Super User

Super User

Çərşənbə axşamı, 20 İyun 2023 12:30

Sevginin də uğur formulu varmış

“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Bu dəfə “ Sevgidə uğur formulu” barədə danışacağıq.

 

Həyatda uğur qazanmaq anlamının bir tərkib hissəsi də sevgidə uğur qazanmaqdan ibarətdir, belə ki, müstəqil atdığı addımları yenicə möhkəmlənən, həyatın keşməkeşlərinə yenicə daxil olan gənc ilk sevgisinin uğursuzluq acısı ilə bütün qarşıda duran həyatının dadından, şirinliyindən məhrum olur, özünü həyat mübarizəsindən məğlub sanaraq cəmiyyətin «bədbəxtlər ordusu»nun əsgərinə çevirir.

İnsan həyatında ən vacib iki mərhələnin uğurlu ailə və uğurlu karyera qurmaq olmasını da gəlin unutmayaq. Uğurlu sevgi – bizim bu söhbətimizdə uğurlu ailənin təməlqoyucusu ampluasında olacaq.

Sevgi nədir? Bu psixoloji, yoxsa fizioloji haldır? Bu günümüzə qədər bəhs etdiyimiz mövzu barədə o qədər tədqiqatlara rast gəlmək olar ki.

Şübhəsiz, hər birimiz sevirik, sevilirik. Bu hisslərdən məhrum olan insana əsla rast gəlinməz. Sevən, amma sevginin ədalətinə inanmayanlar da, hələ sevməyən, amma sevgiyə inananlar da, həm sevən, həm də bu müqəddəs hissə etiqad edənlər də sonucda bir mətləbə gəlirlər: əgər Yer üzərində Leyli və Məcnun, Əsli və Kərəm, Romeo və Cülyetta, Tristan və İzolda dastanları yaranmışsa, deməli, bizim onu qəbul edib etməməyimizdən, ona təslim olub olmayacağımızdan asılı olmayaraq sevgi ta qədimdən yaranıb bugünümüzədək davam edən ölməz bir prosesdir, şübhəsiz, kainatda həyat durduqca da o duracaq.

Düzdür, illər, əsrlər sevgiyə məzmun cəhətdən müxtəlif korrektələr etmişlər və indi də edirlər. Amma yalnız korrektələr. Məğz isə olduğu kimi qalmaqdadır.

Fizioloqlar qeyd edirlər ki, orqanizmimizdə testosteron qrupunun harmonları yığılanda biz sevməyə başlayırıq. Beynimiz bizə sevməyə icazə verirsə sevgi ehtiyacı duyuruq.

Psixologiyada sevgi – fədakar, ürəkdən gələn bağlılıq hissidir, kiməsə, nəyəsə alüdə olmaq, meyl etməkdir.

Sevgi – dünya ədəbiyyatının, şübhəsiz, baş mövzusudur. Amma onun elmi mahiyyətini bilmək də çox vacibdir. Gənclər instinktlə sevirlər, düşünürəm ki, sevginin mahiyyətini, elmi izahını da bilsələr, bundan yalnız fayda tapa bilərlər.

«Uğursuz sevgi» anlayışı çox geniş yayılıb, uğur barədə kitab yazırıqsa, deməli, bu kitabda sevgi mövzusuna da geniş yer ayırmalı, ondan hərtərəfli bəhs etməliyik.

Kitabımızda ayrıca intihar mövzusuna artıq rast gəldiniz, qısaca olaraq qeyd etmək istəyirəm ki, əsas intihar səbəblərindən biri də uğursuz sevgidir. Nə qədər gənc cavabsız sevgiyə görə, nə qədəri isə sevgiləri qarşılıqlı olsa belə, qovuşma səadətlərinə, əngəllərinə görə intihar ediblər!

Ayrıca, nə qədər gənclərimiz var ki, uğursuz sevgi ucbatından sonrakı həyatlarını matəmə bürüyüblər, fizioloji intihar etməsələr belə mənəvi intihar ediblər, həyatın toy-bayramına, sevinclərinə, bir növ, oruc tutublar!

Şəxsən neçə insan tanıyıram ki, yaşadığı uğursuz sevgidən psixoloji sarsıntı keçirərək ömürlük əsəb xəstəliyi qazanıb. Neçəsini də tanıyıram ki, ailə qurmayıb, bütün həyatını təklikdə keçirməklə uğursuz sevgisinə yas tutub.

Düşünürəm ki, sevgi hissinin nə olduğunu dərindən öyrənmək hər bir kəsçün lazımlı, hətta mən deyərdim, vacibdir.

Bəşər tarixi boyunca sevgi formulasını şairlər, filosoflar, təbiblər səylə axtarıblar, amma onu tapmağa ən yaxın XIX və XX əsrin fizioloqları və psixoloqları olublar. Təbii ki, sevgi özü cismani deyil ruhi, yəni materialist deyil, idealist bir anlamdır, ona görə də onun dəqiq tərifi, düsturu da mövcud ola bilməz. Bununla belə, sevgini tək poetik planda deyil, fizioloji, hormonal-biokimyəvi planda mənimsəmək üçün kifayət qədər faydalı təlimlər mövcuddur.

Məsələn, bizim tələbəlik illərimizdən fanıdığımız məşhur sovet psixoloqu, sevgi tədqiqatçısı Y.Ryurikov sevgi fenomenini öyrənməkçün  hamını psixologiya, fiziologiya, seksologiya və kulturologiya təlimlərini sevgi barədə yazmış böyük yazıçı və şairlərin, habelə filosoflarının kəşfləri ilə birgə nəzərdən keçirməyin vacibliyini söyləmişdi. Yazar sevgi barədə məişət miflərinin elmlərin məcmusu ilə birlikdə sevginin mahiyyətinin sintezini yaratmasını ortaya qoymuşdu. Y.Ryurikovun sevgi formulası belə idi:

Sevgi – instinkt və hormonlar – əlvan eynəklər (sevən sevdiyini o qədər ideallaşdırır ki, onun yalnız müsbət cəhətlərini görə bilir ki, bunu da psixologiyada «əlvan eynəklər» ifadəsi ilə adlandırırlar) – razılaşa bilmək, ələ ala bilmək incəsənəti (biz bunu daha çox kompliment deməklə yola gətirmək anlamında başa düşürük) – yaxud idarə etməyə məcbur qaldığımız halların zəruri idarəsi.

Sevgi – insanın olduqca mürəkkəb daxili vəziyyəti olduğu üçün sevgi formulası da bütün dərinliklərə enə bilmək gücündə olmalıdır, əlbəttə ki. Və sevgi təlimlərini yaratmağın ən böyük çətinliyi də hər sevginin öz spesifikliyinin olmasıdır. Sevgi nüansları tipik olduqları qədər fərdi də ola bilir. Hər bir spesifikliyi ümumi təlimə gətirmək isə, ümumiləşmə baxımından mümkünsüzdür.

Sevgi təlimlərinin ən işıqlı tərəfi odur ki, onların köməkliyi ilə artıq kimlərçünsə bir xəstəliyə çevrilmiş sevgiyə diaqnoz qoymaq mümkün olur, sevginin quluna, köləsinə çevrilib kor-koranə təslim olmaq əvəzinə onu idarə etmək mümkün olur.

Sevginin növləri var, o çoxşaxəli, çoxməzmunludur. Bəzən o, əzab-əziyyətdir, dərddir, göz yaşıdır, nevroz, hipomaniyadır. Bəzən narkotik kimi asılı edən, tutub saxlayandır, bəzən də təbiəti al-əlvan edən rənglərdir, sevinc, səadət, xoşbəxtlik yağmuru yağdıran buluddur, bizi cəlbetmə məstliyinə aparan gipnotik dalğadır.

«Uğursuz sevgi», anlayışı niyə bəs öncə qeyd etdiyimiz bədbəxtçiliklərə yol açır, «faciəvi sevgi» məzmununu kəsb edir? Niyə səni sonradan tərk edirlərsə, yaxud əvvəlcədən sevginə cavab vermirlərsə, sevgi hisslərin daha da şiddətlənir, alovu səni yandırıb-yaxır, məhv edir?

London psixiatrları təsdiq edirlər ki, daha çox yeniyetməlikdə rast gəlinən «dəli kimi sevmək» halı doğrudan da mövcuddur, yəni ki, «dəli kimi sevmək» adicə söz yığını, zəmini olmayan təsvir deyildir. Psixiatrlar 30 nəfər şiddətlə sevən yeniyetmə üzərində sınaq aparmış, onları testdən keçirmişlər. Məlum olmuşdur ki, onlar doğrudan da xəstədirlər. Sevgi xəstəliyi əhval-ruhiyyənin kəskin dəyişilməsi, yuxunun qısalığı, şəxsi maraqlardan könüllü imtina, sevdiyindən tam asılılıq vəziyyətinə gəlib çıxmanı özündə ehtiva eləyir.

    Amerika neyrobioloqları sevənlərin beyninin şəklini çıxararaq  

    londonlu psixiatrların söylədiklərini təsdiq etmişlər. Sevən beynin  

    patoloji fəallığı yalnız sevdiyinin sevgiyə qarşılıq verməsi nəticəsində  

    dayanırmış, beyin normal fəaliyyətə qayıdırmış.

Qeyd etdim, sevginin növləri var: sevgi-ehtiras, sevgi-dostluq, romantik sevgi, platonik sevgi, praqmatik sevgi, rəqabətli sevgi, özünü fədaetmə sevgisi və s. və i.

Adətən sevgi növlərini insanın hormonal balansının xüsusiyyətləri ilə izah edirlər.

Professor R.Sternberqə görə sevgidə romantik hisslər, yaxınlıq ehtirası, habelə ikitərəfli münasibət yaratmaq, sonradan da onu qoruyub saxlamaq qərarvericiliyi – ümumilikdə üç hissə olur. Professorun fikrincə, sevgi aşiq olmaq mərhələsindən başlayaraq üç mərhələ keçir (Yeri gəlmişkən, bu cür təsnifatı ilə R.Sternberq Y.Ryurikovdan tam fərqlənir): Bu mərhələlər ideallaşdırma, dəyərsizləşdirmə və inteqrasiyadan ibarətdir.

İdeallaşdırmada sevdiyini tam olaraq ideallaşdırır, onu simaca və bədəncə gözəllərin gözəli hesab edir, xasiyyətcə, xaraktercə yaxşıların yaxşısı sanırsan. Biz azərbaycanlıların məşhur bir deyimi də var, könül sevən göyçək olar. İdeallaşdırma mərhələsində sevən sevdiyinin pozitiv cəhətlərini daha da şişirdirsə də, əksinə, neqativ cəhətlərini görməməyə çalışır.

Dəyərsizləşdirmə mərhələsi ideallaşdırmanın tam əksidir. Bu dəfə, artıq sevdiyinin müsbət yox, mənfi cəhətləri sənin diqqət mərkəzində olur. Mənfilikləri şişirdir, necə deyərlər, qarışqanı böyüdüb fil eldirsən. Bu mərhələdə sevgi adlı möcüzə anidən səni tərk etdiyindən sevdiyini yüksəltdtyin ucalıqdan yerə endirirsən.

