub aradan çıxacaq, öz kiçik kabinetinə girib qapını içəridən bağlayacaqdı. Xoşlamırdı ağız deyəni qulaq eşitməyən yığıncaqları; bir-iki dəfə məcburən qalmışdı tünlüyün ortasında, içdiyi çayı zəhərə dönmüşdü. Hələ də o bir-iki dəfədən üç-dörd epizod xatırlayırdı. Katibə qızın saçını əliylə oynadaraq gülməsi, xadimənin telefonda nəvəsinin şəklini göstərib: “Düz yeddi ildən sonra gəlib e! Yeddi il!” – deməsi, müdir müavininin pəncərəyə uzanan şam budağındakı dələni göstərib hamıya sakit olmalarını işarə etməsi... Bu xatirə saçaqlarının hər biri onu hirsləndirir, insanların bu qədər dolanışıq dərdinin içində, bu qədər bozluğun, rəngsizliyin içində necə sevinə bilmələrinə, necə gülə bilmələrinə məəttəl qalırdı.
– Bağban dayı, çay hazırdımı? Siyirməmdə şirin kökələr var, götürüb gəlirəm.
Katibə qız başını mətbəxin qapısından içəri salıb ucadan soruşdu və cavab gözləmədən çevrilib gözdən itdi. O, əsəblə içini çəkib başını buladı. Oğlan yaxaladığı fincanları səliqə ilə masaya düzdü, ehmalca başını qaldırdı və düz onun gözlərinin içinə baxıb:
– Bircə gün də hər şeyi, hamını sev! – dedi.
***
...Əlindəki fincana baxdı, suda öz əksini gördü; əyri-üyrü, tərpənən üzü dodağının qaçmasına səbəb oldu. Boş olan əlini yelləyib fincandakı suyu birnəfəsə içdi və fincanı etina ilə masaya qoyub yerinə qayıtdı...
Yuxuya gedənədək oğlanın dediyi cümləni düşündü: “Bircə gün də hər şeyi, hamını sev!” Səhər oyananda da ilk ağlına gələn elə bu cümlə idi. Yerinin içində gərnəşdi və otağa göz gəzdirdi. Pərdələrin süzülmüş yerlərindən görünən işıq günün bir boy qalxmasından xəbər verirdi. Bir istədi, zəngli saat düzəldən zavodun işindəki səmərəsizlikdən gileylənsin, tez yadına düşdü ki, bu gün iş yoxdur –idarədə müdir müavinlərinin hesabat günüdür. Əlini atıb zəngli saatın başına tumar çəkdi, pıçıldadı:
– Sən elə etibarlı dostsan ki! Düz iyirmi yeddi ildir mənə yoldaşlıq edirsən bu ömür yolunda. Atamın səni aldığı gün hələ yadımdadır, – susdu, diliylə dodaqlarını yaladı və gözlərini yumub əlavə etdi: – Onda on yaşlı uşaq hardan biləydi ki, günə başlamaq üçün sənin hay-harayına möhtac qalacaq...
Yenə uşaqlıq xatirələrini bürmələyib atdığı sandığın qapısına əl uzatmışdı düşüncələri. Bir hövldə ayağa sıçradı: “Nə qədər olar ey uşaqlıq arzularını xatırlamaq? Elə dünənin kədərini əzizləyə-əzizləyə bu günün sevinclərindən məhrum olmurammı?” – deyə düşünərək özünü əlüzyuyana çatdırdı. Yenə su ilıq idi, amma o, bu ilıqlıqda nəsə xoş bir şey hiss elədi. Nə idi bu xoşluq? Qorxa-qorxa, çəkinə-çəkinə ətrafına göz gəzdirdi. Hər şey eynən dünənki kimiydi. Yox... Dünənki kimi deyildi axı. Dəyişən nə idi? Gözlərini yumub ürəyində onadək saydı, sonra gözlərini açdı və hamam otağını daha diqqətlə süzdü. Dəyişənin nə olduğunu yenə anşırdammadı, əl-qolunu oynada-oynada mətbəxə keçdi. Şokoladlı yaxması da, axşamdan qalan dəm də ona ləzzət elədi. Damağındakı dad qaçmamış özünə ikinci yaxmanı da düzəltdi, ikinci çayı da süzdü.
Qapıdan çıxmamış pulqabındakı pulları saydı və özünə yeni palto almaq üçün ən gözəl vaxtın məhz bu gün-dekabrın üçü olduğuna qərar verdi. Səkidəki su ilə silələnmiş çalaların üstündən hoppanaraq keçdi, lap axırıncısının yanında dayandı. Əyilib yerdən bir çinar yarpağı götürdü, onu su dolu çalanın üstünə qoydu. Yarpaq iriydi, ucları çalanın kənarında qaldı. Ətrafına baxdı, nisbətən kiçik yarpaq tapdı, çalaya onu buraxdı. Amma bu yarpaq da suyun üstündə üzmədi, eləcə, olduğu yerdə qaldı.
– Bu balaca yaxşı üzər.
Səsə geri çevrildi. Küçəsüpürən çalğısının sapını qoltuğunun altında sıxmışdı, bir əliylə şalının düyününü bərkidirdi, o biri əliylə də balaca, uzunsov bir yarpağı ona uzatmışdı.
– Sağ olasan, xala!
Həvəslə yarpağı aldı və suyun üzərinə qoydu, əyilib var gücüylə üfürdü. Yarpaq sürətlə bir qarışlıq çalanın o biri sahilinə çatdı.
– Zoğal yarpağıdır o, yüngüldü, həm də damarı nazikdi, – dedi küçəsüpürən gülümsəyərək.
– Burda zoğal ağacı var? – heyrətlə ətrafına baxdı.
– Budu ey, məktəbin həyətindədi.
Küçəsüpürənin göstərdiyi səmtə burdu boynunu; on-on beş metr aralıda dekabrın çiskininə könül vermiş, hər budağında iki tək, bir cüt sarı yarpaq görünən zoğal ağacı vardı.
– Zoğalını da uşaqlar yeyər bunun, – İlk ağlına gələn fikir söz donunu geyinməkdə gecikmədi.
– Hə, – Küçəsüpürən başını yellədi. – Sağ olsunlar, həmişə ovuclarına yığıb mənə də uzadırlar dəmirlərin arasından.
...Avtobus dayanacağına çatanadək dodaqlarının kənarındakı dartılmanı dayandırammadı: “Küçəsüpürənin təbəssümü sıçradı üzümə, yüz faiz!” – deyə düşünməkdən də özünü saxlaya bilmədi. Dayanacaqda adam az idi. Yaşlı kişi taxtası qırıq oturacaqda oturmuşdu, qaşlarını düyünləyib siqaret çəkirdi. Gənc qız düz səkinin kənarında idi; ayaqlarını aralı qoyub başını sinəsinə əymiş, baxışlarını asfaltdakı çata zilləmişdi. İki yeniyetmə oğlan dayanacağın dəmir dirəyinə söykənmişdi, hərəsi öz telefonunun ekranına baxırdı. Bir neçə saniyə oğlanları müşahidə elədi, onların üzündə anbaan dəyişən ifadələrdə nə axtaracağına qərar verə bilmədiyini anlayanda yenə gülümsədi: “Hələ o yaşdadılar...” – düşünərək yoluna davam elədi. Bu gün avtobusa minməyəcək, iki küçə aşağıdakı paltar dükanınadək piyada gedəcəkdi. Düşüncələrinin tanıdığı kələ-kötür, yamaqlı küçələrin addımlarına yad olmağını da sevgisizliyə yozmaq istəmirdi, elə-belə, səbəbsizcə, məna axtarmadan piyada gedirdi...
***
...Təzə aldığı paltosunu dəhlizdəki asılqandan asanda canına istilik yayıldı:
– Evim... – dedi kövrəkliklə. – Öz evim. Babamın əl əməyi, atamın sığınacağı, anamın qürur yeri...
Mətbəxə keçdi. Çaydanı doldurub qaynamağa qoydu, dəmliyin qapağını qaldırıb köhnə dəmin tünd qoxusunu ciyərlərinə çəkdi. Sonra dəmliyin içindəki qara çayı pəncərədən eşiyə – həyətdəki kollara tərəf tulladı. Yadına iş yerindəki qoca bağbanın çay dəmləməsi düşdü. Eynən onun kimi, ehmalca dəmliyi yaxaladı, ürəyi soyumadı, ovcuna su alıb eşiyinə də çəkdi, sonra çay qaşığı götürdü, üç çay qaşığı qara çay tökdü dəmliyə. Döyükə-döyükə mətbəxdəki dolabın üç-dörd qapısını açıb-örtdü, nəhayət, kiçik bir kasanın dibində beş mixək tapdı. Üçünü götürüb dəmliyə atdı və çaydanın qaynamasını gözləməyə səbri çatmayacağını görüb dəhlizə çıxdı. Yataq otağının yarıaçıq qapısından görünən dağınıqlıq ürəyini sıxdı...