İnteqrasiya mərhələsi isə sevgi münasibətlərinin tam yetkinlik dövrüdür, buna yetişkənlik dövrü də demək olar. İlk iki mərhələdən fərqli olaraq burada sevən düzü düz, əyrini əyri görür. Yəni, sevdiyini real insan prizmasından baxaraq bütün müsbət və mənfi cəhətləri ilə birgə qəbul edir. Çox təəssüf ki, sevgi münasibətlərində biz əksər halda bu mərhələyə çata bilmir, öncə ideallaşdırıb sonra dəyərsizləşdiririk.

Motivasiya etdiyim elə sevən gənclər var ki, bir-birlərini durmadan ittiham etməkdə, «öz aralarında yaxşı və pisi müəyyənləşdirmək» mübarizəsinə rəvac verməkdədirlər. Necə ki, uğursuz sevgi cavabsız sevgidən yaranır, eləcə də qarşılıqlı sevginin növbəti dəyərsizləşdirmə mərhələsi də uğursuz sevgi istehsal etməkdədir. Hətta bir-birini şiddətlə sevib, ailə qurub, sonradan ayrılan gənclərimiz məgər azdır? Demək, uğursuz sevgi anlayışının birtərəfli, cavabsız sevgi kimi, adi, bəsit forması ilə yanaşı bax bu, sonradan «bizimki tutmur», «xasiyyətimiz uyğun gəlmir» xarakteristikası ilə ayrılmağa rəvac verən mürəkkəb forması da sonucda eyni anlama gətirib çıxarır – cəmiyyətdə narazı və bədbin insanların sayı artır.

Biz sevgini həyatdan almaq istədiyimiz ən böyük hədiyyədən, mükafatdan biri hesab edirik. Bu mükafatdan ötrü əksərən istənilən şücaətə, qəhrəmanlığa hazırıq, istənilən məhrumiyyətlərə, çətinliklərə sinə gərməkdəyik.

Bu yaxınlarda mənim ölkəmdə çox sarsıdıcı bir hadisənin şahidi olmuşduq. Sevgilərinə valideyinləri tərəfindən qadağa qoyulan iki sevən gənc aləmə meydan oxuyaraq özlərini avtomobilin içində yandıraraq işıqlı dünyaya əlvida demişdilər. Sevgi – qanda olan xoşbəxtlik hormonlarının səviyyəsini artırmaqla yanaşı, həm də qorxu hissini yox edən feniletilaminin səviyyəsini də qaldırır.

Bəs «sevgi uğursuzluğu» sindromundan necə qurtulmalı? Əlbəttə ki, bunun yolları mümkündür. İlk növbədə, uğursuz sevgiyə mübtəla olub bunun acılarını çəkəndə bu dərddən qurtulmağa istəyin də olmalıdır. Həmin şəxs əmin olmalıdır ki:

Birincisi: Qarşılıqlı, adekvat olmayan sevginin fəsadları bu gün müalicə olunur, məsələn, antidepressantların köməyi ilə. Ona görə də, Məcnunluq etməkdənsə mütəxəssisə müraciət eləmək, çarəsizlik komplekslərini yığışdırmaq lazımdır. Sevgi azarına tutulmaq da bir xəstəlikdir, xəstəlik gələndə isə mütləq təbibə müraciət eləmək lazımdır.

İkincisi: İnsan özündə güc, iradə tapmaqla sevgi azarından özbaşına da qurtula bilər, yəni ki, tibbin digər xəstəliklərindən fərqli olaraq sevgidə özünümüalicə olduqca effektiv təsir bağışlayır.

Bəs bunu necə həyata keçirmək olar? Təbii ki, möhkəm iradə, güclü xarakter vasitəsi ilə. Sevgi xəstəliyindən qurtulmaqçün sizə sevgi acısı yaşadan kəsdən hər gün bir qədər də uzaqlaşın, onun mənfi xüsusiyyətlərini xatırlayıb bunlara önəm verin, özlüyünüzdə onu pisləyin. Bu, olduqca müsbət effekt verəcək. Unutmayın, sevgi ağrısını dərhal, yerində kəsmək xeyli rahatdır, sizi az ziyanla ötüşdürən prosedurdur. Amma elə ki, bu ağrı tam gücü ilə tüğyan etdi, ağrıkəsicilər artıq kömək edə bilməyəcək.

Ani olaraq yanaşı qoyulan iki gözəl dibçək çiçəyini nəzərdən keçirin. Onlar bir-birinə sarı böyüyürlər, sanki bir-birilərindən güc alırlar, bir-birilərindən gözəllik alırlar. Qəfildən onları ayırın. Nə olacaq? Eyni kökdən böyümürlər ki, məhv olsunlar? Yenə də yaşayacaqlar. Nə olsun, bir müddət təklikləri təəssüfverici olacaq?

Hər bir insanın həyatından sevdiyi şəxs gedə bilər. Əfsus ki, bəzən bunu həyatın sonu adlandırır, dünyamızın uçub dağıldığını zənn edirik.

Əslində isə, heç nə dağılmayıb. Bir az tərpənib. Onu da bərpa etmək öz əlimizdədir.

Bəs sevgidə uğur qazanmağın yolu nədən keçir?

Biz bu söhbətimizə necə, nədən başladıq? Ondan başladıq ki, ilk öncə sevən gənc sevginin elmi əsasını bilməlidir, kor-koranə sevməyin gətirəcəyi fəsadlardan xəbərdar olmalıdır. Kitabımızın bu bölümü də məhz ona xidmət edir. İlk öncə hər bir sevən gənc öz sevgisinin növünü, xarakterini müəyyənləşdirməlidir, sevgisinin bütün xüsusiyyətlərinə bələd olmalıdır. Bayaq bir neçə sevgi təsnifatı ilə sizləri tanış etdim. Sevginin «ipini tam əlinə almaq», onu idarə etməkçün ən vacib olanı bədəndəki hormonlara uyğun olaraq müəyyənləşdirilmiş sevgi tipləridir ki, bu müəyyənləşdirmə də ABŞ antropoloqu X.Fişerə məxsusdur.

Sevgi hisslərinin yaranmasında dörd hormon dominantlıq edir ki, bunlar da haqqında artıq bəhs etdiyimiz testosteronla yanaşı serotonin, estrogen və dofamindir. Beləliklə, X.Fişerin tipləri bunlardır:

1.     Testosteron həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə idarə edənlər adlandırır.

Daha çox kişilərdə olan, qadınlarda isə böyrəküstü vəzlərdə az həcmdə yaranan bu hormon tələbkar, eqoist, bir qədər sərt, kobud sevən obrazı yaradır. Belələri, sevgilərini asan idarə edir, qurduqları ailədə əsl ailə başçısı olurlar. (X.Fişer belələrini tiran adlandırmaqdan da vaz keçmir). Bu tip insanların sevgilisi olanlar öncədən «ağır otur batman gəl» prinsipi ilə qapalı bir ailə həyatı keçirəcəklərinə hazır olmalıdırlar;

2.     Dofaminin həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə tədqiqatçılar adlandırır.

Dofamin hormonu emosiya və liderlik keyfiyyətlərinə cavab verir. Bu tip sevənlər həm də dəyişkən xarakterli sevənlərdir. Sevginin ilk fazasında sevdiklərinə bol hədiyyələr, sürprizlər edən belələrinin emosiyaları aşıb-daşırsa da sevginin ikinci fazasında onlar darıxmağa başlayırlar, əvvəlki sevgi dəyərlərinin gözlərində düşməsini müşahidə edirlər. Bu tip insanların sevgililəri münasibətlərini qoruyub saxlamaq üçün onları daim nələrləsə də təəccübləndirməli, daim sevginin yeni-yeni çalarlarını ortaya qoymalıdırlar.

3.     Serotoninin həcmi yüksək olanlar.

Belələrini X.Fişer sevgidə inşaatçılar adlandırır.

Belələri sadiq, etibarlı olurlar, təsərrüfatcıl, ailəcanlı olurlar, xəyanət nə olduğunu bilməzlər. Amma bu tip sevənlərdə romantika, fantaziya görmək mümkün deyil, onlarçün sevgi – sadəcə ailə həyatı qurmağın ilk addımıdır.

Təsəvvür edin, inşaatçılar tədqiqatçılarla sevişsələr axırı nə olar?   

Bu cür sevgi dərhal uğursuzluqla nəticələnər. Amma, inşaatçılar 

qarşı tərəfdən heç bir təşəbbüs gözləmədən tam idarəetmə

diktaturasına riayət edən idarəedənlərlə normal münasibətlər qura

bilərlər.

Ən nəhayət, gəlib çatdıq dördüncü tipə:

4.     Estrogenin həcmi yüksək olanlar.

Belələrini isə X.Fişer sevgidə danışıq aparanlar adlandırır.

Daha çox duyğusal olan, hiss adamı olan belələri mehribandırlar, qayğıkeşdirlər. Daim nəvaziş göstərirlər, sevgidə yaradıcıdırlar. Amma xeyli müdafiəsiz, köməksizdirlər, münasibətə aydınlıq gətirməyi, yerli-yersiz mübahisə etməyi, inciməyi, küsməyi çox sevirlər. Amma sonda da barışan tərəf özləri olurlar. X.Fişerə görə, belələri ilə bütün digər tiplər uyğunlaşa bilir. Bizim təbirimizcə desək, dördüncü tipin nümayəndələri «adam yolaverənlər»dir.

***

 

İnsan təbiətinin üç əsas xüsusiyyəti hansılardır? Düşünmədən cavab verərik ki, bioloji, intellektual və mənəvi. Əksərən bu xüsusiyyətlərə istinadən yaranan sevgi hissləri uzunömürlü olur. Amma çox təəssüf ki, hazırda bu xüsusiyyətlərin üçünü də öz kölgəsində qoyan maddilik xüsusiyyəti sevən kəslərdə dominantlıq etməyə başlayıb. İndi sevgidə şəxsi mənfəət axtaranlar, xüsusən hazırki kapitalizm cəmiyyətinin tələblərinə uyğun hərəkət edirlər. Özlüyündə gedonizm (həzz duymaq) və karyerizm (qarşı tərəfin üstünlüklərindən yararlanmaq) kimi halları birləşdirən maddilik geniş vüsət alıb. Bu dialoqları kim eşitməyib ki:

 - Qızı istəyən var.

 - Kimlərdəndir? Evi-eşiyi, işi-gücü varmı?

Yəni ki, sevənin gözəl-göyçək olmaq kimi fizioloji, sevən qəlbə malik olmaq, ağıllı, tərbiyəli, gözəl xasiyyətli olmaq kimi mənəvi, ali təhsilli, bilikli olmaq kimi intellektual tərəfləri maraq doğurmur, maraq doğuran onun regionu, valideynləri, var-dövlətidir, maddi tərəfləridir.

Uğurlu sevgi münasibətlərində bax bu faktor da nəzərə alınmalıdır, acı da olsa, «ayağını yorğanına görə uzatmaq», «özünəuyğun birisini tapmaq» zərurəti günümüzün sevgi münasibətlərinin qurulmasında ən vacib rol oynayan münasibətlərdəndir.