Çirkli yataq örtüyünü hamam otağındakı kauçuk vannaya qoyub əlini yumağa başladı. Sabunlu əllərini bir-birinə bərk-bərk sürtdükcə nəyinsə yeniləndiyini, dəyişdiyini düşünür, o “nəsə”ni axtarmaqdan qorxduğu üçün özünü danlayırdı: “Özüm ölüm, hələ mənə urvatlı ad qoyublar ha! Elə qaravəlliyəm ki, buyam! İndiyədək qorxduğum bir Dəli Nəstənin itiydi. İndi amma gözümün gördüyündən diksinirəm, hoppanıram içimdən. Əriştə aşının həlimi kimi, bulandırıram zehnimdə nə varsa. Niyə axı? Niyə? Elə bil bu dünyada...Yox... –başını buladı. – Dünya çox oldu axı, ay qaravəlli, sən dünyanın eyninəsənmi ki? –sulu əlini yellədi, baxışları sıçrayan damlaların ardına düşüb güzgüyəcən getdi, köynəyinin qoluyla güzgünü silməyə başladı: "Lap elə bu şəhərdə, bu küçədə qorxulası o qədər adam var ki! Biri elə Əsnatın qızı Lilpar, çənəsinin altına keçdinsə, birinci sinifdə aldığın “iki” də yadına düşür. Nə təhər edirsə, kalapır kartofu kimi, bişirir, piləyə döndərir adamı. Vaxtında atana, anana demədiyin nə sirrin varsa, göy düyünçə eləyib, büküb qoyursan Lilparın ovcuna. Qorxulasıdırmı? Hə!”.
Güzgü təmizləndikcə gözlərinin qarşısında üz xətləri aydınlaşdı. İkiəlli əlüzyuyanın kənarlarından yapışdı və irilənmiş bəbəklərinin içinə zillədi baxışlarını: “Ay qaravəlli! Qaravəlli, hey! Bax, gördün? Bircə gün sevdim hər şeyi, hamını! Elə bilirsən ki, Lilpardan zəhləm gedir? Yox ha! Onu da sevirəm! Onun o qara saçlarını, ala gözlərini hələ məktəb vaxtından sevirəm. Köklüyü də eynimə deyil. Məgər kök olmağı, arıq olmağı adam özü seçir ki?! Heç onun sözgəzdirən olması da pis deyil, – çiyinlərini çəkdi, – Nəyi pisdir ki? Hə? Lilpar olmasa, Haqqı kişi evində tək öləsiydi, düzdümü? Amma tək ölmədi. Lilpar hay saldı camaatın canına ki, Haqqı kişinin evində işıq səhərəcən yanıb. Gəlib ertədən kişini yarımcan tapdılar, sən demə, divandan yerə yıxılıbmış. Nolsun ey, illərdi oğul-uşağı yiyə durmurdu? İndi hər gün gəlib-gedirlərmi? Gəlib-gedirlər! – Gözlərini yumdu, səsini qısdı. – Onsuz da kişi öləndə o ev onlara qalacaqdı da... – Gözlərini açdı, bu dəfə daha hikkəylə başını irəli uzatdı. – Sevirəm hər şeyi! Sevirəm hamını! Bilirəm, heç kimin günahı yoxdur mənim belə yaşamağımda! Ümumiyyətlə, var olmağımda! Ev təmirsizdi? Bənna neynəsin ki? Vaxtında çax-çillə tikib də! Səkilər pis gündədi? Küçəsüpürən eşib? Yox! Avtobus da ki... Heç ondan danışmayacağam da, hamı işə tələsir, hamının vaxtı puldu bu dəqiqə. Bir neçə dəqiqə daha baxdı güzgüdəki əksinə, sonra fağırlaşdı, çiyinləri çökdü, gözləri qıyıldı, dodaqları səyriməyə başladı, səsi öləzidi. – Bilirəm, səndədi günahın hamısı, ay Tanrı...”
...Çaydan qaynadığını bildirmək üçün qürurla taqqıldayır, açıq mətbəx pəncərəsindən içəri təpilən dekabr sazağı, onsuz da yaxşı isinməyən evin divarlarına yayxanırdı... Hər şeyi sevən adam çiyinlərini gərərək evin içində dolanır, hamının məsum olduğu dünyada yaşamağın gözəlliyini anladığına görə özüylə qürur duyurdu... Ən gözəli isə barmağını hara istəsə, tuşlamağın mümkünlüyüydü; o, tapdığı yeganə günahkarın harda olduğunu bilmir, heç bilmək də istəmirdi...
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Şuşa haqqında kitablar yeddi xarici ölkədə, müxtəlif dillərdə nəşr edilib
Şuşa Qarabağın tacı, Qafqazın sənət məbədi, Şərqin konservatoriyası, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, doğma şəhər, əziz torpaq, hərbi-strateji əhəmiyyətli qala və müqəddəs abidədir. Bu baxımından Şuşanın zəngin tarixi irsinin təbliği, Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlərin diqqətə çatdırılması beynəlxalq ictimaiyyətin daha yaxından tanış olması baxımından da zəruridir.
AzərTAC xəbər verir ki, bu baxımdan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa haqqında kitablar artıq 7 xarici ölkədə və müxtəlif dillərdə - italyan, yunan, ərəb (İordaniyada), bolqar, latış, tacik və fransız dillərində nəşr edilib. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə ərsəyə gəlmiş kitabların Romada, Sofiyada, Əmmanda, Riqada, Düşənbədə həmin ölkələrin dövlət qurumlarının, rəsmi şəxslərin, parlamentarilərin, mədəniyyət, akademik və elmi dairələrin, kütləvi informasiya vasitələrinin, o cümlədən həmin ölkələrdəki akkreditə olunan diplomatik korpusun nümayəndələrinin iştirakı ilə geniş təqdimatları keçirilib.
Xüsusilə bu günlərdə Parisdə nəşr olunmuş, Şuşanın Azərbaycan tarixinin və mədəniyyətinin rəmzi olmasını təcəssüm etdirən “Qafqazın mirvarisi - Şuşa” kitabı fransızdilli oxuculara bu qədim qala-şəhər haqqında təqdim olunan ilk əsərdir.
Təqdim edilən kitablarda Qarabağ xanlığının yaradılmasını şərtləndirən amillər, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın qədim tarixi, mədəni və strateji əhəmiyyəti tədqiq edilir. Həmçinin nəşrlərdə Şuşanın əsasının qoyulmasından indiyə qədər keçdiyi bütün tarixi mərhələlər geniş şəkildə əhatə edilir. İlk növbədə Qarabağ xanlığının paytaxtı – Şuşa qalasının və şəhərin qədim qapı, meydan, küçə məhəllələrinin salınması açıqlanır. Xüsusilə Şuşa Azərbaycanın çoxəsrlik, zəngin şəhərsalma mədəniyyətinin nadir nümunəsi kimi öyrənilir. Bununla yanaşı, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətlər göstərən və əslən Şuşadan olan çoxsaylı görkəmli şəxsiyyətlər haqqında geniş məlumat verilir. Eyni zamanda, Şuşanın işğalından əvvəlki tarixi yerləri və memarlıq abidələrinin fotoları da təqdim olunub. Nəşrlərdə XX əsrin sonunda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Şuşanın işğalı zamanı şəhərdə mədəni soyqırımı siyasəti, xüsusilə tarixi-memarlıq abidələrinin erməni vandalizminə məruz qalması fotolarla diqqətə çatdırılır. Ümumilikdə nəşrlərdə qala-şəhərin işğaldan əvvəl, işğal vaxtı və sonrakı dövrünü əks etdirən çoxsaylı fotolar izahlı şəkildə təqdim edilib.