Xaraktercə də özünəuyğun birisini tapmaq, məhz yaxşı bələd olduğun birisi ilə ailə qurmaq istəyin özünü sonda tam doğrulda bilər. Bir tanışlıqla «ZAQS»a qaçmaq, az qala bütün ölkələrin teleefirlərində populyar olan evlilik proqramları vasitəsi ilə evlənmək əksər hallarda uğurlu ailə qurulmasına rəvac verə bilmir.

Sevgidə uğur qazanmağın bir tərəfi də illüziyalardan qopub çıxmaq bacarığıdır, qarşılıqsız sevgiyə, dəli kimi sevgiyə tuş olmamaq, bundan yayınmaq cəldliyidir. «Mən sənin sevgini istəyirəm», «Mən səni sevirəm, sən də sev» kimi tələblər nəyə lazımdır? Necə ola bilər axı, sənin ona olan hisslərini eynən də o sənə qarşı keçirsin?

Məşhur bir Azərbaycan mahnısı var, hazırda dünyasını dəyişmiş müğənni Rübabə Muradovanın ifasında dönə-dönə dinləməkdən doymazdım:

Mən sevim, sən sevmə, qoy belə olsun.

Sənə sev deməyənə cürətim var.

Ürək özünündür, özün bilərsən

Mənimsə dözumlu məhəbbətim var.

Görün necə gözəl sözlərdir. Məncə, sevgi münasibətlərinin ən lazımi səviyyəsini göstərir bu mahnı. «Sənə sev deməyə nə cürətim var!» Bax belə!

O ki qaldı qarşılıqlı sevgiyə, bu zaman sevənlərin ən əsas vəzifəsi sevgini qoruyub saxlamaqdır, öncəki abzasların birində qeyd elədiyimiz dəyərsizləşdirmə mərhələsinə yol verməməkdir. Sevginin ömrünün uzunluğunu rusiyalı psixoloq V.Kirilenko bu formula ilə izah edir: Sevgi uzunmüddətliyi bərabərdir: uyğunlaşmanın ideal səviyyəsi – qarşılıqlı maraqların olması – bir-birinə iradın olmaması.

B.Kirilenkoya görə uzunmüddətli sevgi reseptində ən vacib olanı əks tərəfi təmin edə bilməkdir. Bu təminetməyə həm maddi, həm mənəvi, həm fiziki parametrləri aid eləyə bilərik.

Uğurlu sevgiyə nail olmağın başqa bir şərti də sevgiyə kifayət qədər diqqət ayırmağı bacarmaqdır. Obrazlı şəkildə desək, bəzən insan özü öz əlləri ilə sevgisini boğub öldürür. Əgər siz sevginizə vaxt ayırmırsınızsa, qüvvə sərf etmirsinizsə, onu dəyərləndirmir, qiymətləndirmirsinizsə, onun gəlişinə görə şükranlıq eləmirsinizsə, sizi sevənin bunu kifayət qədər məsuliyyətlə və qaydasınca həyata keçirməsinə rəğmən az sevildiyinizi zənn edirsinizsə, bu halda sevgi sizdən üz döndərib gedəcək, bu reallıqdır.

Uğurlu sevginin daha bir şərtinə sevgidə dözümlülüyü misal gətirə bilərik. Mütəxəssislərin hesablamalarına görə, təqribən bir ildən sonra sevgi ehtirası azı iki dəfə azalır. Kişi-qadın münasibətləri üzrə ixtisaslaşmış və son illər bir çox ölkələrdə kifayət qədər populyar olan fransız yazıçısı Frederik Beqbeder məşhur «Məhəbbət üç il yaşayır» kitabı ilə, hətta sevgi hissinin dəqiq ömrünü də hesablamağa müvəffəq olub: üç il (əlbəttə, fransız yazıçı bu rəqəmi götürərkən bir çox təlimlərdən, mütəxəssis qənaətlərindən istifadə edib).

Sevgiyə cavab verən hormonların tükənmək fazası realdır, bunun qarşısını almaq, demək olar ki, mümkünsüzdür.

Əziz oxucularım, alimlərin fikrincə, kişi-qadın münasibətlərinin ardıcıl və dayanıqlı olmasında ən vacib məqam sevgi hormonları deaktivləşəndə sevgi hisslərini dostluq, qarşılıqlı hörmət hisslərinə çevirə bilmək bacarığıdır. Yeri gəlmişkən, bu hisslər daha dərin, daha uzunmüddətli olur. Siz ağsaqqal və ağbirçək bir cütlüyün bir-birinə can deyib can eşidərək bütün həyatları boyu xoşbəxt yaşamaları faktına yəni heç rast gəlməmisiniz? Şəxsən mənə yüzlərlə belə faktlar məlumdur.

Sevin, sevilin, əziz oxucularım. Dünyada sevgidən gözəl bir hissmi var? Ancaq sevərkən, çalışın, başınızı itirməyəsiniz. Sadaladıqlarıma diqqət etsəniz, bu mövzuda olan müxtəlif ədəbiyyatı oxusanız, şübhəsiz, sevgidə uğur qazana biləcəksiniz. Sevgi bir elmdir, onu öyrənmədən imtahan vermək barədə düşünməyin. Sevgi bir yüksəklikdir, gücünüzə əmin olmadan ora çıxmağa çalışmayın. Sevgi bir xoşbəxtlik əlifbasıdır. Bütün hərflərini öyrənib mənimsəyin ki, onu dərk edib oxuya biləsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

 

Çərşənbə axşamı, 20 İyun 2023 14:00

Çiçəyə təslim edilən kitab

“Ədəbiyyat və incəsənət” portalı tanınmış naşir Şahbaz Xuduoğlunun ürək ağrısı ilə yazıb gündəmə gətirdiyi bir mövzunu sizlərlə bölüşür. Söhbət biliklər xəzinəsi, mənəviyyat eliksiri olan kitabın bunca ucuz tutulmasından gedir. 

 

Bu il bir neçə məktəbin  buraxılış tədbirində oldum. Az qala hər şagirdin əlində iki dəstə çiçək vardı. Məktəb rəhbərliyinin, müəllimlərin də qucaqları çiçək dəstələri ilə dolmuşdu. Yaxın qohumlar da çiçək alıb  gəlmişdi. 

O çiçək dəstələrinin hər biri  50 manatdan baha olar, ucuz yox.

Mən də çiçək sevirəm. Amma, doğrusu, bu aşırı bədxərcliyi anlaya bilmirəm. Mənim 30 illik naşirlik təcrübəmdə yalniz bir neçə dəfə məktəblər son zəng üçün kitab-  ensiklopediya alıblar. 

Sonra da "əşi, kitab oxuyan yoxdur" deyib gileylənirlər. Məktəbə gedəndə çiçək al, ad günlərinə çiçək al, məktəb tədbirlərinə çiçək al. Əgər kitab həyatınızın önəmli anlarında ağlınızda deyilsə, demək, heç zaman oxunulmayacaq.

 

Redaksiyadan: Ömrü iki-üç gün olan çiçək əbədiyaşar kitabdan urvatlı, çiçəksatan yazıçıdan, çiçəkbecərən də naşirdən varlı. Aşıq bu yerdə sazını çıxarıb deməzmi ki, “Mən belə dünyaya necə güvənim…”

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

İyunun 30-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq.

 

Konsertdə dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə solistlər beynəlxalq müsabiqələr laureatı Theodosia Ntokou (piano, Yunanıstan) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano, Azərbaycan) öz çıxışlarını dinləyicilərə təqdim edəcəklər.

Proqramda L.V.Beethovenin “Piano və orkestr üçün c-moll” konserti (op. 37, №3), G.Faurenin “Pelleas et Melisande” süitası (op. 80, Bakıda ilk ifa), M.Ravelin “Şəhrizad” vokal silsiləsi (mezzo-soprano və orkestr üçün 3 poema) və “Vals” xoreoqrafik poeması səsləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Çərşənbə axşamı, 20 İyun 2023 12:00

Mehriban Əliyeva – Azərbaycanın Qütb Ulduzu

“Ədəbiyyat və incəsənət” portalı Siyasi elmlər doktoru Adəm İsmayılovun Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya həsr etdiyi yazısını təqdim edirik. 

 

Tarix dəfələrlə bu həqiqəti təsdiq edib ki, hər bir dahi kişinin arxasında görkəmli qadın dayanır. Bu həqiqət bu və ya digər formada həm Oskar Uayldın, həm Qrey Conun, həm Anatol Fransın və başqalarının deyimlərinin fabulasını təşkil edib. Tarixə səyahət etməklə bu postulatın müdrikləyinə əmin olmaq olar. Misal üçün, Qədim Misirin əfsanələşmiş çariçası Nefertiti həyat yoldaşının – dahi Misir islahatçısı Exnatonun islahatlarının həmmüəllifi olub. Yarım əsr boyunca patriarxal Çinin hakimiyyətində həyat yoldaşı ilə birgə olmuş imperator Tsinin arvadı imperatriça Tsısini cəsarətlə bu sıraya aid etmək olar.

XIX əsrin məşhur alman filosofu, dramaturqu Kristian Fridrix Gebelin təyininə görə, “dahi beyinlərin növbəsi bəşəriyyət tarixinin başlığıdır” fikrini əsas götürsək, müasir dövrümüzün görkəmli Azərbaycan qadınının, dünya miqyaslı dahi dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, özündə biliyin, əməksevərliyin. təkrarsız humanizmin və xeyirxahlığın nadir birliyini təcəssüm edən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın adı Azərbaycan dövlətçiliyinin, ölkənin beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi ilə birgə çəkilir.

Bəlkə də indiki mərhələdə dünyanın heç bir siyasi xadimi olan heç bir qadın, gərək bundan inciməsinlər, Şərq qadınının müdrikliyini, əxlaqını, lütfünü Qərbin siyasi modernizmi, zəkası, düşüncə azadlığı ilə, təkrarolunmaz xarici görünüşü ilə birləşdirə bilməyib. İki böyük dünya sivilizasiyasının bütün bu xüsusiyyətləri onda inanılmaz harmoniya ilə yanaşı yaşayır.

Eyni zamanda, həyatiliyi Azərbaycan xalqının tarixinin tükənməz qüdrətində, qədim təkrarolunmaz mədəniyyətində, azadlıq və tərəqqi naminə polad iradəsində təzahür edən Mehriban xanım Əliyevanın fenomenal şəxsiyyətinin qaynaqlarını qeyd etmək yerinə düşər.

Mehriban xanım Əliyevanın genetik cizgiləri Azərbaycan xalqının mənəvi elitarlığının daşıyıcıları olub, onun yüksək əxlaqi xarakterini simvolizə edib. Əgər XX əsr Azərbaycan ədəbiyyatı tarixinə qərq olsanız, o dövrün görkəmli mütəfəkkirlərindən, yazıçılarından biri, bir çox azərbaycanlı gənc nəslin öz mütərəqqi ictimai simasını əsərlərində formalaşdırmış Mir Cəlal Paşayevdir.