Kitablarda, həmçinin Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsini şərtləndirən amillər, xüsusilə hərbi-diplomatik və informasiya məkanında uğurlar təhlil edilir. Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin 1969-1982-ci illərdə Qarabağda milli ruhun yüksəldilməsi istiqamətində çoxşaxəli fəaliyyəti, xüsusilə Şuşaya zəngin tarixi abidə kimi qayğısı geniş tədqiq edilir. Eyni zamanda, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu tərəfindən Şuşanın işğalçılardan azad edilməsi, eləcə də şəhərin əsl tarixi siması, ənənələri və qədim mədəni abidələrinin bərpası istiqamətində aparılan işlər sistemli şəkildə tarixi faktlar və fotolarla diqqətə çatdırılır.
Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən və Yunanıstan, Bolqarıstan, İordaniya, Tacikistanda nəşr edilmiş kitablar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovun müəllifliyi, İtaliyada professor Daniel Pommier Vinçelli, Latviyada professor Kaspars Klavinş və dosent Nigar Sultanova, Fransada isə Jan-Mişel Brun ilə birgə həmmüəllifliyi ilə nəşr edilib.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Uğur şərtləri hansılardır?
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim edir. Bu dəfə o, varlanmaq üçün uğur formulunu açıqlayacaq. Burada biznes-plan tərtib etmək çox önəmli mərhələdir. Bu uğur şərtləri barədə danışacağıq.
· Uğur şərtləri
Kiçik biznesdə uğurun əldə edilməsini təmin edən bir neçə faktor vardır:
· İdarəetmə təcrübəsi;
· İstehsalat təcrübəsi;
· Texniki yardım;
· Planlaşdırma qabiliyyəti;
· Öz işi ilə məşğul olmaq üçün böyük həvəs.
Təzə işə başlayan iş adamlarının yalnız az bir hissəsi bütün bu faktorları təmin edə bilir.
Buna görə də, öz imkanlarınızı düzgün olaraq qiymətləndirərək çatışmayan xarakteristiskaları doldura biləcək partnyorları tapmağa çalışın. Və əlbəttə ki, seçdiyiniz işlə məşğul olmaq üçün böyük istək lazımdır. Belə istək olmadan başlamağa da dəyməz.
İnstitutdan sonra mən təyinatla çınqıl istehsalı zavoduna göndərilmişdim. Bir müddət mühasib işlədikdən sonra rəhbərlik mənə nəzər yetirdi və mənə zavodda marketinq şöbəsi yaratmaq təklif olundu. O zaman marketinqin nə olduğunu başa düşən az idi. Lakin bu söz dəbdə idi və hamı bununla məşğul olmağa can atırdı. Əvvəlcə mənə heç nə aydın deyildi. Lakin bütün istehsalat zəncirini tərkib elementlərinə ayırdıqdan sonra mən Xalq Təsərrüfatı İdarəetmə İnstitutunda öyrədilənlərin hamısını başa düşə bildim. Yəni, məhz əlavə dəyər və əlavə kapitalın yaranmasını. Bu məni o dərəcədə maraqlandırdı ki, mən artıq anladığım sxemi məni əhatə edən aləmdə baş verən bütün proseslərə tətbiq etməyə başladım.
P.S. Növbəti yazıda hansı şərtlər daxilində fəaliyyətin faydalı olmasından bəhs edəcəyəm.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)
Cabbar Qaryağdıoğlu haqqında videoçarx təqdim olunub
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi “Şərq musiqisinin peyğəmbəri” adlandırılan görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun doğum günü münasibətilə videoçarx hazırlayıb.
İdarədən verilən məlumata görə, videoçarxda xanəndənin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.
Qeyd olunur ki, Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndələrindən olan Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olub. Onun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan “Segah”ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor səslə oxuyur.
Eyni zamanda videoçarxda Azərbaycanda opera sənətinin meydana gəlməsində C.Qaryağdıoğlunun böyük rolunun olduğu vurğulanır. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Onun “Şahnaz”ı, “Qatar”ı, “Heyratı”sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. C.Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub. 1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında C.Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilib. 1936-cı il martın 31-də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında xanəndənin anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilib. 1938-ci ildə isə C.Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib. Xanəndənin qrammofon valına köçürülən 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən “Azərbaycan xalq nəğmələri” başlığı altında ayrıca kitab şəklində çap edilib. Yaradıcılığı boyu 500 mahnı toplayan xanəndə onlardan 300-ə qədərini yazdırıb və gələcək nəsillərə misilsiz miras olaraq ötürüb.
“Ədəbiyyat və incəsənət”
(04.04.2023)