Təbii olaraq, ötən əsrin vətən jurnalistikasının patriarxlarından biri kimi onun ana babası, uzun illər “Bakı”, “Baku” qəzetlərinin redaksiyasına rəhbərlik etmiş, Azərbaycan tarixində silinməz iz qoymuş Nəsir İmanquliyev hesab olunur ki, publisist fəaliyyəti ilə Azərbaycan jurnalistikası tarisində silinməz iz qoyub.

Mehriban Əliyevanın anası - akademik, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Aida İmanquliyeva əsərləri ilə Azərbaycan humanitar elmlərinin bu sahəsini bütün dünyada tərənnüm edən və onu inanılmaz dərəcədə yüksək səviyyəyə qaldıran parlaq şərqşünaslar kateqoriyasına aid idi. səviyyəsində həm linqvistik, həm də tarixi tədqiqatların inkişafı.

Mehriban Əliyevanın atası - fizika-riyaziyyat elmləri sahəsində görkəmli alim, akademik Arif Paşayev Azərbaycan Respublikasının elm və təhsil sisteminin və mülki aviasiyasının fəxri olan Milli Aviasiya Akademiyasının rəhbəridir.

Mehriban xanım Əliyevada bu nadir genetik kodun misilsiz mirası əmək qabiliyyəti, elmi, siyasi və idarəçilik biliklərini dərk etmək əzmi ilə birləşərək, onu həm yaradıcılıq, elmi təcəssüm, həm də ictimai və dövlət tənzimlənməsi zirvələrinə çatdırmışdır.

Şübhəsiz ki, genetik istedadının üzə çıxmasına onun özündə formalaşdırdığı yuxarıda sadalanan məziyyətlərlə yanaşı, müasir dövrün dahi siyasətçisi, əzəmətli dövlət başçısı İlham Əliyevlə evlilik müttəfiqliyi şərait yaradıb. Fikir eyniliyi və yekdillik Azərbaycan Respublikasının dinamik dövlət-siyasi, sosial-iqtisadi və mədəni tərəqqisini təmin etmək üçün onların birgə fəaliyyətlərini sinxronlaşdırdı. İstər daxili, istərsə də xarici siyasi arenada bütün düşüncələrində, konkret addımlarında Azərbaycan xalqının bəşər sivilizasiyasının zirvələrinə doğru hərəkətinə son dərəcə konstruktiv rəhbərlik etməsində əsas təkan dahi ümummilli lider, Azərbaycan xalqının tarixi, dünya miqyaslı siyasi xadimi Heydər Əliyevin ideyaları və konkret əməlləri olmuşdur!

Mehriban xanımın ilkin elmi-yaradıcılıq irsinin inkişafına qayıdaraq, onun 1982-ci ildə Bakının ən güclü məktəblərindən birini qızıl medalla bitirdiyi intellektual parlaqlığı qeyd etməmək mümkün deyil; 1982-1988-ci illərdə Sovet İttifaqının aparıcı universitetlərindən birində - Birinci Moskva Tibb İnstitutunda təhsilini qüsursuz şəkildə davam etdirir. İ.M.Seçenov adına universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra akademik M.M.Krasnovun rəhbərliyi ilə Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləməyə başlayır və daha sonra - 2005-ci ildə “Evtanaziya və dünyada bəşəriyyət problemi” mövzusunda namizədlik dissertasiyasını zəfərlə müdafiə edir.

Mehriban Əliyevanın təbii istedadları və genetik irsiyyəti ilə bağlı ictimai-siyasi hipostazı təfərrüatlandırsaq, çətin ki, bütün materiallar bir məqaləyə sığsın. Şübhəsiz ki, yaxın gələcəkdə tarixçilərin, hüquqşünasların, kulturoloqların, politoloqların elmi araşdırmaları olan kitablar bu mövzuya həsr olunacaqdır.

Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyətinin ölkənin ictimai-siyasi inkişafı perspektivindən Azərbaycan Respublikası üçün böyük əhəmiyyətini ən sadə formada ümumiləşdirərək, üç onilliyə yaxın müddətdə suveren Azərbaycan ərazisinin 20%-nin işğalını yöndəmsiz şəkildə reabilitasiya etməyə çalışan Ermənistanın informasiya və təbliğat ekspansiyasının dəf edilməsində onun rolunu aydın şəkildə vurğulamaq lazımdır.

Amma böyük ölçüdə Mehriban xanımın o zamankı fəaliyyəti sayəsində işğalçı ölkənin bu hərəkətləri Sizif əməyinə çevrildi. Onun dünyada Azərbaycanın mütərəqqi imicini formalaşdırmaq, onun sosial-iqtisadi, sənaye, mədəni nailiyyətlərini nümayiş etdirmək üçün göstərdiyi titanik səylər real nəticələr vermiş və erməni siyasi qüvvələrinin antiazərbaycan dövləti yaratmaq istiqamətində fəaliyyətinin təbii olaraq gözdən salınmasına səbəb olmuşdur.

Bundan əlavə, respublikanın monumental beynəlxalq nüfuzuna, ictimai-siyasi vəziyyətin sabitləşməsinə və hətta onun dövlət-ərazi kompleksinin Ermənistan tərəfindən pozulduğu şəraitdə belə ölkənin yüksək səviyyədə təhlükəsizliyinin təmin edilməsinə, Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsində və turizmin dinamik inkişafında açıq-aydın müsbətə doğru yüksəlir.

Beləliklə, Mehriban xanım Əliyevanın Azərbaycanı tanımaq istiqamətində fəaliyyətinin dövlət-siyasi aspektində prioritet olması onun simasında beynəlxalq səviyyəli qüdrətli ictimai-siyasi xadim obrazı yaratdı.

2004-cü il mayın 10-dan rəhbərlik etdiyi Heydər Əliyev Fondu Mehriban xanım Əliyeva üçün bu siyasətin həyata keçirilməsinə fundamental əsas oldu. Valideynlərini itirmiş uşaqlara yardımın təşkili, uşaq bağçalarının və məktəblərin tikintisi və yenidən qurulması ilə yanaşı, Fond onun rəhbərliyi altında Ermənistanın səyləri ilə ziddiyyət təşkil edən və Azərbaycan Respublikasının sarsılmaz nüfuzunu təsdiqləyən proqramlar həyata keçirmişdir.

Həmin illərdə Mehriban xanım Əliyevanın fəaliyyətində əsas istiqamət erməni təbliğatının saxta daqerreotiplərinin daim ifşa edilməsi və Azərbaycan ərazilərində dinc əhaliyə qarşı törədilmiş cinayətlərin bütün dünya birliyi tərəfindən tanınması, bütövlükdə dünya ictimaiyyətinin tanıdığı cinayətlərə çevrilməsinə yönəldilmiş tədbirlər, Azərbaycan dövlətçiliyinin dünya birliyinin mülkiyyətinə, dövlətin mövcudluğuna qəsd cəhdlərinin ifşası olmuşdur.

Onun bilavasitə himayəsi ilə “Qarabağ həqiqətləri” bukletlər topluları, “Müharibə və mədəni-tarixi abidələrimiz”, “Azərbaycana qarşı müharibə: silah altında mədəni irs” kitabları nəşr olunub.

2008-ci ildə erməni quldur dəstələrinin 1992-ci ilin fevralında Xocalı şəhərində dinc əhaliyə qarşı törətdikləri soyqırımının mahiyyətini üzə çıxaran “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası yaradılmışdır. Bu kampaniya ondan çox dövlət, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanı, İslam Əməkdaşlıq Təşkilatı və Şotlandiya parlamenti tərəfindən dəstəklənib.

2019-cu ildə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş mərasimdə Dövlət Dumasının hər bir fraksiyasından olan Rusiya parlamentariləri qardaş Azərbaycana dəstəyini ifadə etmək, öz seçicilərinə və bütün dünyaya belə hadisələrin yolverilməzliyini çatdırmaq məqsədilə iştirak ediblər.

2005-ci ildə parlament seçkilərində 14 saylı Xəzər seçki dairəsindən Mehriban Əliyevanın namizədliyi irəli sürülür. O, zəfərlə respublikanın qanunverici orqanı olan Milli Məclisdə xalq nümayəndəsi statusunu alır. Bundan sonra 2010-cu il parlament seçkilərində o, 94,49%, 2015-ci ildə isə 96,7% səs toplayır.

Onun respublikanın seçki mühitində belə populyarlıq qazanması təsadüfi deyildi. İcazə verin, Mehriban Əliyevanın hələ deputat kimi öz xalqına qayğısına dair çoxsaylı misallardan yalnız birini deyim. Müasir Azərbaycan parlamentinin fəaliyyət tarixində misli görünməmiş addım onun 28 May - Respublika Günü ilə bağlı amnistiya qanununun qəbul edilməsi xahişi ilə Milli Məclisə müraciət etməsi oldu. Bu qanunvericilik təşəbbüsü 2007, 2009, 2013 və 2016-cı illərdə 30 mindən çox məhbusun müxtəlif cəzalardan azad edilməsinə səbəb olub.

Mehriban Əliyevanın Azərbaycanın ictimai-siyasi həyatında artan rolu onun Avropa Olimpiya Komitəsi tərəfindən qitə yarışlarının “qızıl standartı” kimi tanınan 2015-ci il Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etməsində özünü göstərirdi.

“Bakı 2015” Olimpiya proqramı kontekstində Mehriban Əliyeva 2015-ci il aprelin 10-11-də Moskvaya səfər edir və tədbirin təqdimat mərasimində iştirak edir.

Elə həmin il Prezident İlham Əliyevin Rusiyaya səfəri zamanı Mehriban Əliyeva onunla birlikdə İkinici Dünya Müharibəsində Qələbənin 70 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak edir və mayın 8-də Rusiya Prezidenti Vladimir Putinlə görüşür.

2015-ci ilin sentyabrında Mehriban Əliyeva Fransaya rəsmi səfər edir və Parisdə prezident Fransua Olland, tanınmış siyasi xadim, Fransanın Böyük Britaniyadakı ovaxtkı səfiri Jan Pyer Juye, Parisin birinci dairəsinin meri Fransua Leqare ilə görüşüb. O, “Azərbaycan – tolerantlıq ölkəsi”, “Azərbaycan kəndi” fotosərgisinin açılışında və “Dini tolerantlıq: Azərbaycanda birgəyaşayış mədəniyyəti” konfransında gözəl çıxış edərək, bir çox parislilərin qəlbini fəth edir.

Həmin il Mehriban Əliyeva Antalyada keçirilən G-20 sammitində iştirak etmək üçün qardaş Türkiyəyə, 2015-ci ilin noyabrında isə Prezident Əliyevin YUNESKO-nun Baş Konfransında 38-ci sessiyasının Liderlər Forumunda iştirak etmək üçün həmin Fransaya səfəri zamanı onunla birlikdə gəlir və bütün tədbirlərdə fəal iştirak edir.

Onun 2015-ci ildə Fransaya növbəti səfəri dekabr ayında baş tutub və BMT-nin “Aşağı Karbon İnkişafına İnnovativ yanaşmalar və Davamlı Ətraf Mühit” konfransında iştirakla əlaqədar həyata keçirilib.

Milli Məclisin 4 mart 2016-cı il tarixli qərarına əsasən, o, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edib.

2016-cı ilin sentyabrında Azərbaycan Respublikasının Konstitusiyasına bəzi dəyişikliklərin edilməsi məqsədilə Azərbaycanda konstitusiya referendumu keçirilir. Dəyişikliklər bir sıra məsələlərlə yanaşı Birinci vitse-prezident vəzifəsinin təsis edilməsini də özündə ehtiva edirdi. Referendum Azərbaycan xalqının öz Prezidenti ilə tam yekdilliyini, onun daxili və xarici siyasətini qeyd-şərtsiz dəstəklədiyini nümayiş etdirdi və nəticədə, Konstitusiyaya 29 əlavə və dəyişikliklərin edilməsinin zəruriliyi az qala yekdilliklə (95%) qəbul edildi.

Mehriban xanım Əliyevanın uzun illər ictimai-siyasi, xeyriyyəçilik və mesenat fəaliyyəti ilə əldə etdiyi möhtəşəm nüfuzu Azərbaycan Prezidenti İlham Əliyevin onu ölkənin idarə edilməsində özünün həmfikir yoldaşı kimi Azərbaycanın Birinci vitse-prezidenti təyin etməsi üçün stimul oldu.

Mehriban Əliyeva vaxt itirmədən dərhal fırtınalı dövlət-siyasi fəaliyyətini yeni simada davam etdirdi.

14-15 mart 2017-ci il tarixlərində o, Fransaya rəsmi səfər edir və bunun nəticəsi, Fransanın ovaxtkı prezidenti Fransua Ollandın sözlərinə görə, belə oldu: “...ölkələrimiz ilk növbədə ticarət və mədəni bağlar sayəsində daha da yaxınlaşıblar”.

2017-ci il sentyabrın 15-də Mehriban Əliyeva Yaponiya xarici işlər nazirinin parlament işləri üzrə müavini Manabu Horinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, bu ölkənin neft sahəsində əməkdaşlığın yeni real perspektivlərinin müzakirəsi zamanı, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yatağının birgə işlənməsi üzrə birgə fəaliyyət, o cümlədən qeyri-neft sektorunda - turizm, kənd təsərrüfatı və təhsil sahəsində əməkdaşlıq müzakirə olunub.

Daha sonra 2017-ci il sentyabrın 17-20-də Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə ABŞ-a səfər edib və BMT Baş Assambleyasının 72-ci sessiyasında iştirak edib.

2019-cu ilin noyabrında o, Birinci Vitse-Prezident vəzifəsində ilk rəsmi dövlət səfərini Rusiyaya etdi. Onun Prezident Vladimir Putin və Baş nazir Dmitri Medvedevlə apardığı ikitərəfli danışıqlarda konstruktivlik o qədər aşkar idi ki, Prezident Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafında Mehriban xanım Əliyevanın xidmətlərinə əsaslanaraq, onu Rusiya Federasiyasının ali hökumət mükafatı - Dostluq ordeni ilə təltif etdi. Onun dövlət rifahı naminə fədakar əməyinin bu kimi faktlarını saysız-hesabsız sadalamaq olar!

44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad olundu. Doğma Azərbaycan torpağı Qarabağda yenidən ağaclar çiçək açanda 30 ilə yaxındır işğalçının çəkmələrinin ağırlığı altında əzilən torpaq dərindən nəfəs alır, Qarabağ bülbülləri yenidən sevinclə cingildəyir, ritmik Azərbaycan muğamları “Qarabağ şikəstəsi” ifa edirdilər. Prezident İlham Əliyev və silahdaşı, xanımı, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan xalqının ulu öndəri, müasir dövrün əsl heykəltəraşının məzarı önündə baş əydilər, Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin ruhu qarşısında bildirdilər ki, onun başladığı iş Qarabağ torpağında Azərbaycanın qəhrəman oğullarının mütləq qələbəsi və zəfər yürüşü ilə başa çatmışdır!

Tamamilə təbiidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qələbə Günü münasibətilə Azərbaycan xalqına müraciətindən sonra Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təbrikləri gəldi.

Mehriban xanımın qəlbinin dərinliklərindən gələn sözlər spartalı anaların məşhur devizini oğullarına öyüd-nəsihət verən azərbaycanlı qadının hisslərini simvolizə edirdi: “Qalxanla, yaxud qalxanın üstündə”. Amma özü şanlı Azərbaycan döyüşçülərinin məhz “qalxanla” qayıtması üçün inanılmaz səylər göstərib! Bütün Azərbaycan xalqının şərəfinə, məhz bu cür baş verdi!

Prezident İlham Əliyev həyat yoldaşı, silahdaşı, həmfikiri, Birinci vitse-prezident Mehriban Əliyeva ilə çiyin-çiyinə işğaldan azad edilmiş rayonları gəzərək müharibədən sonrakı yenidənqurma işlərinə rəhbərlikdə bilavasitə iştirak edib, bu ərazilərin abadlaşdırılması, yenicə tikilmiş evlərin damları altında, nəhayət ata qucağında, övladlarını qucaqlayan ağbirçək Qarabağın aydın buludsuz səması altında geri dönən qaçqınlar üçün ən məqbul sosial-məişət şəraitinin yaradılması üçün əlindən gələni edib.

Buna bəlkə onu da əlavə etmək lazımdır ki, Mehriban xanım Əliyevanın Azərbaycan xalqının həm ictimai-siyasi, həm də sosial-iqtisadi və mədəni tərəqqisini təmin edən belə səmərəli fəaliyyətinə heç də hamı məmnunluqla baxmır. Azərbaycan xalqının mənafeyini ölkəmizi hökmranlığa çevirməyə can atan digər dövlətlərin oliqarx istəklərinə tabe etmək üçün öz eqoist məqsədləri üçün çalışan “beşinci kolon” həm ölkə daxilində, həm də xaricdə hələ də ömrünü başa vurmayıb.

Lakin Prezident İlham Əliyev, Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva kimi xalqına sədaqətli liderlərin rəhbərlik etdiyi və ruhlandırdığı Azərbaycan xalqının böyük əksəriyyəti bu cür satqınların, dönüklərin qarşısında həmişə dayanıb və duracaq.

Gecənin qaranlığında insanlara bu qədər aydın şəkildə yol göstərən Qütb Ulduzunun məhz Mehriban Əliyeva olduğuna kimsə şübhə edə bilməz.

Bir vaxtlar Amerika ictimai xadimi Ella Beyker pafoslu şəkildə demişdi: "İşıq verin, insanlar bir yol tapacaqlar".

Bu gün Azərbaycan xalqı üçün belə bir nuru onun görkəmli, parlaq oğlu - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun sədaqətli qızı - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva saçır!

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Tatarıstan Respub­likasının Rəisi Rüstəm Minnixanov Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, MM Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalını təltif edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Tatarıstan Respublikası Rəisinin “Təşəkkür sözü”nü - "Rəxmət Süze"ni Ə.Qoşalıya Bakıda keçirilən Tatar milli bayramı – Sabantuy şənliklərində Rəis Rüstəm Minnixanov özü təqdim edib.

Ə.Qoşalı bu ilin aprelində Tatarıstan Dövlət Şurasının başqanı Fərid Möhəmmətşin və Tatarıstan Yazıçılar Birliyinin başqanı, Millət vəkili, Xalq şairi Rkail Zəydulla tərəfindən də “Təşəkkürnamə” ilə, ötən ilin noyabrında isə Tatarıstan Mədəniyyət Nazirliyinin “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif olunmuşdu.

Əkbər Qoşalı Azərbaycanda Tatar ədəbiyyatı, mədəniyyəti ilə bağlı bir sıra uğurlu layihələrin rəhbəri, uyğun nəşrlərin tərtibçisi, redaktoru, uyğunlaşdırıcısı və ya önsöz müəllifi olub. O, “Gənc tatar şeiri antologiyası”nı, “Tatar hekayələri antologiyası”nı Bakıda nəşr edib, bir neçə tatar yazarının yaradıcılıq örnəklərinin Azərbaycan dilinə çevrilərək yayınlanmasını, onların respublikamızda keçirilən beynəlxalq ədəbiyyat tədbirlərində iştirakını təşkil edib, habelə Tatarıstanda keçirilən bir neçə ədəbi-mədəni tədbirdə ölkəmizi uğurla təmsil edib.

Əkbər Qoşalı ümumən qardaş xalqlar arasında ədəbi-mədəni əlaqələrin qurulması, gücləndirilməsi yönündə uzun illərdir səmərəli fəaliyyət göstərir.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” layihəsində portalın Güney Azərbaycan təmsilçisi Əli Çağla sizləri bu dəfə Qəfur Xiyavlının yaradıcılığı ilə tanış edəcək. 

Qəfur Xiyavlı 1978-ci ildə Xiyav şəhərində anadan olub. 2007-ci ildən “Yaşmaq” dərgisinin qurucusu və baş yazarı olaraq həmən dərgisə tənqidi məqalələri ilə özünəməxsus ədəbi baxışını ümum oxuculara tanıdıb. 2016-cı ildə 18 ölkə arasında qurulan Türk dünyasının Mahmud Kaşğarlı hekayə ödülünü qazanıb və həmən ildə "Qırmızım" adlı hekayələr kitabı yayımlanıb. 
Onun "Sümükləri qalmışdı" adlı hekayələr kitabı isə 2019-cu ildə yayımlanıb.

Sabah Qəfur Xiyavlı yaradıcılığı ilə tanışlıqdan, düşünürük ki, məmnun qalacaqsınız.

 

QIRMIZIM

Uşaqların dördü də ayağa durdu. Mən arxalarında oturub özümü gizlətdim. Həsən beçəni iyirmi metr qabaqda əlində tutmuşdu. Afşinin işarəsi ilə boşladı. Beçəni çağırmaq üçün fit çaldım. Səsimi eşidincə uzun qırmızı boynunu yan-yörəsində gəzdirdi. İlk dönə idi səsimi eşidirdi, özümü görmürdü. Yavaş-yavaş səsə doğru gəlincə adını da çağırdım:
- Qırmızı, Qırmızım!
Haradan olsa gəzib məni tapacağını bilirdim. Boynunun tükü biz-biz olmuşdu, ürkmüşdü. Afşin dedi:
- Bir zərrə özünü göstərsən uduzubsan ha...
Yenə fit çaldım. Addım-addım səsimi izləyirdi. Üç metrliyimə çatdı. Çürük Nadirin ayaqlarının arasından başımı gördü. Dövr vurub mənə tərəf qaçdı. Üstümə atıldı. Qucağıma alıb pipiyindən öpdüm. Günəşin işığı altında parlayan uzun qırmızı tüklərini sığalladım. Çürük Nadirə tərəf əlimi uzaltdım:
- Çöplə gəlsin görək pulu! Bir də sən olasan mənnən şərt vurmayasan.
Həsən araya girdi:
- Mənnən də şərt vurursan? – dedi. – Döyüşdürək, beş dəyqəyəcən lar xoruzumun qabağında dura bilsə sən udubsan.
- Yox – dedim. – Hələ bu doqquz aylıqdır. Qoy yekəlsin, deyərəm əmin kənddə nə satır! – deyə uzaqlaşdığımda tər bükük minliyi cibimə basmaqdaydım.
Nadir arıq qara gədə idi. Həmişə əlinin içi tərli olurdu. Bu adı bilmirəm kim, haçan üstünə qoymuşdu?! Bəlkə ona görə idi ki, cibində olan hər şey əzik-büzük idi. Elə bu tərli əllərlə idi məhəllədəki uşaqların hamısını qıdamışdı. Bu il bayramda yığdığım bayramlığın hamısını gülpıçla  bajeldə  udmuşdu. Bir aya qədər gədəni görəndə istəyirdim xirtdəyindən yapışıb boğum. O şax pulların hamısı indi çürük ciblərində kiflənmişdi. Axırda da burama verdi; gülpıç oynayanda yarıcan bir eşşəkarısını qanadından yapışıb gül yerinə ovucuna qoydum. Əlini yumanda elə vəngildədi ki, böyük qardaşı Qadir höyüllü-höyüllü qapılarını açıb eşiyə çıxdı. Qorxumdan qaçıb evimizə təpildim. İki qardaş gəlib daş qalmadı çırpdılar qapımıza.
Evdə Rza hirslə üzümə baxdı:
- Genə çöldə birinən boğuşubsan hə? Köpəyin gedəsi, sənin hesabıvı əlivə verərəm.
Hələ biçə-biçə  durub həyət qapısına getdi. Qapını açmaq həmən ağına-bozuna baxmadan iki qardaş üstünə yumuldular. Durub qorxa-qorxa baxmaq, sonra da Rzanın hirsli-hirsli gəlib mən ilə hesablaşmağını güdməkdən başqa əlimdən heç nə gəlmirdi. Qonşular həyətə tökülüb aralaşdırdılar. Rzanın burnundan qan axırdı. Köynəyinin üzərində Şatır Əhmədin aralayanda unlu əllərinin izləri qalmışdı. Ara boşaldı. Rza həyət qapısını bağladı. Pillələrdən üstə çıxarkən tələsik addımlarının guppultusu otağa doldu. Nənəm evdə yox idi, bacımın ətəyinə sarıldım.
Nənəmgil gələnə qədər işini qurtarıb zirzəmiyə getmişdi. Onlardan yediyinin neçə qatını mənə yedirtdi. Bilirdim zirzəmidə siqaret çəkir.
Axşam nənəm köynəyimi yuxarı çəkib kürəyimdəki çubuğun izlərini gördüyündə ağladı. Ağam hirslənmişdi:
- Ədə səfeh gedə, gəl görüm nə həqqinən uşağı bu günə salıbsan?
Qulağının dibinə bir əfsər şilləsı  geydirdi. Qalxıb ağamın başına bağırdı:
- Bunnan belə həqqin yoxdu mənə şillə vurasan, bildin? Bu da uşaqdı tərbiyət eləyibsən. İndidən düşüb aralıq latlarıynan ayaq olub. Sabah da qəşəng qumarbaz olar.
Yadıma gələn ilk dönə idi ağamın üzünə dururdu. Lampanın işığı altında üz-üzə durmuşdular. İlk dönə idi Rzanın heykəlini ağamdan uca, səsini isə gur görürdüm. Ağamın səsi titrəyirdi. Ürəyim sıxıldı. Ağzımı açıb bağırdım:
- Sən də siqari .
Qorxmasaydım qalanın da deyəcəkdim:
- Qızbaz.
Sabahısı gün idi atam məni sevindirsin deyə əlini çiynimə qoydu:
- Sənə bir qırmızı cəngi xoruz alacıyam. – dedi.
Sevindiyimdən qucağına atıldım.
Həyətdəki ərik ağacının dibində Çürük Nadirdən qazandığım minliyin guşələrini safaldırdım. Qırmızım yavaşdan əlimə dimdik vurdu. Acmışdı, naharını istəyirdi. Pəncərədən anamın səsi gəldi:
- Gedə əgər o xoruzu ləkə salsan, elə bu gün Rzaya deyəciyəm tutub başın kəsə ha... O ləki mən nə zəhmətnən əkmişəm.
Üzü ağacların arasından görünmürdü:
- Eşitdin day nə dedi? Deyir şulux eləsən pıx-pıx eliyəcək. İndi qəşəng uşaqlar kimi otur burda, yerindən dəbərmə, gəlim. Bildin?
Əlimi boğazına aparmışdım. Bilirdi şuxluqlaşıram.
Anam istil kasadakı şorbanı mənə uzadanda üzümə baxdı:
- Xoruzu ləkə boşlayıb gəldin hə?
- Yox.
- Bə harda?
- Oturub orda, güdür naharın aparam. – dediyimdə başını əyib baxdı:
- Səndən gözüm su içmir. Yekələndə elə qırıq çörəkçidən, aşpazdan zaddan həmən olarsan bala.
Əlimdə şorbanı görcək ayağa durdu. Quyruqdan acığım gəlirdi. Əti mən yeyirdim, quyruğu o. Çörəyi doğrayanda bir tikə mənim idi, bir tikə onun. Yekə tikəni udanda, həmişə boynunu əyirdi, gülməyim gəlirdi. Çinədanına əlimi vurdum. Top kimi şişmişdi. Tüksüz yerindən qırmızı damarları görünürdü. Boğazından bir cür yavaş səs çıxdı. Bilirdim təşəkkür eləyir. Əlbəttə mən təşəkkür eləyəcəkdim; Çürük Nadirdən intiqamımı ancaq o ala bilmişdi. Əlimi tüklərinin arasında gəzdirdim.
Arxadan kölgə düşdü: - Murdarçı. –  Dönüb baxmaq lazım deyildi. Təkcə Rza idi mənə səbəbsiz söyüş verə bilirdi.
- O əlivi bit-birəli cücəyə vurub, yumamışdan nahar yeyirsən hə?
- Bit-birəli olsaydı cücənin ətini o belə çox istəməzdin.
Üzümü ona doğru çevirəndə günəşin tünd işığı gözlərimi qamaşdırdı.
- Dil demə. Mən cücəni yuyulub bişəndən sonra yeyirəm. Onda mikrobları zadı ölür. Sənin kimi murdarçı deyiləm.
- Onda cücənin özü də ölüb.
- Cərə ölüb, cəhənnəmə ölüb.
Cavab vermədim, təzədən üzümə baxdı:
- Şorbanı cücəyə kasanın içində verdin, ya yerdə?
- Yerdə vermişəm, inanmırsan bax, rəddi də qalır.
Torpağın üstündəki xırda daşların üstünə yaxılan yağ günün altında işıldayırdı. Barmağımı işıldayan xırda daşa tərəf uzaltdım.
- Bə kasada niyə vermədin?
- Onda siz kasadan iyrənərdiz. Sizə görə də olsa, o işi görmərəm.
- Niyə bə sən özün iyrənmirsən?
- Hər cücədən də iyrənsəm, Qırmızıdan iyrənmərəm. – dedim. – Qırmızı mənim cıqqılı qardaşımdı, adam cıqqılı qardaşından iyrənməz ki.– Az qalmışdı bunu da deyəm.
- Bə qabaq niyə bi dəfə kasada vermişdin?
- Onda bilmirdim siz Qırımızıdan iyrənirsiz. O bir dəfədən sonra heç vaxt verməmişəm.
- Hardan bilim düz deyirsən, ya yox?
Gözləri istil kasanın içinə zillənmişdi.  Nə axtardığını Bilirdim. İçində biraz noxud, bir balaca da yeralma qalırdı.
- Kasanın içinə baxa bilərsən. Əgər bir nişanə görsən, düz deyirsən.
- Sabit eləsəm düz deyirəm, nə qayırarsan?
- Axı düz demirsən?
- Bə kasanı niyə uzaqlaşdırdın?
Susdum. Cavabımı özü bilirdi. Sözünün ardını tutdu:
- Sən bilirsən bu xoruznan nə qədər bizim evə zərbə vurubsan? Bu xoruzun hər gün yediyi vər-vəsayılın pulun cəmləsən bilirsən neçəyə çıxar?
- Mən öz payımdan verirəm.
- Sən öz payından verirsən, vəli özün ac qalırsan. Əvəzində soyuducunu açıb əlivə gələni ağzıva təpirsən. Yəni bu murdar xoruz sənin ağzuvnan bizim payımızı yeyir.
Qırmızı böyrümdə gözlərini yumub arxayınlıqla yatmışdı. Sevinirdim ki, dilimizdən baş tapmır.
- Yavaş danış, görmürsən yatıb? – deyə cavab verəcəkdim utanmasaydım.
Deyinməyinin ardını tutdu:
- Xalq bir tikə çörək tapa bilmir, burda bizim xoruzumuz quzu əti yeyir. Sən bilirsən bu pul nə zəhmətnən ələ gəlir?
- Qırmızım ət yemir, quyruq yeyir. Sənin də quyruqdan acığın gəlir, pulu da ağam qazanır. – Dedikdə, verdiyim cavabdan peşman oldum.
- Deyəsən ağzıvın şumarəsində danışmırsanaaa... Pulu ki hədərə verirsən; qab-qaşığı niyə bu murdarın ağzına sürtürsən? Əgər məriz  olsaq, sərətan  tutsaq kimin hesabınadı? Genə dədəmiz xərcin verəcək hə? Onda gərək dava-dərman puluna bu evi də sata; niyə, çünki bir murdar xoruz var imiş, bir də iki qarış boyu olmayan dili uzun gedə ki, göylü istirdi bu murdar xoruza qonaqlıq verə. Dədövün pulu olsaydı məni evləndirərdi. Mənim evlənmək vaxtımdır, amma bem-bekar aralıqda dolanıram. Cib pulum da yoxdu; başa düşürsən ya yox?

Səsi daha da ucalmışdı. Bilirdim axırda sözü bura çəkəcək. Əvvəlcə evlənmək, sonra o macəra, biraz sonra da mütləq təhdid ilə məktubu istəyəcək. Məktubu verməyəcəyimə söz vermişdim. O gündən bəri zirzəmidə alma qutularının altında idi. Əlim titrəyə-titrəyə boş qutuları qovzayıb lap altdakı qutunun içinə qoydum. Sonra da özümü bilməməzliyə vurub Afşingil ilə top oynamaq bəhanəsi ilə küçəyə çıxdım. Oynamaq  bəhanə idi. Fikrimin hamısı zirzəmidən gələn o səsdə qalmışdı. Elə bil boş bir qazanın içinə damcı-damcı su tökürdün. Ardınca da ildırım səsinə oxşar boğuq bir səs gəlirdi. Maraqlı olmuşdum. Yavaş-yavaş zirzəminin girəcəyinə yaxınlaşdım. Pillələrdən aşağı endim. Qutulardan laqqıldama səsi gəlirdi. Üst qutulardan bir-ikisi yerə düşdü. Bir qız səsi gəldi:
- Yavaş, yavaş namərd.
Ardıca da boğuq ildırım səsi. Addımlarımı daha da yavaşlatdım. Girəcəkdə durdum. Təlisi aralayıb gözümün birini içəri soxdum. Gözlərimə inana bilmirdim. Hövlümdən pillələrdən atılıb yuxarı çıxdım. Otağa girib qapını qıfılladım. Yorğanın altında üzümü basdırdım. 15 dəqiqə sonra idi qapının qulpu buruldu:
- Aç qapını Yaşar, mənəm, aç. – Dedi. 
Özümü yuxuluğa vurdum. Zirzəminin pillələrindən çıxanda ayaqlarımın səsini eşitdiyindən əmin idim.
- Aç Yaşar, mənəm, Rza.
Səsi mehriban olmuşdu. Qorxa-qorxa durub açdım.
- Bə niyə ağlayıbsan Yaşar, nə olub ki?
- Heç zad, xoruzum məriz olub. – Deyəndə bu cavabı hardan çıxardığımı özüm də bilmirdim.
- Bunun ağlamağı yoxdu ki. Mənim bir dampezeşk  dostum var; sabah apararıq bir iynə vurar, curlanar. Böyük qardaş bə haçan kara gələr? Hələ mən də dedim bəlkə küçədə zadda uşaqlar səni döyüblər; istirdim gedəm hamısının qulağın kəsəmee...
Susdum. Təzədən səsə gəldi.
- Əgər ayrı müşkül zad olsa de ha mənə.
Dilim açılmırdı.
- Yaxcı, mən gedim üst-başımı çırpım. Aşağıda qutuları curlayanda toz-torpaq oldu.
Deyib otaqdan çıxdı. Həyət qapısının ucadan səsi gələndə bildim ki, evdən eşiyə çıxdı. Qaçıb zirzəmiyə girdim. Məktubu alma qutularının arasına düşdüyü yerdən tapdım. Ağ kağızın üstündə iki ayaqqabı izi qalmışdı. Paketini açdım. Zağ-zağ əsirdim. Əlimin titrəməsi kağızı xışıldadırdı. Məktubu kamil oxuya bilmədim; axır sətri qırmızı qələmlə yazılmışdı.
“Ta eyd bayəd be tore rəsmi ezdevac konim. Aşeqe ba vəfayət, Reza.” 
Evlənmək kələməsi yekə yazılmışdı. Böyründə üç-dörd dənə qırmızı ulduz əlaməti var idi.
Sabahısı gün məktəbimizin qabağını kəsdirmişdi. Qapıdan çıxcaq mənə tərəf gəldi:
- Gəlmişəm gedək dampezeşkə.
- Yox, - dedim – xoruzum curlanıb.
- Bə nə tez? Elə bi gündə məriz oldu da, curlandı da?
- Hə, bir gündə məriz oldu da, curlandı da.
Bilirdi yalan deyirəm.
- Helə olsun. Yaxcı yadıma düşdü Yaşar, sən zirzəmidə kağızdan-zaddan bir şey tapmamısan təzəlikdə?
- Nə kağızı?
Dediyimdə kəkələməyə düşdü:
- Heç, dostlarımdan birinin idi.
- Hansı dostuvun? - Dediyimdə əsəbiləşdi. 
Dostlarının hamısını tanıdığımı Bilirdi.
- Məni sual-cavaba çəkmə. Fəqət bir kəlmə, görübsən ya yox?
Addımlarını tündləşdirdi.
- Yox. – dedim.
- Sözündən əminsən? – deyərkən gözümə baxdı.
- Hə. – dedim.
- Əmin olduğundan da əminsən.
- Hə.
- Məsələsi yoxdur.
Əlimi əlində sıxa-sıxa yeriyirdi. Dalı qalmamaq üçün sürətlə addımlamalı idim.
Qırmızım hələ böyrümdə arxayınlıqla yatmışdı. Hərdən Rzanın səsi ucaldıqca gözünü açıb sonra yumurdu. Məlum idi sözümüzdən bir kəlmə də başa düşmür. Rzaya dedim ki:
- Əgər bundan sonra beçəyə şorba verməsəm, müşkülün həll olar?
Gözümün içinə baxdı.
- Özüv o yola vurma.
- Hansı yola.
- Bilirsən onu nə qədər çox istirəm?
Sualını birdən-birə soruşdu. Bilirdim “O”dan mənzuru zirzəmidə “Yavaş” - Deyə çığıran ağ qız idi. məcbur idim soruşam “Kimi?”
- Məni sarıma, zərərüvədi.
Deyəndə, gözümü alnına zilləmişdim. Alnındakı qırışları sayırdım.
- Neynək. Sözümü ayrı cür deyirəm. Ağlıvı yığ başıva. Bəzi şeyləri sən çox istirsən, bəzi şeyləri də mən. Ancaq mən hazıram o çox istədiyim şeylərin yolunda min dənə belə xoruzları qurban kəsəm.
İşarə barmağını Qırmızının başına yaxınlaşdırdı. Qırmızı gözünü açdı, ancaq daha yummadı. Elə bil bu dönə sözümüzdən baş tapmışdı.
- Əgər istirsən bu murdar xoruzun diri qala, o məktubu gətir ver mənə. bildin, ya bilmədin?
- Məktub məndə deyil.
- Əgər səndə deyil, onda hardan bilirsən ki, hansı məktubdan danışıram?
Susmalı idim. Bunu çox yaxşı bilirdim. Yəni cavabım da yox idi.
- Bu beçəni müxtəlif yollarnan aradan apara bilərəm. Məsələn sən mədrəsədə olanda siçan davasını şorba suyuna batırıb qabağına ata bilərəm. Bilirsən, lam-lam udar. Mütməinnəm o qədər şorba yeyib ki, iysini neçə metrdən bilir. Vəli heyifdi, rahat iki kilo əti var. İstəmirəm ağama zərər vuram. Sən olmayanda başın kəsib qoyaram pillənin üstünə. Onda nənəm məcbur olacaq şorbasını pişirsin. Sən də məcbur olarsan ya ətini yeyəsən, ya da ac qalasan.
Sözünə ara verdi. Ucadan gülüb üzümə baxandan sonra sözünün ardını tutdu:
- Cücənin başı kəsiləndə bilirsən nə cür olur? Pıçağın iti yeri boğazına dəyməyənəcən cücə hələ bilmir nə ittifaq qərardı düşə. Pıçağı sürtələyəndə əvvəldə hulqumu kəsilir. Sonra gedir dərinə, boğazın sümüyünə çatanda xırçıldama səsi gəlir; qan fışqırır. Onda yazıq cücə bilir hər şey qurtarıb. Çabalamaq istəyəndə ayaqlarının üstündəki ayağımnan möhkəm fişar verirəm. Lap axırda boynunun dərisini də qopardıb başını bir tərəfə, bədənini bir tərəfə atıram. Dimdiyi iki-üç dəfə açılıb-yumulur. Vəli bədəni boş yerə o qədər çalıqlayır ki, axırda yorulur, uzanır. Bir dəfə bir xoruzun başın kəsirdim, başsız bədəni qan axa-axa durub qaçdı. Özümün də rəhmim gəldi. On dəyqəyəcən çalıqladı. Ehtimalən səninki də onlardan olacaq. Əlbəttə sənin beçəvi xüsusi məclisdə kəsəcəyəm. Adaxlılıq gecəmdə qonaqlıq verəndə. Sevgilimin təbii ətdən çox xoşu gəlir.
Sevgilisinin özünün bədəni qeyri-təbii idi. Zirzəmidən boylananda dalısı mənə tərəf idi. Ömrümdə o qədər ağ bədən görməmişdim. Rəssamlıq dəftərimin bütün səhifələrindən də ağ idi. Əlimdə qara marker olsaydı bədəninin hər yerini qap-qara eləyərdim. Durub küçəyə qaçdım. Qırmızım da başını qovzayıb arxamca qaçdı. Küçə isti idi. Heç kəs yox idi. Başımın üstündə günəşə baxdım. Gözlərim doldu. Gözlərimi yumdum.
Sabah sühür yeməyi yemədim. Anam dedi:
- Neynək, çörək-pənir qoyuram, mədrəsədə yeyərsən.
Qaçıb lülün taxta qapısını açdım. Çoxdan idi yolumu güdürdü. Vurnuxmasından bildim. Qabağına iki ovuc Çürük Nadirin pulu ilə aldığım buğdadan tökdüm.
Əlimi başına çəkib həyət qapısına qaçdım. Dönüb anam ilə də, Qırmızım ilə də sağollaşdım.
Anam deyirdi:
- Mal-qoyunlar, toyuq-cücələrin başları kəsiləndə ağrı çəkmirlər.
- İnanmıram buna.– dedim. – İmkanı yoxdu ki, əgər ağrı çəkməsələr onda onları vuranda qışqırıb qaçmazlar ki. Bir dənə cücəyə balaca təpik vursan quqquldayıb qaçar; mallar mavıldayar; qoyunlar bəvildəyər. Yəni deyirlər vurma, ağrıyır.
Üzümə baxıb güldü.
- Mənə də böyük babam belə demişdi, ancaq mən sənin kimi fikirləşməmişdim.
Əlini boynuma salıb sözünün dalısını tutdu:
- Hələ nə olub ki, belə suallar soruşursan, olmaya öz xoruzundan qorxursan?
- Hə. – dedim.
- Genə Rza bir söz deyib? – deyə soruşduğunda cavabım eyni idi:
- Hə.
- Rza qələt eləyib, hələ vaxtı deyil.
Soruşmadım, soruşa bilmədim haçandı vaxtı.
Məktəbdə müəllimimiz dedi bu cür şeylərə çox fikir verməyəm “Bunlar allahın hekmətidir” – deyə.
- Yanı sizin nəzərizə ağrı çəkirlər ya yox? – deyə soruşdum.
- Mən bir yerdə oxumuşam, bəzi filosoflar deyirlər ağrı çəkmirlər.
- Filosoflar ağa?
- Filosoflar o adamlardırlar ki, hər şeyin üstündə çox fikirləşirlər.
- Nə cür bu nəticəyə çatıblar ağa?
- Bəziləri deyir heyvanların ruhu yoxdur.
- Qəbul eləmirəm. – dedim. – Əgər filosofların bi qırmızı xoruzu olsa biri gəlib ona daş vursa xoruz səs salıb qaçacaq. Çünki rəhlükə hiss eləyib. Çünki ağrı çəkib. Daşın da yeri göyərəcək. Eyni bizim bədənimiz kimi ağa.
Yaxınlaşıb əlini başımda gəzdirdi. Üzümə gülümsəyib dedi:
- Bizim bədənimizin proteini bilirsən ki, ətdən təmin olur?
- Yəni məcburuq ətlərin yeyək?
- Yəni belə yaranmışıq. Əlbəttə sən qırmızı xoruzunkundan yeməyə bilərsən də. – dediyində hamı birdən gülüşdü.
- Allah eliyə bilməzdi bizi ayrı cür yarada?
- Hamımız öləcəyik. Heyvanlar bir cür ölür. İnsanlar ayrı cür; fəqət ölümün növü fərq eləyir. – deyərkən gözümün içinə zilləmişdi gözlərini.
- İnsanlar yüz il, həştad  il ömür eləyirlər; heyvanlara bir-iki il də fürsət vermirik. Mənim Qırmızım doqquz aylıqdır ağa.
- İnsan da var bir il, bir ay da ömür eləmir. Qalıb qismətinə. Birinci və ikinci dünya savaşında bilirsən neçə milyon adam öldü?
Bilmirdim. İstəmirdim biləm. Bilməli deyildim dünya savaşında ölən insanların sayısına görə qoyam Qırmızımın başı kəsilib gedə o qızın ağappaq bədəninin içində itə.
Yolda təsmimimi tutdum. Evə yetişcək həmən mətbəxə getdim. Anam gil otaqdaydılar. Yekə bıçağı götürsəydim şübhəyə düşərdilər. Meyvə kardı ilə imtahan eləyəcəkdim. Otağımın qapısını qıfılladım. Kitab-dəftərlərim tör-tökük otağın ortasına dağılmışdı. Rzanın işi idi. Bilirdim axırda gəlib buraları da axtaracaq. Kitabların üstündə uzanıb kardı boğazıma apardım. Ucunu xirtdəyimə sürtdüm. Əllərim titrəyirdi. Biraz daha sıxdım. Ağrını bir hününün sancması kimi boğazımda hiss elədim. Daha çox sıxdım. Dərin bir göynərti bədənimin hər yerinə elektrik kimi yayıldı. Xırçıldama səsini duymurdum hələ. Sıxmaq gücünü daha da çoxaltdım. Qışqırmamaq üçün zorla saxlaşdırdım özümü. Dişlərimi sıxdım. Hələ hulqumumu kəsməmiş, ağrıdan az qalırdım ağlayam. Kardı uzaqlaşdırdım. Ucundakı qırmızı qanıma baxdım. İlk damcısının boğazımdan aşağı axdığını hiss elədim. Qorxdum. Rəssamlıq dəftərimdən bir səhifə cırıb qanın üstünə tutdum. Uzanıb ağappaq tavana baxdım. Başı kəsilən hər heyvan ölməmişdən bu ağrının yüz qatını duyur. Əvvəlcə kiçik sancı, sonra ağrı çoxalır, çalıqlayır, axırda ölür. Ölüm dadına yetişir. Rza deyirdi on dəqiqə çəkdi canı çıxsın. Deyirdi başsız bədən durub qaçdı. Bədən bir tərəfdə can verirdi, baş bir tərəfdə.
Boğazımın qanı qurumuşdu. Qanlı kağızı götürdüm, ayrı səhifə cırdım. Tüpürcəklə yerini təmizlədikdən sonra zirzəmiyə qaçdım. Alma qutularını bir-bir götürüb yerə qoydum. Lap alt qutunun altındakı məktubu götürüb köynəyimin altında qarnıma qoydum. Rzanın bu mövqeylərdə harda olduğunu bilirdim. Küçədə işıq dirəyinin yanında siqaret çəkirdi. İlk dönə idi siqaretini məndən gizlətmirdi. Məktubu ona tərəf uzaltdığımda inanılmaz sifət ilə üzümə baxdı:
- Afərin, indi oldun qəşəy uşaq, bax?! Gədə bunu əvvəldən gətirəydin daynan.
Əvvəl paketi cırılmış məktuba, sonra gözümün içinə zillədi gözlərini:
- Məktubu oxuyubsan, hə?
Əsəbi idi.
- Hə. – dedim. Qaşları düyünləndi:
- Boğazuva nə olub ədə?
- Yıxılmışam. – dedim. – Genə xoruzumun başın kəsəcəksən?
Gözünü boğazımın kəsilmiş yerinə yaxınlaşdırıb baxmaq istədi. Əlimi üstünə tutdum:
- Kimnən savaşıbsan ədə? – deyərkən boğazımda idi gözləri.
- Mədrəsədə yıxıldım. Genə xoruzumu öldürəcəksən?
- Nə cür oldu yıxıldın, fəqət boğazın kəsildi?
- Bilmirəm.
- Məktuba görə birinə bir söz deməyibsən ki?
- Yox, deməmişəm.
- Sənin xoruzunan hələlik işim ox.
- Haçan olacaq?
Əlini çiynimə qoydu:
- Mənzurum budur ki, mən hələ əsgərliyə gedəcəyəm. İki il əsgərliyim çəkəcək. Ondan sonra iş dalısınca olacıyam, bəlkə tapdım, bəlkə tapmadım, ədə kimdi mənə bu vəziyyətdə qız verə? Onacan da sənin xoruzun qocalıb öləcək.
Siqaretinə qullab vurub üzümə püflədi.
- Demədin boğazıva nə olub?!
- Onda xoruzumnan işin olmuyacaq?
- Yox, hələlik olmayacaq.
Məktubu cibinə qoyub siqaretinın kötüyünü arxın suyuna atdı. Su, kötüyü çırpa-çırpa uzaqlaşdırdı.
Soruşmadım haçan olacaq, soruşa bilmədim. Nahar vaxtı idi. Evə qaçmalı idim, bilirdim Qırmızım acıb naharını gözləyir.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Çərşənbə axşamı, 20 İyun 2023 11:15

Vətəndən uzaqlardakı Simax Şeyda

“Ədəbiyyat və incəsənət” portalı ədəbi əlaqələr bölümündə şair Musa Ələkbərlinin yazısını təqdim edir. 

 

 

Qədim dostumuz, tanınmış şair, gözəl insan, İsrail və Azərbaycan xalqlarının nəğməkar oğlu Simax Şeydanın 87 yaşı tamam olur. 

 

İllərdir Vətəndən uzaqda - Almaniyada yaşayan şairin səhhətində yaranan müəyyən problemlər ucbatından o, canından artıq sevdiyi Azərbaycana bir neçə ildir ki, gələ bilmir. Onu çoxsaylı oxucuları və onlarla kitablarının ilk oxucusu - redaktoru və naşiri olmuş mən Musa Ələkbərli və bütün qələm dostları ürəkdən təbrik edir, sağlamlıq və könül rahatlığı arzulayırıq!

Simax müəllim, Siz yaddan çıxmaz, unudulmaz dostumuzsuz, Tanrı sizi qorusun!

 

Gəlin ümid edək ki, qocaman şair, Azərbaycanlı - yəhudi dostluğunun tərənnümçüsü Simax Şeyda tezliklə tam sağalacaq və doğulub boya-başa çatdığı

Aəzrbaycana güzar edə biləcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Çərşənbə axşamı, 20 İyun 2023 11:00

Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda tanıtımı

BAKIDA “MUĞAM ALƏMİ” VI BEYNƏLXALQ MUSİQİ FESTİVALI KEÇİRİLİR

 

Xəbər verdiyimiz kimi, “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb. 

İyunun 25-dək davam edəcək Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festivalda Azərbaycanla yanaşı, Misir, Özbəkistan, Tacikistan, İordaniya, İran, Hindistan, Əfqanıstan, Pakistan və hətta Yunanıstandan gəlmiş muğam ifaçıları mükafalar uğrunda yarışırlar. 

 

Festivalla bağlı ölkənin tanınmış musiqi xadimləri mediaya fikir bildirməkdədirlər. “Ədəbiyyat və incəsənət” portalı onların  bəzilərini bir yerə toplayaraq diqqətinizə çatdırır:

 

Xalq artisti Alim Qasımov:

-Son illərdə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunması və təbliği istiqamətində mühüm layihələr reallaşdırılıb. Bu gün dünyanın çox yerində muğamlarımıza böyük maraq var. Xüsusilə ölkəmizdə keçirilən muğam festivalları, televiziya muğam müsabiqələri bu nadir sənət növünün həm yaşadılması, həm də gələcək nəsillərə ötürülməsində böyük rol oynayır. Bu sırada “Muğam aləmi” festivalının da xüsusi yeri var. Bu festival 2009-cu ildən Bakıda keçirilir. “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərinin eyni səhnədə çıxışı və ortaq musiqi dəyərlərinin paylaşılması baxımından olduqca təqdirəlayiqdir. Bu işdə əməyi olanlara minnətdarlığımı bildirirəm.

 

Xalq artisti Mənsum İbrahimov: 

-44 günlük tarixi Zəfərimizdən sonra ilk dəfədir “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Bu festival muğam sənətimizin inkişafına böyük təkan verir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük dəstəyi və qayğısı var. Qürurverici haldır ki, biz bu tədbirə Bakıda başlayır, Şuşada və digər bölgələrimizdə davam etdirəcəyik. Artıq Qarabağımızı azad etmişik. Oradan artıq güllə səsi yox, muğamımızın səsi gəlir. Bizim mədəniyyətimiz, musiqimiz inkişaf edir. Festival çərçivəsində iyunun 19-dan artıq Beynəlxalq Muğam Müsabiqəsi başlayır və üç gün ərzində davam edəcək. Həm Azərbaycandan, həm də müxtəlif ölkələrdən olan ifaçılar bu müsabiqədə iştirak edəcəklər. Düşünürəm ki, bu, ölkəmizin həm turizmi, həm də mədəniyyətimizin inkişafı üçün çox vacibdir.

 

Xalq artisti Zamiq Əliyev: 

“Azərbaycan muğamının qorunması və təbliği son illərdə dünya miqyasında diqqət mərkəzində saxlanılan vacib məqamlardandır. Azərbaycan muğamının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu musiqi ənənəsinə hopmuş böyük bədii dəyər və mədəniyyətlərarası potensialı sübut edir. Çox şadam ki, ölkəmizdə bu sənətə böyük və tükənməz sevgi var və muğam sənətinə xüsusi diqqət göstərilir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əziyyətləri danılmazdır.

 

Bəli, şübhəsiz, ölkəmiz əsl musiqi bayramına qucaq açıb.  Muğanın beynəlxalq statusda hər bir forumu həm də bu sənətin beşiyi olan Azərbaycan mədəniyyətinin tanıtımıdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

İyunun 19-dan iyulun 1-dək Moskvada və Sankt-Peterburqda P.İ.Çaykovski adına XVII beynəlxalq müsabiqə keçirilir. 

Beynəlxalq müsabiqənin saytı xəbər verir ki, iştirakçılar arasında hazırda Sankt-Peterburq Mariinski Teatrının dəvətli solisti olan soydaşımız Həmid Abdulov (tenor) da var. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Sankt-Peterburq Konservatoriyasının, Yelena Obraztsovanın Beynəlxalq Musiqi Akademiyasının məzunudur.

Dörd ildən bir keçirilən müsabiqənin əsas məqsədi yeni istedadların üzə çıxarılmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində iyun ayı üçün regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir.

 

Nazirlikdən bildirilib ki, bu çərçivədə Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi iyunun 20-də Salyan Dövlət Kukla Teatrında “Hekayəti-xırs quldurbasan” tamaşasını nümayiş etdirəcək.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.